Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Heydər Əliyev və milli azlıqlar
19.10.09 14:58

“Bütün insanlar qardaşdırlar”. Rəsmi kommunist ehkamının bəyan etdiyi bu tezis sinifi mübarizədə də yeganə vasitə kimi istifadə edilirdi. Təxminən 186 xalqı özündə birləşdirən sovet imperiyası bu halqanın dağılmaması üçün “bütün ölkənin proletariatını birləşdirmək” şüarından da istifadə edirdi. Sovet dövrü etnomühitinin bu günə nisbətən daha sabit olması heç kimə sirr deyil. Bütün xalqlara eyni - "sovet vətəndaşı" prizmasından baxan kommunist ideologiyası etnomühitin sabit durumuna mənfi təsir göstərən amillərdən həmişə yan keçib. Baxmayaraq ki, hər bir etnik azlıq ayrı-ayrılıqda təhlil olunub, onların inkişaf dinamikası nəzərdən qaçırılmayıb. Amma bütün bunlar barədə cəmiyyət heç vaxt məlumatlandırılmayıb. Elə bir şərait yaradılıb ki, milli azlıqları əhatə edən sosial təbəqə də öz növbəsində bu kimi məlumatları mənimsəməyə belə maraq göstərməsin. 
II Dünya müharibəsində SSRİ-nin qələbəsi təsadüfi deyildi. Bəs, müharibədə faşist Almaniyası və onun müttəfiqlərindən hərbi güc nöqteyi-nəzərdən qat-qat zəif olan bu şimal ölkəsinin qələbəsini təmin edən nə idi? Təbii ki, insan amili… O, insanlar ki, 100-dən çox xalqı özündə birləşdirirdi. Onlar qələbəni “bütün insanlar qardaşdırlar” prinsipini əsas götürərək təmin edə bildilər. Lakin bu qələbə sovet ideologiyasında milli azlıqlara qarşı münasibəti dəyişmədi. Əksinə, 60-80-ci illərdə belə icazə verilməyən milli siyasət kursu müxtəlif aspektlərdən həyata keçirilirdi.
Təbii ki, onların başlıcası mövcud norma və münasibətlər daxilində Kreml rəhbərlərinin direktivləri əsasında həyata keçirilən assimilyasiyanın qarşısını almaq idi. Digəri isə etnik münaqişə üçün hazırlanan zəminə qarşı mübarizə aparmaq olmuşdu. Bir sözlə xalqların müstəqil siyasi kursu həyata keçirmək istəyi qeyri-mümkün idi. Rəsmi ideologiya xalqı yalnız öz gördüyü işə inandırmağa çalışırdı.
Bir az sonra – yəni 90-cı illərdə isə bütün keçmiş ittifaq respublikalarında vəziyyət tamamən fərqli idi. Azərbaycanda da həmçinin… Yəni topluma daxil olan həm türkə, həm də qeyri-türkə ictimai mühitdə yanaşma eyni olub, etniklə, qeyri-etnik arasında fərq qoyulmayıb. Bu nüans istər ölkə qanunvericiliyində, istərsə də sonralar Azərbaycanın qoşulduğu beynəlxalq Konvensiyalarda əsas prinsip kimi götürülüb. 
Müstəqilliyin ilk günlərindən başlayaraq Heydər Əliyevin hakimiyyətə qayıdışına qədərki zaman kəsiyində Azərbaycanda milli azlıqlarla bağlı yetərli iş görülmədi. 1992-ci ildə prezident Əbülfəz Elçibəy tərəfindən milli azlıqlarla bağlı Fərman imzalansa da onun həyata keçirilməsi baş tutmadı.
Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məslələrin həlli artıq Kremlin barmaq silkələməsinə görə deyildi. 1994-cü ildən sonra bu siyasət prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlanmasına,  inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara müntəzəm şəkildə maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfessiyaların hamısının sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi. 1993-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrilib. (1)
Moskva dövründə olduğu kimi, ondan sonra, yəni müstəqil Azərbaycanda da Heydər Əliyev beynəlmiləlçilik ruhunu və milli azlıqlara diqqəti müdafiə edirdi. Azərbaycan əhalisinin tərkibində 20-dən artıq xalq, milli azlıq, etnik qruplar yaşayır ki, onlar da müxtəlif dil qruplarına aiddirlər. Bu ölkədə elə milli azlıqlar var ki, onlar sayca cəmi bir neçə nəfəri özündə birləşdirir və kompakt olaraq yalnız bu ölkədə yaşayırlar. (2)
1999-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu  Prezdentin milli məsələlər üzrə dövlət müşavirliyi ilə birgə Azərbaycanda yaşayan azlıqlarla bağlı beynəlxalq konfrans keçirdi. Bundan başqa Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsi “Links”in təşəbbüsü ilə “Azərbaycanda yaşayan milli azlıqlarla bağlı dövlət siyasəti” mövzusunda beynəlxalq seminar təşkil olundu. Burada bütün milli azlıqların nümayəndələri iştirak etdi, onlar hüquq və azadlıqlarını qoruyan Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə etdilər. Bu beynəlxalq qurumlar tərəfindən həm milli azlıqlar, həm də dövlət təşkilatları üçün  əhəmiyyətli bir tədbir kimi qiymətləndirildi. (3)
2001-ci il noyabrın 1-də prezident Heydər Əliyev Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilkin hesabatın hazırlanması və təqdim edilməsi barədə Sərəncam imzaladı. Sərəncamla Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərinin yerinə yertirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ilkin hesabatın hazırlanması üçün işçi qrupu yaradıldı. Rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfov olan işçi qrupun ölkənin bütün rəsmi strukturlarını təmsil edən 10 üzvü var idi. (4)
Beynəlxalq qurumların Azərbaycanda milli azlıqlarla bağlı siyasətə münasibətləri son bir neçə ildə müsbət olub. Hələ 2002-ci ilin oktyabr ayında Strasburqda Avropa Şurasının baş katibi V Şvimmerin iştirakı ilə Azərbaycanda milli azlıqlarla bağlı dövlət siyasəti məsələsinə həsr olunmuş ayrıca müzakirələr aparıldı. Müzakirələrin nəticəsində Azərbaycanın milli siyasətini bəyənən və müsbət qiymətləndirən Avropa Şurası bu səpkidə müzakirələrin digər dövlətlərin də iştirakı ilə aparılması qərarına gəldi. Hətta Azərbaycanın milli azlıqlarla bağlı yürütdüyü siyasətin və bu sahədə əldə olunan təcrübənin başqa dövlətlər üçün də gərəkliliyi vurğulandı.
Göründüyü kimi bütün bunlar qısa bir zamanda baş verdi. Ümummilli lider Heydər Əliyev başa düşürdü ki, etnik qruplardan hər hansı birinin itirilməsi bütün bəşəriyyət üçün əvəzsiz itki olardı. Şübhəsiz ki, belə bir təhlükə onlar üçün Azərbaycanda yox idi. Hətta bu faktı bir sıra beynəlxalq təşkilatlar da öz sənədlərində təsdiq edirlər. Qeyd edirlər ki, azərbaycanlıların onlarla bərabər bir torpaqda yaşayan xalqlara qarşı tolerantlığı etalon hesab edilə bilər. Həqiqətən də bu xalqa məxsus olan mehriban qonşuluq, dini və etnik dözümlülüyü davam etdirməklə mövcud hakimiyyət dillərin, dinlərin, etnik psixologiyaların, ənənələrin inkişafına həmişə böyük önəm vermişdir. Bu gün Azərbaycan radio verlişlərinin ləzgi, talış, kürd, gürcü və digər dillərdə səslənməsi, tat, ləzgi, udin, xınalıq və digər dillərdə dərsliklərin çap edilməsi dövlətin Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının qorunması sahəsində ardıcıl və məqsədyönlü siyasətin davam etdiyini təsdiq edir.
Heydər Əliyevin milli azlıqlara qarşı səmimi münasibətini Qəbələ rayonunda yaşayan azsaylı udin xalqının nümayəndələri belə xatırlayır: “Tanrı özü dualarımızı eşidərək Heydər Əliyevi bizə göndərmişdir. İndi biz özümüzü azad və sərbəst hiss edirik”.
