Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Uşaq xəstəxanasının xəstə halı
18.03.10 21:34

Dövlət başçısı İlham Əliyev uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti  qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokratik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə  2009-cu ilin “Uşaq ili”elan edilməsi haqqında 2009-cu il 18 fevral tarixli Sərəncam imzalamışdı. “Uşaq ili” çərçivəsində uşaqların sağlamlığı və təhsili ilə bağlı uşaq müəssisələrində kütləvi tibbi müayinələr aparılacaqdı, sağlamlaşdırıcı tədbirlərin və sağlam həyat tərzinin təbliğinə diqqət yetiriləcəkdi, uşaqlarda yoluxucu xəstəliklərin immunprofilaktikası işinin təkmilləşdirilməsi tədbirləri gücləndiriləcəkdi, irsi qan xəstəliklərinə düçar olmuş uşaqlar üçün qanvermə aksiyaları keçiriləcəkdi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı standartlar təkmilləşdiriləcəkdir.Bəli, cari ili uşaq ili kimi başa vurduq. Dövlət başçısının məlum Sərəncamı ilə bağlı Cəlilabadda nə kimi işlərin görülməsindən xəbərimiz yoxdur. Amma Cəlilabadın Salman Süleymanov adına Şəhər Uşaq Xəstəxanasında gördüklərimiz Sərəncamın səhiyyə ilə bağlı hissəsinin rayonda nə dərəcədə yerinə yetirilməsinə bariz nümunədir. 
İlin son günlərində qohumlardan birinin hələ bir yaşı tamam olmayan uşağının anidən halının pisləşdiyini və təcili xəstəxanaya aparıldığını eşitdim. Rayonda idim, daha doğrusu uşağın aparıldığı xəstəxananın yaxınlığında bir yas məclisinə başsağlığına getmişim. Oradan çıxıb, dərhal xəstəxanaya yollandım.
Xəstəxana - yəni insanların sağalmaq üçün pənah apardıqları ünvan, xəstələrin göydə Allah-Təala, yerdə isə həkimlərin səyi ilə şəfa tapdığı bir məkan… Amma bu məkana bizi aparan yollar o qədər bərbad haldadır ki, danışılası deyil. Vəziyyəti ağır olan uşağı xəstəxanaya təcili çatdırmaq üçün piyada getməklə tez çatmaq olar, nəinki maşınla. Giriş qapısından xəstəxana binasına qədər olan 200-300 metrlik məsafə bu şəfa ocağı haqqında insanda əvvəlcədən mənfi təəssurat yaradır.
Xəstəxanının həyətində uçuq binalar və birdə qoyun-quzu mələşir. Komaya bənzəyən Dezinfeksiya şöbəsinin qarşısındakı zibil qutuları aşıb-daşır. Zibillər qutuların ətrafında pərvanə kimi dolaşır, bir az külək olan kimi isə kağız və digər zibil parçaları ətrafa səpələnir. Baxan, əlac qılan yoxdur. 
Xəstəxananın içərisi çölündən də bərbad haldadır. Həkimlər bura gətirilən xəstə uşaqları bir otağa toplayıb mülaciə etməyə çalışırlar. Bu uşaqların içərisində müxtəlif xəstəliklər səbəbindən müraciət edənləri də var. Aləm dəyib bir-birinə… 
Qaz yox, işıq közərir, çarpayıların paslı məftilləri gözə girir, qucaq-qucaq  bir tərəfdən nəm qoxuyan yatacaqlar insanı heyrətə gətirir. Belə bir şəraitdə müalicənin nə dərəcədə effekt verəcəyi isə şübhə doğurur.
Bəli, bəzi mətləbləri etika xatirinə açıb ağartımırıq. Digər tərəfdən qəzetimimzin ilk sayı olduğundan həkimlərdə özümüz haqqında mənfi rəy formalaşdırmaq istəmirik. Güman edirik ki, bizim bu yazımızdan müvafiq təşkilatlar nəticə çaxaracaq. Axı hamımız uşaq olmuşuq, hamımızın uşağı var və bir gün gələr xəstələnərlər… Şəfa tapmaq üçün müraciət edəcəyimiz Cəlilabadın Salman Süleymanov adına Şəhər Uşaq Xəstəxanasında isə şəfa deyil, xəstəlik taparlar. Gəlin uşaqlarımızın qayğısına qalaq…
Qeyd edək ki, bu gün səhiyyə sahəsində qarşıda duran əsas problem əhaliyə göstərilən səhiyyə xidmətlərindən istifadə imkanları ilə yanaşı, onun keyfiyyəti məsələsidir. Belə ki, ümumilikdə ölkə ərazisinin səhiyyə müəssisələri ilə, demək olar ki, əhatə olunmasına baxmayaraq, bu xidmətlərdən istifadə üçün edilən rəsmi və qeyri-rəsmi ödənişlərlə yanaşı, mövcud binaların və avadanlıqların vəziyyəti, habelə tibbi heyətin təmin etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı problemlər mövcuddur. Səhiyyə xidmətlərinin keyfiyyətindəki fərqlər şəhər və kənd yerlərində bu sahədə bərabərsizliyə şərait yaradır. Bu baxımdan, təmin edilən səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkənin bütün regionlarında yüksək səviyyəli bərabər səhiyyə xidmətlərini təmin etmək məqsədilə, bu sahəyə yönəldilən dövlət investisiyaları artırılmalıdır.
Səhiyyədə maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində mövcud səhiyyə müəssisələrinin təmiri və yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi davam etdirilməli, onların müasir tibbi avadanlıqlarla təminat səviyyəsi gücləndirilməlidir. 
Hamıya can sağlığı arzusu ilə…


Elvin XƏZƏR
URL / WWW
http://kelam.az/article/a-981.html