Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Regional inkişaf - prioritet sahə kimi
18.03.10 21:34

Son illər Azərbaycanda müşahidə olunan inkişaf tendensiyası ölkəmizi regionun qabaqcıl dövlətləri sırasına daxil edib. Regionların inkişafı ilə bağlı imzalanan Dövlət Proqramlarının icrası Azərbaycanın təkcə neft ölkəsi olması düşüncələrini arxa plana keçirib. Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçildikdən sonra qarşıya qoyduğu mühüm məqsədlərdən biri də ölkədə aparılan islahatları davam etdirmək idi. Bununla da prezident ölkə iqtisadiyyatında qazanılan uğurların coğrafi arealını genişləndirməklə regionların inkişafına nail olmağa çalışırdı. Prezidentin ali məqsədi ölkənin bütün bölgələrini sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək idi. Bu hədəflərə çatmaq üçün isə regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək lazım gəlirdi. Prezident İlham Əliyev 2004-cü il 11 fevral tarixdə 24 nömrəli Fərmanla “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramını (2004-2008-ci illər)” təsdiq etdi. Bunun ardınca dövlət başçısı tərəfindən 2005-2008-ci illər ərzində 7 iqtisadi regiona daxil olan rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 17 əlavə Sərəncam imzalandı. Əslində bu sənədlərin imzalanmasına qədər də regionların sosial-iqtisadi inkişafı ilə bağlı mühüm addımlar atılmışdı. Sözügedən sənədlərin imzalanması və əlavə tədbirlərin təsdiqi prosesi bir az da sürətləndirdi. Regionların inkişafını sürətləndirən mühüm amillərdən biri və demək olar ki, ən başlıcası isə dövlət başçısının görülən işlərlə yerlərdə tanış olması idi. Bu məqsədlə dövlət başçısı 2004-2008-ci illərdə ölkənin regionlarına 54 səfər etdi, şəhər və rayonlarda 104 dəfə oldu.  

Sahibkarlığın inkişafına dövlət dəstəyi

Dövlət Proqramının (2004-2008-ci illər)” icrası dövründə sahibkarlığa dövlət dəstəyinin mühüm istiqamətlərindən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsi mexanizmi oldu. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə 2004-2008-ci illər ərzində İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektinə 323,4 mln. manat kredit verildi. Nəticədə 68,2 mindən çox yeni iş yeri yaradıldı.
Sahibkarlıq fəaliyyətinin inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən 25 oktyabr 2007-ci il tarixli 2458 nömrəli ”Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncam imzalandı.
Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkəmizdə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. 2008-ci ildə açıqlanan nüfuzlu “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində Ən İslahatçı Ölkə elan edilib.
Ötən müddət ərzində sahibkarların maliyyə mənbələrinə çıxışının sadələşdirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində 567 filial və 99 bank şöbəsi fəaliyyət göstərib. Bank filiallarının 47 faizi, bank şöbələrinin isə 57 faizi regionların payına düşür.
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayevlə söhbətmizdə qeyd etdi ki, 2009-cu ildə Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 55 şəhər və rayonu üzrə 2 min 101 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilib. Bu vəsaitin 74 milyon manatını büdcə vəsaiti, 56 milyon manatını isə Fondun xəzinə hesabına qaytarılmış kredit məbləğləri və kredit faizləri təşkil edib. Bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Güzəştli kreditlər əsasən, sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur layihələrinə (soyuducu və taxıl anbarları komplekslərinə), kəndli-fermer təsərrüfatlarının inkişafı və digər sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.
Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 8 min 500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İnvestisiya layihələrinin 99,2 faizi (2 min 85), yeni yaradılacaq iş yerlərinin isə 94,7 faizi (8 min 47 yeni iş yeri) regionların payına düşür.
Bu günlərdə Sahibkarlığa Kömək Milli Fondu Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, İmişli, Saatlı və Biləsuvar rayonlarında fəaliyyət göstərən 42 sahibkara 2010-cu ilin ilk güzəştli kreditlərini verdi. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qlobal maliyyə böhranı şəraitində belə ölkə prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair qanunvericiliyə dəyişikliklər edilib.