Heydər Əliyevə Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etmək, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacardı. Buna görə də xalq ona Dahi Beynəlmiləlçi, müsəlman dünyasının lideri, “Qafqazın Atası” adını verdi. 
Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində demişdi: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar…”
Və yaxud da ümummilli lider Milli azlıqlarla keçirdiyi görüşləri belə xarakterizə edirdi: “…Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşüdür…” (5)
Öz geopolitik, strateji mövqeyi, təbii sərvətləri baxımından zəngin olan Azərbaycan indi çoxsaylı milli və etnik azlıqların da doğma vətəninə çevrilib, milli azlıqlar yerli xalqla qaynayıb-qarışıb, inteqrasiya etmişlər. Azərbaycanda milli azlıqlar və azsaylı xalqlar ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayırlar. Azərbaycan əhalisi tarixən polietnik, çoxmillətlidir. Ölkədə 80-dək etnos yaşayır. Təkcə bu fakt respublikamızda azsaylı xalqlara və etnik qruplara diqqətin təzahürü kimi qiymətləndirilə bilər.
Bir sözlə respublikada “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq Konvensiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının təbliği istiqamətində tədbirlər keçirilir, vətəndaşlara hüquqları izah edilir.
Azərbaycan həmçinin YUNESKO-nun “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyasına da qoşulmağı planlaşdırır. Artıq Milli Məclisə, Xarici İşlər və Təhsil nazirliklərinə bu Konvensiyanın ratifikasiyası ilə bağlı müraciət edilib.
“Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Plan”ı da məhz müstəqil dövlətimizdə qəbul olundu. 
Azərbaycan Avropa Şurasına üzv qəbul olduqdan sonra 1 il ərzində Milli azlıqların Çərçivə Konvensiyası, eyni müddətdə Regional dillər arasında Çərçivə Konvensiyasına qoşuldu.
“Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasında milli azlıqların hüquqlarının müdafiəsi üzrə mühüm müddəalar təsbit olunub. Ölkəmiz 2000-ci ildən bu sənədə qoşulub və milli qanunvericiliyini bu konvensiyanın tələblərinə uyğun təkmilləşdirib.
Avropa Şurasının Azərbaycan nümayəndəliyinin əməkdaşı İnkeri Aarnio Lvoff hələ 2002-ci ildə "Etnik qruplar arasında dailoq" mövzusunda Zuğulbada keçirilən tədbirdə çıxış edərkən respublikada milli azlıqlar arasında dialoqun inkişafı və genişləndirilməsi üçün müvafiq işlər görüldüyünü nəzərə çatdırdı. Xanım İnkeri Avropa Şurasının bu sahə üçün nəzərdə tutulan standartlarının Azərbaycanda mərhələ-mərhələ həyata keçirildiyini söylədi. (6)
Milli məsələlər üzrə sabiq dövlət müşaviri Hidayət Orucov Azərbaycanın svil, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun milli siyasət həyata keçirdiyini bildirib. Hətta Azərbaycana rəqib qüvvələr də bu həqiqəti etiraf etmək məcburiyyətində qalırlar. Hidayət Orucov milli siyasət sahəsində əldə olunan nailiyyətləri Azərbaycan xalqının milli azlıqlara tarixən tolerant münasibəti ilə izah edir. Onun sözlərinə görə, Azərbaycanda milli və dini azlıqlara qarşı diskriminasiya siyasəti heç vaxt olmayıb və bu azlıqlar daim Azərbaycan cəmiyyətinin tamhüquqlu üzvü olublar: "1988-93-cü illərin acı dərsləri indi arxada qalıb. Milli həmrəylik möhkəmlənib. Bu, dünya birliyi tərəfindən qəbul olunan gerçəklikdir". (7)
Dünya birliyinin Azərbaycanda həyata keçirilən milli siyasətə münasibəti ölkəmizin Avropa Şurasındakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunmuş Dəyirmi masa zamanı da özünü qabarıq şəkildə biruzə verib. 2002-ci il sentyabrın 18-də "Azərbaycanda milli azlıqlar: gerçəkliklər və perspektivlər" mövzusunda keçirilən tədbirin məqsədi də Azərbaycan gerçəkliklərinin AŞ-da dərindən öyrənilməsi olub. Məhz bu gerçəkliklər AŞ mütəxəssislərinin diqqətini çoxdan cəlb edirdi. Elə buna görə də tədbirin keçirilməsi AŞ tərəfindən böyük razılıqla qarşılanıb. AŞ rəhbərliyi bunu ilk qaranquş adlandırıb. Çünki qurumun təcrübəsində belə tədbir ilk dəfə keçirilirdi. Hətta bir ildən sonra bu mövzuda geniş Dəyirmi masanın keçirilməsi də qərara alınıb. Tədbirdə Azərbaycanda milli siyasət sahəsində böyük məktəbin formalaşdığı qeyd olunub. AŞ mütəxəssislərinin fikrincə, bu təcrübə öyrənilməli və Şərqi Avropa ölkələrində də tətbiq olunmalıdır. Dəyirmi masa 2 saatdan çox çəkib. Milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov məruzə edib və milli azlıqların vəziyyəti ilə yanaşı, Ermənistanın ölkəmizə təcavüzü barəsində də məlumat verdib. Sonra AŞ-ın Baş katibi V Şvimmerlə görüş keçirilib. AŞ-a daxil olan bir sıra qurumların rəhbərləri ilə də görüşlər olub.
