Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən sentyabrın 3-dək prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb. MSK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, kurslar dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulub.
Üç gün davam edəcək kurslarda MSK-nın üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçirəcəklər.
Qeyd edək ki, MSK 2007-ci və 2009-cu illərdə də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.
Xatırladaq ki, cari il avqustun 23-dən 29-dək isə Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar keçirilib. Kursların sonunda DSK sədrləri Bakı və Abşeron rayonlarında təcrübə mübadiləsi aparıb, onlara sertifikatlar verilib.
|