Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Çəpərləmə
19.10.09 14:58

Bu gün Azərbaycan öz müstəqilliyinin ən çətin anlarını yaşayır. Vətəndaş sosial-iqtisadi vəziyyətindən heç də məmnun deyil. Əlbəttə, bunun üçün çoxlu işlər görmək lazımdır. Müstəqilliyin ilk illərindən fərqli olaraq bu gün əyalətlərdən insanlar axın-axın paytaxta üz tutmur. Bu da regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində yaranan iş yerləri ilə bağlıdır. Beləliklə, artıq evinin dibində işi olan vətəndaşın çörək dalınca paytaxta qədər «uzanması»na ehtiyac qalmır…Bəzən daha çox problemlərin həlli, yaxud paytaxtda yaşamaq istəyi və övladlarına güclü təhsil vermək arzusu da ailələrin yerlərdən köçməsinə səbəb olur. Təbii ki, bu onun haqqı. Azərbaycan vətəndaşı ölkənin ərazi hüdudları çərçivəsində istənilən yerdə, işləmək, təhsil almaq və yaşamaq hüququna malikdir. Amma çox təəssüf ki, yaşaya, oxuya, işləyə bilmir.
Deyən yoxdur! Bəsdir, bəsdir… Bu gün Bakı şəhərinin neftlə zəngin kəndlərində insanların qarşılaşdıqları çətinliklərdən, problemlərdən danışmaq istəyirik. Təbii ki, son vaxtlar Balaxanı, Binəqədi, Sabunçu kimi neftli ərazilərdə baş verənlər, insanların başına gətirilən müsibətlər ürək ağrıdandır. Artıq Balaxanı kəndində baş verən biabırçılıqlar bütün ölkə ictimaiyyətinə bəllidir. Burada təxminən 4 mindən çox ailə evlərinin sökülməsi təhlükəsi ilə üz-üzə qalıb. Bu məsələyə ölkə mətbuatında geniş yer ayrıldı. Evlərinin sökülməsi təhlükəsi ilə üz-üzə qalan yüzlərlə ailə etiraz səsini ucaltdı. Hazırda həmin tikililərin sökülməsi təhlükəsi müvəqqəti də olsa dayandırılıb. 
Bu gün həmin problemləri Binəqədi qəsəbəsi sakinləri də yaşayır. Problem eynidir, amma təbii ki, bəzi fərqli xüsusiyyətləri də var.
Əvvəla Balaxanıdan fərqli olaraq Binəqədi qəsəbəsində torpaqları insanlara bələdiyyə adlanan yerli özünüidarə orqanı verib. Həmdə neft buruqlarının yerləşdiyi ərazidən 70-100, bəzən də 200-300 metr kənarda.  Burada qeyri-qanuni bir şey yoxdur. Vətəndaş müraciət edir, bələdiyyə orqanı da öz növbəsində onu yerlə təmin edir. Hansı ki, bu orqanın belə bir işi görməyə tam səlahiyyəti var idi (Son vaxtlar bu proses hərrac yolu ilə həyata keçirilir).
Vətəndaş ona verilən topraqdan istifadə etmək istəyəndə isə qarşısına ağır «artileriya» çıxarırlar. Yeri gəldi-gəlmədi, buruğa yaxın oldu-olmadı dəxli yoxdur, qəsəbənin ərazisini çəpərə alır, özünküləşdirir, rüşvət verən insanlara tikinti aparmaq üçün şərait yaradır, verməyənlərin isə əmlakını amansızcasına dağıdır, qəsb edir və s. min hoqqadan çıxırlar.   
İstismar necə baş verir… Vətəndaşın müraciəti əsasında Binəqədi qəsəbə bələdiyyəsi ona tikinti aparmaq üçün yerin ayrılmasından barədə qərar verir. Bundan sonra ərazi vətəndaşa göstərilir, xəritəsi çəkilir, bələdiyyənin büdcəsinə pul ödənilir. 
Artıq tikintiyə başlayan vətəndaş günlərin birində qarşısında ilk əvvəl «Binəqədi Oil Kompani»nin əməkdaşlarını görür. Binəqədi qəsəbəsi ərazisində qurudakı neft yataqlarının istismarı ilə «Binəqədi Oil Kompani» şirkəti məşğul olur (İlk əvvəl bu şirkət türklərin, indi isə rusların istifadəsindədir). Bu barədə 29.09.2004-cü ildə müqavilə də imzalanıb. Onlar ərazidə çıxarılan neft yataqlarının istismarı ilə məşğuldurlar. Amma nə yazıq ki, təkcə neftin istismarı ilə məşğul olmurlar.
