Azərbaycan Prezidentinin Türkiyəyə səfəri çərçivəsində imzalanacaq qaz Sazişindən sonra iki ölkə arasında anlaşılmaz məqam daha qalmayacaq, siyasi müstəvidə olduğu kimi, iqtisadi müstəvidədə qaranlıq məqamlara son qoyulacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geosiyasi Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov bildirib.
O, qeyd edib ki, imzalanan müqavilə iki qardaş ölkə arasında sıx əməkdaşlığın davamı kimi xarakterizə olunur. “İmzalanan müqavilənin digər mühüm əhəmiyyəti də ondan ibarətdir ki, artıq Azərbaycandan Türkiyəyə gedən qazın həcmi də bundan sonra artacaq. Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya satılması məsələsi daha real mərhələyə qədəm qoyacaq. İstisna deyil ki, artıq cari ildə Azərbaycan 30 mlrd. kubmetr qaz hasil etsin və bu da, heç şübhəsiz ki, Türkiyə vasitəsi ilə qazın dünya bazarına çatdırılmasında təkan olacaq”,-deyə E.Nəsirov vurğulayıb.
|