Yeni iş yerlərinin böyük əksəriyyəti regionun payına düşür

Dövlət Proqramının (2004-2008) həyata keçirilməsi nəticəsində ölkədə açılan 766 min 277 yeni iş yerinin 547 min 573-ü daimidir. Bu müddətdə həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 27 min 572 yeni müəssisə yaradıldı ki, bunun da 40 faizə qədəri regionlarda fəaliyyət göstərir. Yeni müəssisələrin 88%-dən çoxu xüsusi mülkiyyətli olmaqla 5,6%-i Abşeron, 5,2%-i Gəncə-Qazax, 3,1%-i Şəki-Zaqatala, 3,9%-i Lənkəran, 2,3%-i Quba-Xaçmaz, 10,8%-i  Aran, 2,0 %-i Yuxarı Qarabağ, 0,5%-i Kəlbəcr-Laçın, 1,2%-i Dağlıq Şirvan, 4,4%-i Naxçıvan iqtisadi rayonunda fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı çərçivəsindlə yaradılan müəssisələrin sayı isə yüzlərlədir. Bu müəssisələr yeni iş yerləri olmaqla yanaşı, həm də regionların simasını dəyişib. Prezident İlham Əliyev bu barədə belə demişdir: “Biz xalq haqqında duşunməliyik, biz xalq üçün yaşayırıq. Elə etməliyik ki, Azərbaycan xalqı yaxşı yaşasın, Azərbaycanda kasıblar təbəqəsi, işsizlər olmasın, işləmək istəyənlər işlə təmin edilsinlər... Azərbaycan elə inkişaf edəcək ki, hər bir rayon, hər bir vətəndaş iqtisadi artımın faydasını hiss edə bilsin”.
Dövlət başçısı 2007-ci ildən başlayaraq regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında bir neçə Sərəncam imzaladı. Sərəncamda 50-dən çox rayonun sosial-iqtisadi inkişafı, bəzi rayonların isə qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulurdu.

Regionlarda infrastrukturun bərpası və inkişafı

Bu gün regionlara diqqət etsək, təkcə dövlətin iqtisadi siyasəti yeni müəssisə və yaxud da iş yerlərinin açılması ilə məhdudlaşmayıb. Regionlarda kommunal xidmət və sosial infrastruktur təminatı da yaxşılaşdırılıb. Nəticədə əhalinin məşğulluq səviyyəsinin artırılmasına və yoxsulluğun azaldılmasına nail olunub.
Dövlət Proqramının qəbulundan ötən müddət ərzində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlər - elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu sahələrə irihəcmli dövlət investisiyalarının yönəldilməsi nəticəsində əksər böyük problemlər aradan qaldırılıb. Bu müddət ərzində regionların inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi mühüm layihələr başa çatdırılıb.
Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması məqsədilə 7-i regionda, 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatıb. Şirvan şəhərində, Dəvəçi, Quba və Füzuli rayonlarında yeni elektrik stansiyaların tikintisi isə davam edir.
Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan MR-na təbii qazın verilməsi bərpa olunub. Lerik, Yardımlı rayonları və Füzuli rayonu Horadiz şəhəri ilk dəfə, Ağcabədi, Beyləqan, Ağdam (Quzanlı qəsəbəsi) rayonunun  və s. rayonlar təbii qazla təmin edilib.
2004-2008-ci illərdə regionlarda istilik sisteminin yenidən qurulması ilə əlaqədar 75 yeni qazanxana tikilib və 72 qazanxana əsaslı təmir olunub.
Dövlət Proqramının qəbulundan ötən beş il ərzində 1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar tikilib istifadəyə verilib. Regionlarda 636 yeni məktəb tikilib, 192 məktəb əsaslı təmir olunub, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilərək istifadəyə verilib.
Regionlarda səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi və idmanın inkişafı məqsədilə son beş ildə 16 yeni xəstəxana, 42 ambulatoriya-poliklinika, 42 özəl tibb müəssisəsi, 8 Diaqnostika Mərkəzi, 19 feldşer məntəqəsi, 18 müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib, 15 Olimpiya İdman Kompleksi və 9 Diaqnostika Mərkəzinin tikintisi davam etdirilir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə və Şəki, Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər də davam edir.
Naxçıvan, Gəncə, Zaqatala və Lənkəran hava limanları, Quba-İspik-Xınalıq, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Gəncə-Qazax, Hacıqabul-Kürdəmir, Biləsuvar-İran dövlət sərhəddi avtomobil yolları yenidən qurularaq istismara verilib. Lənkəranda yeni Dəniz Limanının tikintisi isə davam edir.