Qeyd edək ki, bəzi hüquq müdafiəçilərinin AŞ-a qeyri-obyektiv məlumatlar ötürməsinə baxmayaraq, qurumda Azərbaycana qarşı çox işgüzar, normal, düzgün münasibət var. Milli siyasət sahəsində tərəqqini Azərbaycanın bu sahədə də vətəndaş cəmiyyətinə doğru addımlaması və ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar olması ilə əlaqələndirilir. "Bu gün Azərbaycanda "milli azlıqların hüquqlarının qorunması" arxaik ifadəyə çevrilib. Çünki milli mənsubiyyətdən asılı olmayaraq hər bir vətəndaşın hüququ qorunur. Düzdür, milli azlıqların dilinin, mədəniyyətinin inkişafında müəyyən problemlər var. Milli çoxluğun da problemləri var. Azərbaycan gücləndikcə, şübhəsiz ki, bu məsələlər öz həllini tapacaq".
Ölkəmizdə dəfələrlə səfərdə olan AŞ nümayəndələri Azərbaycanda bu sahədə vəziyyətin qənaətbəxş olduğunu bildiriblər. Ölkəmizdə səfərdə olan Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin nümayəndə heyəti 2003-cü ilin aprelin 2-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Görüşdə F.Məmmədov prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar, milli azlıqların hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş tədbirlər, o cümlədən Azərbaycanın bu sahədə mühüm beynəlxalq konvensiyalara qoşuşlması, azsaylı xalqların ictimai birlikləri barədə ətraflı məlumat vermiş, xalqımızın öz tarixi ənənəsinə sadiq qalaraq milli azlıqlara və onların hüquqlarına daim hörmətlə yanaşmasını qeyd etmişdir.
Azərbaycandav milli azlıqların hüquqlarının etibarlı müdafiə edilməsinin şahidi olduqlarını bildirən nümayəndə heyətinin başçısı Asbyorn Eyde (Norveç) bu sahədə qanunvericiliyimizin təkmilləşdirilməsini razılıqla vurğulamış, əhalinin hüquqi maarifləndirilməsi üzrə aparılan iş yüksək qiymətləndirilmiş, Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası müddəalarının həyata keçirilməsi məsələlərinə toxunmuşdur. (8)
Aprelin 2-də (2003) Milli Məclisin (MM) kiçik iclas zalında Avropa Şurasının milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin nümayəndə heyətilə parlamentin İnsan hüquqları daimi komissiyasının üzvlərinin görüşü keçirildi. MM-in komissiya sədri Sirus Təbrizli AŞ nümayəndələrinin Azərbaycanın şimal bölgəsində, Quba və Xaçmaz rayonlarında olduqlarını xatırlatdı. S.Təbrizlinin sözlərinə görə, əgər səfər zamanı yerli əhalinin çətinlikləri müşahidə edilibsə, bu, bütövlükdə ölkə əhalisinə aiddir: "Bizim komissiyanın 13 üzvündən 6-sı milli azlıqların nümayəndələridir. Sizdə olan məlumatlarda göstərilir ki, Azərbaycanda əhalinin 10 faizini milli azlıqlar təşkil edir. Ancaq bizim komissiyanın 13 üzvündən 6-sı milli azlıqların nümayəndələridirsə, deməli, bu faiz nisbəti təxminən 50-yə çatır. Bizdə ayrıseçkilik, diskriminasiya olsa, heç kim gəlib burada deputat ola bilməz. Üç Qafqaz respublikası, eyni zamanda MDB-yə daxil olan dövlətlər arasında Azərbaycan ən tolerant dövlətdir. Ümumiyyətlə, bütün millətlərə humanist münasibətdə Azərbaycan çox böyük nüfuz qazanıb və bunu dünyanın ən mötəbər şəxslərindən biri olan II İohann Pavel dilə gətirib". S.Təbrizli komissiyaya bir dənə də olsun milli məsələ ilə bağlı şikayət daxil olmadığını deyib.
