Fevralın 2-3-ü tarixlərində Azərbaycan Universitetində “Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər” mövzusunda gənc tədqiqatçıların ümumrespublika elmi-praktik konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Universitetinin mətbuat xidmətindən veriblər.
“Gənclər günü”nə həsr olunan konfrasda “Azərbaycanda inkişaf etmiş cəmiyyət quruculuğunun iqtisadi-bazasının formalaşması və inkişafı: nəzəriyyə və praktika”, “İnkişaf etmiş cəmiyyət quruculuğunun siyasi, sosial və mədəni inkişaf problemləri” və digər mövzularda 100-dən artıq məruzənin dinləniləcəyi gözlənilir.
Qeyd edək ki, konfransın açılış hissəsində AMEA-nın müxtəlif institut rəhbərləri, Azərbaycanın ali təhsil müəssisələrinin rektorları, dövlət və hökumət nümayəndələri, QHT təmsilçiləri də iştirak edəcək. Konfransda həmçinin xarici ölkələrdən də qonaqların iştirakı gözlənilir.
|