Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Müdafiəmiz güclənir
18.03.10 21:34

İndi Azərbaycan “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsulları özü istehsal edir
Son illər Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə aparılan yenidənqurma və əsaslı təmir, eləcə də quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiya hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalı genişləndirilib. Ötən il Müdafiə Sənayesi Nazirliyinin müəssisələri 2008-ci illə müqayisədə ümumi məhsul istehsalını 1,5 dəfə artırıb. Müdafiə təyinatlı məhsulların istehsal həcmi 2009-cu ildə 2008-ci illə müqayisədə 3 dəfə, 2005-ci illə müqayisədə isə 17,9 dəfə artıb. Dünyanın bir sıra dövlətlərinin müvafiq qurumları ilə sıx əməkdaşlıq edən Müdafiə Sənayesi Nazirliyi müdafiə təyinatlı məhsullarla yanaşı, yeni növ mülki avadanlığın istehsalına da başlayıb.“İqlim” elm-istehsalat müəssisəsində yeni istehsal sahələri ölkənin müdafiə sənayesinin inkişafına dövlət qayğısının əyani nümunəsidir.
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” elm-istehsalat müəssisəsində yeni istehsal sahələrinin açılış mərasimində iştirak etdi. Prezident yeni yaradılmış istehsal sahələri ilə tanış olmaq üçün Müdafiə Sənayesi Nazirliyinin “İqlim” müəssisəsində oldu. Dövlət başçısı əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.
Müdafiə sənayesi naziri Yavər Camalov prezident İlham Əliyevə məlumat verdi ki, “İqlim” elm-istehsalat müəssisəsi 2006-cı ildən nazirliyin tərkibində fəaliyyət göstərir. Müəssisənin İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı vardır. “İqlim”in yeni istehsalat sahələrində müdafiə və mülki təyinatlı məhsullar hazırlanır, onların hissələrinin mexaniki emalı və qalvanik örtükləmə əməliyyatları yerinə yetirilir.
Prezident İlham Əliyev yeni sahənin rəmzi açılışını bildirən düyməni basdı.
Daha sonra Ali Baş Komandan İlham Əliyev müəssisənin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videomateriala baxdı.
Sahənin fəaliyyəti ilə tanış olan dövlət başçısı “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsulların yığım prosesini izlədi. Bildirildi ki, burada inkişaf etmiş ölkələrin istehsalı olan, müasir proqramlarla idarə edilən dəzgahlar quraşdırılıb. Prezident İlham Əliyevə məlumat verildi ki, bu dəzgahlardan istifadə etməklə məhsulların keyfiyyətinin yüksəldilməsinə və çeşidinin artırılmasına nail olunub.
Hazır məhsullarla tanış olan dövlət başçısına onların texniki-taktiki göstəriciləri barədə ətraflı məlumat verildi. Prezident İlham Əliyev “Boran” artilleriya qurğusuna, iriçaplı yarımavtomat “İstiqlal” snayper tüfənginə, piyadalar əleyhinə minalara və digər məhsullara baxdı.
Dövlət başçısı xromlama sahəsində oldu. Sahənin fəaliyyəti ilə tanışlıq zamanı məlumat verildi ki, burada da ən müasir avadanlıq quraşdırılıb.
Atıcılıq tiri ilə tanışlıq zamanı bildirildi ki, müəssisədə istehsal edilən məhsulların sınağı üçün burada hər cür şərait yaradılıb, xüsusi proqramla təmin olunmuş kompyuterlər qoyulub. Atəşin dəqiqliyi, sürəti və digər göstəriciləri bu kompyuterlər vasitəsilə təhlil edilir.
Prezident İlham Əliyev 14,5 millimetr çaplı snayper tüfənginin sınağını izlədi, atəşin göstəricilərinin nəticələrinə baxdı.
Dövlət başçısı müəssisədə yeni yaradılmış tökmə sahəsində də oldu. Burada müxtəlif məhsullar, o cümlədən mülki təyinatlı avadanlığın istehsalı həyata keçirilir. Həmin məhsullar arasında neft-mədən sənayesində istifadə olunan avadanlığın istehsalı xüsusi yer tutur. Bu məhsullar ekoloji təmizliyi ilə seçilir.