Nümayəndə heyətinin rəhbəri Asbyorn Eyde isə AŞ-nin ikinci dünya müharibəsindən və totalitar rejimdən keçmiş bir qitənin yaratdığı təşkilat olduğunu bildirib: "Odur ki, totalitar rejimlərin, totalitar keçmişlərin miraslarına nəinki sizin ölkənizdə, eləcə də AŞ-ın üzvü olan ölkələrin əksəriyyətinin tarixində rast gəlmək olar. Yəni, bu istər Almaniyaya, istər İspaniyaya, istərsə də Portuqaliyaya aid edilə bilər". Sonra AŞ-ın nümayəndə heyətinin rəhbəri sözügedən quruma daxil olan ölkələrin əksəriyyətində hələ də milli azlıqlarla bağlı müəyyən çətinliklərin mövcud olduğunu bildirib: "Bizim artıq Azərbaycanın şimalında yerləşən Quba və Xaçmaz rayonlarına səfərimiz olub. Səfər zamanı Qırmızıbazar deyilən yaşayış məntəqəsində də olmuşuq. Bizim üçün ən dəyərli təəssürat orada yaşayan yəhudilərin Azərbaycanı özləri üçün doğma yer saymaları oldu". O, sonda Azərbaycanın müsbət təcrübəsindən bəhrələnmək istədiklərini vurğuladı: "Biz sizdən bəzi şeyləri öyrənirik". (9)
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu yarandıqdan sonra bu qurumun bölgələrdə yaradılan ofislərinin biri də milli azlıqların kompakt yaşadığı Quba rayonu ərazisində fəaliyyət göstərməyə başladı. Hazırda Ombudsmanın Quba regional ofisinə yaxın olan və milli azlıqların yaşadığı digər rayonların əhalisi də müraciət edə bilirlər. Çox maraqlıdır ki, hesabat dövrünə qədər regional ofisə daxil olan şikayətlərin heç biri milli zəmində olmamışdır. (10)
Bu günlərdə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Avropa Şurasının ekspertləri - “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin üzvləri Cosef Marko (Avstriya), Dalibor Cilek (Çexiya Respublikası), Bohumila Feretsuhova (Slovakiya) və Fransua Kempfi (Fransa) qəbul etmişdi. Görüşdə Azərbaycanda milli  tolerantlığın  təmin edilməsi, bu sahədə Ombudsmanın fəaliyyəti və bununla bağlı digər məsələlər müzakirə edilmişdi.  
Ombudsman yanında milli azlıqların işi üzrə məsləhətçi fəaliyyət göstərir, milli azlıqların sıx yaşadığı yerlərdə əhali ilə görüşlər keçirilir, onların hüquqi maarifləndirilməsi məqsədi ilə treninq-məşğələlər təşkil edilir. Azərbaycan Ombudsmanı “Azlıqların hüquqlarının müdafiəsi üzrə Ombudsmanlar şəbəkəsi”nin  yaradılmasının təşəbbüskarıdır.
