Yanvarın 1-dən bu günə kimi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79 % artıb. DSMF-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində 2010-cu il ərzində DSMF tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 mln. 800 min 452 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 55,4 %-i kişi, 44,6 %-i isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığındakı sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 25, 7 %-ni əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olanların 21,6 %-ni 30 yaşa kimi sığortaolunanlar, 22,5-ni 30-40 yaş aralığında olan sığortaolunanlar, 21 %-ni 50-60 yaş aralığında olan sığortaolunanlar, 9,2 %-ni isə 60 yaşdan yuxarı olan sığortaolunanlar təşkil edir.
|