Termiki emal sahəsi ilə də tanışlıq zamanı prezident İlham Əliyevə burada texnoloji proseslər barədə ətraflı məlumat verildi. Dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin “Dalğa” elm-istehsalat müəssisəsinin yenidənqurma işlərindən sonra açılışında iştirak etdi.
Dövlət başçısı əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı “Dalğa” elm-istehsalat müəssisəsinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videosüjetə baxdı.
Müdafiə sənayesi naziri Yavər Camalov bildirdi ki, 1936-cı ildə yaradılan bu müəssisə keçmiş SSRİ-nin hərbi sənaye kompleksinin aparıcı qurumlarından biri olub. 1993-cü ildən 2005-ci ilədək “Dalğa” elm-istehsalat müəssisəsi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib. 2006-cı ilə qədər bu müəssisənin illik istehsal gücü 10-15 faizə enib. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra müəssisənin dirçəliş dövrü başlayıb, işçilərin sayı qısa müddətdə 80-dən 220-yə çatdırılıb.
Prezident İlham Əliyev müəssisədəki Heydər Əliyev fotoguşəsi ilə tanış oldu.
Sonra dövlət başçısı yeni istehsal sahələrini gəzib. Son iki ildə müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilmiş, burada dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunmuş dəzgah və avadanlıq quraşdırılmışdır. Nəticədə qısa müddətdə müəssisə dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üçün də avadanlıq və ehtiyat hissələrinin istehsalına başlamışdır. Buradakı 4 yeni istehsal sahəsində 140–dan çox yeni iş yeri yaradılmışdır.
Yeni mexaniki emal sahəsi ilə tanışlıq zamanı bildirildi ki, burada quraşdırılmış proqramla idarə olunan dəzgahlarda mürəkkəb konstruksiyaya malik məhsulların istehsalı qaydaya salınmışdır.
Prezident İlham Əliyev hazır məhsullar və ehtiyat hissələri ilə tanış oldu.
Sınaq sahəsində quraşdırılan avadanlıq bütün hazır məhsulların yoxlanmasına imkan verir. İstehsal prosesi ən müasir standartlar səviyyəsindədir və ekoloji baxımdan təmizdir.
Silahların təmiri və yığımı sahəsində də iş prosesi müvafiq texnoloji tərtibatlarla təmin olunmuşdur və il ərzində böyük miqdarda müasir məhsulların istismara verilməsinə imkan yaradır.
Rabitə sistemlərinin təmiri və yığımı sahəsi ilə tanışlıq zamanı bildirildi ki, burada mövcud rabitə qurğularının və onların antenlərinin təmirinə, habelə antenlərin Avropa standartları səviyyəsində kütləvi istehsalına başlanılmışdır. Əlavə tədbirlər hesabına 3 il ərzində istehsalın həcmini on dəfələrlə artırmaq nəzərdə tutulmuşdur.
Müəssisədə Avropanın ən inkişaf etmiş ölkələrinin avadanlığı əsasında yaradılan konveyer tipli akkumulyator xətti də həyata keçirilən mühüm yenidənqurma tədbirlərinin bəhrəsidir. Dövlətimizin başçısı yeni sahəni işə saldı.
Bildirildi ki, bu sahədə ildə 50 min akkumulyator istehsal ediləcək. Bu akkumulyatorlar həm müdafiə, həm də mülki təyinatlıdır. Altı tipdə akkumulyatorun istehsalı xarici ölkə mütəxəssislərinin yaxından iştirakı ilə həyata keçirilir. Gələcəkdə bu məhsulların yeni növlərinin yaradılması nəzərdə tutulmuş və onlar iqtisadiyyatın müxtəlif sahələrində tətbiq ediləcəkdir. İki növbədə fəaliyyət göstərən bu istehsal sahəsində 50 nəfər işlə təmin olunacaqdır.
Dövlət başçısı müəssisənin ekoloji baxımdan təmiz fəaliyyətini təmin edən avadanlığa da baxdı. Ölkəmizdə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də silsilə tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevə müəssisənin ərazisində aparılan abadlıq və yaşıllaşdırma işləri barədə məlumat verildi. Dövlət başçısı kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.
URL / WWW
http://kelam.az/article/a-980.html