Almaniya Bundestaqının üzvü Ştefan-Klaudio Lemmenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Almaniyanın Azərbaycandakı səfirliyindən veriblər.
Səfər çərçivəsində nümayəndə heyəti sabah Milli Məclisin sədr müavini Valeh Ələsgərov və Milli Məclisin Azərbaycan-Almaniya dostluq qrupunun üzvləri ilə görüşəcək. Görüş zamanı Bundestaq tərəfindən keçirilən “Beynəlxalq parlament təqaüdü” proqramında iştirak etmək üçün Azərbaycan tələbələrinin seçimi müzakirə olunacaq. Oktyabrın 22-də “Odlar Yurdu” universitetində nümayəndə heyətinin alman dilini öyrənən tələbələrlə görüşü keçiriləcək.
Qeyd edək ki, “Beynəlxalq parlament təqaüdü” proqramı çərçivəsində 28 ölkədən 120 təqaüdçü gələn il martın 1-dən iyulun 31-nə kimi Almaniya parlamenti ilə tanışlıq imkanı əldə edəcək. Proqramın məqsədi siyasi prosesləri öyrənmək və bu proseslərin birbaşa iştirakçısı olmaq, siyasi qərarların hazırlanmasında və qəbul edilməsində iştirak etməkdir.
|