Bu gün ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub və mərkəzin direktoru Elxan Nuriyevlə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər.
Mərkəzin rəhbəri E.Nuriyev səfir Ə.B.Cankorelə SAM-ın fəaliyyəti, həyata keçirilən layihələr, həmçinin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı rolu haqqında qısa məlumat verib.
Ə.B.Cankorel Azərbaycan-ATƏT münasibətlərindən danışaraq, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olmasının ATƏT-in əsas prioritetlərindən olduğunu xüsusi qeyd edib və vətəndaş cəmiyyətinin inkişafı üçün əlindən gələn dəstəyi verəcəyini bildirib.
Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun üzərinə düşən vəzifələr, regionda təhlükəsizlik məsələləri və digər mövzular ətrafında da geniş fikir mübadiləsi aparılıb.
|