Belə ki, vətəndaş ona verilən ərazidə tikinti aparmaq üçün mütləq «Binəqədi Oil Kompani» Təhlükəsizlik Xidmətinin əməkdaşlarına rüşvət verməlidir. Bunun da çox sadə yolu var. Sənə tikinti işi aparmaq üçün müvafiq şəxs tərəfindən iki gün vaxt verilir. Bu iki gün ərzində heç olmasa bir otq tikib içinə yığışmalısan. Evdə bir müddət ailə-uşaq olmalıdır. Əgər tikdiyin otağı boş saxlasan onu hər zaman uçura bilərlər.
Çox qəribədir. Bu şəkildə qeyri-rəsmi icazə çox vaxt bələdiyyə qərarı olan insanlara verilir. Bir növ onlar bununla da özlərini sığortalamış olurlar. Yəni bələdiyyə qərar verib, vətəndaş da tikib...
Daha böyük təhlükə… Azərbaycanda istər maliyyə imkanlarının genişliyi, istərsə də sözünün «mütləq hakimi» olan çox az sayda təşkilat və onun rəhbəri var. Onlardan biri də Dövlət Neft Şirkətidir. Qısa olaraq ARDNŞ kimi ifadə etdiymiz bu qurum respublikada neft ehtiyatlarının çıxarılması, emalı və satışı ilə məşğul olur. ARDNŞ-in nəzdində isə Təhlükəsizlik İdarəsi adlı qurum da fəaliyyət göstərir. Bu qurum respublikamızın neft sənayesi obyektlərinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədi ilə 23 dekabr 2005-ci il tarixdə yaradılıb. Dənizdə və quruda fəaliyyət göstərən mədənlərin, neft və qaz rezervuarlarının, digər obyektlərin mühafizəsi həmin bu idarəyə tapşırılıb.
ARDNŞ Tİ-nin əməkdaşlarının Binəqədi ərazisinə gəlişinə qədər insanları təkcə əraziyə nəzarət edən «Binəqədi Oil Kompani» şirkətinin Təhlükəsizlik Xidməti əməkdaşları istismar edib. Və ARDNŞ-ə qədər «Binəqədi Oil Kompani» şirkətinin Təhlükəsizlik Xidməti rüşvət yolu ilə yaxşı pul qazanıb.
Təbii ki, hamı kimi ARDNŞ-də də Binəqədidə baş verənlərdən xəbardar idilər. Bir sözlə əlavə gəlir mənbəyi üçün ipin ucu görünürdü. Bunun üçün ilk növbədə əraziyə nəzarəti həyata keçirmək lazım gəlirdi. Artıq vaxt itirməyən ARDNŞ yetkililəri bu səlahiyyəti əllərinə aldılar. Bir-iki gün içərisində Binəqədi qəsəbəsi SOKAR (ARDNŞ) sözü yazlmış «NİVA» markalı maşınlarla doldu.  
Çəmbər daraldıqca rüşvətin məbləği də çoxalırdı. Neft buruğuna yaxın tikililər üçün daha çox pul – rüşvət tələb olunur. Rüşvəti ala bilməyəndə isə bir neçə gün – yəni tikilinin sahibi müəyyən qədər iş gördükdən sonra təkrarən yaxınlaşır, inşa olunan evi «bulduzer»in qarşısına verərək yerlə bir edirlər. Sonra tikinti materiallarını daşıyaraq üçüncü şəxslərin əli ilə təkrar bazara çıxarır, nəticədə onları sataraq pul qazanırlar. Bu hadisələr Binəqədi qəsəbəsində hər gün baş verir. Və heç kimə sirr deyil ki, smeta xərci 2000-2500 AZN təşkil edən balaca bir otağın tikintisi üçün 4000-5000 manat rüşvət vermək lazım gəlir. Təbii ki, bu məbləğin hamısı buruğa nəzarət edənlərə çatmır. Birinci instansiyadan – yəni ARDNŞ əməkdaşlarının qeyri-rəsmi icazəsindən sonra əraziyə qəsəbə icra nümayəndəsi və polis gəlir. 
Çox qəribə vəziyyət yaranıb. «Binəqədi Oil Kompani» şirkətinin əməkdaşlarına rüşvət verib iş görmək istəyənin qarşısına ARDNŞ əməkdaşları çıxır, Və yaxud da əksinə. Vətəndaşa isə onları görmədikləri, tanımadıqları barədə təlimat verirlər.