16-17 oktyabr 2003-cü il tarixdə Almaniyanın paytaxtı Berlin şəhərində Azlıq Məsələləri üzrə Avropa Mərkəzinin təşəbbüsü ilə keçirilmiş «Azlıqlar üzrə Ombudsmanlar şəbəkəsi Konfransında» Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik şöbəsinin baş məsləhətçisi Aydın Səfixanlı da iştirka etmişdir. Azərbaycan da daxil olmaqla dünyanın 22 dövlətindən 30-dan artıq nümayəndənin iştirak etdiyi Azlıqlar üzrə Ombudsmanlar şəbəkəsi Konfransda Azlıq Məsələləri üzrə Avropa Mərkəzinin prezidenti Mark Valler çıxış edərək milli azlıqların hüquqlarının müdafiəsində Ombudsmanın xüsusi rolunu qeyd edib.
Konfrans birinci gün öz işini üç əsas mövzuda təşkil olunmuş tematik sesiyalarda davam etdirib.
Konfransın gedişatında tədqiqatçılar müzakirə olunan məsələlərdə Azərbaycan nümayəndə heyətinin fəallığını xüsusi qeyd edib, Azərbaycan Ombudsman təsisatının qısa vaxt ərzində əldə etdiyi nailiyyətləri müsbət qiymətləndiriblər. Daha sonra Azlıq Məsələləri üzrə Avropa Mərkəzi Azərbaycan Ombudsman təsisatının Azlıq üzrə Ombudsmanlar şəbəkəsinin yaradılması və gələcək fəaliyyətində yaxından iştirak etmək arzusu bildirilib. (11)
30-31 oktyabr 2003-cü il tarixdə Fransanın Strasburq şəhərində Avropa Şurası binasında Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının 5-ci ildönümünə həsr olunmuş Konfrans keçirilmişdir. Konfransda çıxış edən Avropa Şurasının baş katibi V Şvimmer Avropa Şurasının insan hüquq və azadlıqlarının təmininə mühüm önəm verdiyini və bu məqsədlə bir sıra Konvensiyalar qəbul etdiyini xatırladaraq, qəbul edilən Konvensiyalar sırasında tənzim etdiyi sahənin əhəmiyyətinə görə, «Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının» xüsusi yer tutduğunu iştirakçıların nəzərinə çatdırmışdır. V.Şvimmer həmçinin «Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasını» ratifikasiya etməmiş Avropa Şurası üzv dövlətlərini Konvensiyanı qəbul etməyə çağırmışdır.
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik şöbəsinin baş məsləhətçisi Aydın Səfixanlı I tematik seminarda çıxış edərək ölkəmizdə milli azlıqların hüquqlarının qorunmasında mövcud vəziyyəti və bu sahədə həyata keçirilən hüquqi islahatlar, Azərbaycanda Ombudsman təsisatının yaradılması, səlahiyyətləri və fəaliyyəti barəsində konfrans iştirakçılarına geniş məlumat vermişdir.  (12)
Bu günlərdə (sentyabrın 11-12-də) Azərbaycanda səfərdə olan Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi  Komitənin nümayəndələri Cozef Mark (Avstriya), Dalibor Cilek (Çexiya), Buhomila Feretsonova (Slovakiya) və Fransuaz Kempf (Fransa) ölkəmizdə yaşayan milli azlıqlarla bağlı Azərbaycanın Avropa Şurasına təqdim etdiyi məruzəni araşdırmaq məqsədi ilə Quba, Xızı  və Lənkəranda olmuşlar.
Xızıda yaşayan milli azlıqların nümayəndələri ilə keçirilən görüşdə molokanların nümayəndələri öz çıxışlarında bildirmişlər ki, digər dövlətlərdə yaşayan soydaşları ilə əlaqələri var və aldıqları məlumatlara görə, onlar Azərbaycandakı qədər sərbəst yaşamır və belə qayğı ilə əhatə olunmamışlar.
Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin bildirmişdir ki, Azərbaycanda yaşayan milli azlıqlar respublikada aparılan quruculuq və  abadlıq işlərində yaxından iştirak edirlər.
Milli azlıqların çıxış edən digər nümayəndələri də onlara göstərilən qayğı və diqqətdən söz açmış, buna görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Onlar xüsusi vurğulamışlar ki, qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcək və birmənalı olaraq İlham Əliyevə səs verəcəklər.
