Bu gün səhər saat 8-də Sumqayıtda və onun yaxınlığında yerləşən Corat və H.Z.Tağıyev qəsəbələrində 4-cü çağırış Milli Məclisə seçkilər başlayıb. Ölkənin qanunverici orqanına seçkilər şəhərdə yerləşən 4 dairə seçki komissiyası tərəfindən həyata keçirilir.. Sumqayıtlı seçicilər 132 seçki məntəqəsində səs verirlər. Bu məntəqələrdə şəhər sakinlərinin Konstitusiya hüququnun uğurla həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb. 25 məntəqədə veb-kamera quraşdırılıb. İnternet istifadəçiləri həmin kameralar vasitəsilə seçkilərin gedişini real vaxt rejimində izləyə bilərlər.
Seçkilər başlanmazdan əvvəl bütün seçki məntəqələrində yerli və xarici müşahidəçilərin iştirakı ilə müvafiq prosedurlar yerinə yetirilib: seçki məntəqələri açılmış, səsvermə üçün qutular möhürlənib, digər zəruri tədbirlər görülüb. Şəhər telekommunikasiya şəbəkəsinin mütəxəssisləri səsvermənin başlanmasına 3 saat qalmış seçki məntəqələrinin sədrləri ilə birlikdə bütün veb-kameraların sabit işinin təmin edilməsi məqsədilə onların texniki vəziyyətini yoxlayıblar.
Xatırladaq ki, Azərbaycan parlamentində Sumqayıt üçün nəzərdə tutulan 4 yerə 40 namizəd irəli sürülüb. Sumqayıt üzrə cəmi 159.030 seçici qeydiyyata alınıb.
|