Güclüyə baş əy, gücsüzü əz… Çoxlarına bəllidir ki, Binəqədi qəsəbəsi kimi ərazilərdə, kommunal şəraiti bərbad olan, xüsusən də dağ, dərə kimi yerlərdə imkanlı adam heç vaxt torpaq almaz. Yol kənarı, məktəb ətrafı ərazilər istisna olmaqla bu yerlər kasıb təbəqənin yaşaması üçün xarakterikdir. Onları da yaşamağa qoysalar…
Binəqədi qəsəbəsində, Novxanı yolunun üstündə hündürmərtəbəli binalar tikirlər. Yadımdadır, həmin ərazi də çəpərlənmişdi. Tikinti üçün hazırlıq işləri getdiyi vaxt çəpərlənən ərazini söküb bir tərəfə tulladılar. Bütün bunlar ARDNŞ və «Binəqədi Oil Kompani» əməkdaşlarının gözləri qarşısında baş verdi. Onlar isə acizanə şəkildə səslərini belə çıxarmadılar. Sadəcə maşınlarda oturub «əsər»lərinin necə  kömüldüyünü müşahidə etdilər. Bax, bu faktdır. Bunu görmək üçün sadəcə Binəqədi qəsəbəsinə gəlmək lazımdır.
Əgər qeyd etdiyim ərazidə usta Sadıq və yaxud da onun qonşusu rəngsaz Məmməd balaca bir ev tikmək istəsəydi yerlə bir edərdilər. Çünki usta Sadıq gücsüzdür, adamsızdır. Rəngsaz Məmməd də onun kimi. Onların ARDNŞ qarşısına çıxarılacaq adamları, verəcək pulları yoxdur. Deməli, nə etməlidirlər? Məncə ÖLMƏKdən başqa çarələri yoxdur. Amma ölmək də istəmirlər, gözləyirlər, heç olmasa bir gün İNSAN kimi yaşamaq üçün gözləyirlər…
Bu günlərdə Binəqədi qəsəbədə «dağ» kimi tanınan ərazidə ARDNŞ əməkdaşları ilə yerli sakinlər arasında dava düşüb. Hadisə yerində olan onlarla insan ARDNŞ əməkdaşlarına hucum ediblər. Nəticədə, hadisə yerinə bələdiyyə sədri və üzvləri gəlib. Bələdiyyə sədri insanları kobudluq etməkdən, daş-qalaq atmaqdan çəkindirib. Hamının gözü qarşısında ərazinin ARDNŞ-ə aidiyyatı olmadığını, insanlara qanunla torpaq sahələri verildiyini bildirib.
Artıq insanların gözləri açılıb. Haqlarını-hüquqlarını kortəbii də olsa qoruya bilirlər. ARDNŞ əməkdaşları isə əvvəllər olduğu kimi gündüzlər ev uçurtmur. Onlar bu işi gecə görürlər.
Bu günlərdə ARDNŞ əməkdaşları gecə saatlarında Binəqədi qəsəbəsi Gülüstan yaşayış massivi, küçə 14-də yeni tikilən evin ikinci mərtəbəsinə çıxaraq 120-yə qədər dam örtüyünü (şifer) oğurlayıblar.
  Vətəndaşda neftə qarşı allergiya var… Ərazini tanıyan hər kəsə bəllidir ki, Binəqədi qəsəbəsinin bütün tərəflərində neft buruqları var. Bu xoşbəxtçilik olsa da, hərdən insanlara bədbəxtlik də gətirir. Gəlin açıq danışaq. Sadə insanları neftdən ölkəyə daxil olan milyonlar qətiyyən düşündürmür. O, fikirləşir ki, mən ömrü boyu ac-yalavac, evsiz-eşiksiz yaşamışam. «Əsrin müqaviləsi» bağlanana qədər də, ondan sonra da. Tikilən körpülər, inşa olunan göydələnlər, idman kompleksləri, diaqnostika mərkəzlərinin isə ona heç bir dəxli yoxdur. O tikilən körpülərdən keçməyə də bilər, göydələnlərdə isə onsuz da ev ala bilmir, idman komplekslərinin yolunu tanımır, diaqnostika mərkəzlərində müalicə olunmaq üçün pulu yoxdur və s. 
Deməli, «qara qızıl» sadə Azərbaycan vətəndaşnın qara üzünü ağartmır. Əksinə, başını soxmaq üçün tikmək istədiyi evini yıxır. Ona görə də bu təbəqənin insanlarında neftə qarşı allergiya var.