Görüş müxtəlif millətlərin musiqisindən ibarət maraqlı konset proqramı ilə başa çatmışdır. Avropa Şurasının Lənkəranda da milli azlıqların nümayəndələri və şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla görüşmüşlər.
Lənkəranın coğrafi mövqeyi, iqtisadiyyatı, burada yaşayan əhalinin məşğuliyyəti və həyat tərzi barədə qonaqlara məlumat verən icra hakimiyyətinin başçısı, rayonda azərbaycanlılarla yanaşı digər azsaylı xalqların, o cümlədən talışların yığcam şəkildə yaşadıqlarını diqqətə çatdırmışdır.
İcra hakimiyyətinin başçısı rayonun 63 ümumtəhsil məktəbinin aşağı siniflərində talış dilinin tədris olunduğunu, dövlət tərəfindən şagirdlər üçün dərsliklərin hazırlandığını və pulsuz paylandığını vurğulamışdır. S.Mikayılov  talış dilinin Lənkəran Humanitar Kollecində də tədris edildiyini, rayonun idarə, müəssisə və təşkilatlarında çalışanların 95 faizini talışların təşkil etdiyini bildirmişdir.
Lənkəranda bütün azsaylı xalqların milli-mənəvi dəyərlərinə, adət və ənənələrinə hörmətlə yanaşıldığını vurğulayan S.Mikayılov milli azlıqların rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərini diqqətə çatdırmışdır.
Avropalı qonaqlar Lənkəran rayonuna səfərin birinci günü şəhərdə aparılan quruculuq işləri ilə tanış olmuşlar. AŞ təmsilçiləri Separadi kəndində talış ailəsində çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət etmiş, kənd mədəniyyət evinin «Nənələr» talış folklor kollektivinin çıxışlarını izləmiş, Veravul kənd 1 nömrəli orta məktəbində olmuşlar.
Sentyabrın 12-də Avropa Şurasının nümayəndələri rayon təhsil şöbəsində Lənkəran Dövlət Universitetində və Lənkəran Humanitar Kollecində görüşlər keçirmiş, şəhərdəki Osman Mirzəyev adına qarışıqtipli uşaq evində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar.
Göründüyü kimi Heydər Əliyevin qoyduğu ənənə – milli azlıqlara tolerant münasibət Azərbaycanda bu gün də davam etdirilir. Bu faktı vaxtaşırı ölkəmizə səfər edən beynəlxalq təşkilatların təmsilçiləri də birmənalı olaraq təsdiq edirlər. İstifadə olunmuş ədəbiyyat
1. Hidayət Orucov, «Heydər Əliyev və Azərbaycanda milli siyasət» Bakı, 2001, səh 42
2. Heydər Əliyev – ümummilli lider. Mixail Zabelin. Bakı 2004. Səh-149
3. Üentralcnaə Aziə i Kavkaz. Curnal soçialnoqo-politiçeskix issledovaniy. Şveçiə. 2003. 4 (28). Q.Orudcev. Naüionalcnıe mencşinstva Azerbaydcana seqodnə. Str. 164
4. Prezident Heydər Əliyevin Sərəncamı, Bakı, 1 sentybr, 2001-ci il, Azərbaycan qəzeti.
5. Dini qurumlarla iş Üzrə Dövlət Komitəsinin Bülleteni. 2002, N4,
6. «AZADİNFORM» İnformasiya  Agentliyinin bülleteni, may 2002.
7. KASPİ qəzeti, ¹ 118, yanvar 2003. 
8. Azərbaycan qəzeti, 3 aprel 2003.
9. Milli Məclisin İnsan hüquqları məsələləri daimi komissiyasının 2 aprel 2003-cü il iclasının stenoqraması.
10. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının məlumatı, 2 iyun 2004, Bakı şəhəri.
11. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik şöbəsinin baş məsləhətçisi A.Səfixanlının hesabatı, 20 oktyabr 2003, Bakı şəhəri.
12. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik şöbəsinin baş məsləhətçisi A.Səfixanlının hesabatı, 3 dekabr 2003, Bakı şəhəri.
URL / WWW
http://kelam.az/article/a-97.html