Davamlı inkişaf ölkədə yoxsulluğu azaldıb

Yoxsulluq sosial və iqtisadi məsələləri əhatə edən çoxşaxəli problemdir. Yoxsulluğun azaldılması yalnız iqtisadi siyasət sahəsində həyata keçirilən tədbirlər nəticəsində əldə edilmir.  Dövlət Proqramının (2004-2008-ci illər)” icrası başa çatdıqdan sonra regionların inkişafına bilavasitə təsir göstərən prezidentin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı” Dövlət Proqramı oldu. Dövlət Proqramının kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi bölümündə regionlarda yaşayan insanların sosial-iqtisadi vəziyyəti xüsusi nəzərə alınıb.
2003-cü ildə ölkə əhalisinin təxminən 44,7%-i yoxsulluq şəraitində yaşayırdısa, 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin yalnız 13,2%-i aid olunur. Sözsüz ki, yoxsulluğun kəskin azaldılmasında regionların inkişafı ilə bağlı qəbul edilən qərarların uğurla həyata keçirilməsi müstəsna rol oynayıb.
Regionların inkişafına təsir edən mühüm göstəricilərdən biri də kənd təsərrüfatı məhsulları istehsalçılarının bütün vergilərdən (torpaq vergisi istisna olmaqla) 5 il müddətinə azad edilməsi oldu. Bildiyimiz kimi ölkə əhalisinin təqribən 48%-dən çoxu kənd yerlərində yaşadığından bu sektor ailə təsərrüfatlarının müvafiq iş yerləri və gəlirlərlə təmin edilməsində mühüm mənbədir. Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi aqrar bölmənin inkişafında mühüm rol oynayır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Prezident İlham Əliyevin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına güclü təkan verdi. Elə bunun nəticəsi idi ki, 2003-cü illə müqayisədə 2008-ci ildə taxıl istehsalı 21,4%, kartof istehsalı 40,1%, tərəvəz istehsalı 17,4%, bostan məhsulları 14,3%, meyvə və giləmeyvə 24,4%, üzüm 77,2% artdı.     
Ölkədə aparılan aqrar siyasətin tərkib hissəsi kimi lizinq münasibətlərinin inkişafına əlverişli şərait yaradıldı. “Aqrolizinq” ASC-nin müxtəlif bölgələrdə fəaliyyət göstərən Aqroservis filialları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına sifarişlər əsasında 20 növ aqrotexniki xidmət göstərilir. “Aqrolizinq” ASC fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində 7117 ədəd kənd təsərrüfatı texnikaları, 7 dəst yem zavodu, 6 dəst süd zavodu, 6 dəst soyuducu kamera üçün texnoloji avadanlıqlar, 236,9 min ton mineral gübrələr, 7 adda 294,3 ton pestisidlər gətirildi. 

Növbəti Dövlət Proqramı da regionun inkişafına töhfə verəcək

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı da ölkənin ümumi inkişafına böyük töhfə verəcək. Dövlət Proqramının məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. İşin icrası zamanı məqsədin reallaşdırılması cəmiyyətin bütün sahələrinin inkişafına stimul verəcək.
Regionların inkişafı heç də yeni obyektlərin tikintisi və yaxud da göhnələrin bərpası ilə bitmiş hesab olunmur. Regionların inkişafının başlıca şərti bölgə əhalisinin vəziyyətini yaxşılaşdırmağa xidmət etməli, yeni inşa olunan hər hansı istehsalat müəssəsi və yaxud da sosial obyekt orada yaşayan vətəndaşa xidmət etməlidir. 

Region mətbuatı oradakı inkişafa mütənasib deyil

Yuxarıda qeyd edilən nailiyyətlərdən vətəndaşlar nə qədər xəbərdardır, onların bu barədə hansı informasiyaları var, bütün bunlar əlbəttə sual doğurur. Bu bir həqiqətdir ki, hazırda Azərbaycanın müxtəlif regionlarında ölkənin sosial-iqtisadi inkişafının təbliği sahəsində yerli mətbuatın fəaliyyətində çatışmazlıqlar var. Bunun səbəbləri arasında bir-biri ilə sıx bağlı olan iki problemli məsələni qeyd etmək lazımdır. Əvvəla, mətbuat regionların inkişafı ilə bağlı Dövlət Proqramlarına uyğun olaraq görülmüş və bundan sonra görüləcək işləri yetərincə işıqlandıra bilmir. Bir çox hallarda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət siyasəti və Dövlət Proqramlarında əks olunmuş məsələlərin mahiyyətindən məlumatsızlıq yerli jurnalistlərin bu mövzularda peşəkar materiallar hazırlamasına, təhlillərin, kəmiyyət və keyfiyyət müqayisələrinin aparılmasına mane olur. Bunların nəticəsində isə vətəndaşlar Dövlət Proqramları çərçivəsində uzunmüddətli məqsədlərə xidmət edən tədbirlərin əhalinin həyatının yaxşılaşmasındakı rolundan, regionda inşa olunan onlarla müəssisənin fəaliyyətindən, həmin müəssisələrin bölgə üçün əhəmiyyətindən xəbərsiz qalır.
URL / WWW
http://kelam.az/article/a-983.html