Azərbaycanda rəsmi səfərdə olan Sloveniya prezidenti Danilo Türk bu gün onun üçün ayrılan iqamətgahda Baş nazir Artur Rasizadə ilə görüşüb. Bu barədə məlumatı Nazirlər Kabinetindən veriblər.
Sloveniya dövlətinin başçısı səfəri çərçivəsində prezident İlham Əliyevlə aparılan danışıqları yüksək qiymətləndirərək vurğulayıb ki, həmin danışıqlar bütün sahələrdə ikitərəfli əlaqələrin genişlənməsinə xidmət edəcək.
Prezident Danilo Türk Sloveniya-Azərbaycan əməkdaşlığının perspektivlərindən bəhs edərək, səfər zamanı imzalanmış ikitərəfli sənədlərin qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətini vurğulayıb.
Baş nazir Artur Rasizadə əmin olduğunu bildirib ki, Sloveniya dövlətinin başçısının Azərbaycana rəsmi səfəri iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.
|