Nə etməli… İlk əvvəl dövlət səviyyəsində müvafiq qərarın qəbuluna ehtiyac var. Bu qərar vasitəsilə neft buruğuna nə qədər uzaq ərazidə tikinti aparmağın sahəsi müəyyən olunmalıdır. Əslində belə bir sənəd var. Amma nədənsə onu üzə çıxarmırlar. Neft buruğundan neçə metr kənarda tikili aparmağı insanlara demirlər. ARDNŞ-dən bu barədə soruşduqda isə cavab vermirlər.
Bu barədə həqiqət açıqlanmalı və bələdiyyələrə məlumat verilməlidir. Eyni zamanda xəritəsi çəkilməli, küçə və meydanlara maarifləndirici elanlar vurulmalıdır. Bələdiyyə vətəndaşa torpaq verən zaman isə bütün bunları nəzərə almalıdır. Belə olan təqdirdə heç bir problem yaranmaz.
Digər tərəfdən Binəqədi qəsəbəsi bələdiyyəsinə məxsus olan torpaqların ərazisi müəyyən olunmalıdır. Davam edən qeyri-müəyyənlik sadə vətəndaşların istismarı ilə nəticələnir. Qeyri-müəyyənliyin davam etməsini istəyən qurumlar isə külli-miqdarda pul qazanırlar. 
İndi vəziyyət tamam başqadır. ARDNŞ və «Binəqədi Oil Kompani» bütün qəsəbə ərazisinə nəzarət etmək imkanına malik olduqlarını iddia edirlər. Sadə insanlar isə bunun fərqinə belə varmır, çaşıb qalırlar. Dəhşətdir, elə deyilmi…
Onlar hər gün insanları soyub talayırlar. İş o yerə gəlib çatıb ki, neft buruğundan 500-600 metr kənarda yerləşən torpaqlara bələdiyyələr tərəfindən verilən sərəncamlar da işə yaramır. İşə yarayan isə rüşvətdir. Yəni pulunu ver, məsafəsindən asılı olmayaraq neft buruğu ətrafında tikinti işi apar. Sonrası Allah kərimdir.
Artıq qəsəbədə 15-20 il bundan əvvəl alınan torpaqlarda da tikinti işləri aparmaq mümkünsüz olub. Tikinti apardığın hər bir yer üçün rüşvət verməlisən. Verməsən tikə bilməzsən…
Təəssüf ki, Binəqədi qəsəbə bələdiyyəsi də verdiyi sərəncamların arxasında dura bilmir. İnsanların isə əli hər şeydən üzülüb. Nə edəcəyini, dərdini kimə söyləyəcəyini bilmir.    
Dərdi kimə söyləməli… Bütün bu olanlardan sadə vətəndaşların xəbəri varsa, deməli, rayon, hətta respublika rəhbərliyi, hüquq-mühavizə orqanlarının da məlumatı var. İnanmaq çətindir ki, Hacı Məmmədov kimi qanqsterin ifşasını bir neçə gündə həyata keçirən Milli Təhlükəsizlik Nazirliyi qulağının dibində - Binəqədidə baş verənlərdən xəbərsizdir. Əgər xəbərsizdirsə vay bu millətin halına, xəbəri var, ölçü götürmürsə, yenə də vay bu millətin halına…         
Vallah, əslində bu yaşamaq deyil. Bu dünyanın cəhənnəmidir ki, bəzi başsız başbilənlər onu insanlara yaşatmaqdan sanki zövq alırlar. Həm də onlardan aldıqları rüşvətlə ucaltdıqları imarətlərin içində, eyş-işrətlə…
Bu rəzalət, vicdansızlıq və şərəfsizlikdən başqa bir şey deyil. Görünür belə yaşamaq bəziləri üçün daha şərəflidir…
Əziz oxucu! Bunlar Binəqədi qəsəbəsində baş verənlərin çox cüzi bir hissəsidir. Sonda Binəqədi ağsaqqallarından birinin əsəbi halda dediyi sözləri xatırlayıram. Bəlkə də o ağsaqqalın sözü məmur-mütləqlərə xəbərdarlıq olar: «Kimlərsə, Binəqədi qəsəbəsində Nardaran hadisələrini yaşatmaq istəyir. İnsanları müxtəlif yollarla hakimiyyətdən narazı salırlar. Artıq bunun simpitomları da görünməkdədir. Əgər belə hal baş versə…»
 
URL / WWW
http://kelam.az/article/a-96.html