Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Koş sinira, arkadaş!
19.10.09 14:58

Hadi bakalım, koş...
İnsanın həm bu millətə, həm də o millətə yazığı gəlir. Əslində yazığımız bir millətə gəlir, amma dövlətləri ayrı olduğu üçün sərhədlərini böldüyümüz kimi millətini də parçalamaq zorundayıq. Belə getsə, parçalanmış millətin iki ayrı dövləti kimi, iki ayrı milləti olaraq tarixin yaddaşında yeni səhifələr açacağıq. Müsəlman olmağımız da bizim bir millət olaraq bütünlüyümüzə öz töhfəsini verə bilmir. Çünki, eyni dinə xidmət etsək də fərqli məzhəblərə qulluq edirik. Bu və ya digər səbəblər bizim heç vaxt “bir millət, iki dövlət” prinsipinə sədaqətimizin göstəricisi ola bilməz. Başqa yolumuz yoxdur. Biz ancaq Türkiyə ilə ən yaxşı halda nümunəvi müttəfiq, qonşu ola bilərik. Qardaşlıq, millətçilik anlayışı isə boş bir xəyaldan başqa bir şey deyil. Bu barədə dəfələrlə yazmışam. Məsələn İran kimi. Azərbaycanla İranı tarixi bir keçmiş bağlayır. Amma o keçmişdə idi... Bu gün İranın öz, Azərbaycanın da öz maraqları var.
Necə ki, bu günlərdə İranda səfərdə olan erməni prezidenti S.Sarkisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə görə möhtərəm müsəlman prezident M.Əhmədinejata təşəkkür edib. Tərəflər ticarət-iqtisadi əməkdaşlığın inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, Araz çayı üzərində hidroelektrik stansiyanın tikintisi, enerji, nəqliyyat sahələrində qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər. Deməli, müsəlman həmrəyliyi qırılmaz olsaydı İran dindaşlarının qanını içən erməniyə “ləbbeyk” deməzdi. 
Hesab edirəm Türkiyə ilə də belə olmalıyıq, tıpqı Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistanla olduğumuz kimi... Biz ən yaxşı halda güzəşti bir-birimizə borc kimi verərik. Türkiyə ilə də bu cür münasibətlərin qurulmasının tərəfdarıyam. Bir-birimizi zora düşürmiyəlim, arkadaş! Lap indiki kimi... Çünki Türkiyə sərhədləri açmaq istəyir. Bəli, bu dövlətin də öz problemləri, sıxıntıları var. Biz isə “qardaşıq”,-deyə haray-həşir salırıq. Başa düşmürük ki, Türkiyə TÜRKə hörmət qoysaydı, əvvəla qətlə yetirilmiş dipolmatlarına, dinc sakinlərinin ruhları qarşısında xəcalət çəkərdi. Sonra isə ərazi bütövlüyünün Ermənistan tərəfindən hələ də tanınmamasının xəcalətindən YERƏ GİRƏRdi. Deməli, bunlarda bu hiss qalmayıb. Ona görə də artistlik etməyə dəyməz, nə edirlər etsinlər. İran edib nə olub ki? Türkiyə və İranla bizi türklükdən daha müqəddəs amal birləşdirir: müsəlman həmrəyliyi. Amma nə olsun, buna məhəl qoyan varmı...
Aprel ayını xüsusi bir təlatümlə keçirdik. Prezident Barak Obamanın Türkiyəyə səfəri və orada verdiyi açıqlamalar, İlham Əliyevin Türkiyə səfərindən imtina barədə qərarı və bu qərarın dəyişdirilməsi istiqamətində Ərdoğan, Gül və ən nəhayət ABŞ dövlət katibi, xanım Klintonun göstərdiyi çabalar, Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində AKP hökumətinə yandaş medianın “tureçiski şou”ları və s. artistikləri görəndə ermənilərin GÜCÜnə bir daha inandım. Təsəvvür edin: İşğalçı ölkənin xarici işlər naziri Nalbəndyan xüsusi bir pafosla Türkiyə Ermənistan sərhədlərinin qeyd-şərtsiz açılması istiqamətində rəsmi Ankara ilə danışıqlar apardıqlarını bəyan edir. Hər iki ölkədə aləm bir-birinə dəyir, insanları 3-4 gün bu xoş olmayan xəbərin təsiri altında yaşayır. Burada Azərbaycan bütövlükdə ayağa qalxır, orada isə Azərbaycanı sevən TÜRKLƏR... Buradakılar AKP hökumətinə sanki yalvarırlarmış kimi xatırladırlar:
- axı bizə bir millət iki dövlətik;
- axı Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işgal edib;
- axı 1.000.000-dan çox azərbaycanlı işğal nəticəsində evindən, yurdundan ayrı düşüb;
- axı sərhədlərin açılması erməni işğalının sülh yolu ilə həllini boşa çıxaracaq və imkansız hala gətirəcək;
- axı sərhədlərin açılması Türkiyə ilə Azərbaycan arasında olan güç birliyinə ciddi zərər vuracaq, Qafqazda yeni güc birliyinin formalaşmasına gətirib çıxaracaq;
Və bu insanların sırasında bəndəniz də var. Bir qrup media nümayəndəsi Əflatun Amaşovun darısqal ofisinə yığılıb artistlik edir, bəndəniz də zorən onlara qulaq asır. Hamı türk xalqının böyüklüyündən danışır, AKP hökumətini quru yuyub, yaş sərirlər... Bir anlığa fikirləşirəm: aman Allah, görən AKP hökumətinin baş biləni Tayyib Ərdoğan, bu uca millətin prezidenti Abdulla Gül və neçə-neçə bu türlü səhabə məgər türk deyil? Məgər bu hökumətə 15 gün bundan əvvəl bələdiyyə seçkilərində 40 faizə qədər səs verən Türk xalqı deyildimi? Vallahi artistilik edirik, billahi artistlik edirik...
Azərbaycanın ictimai təşkilatları tez-tələsik hazırladıqları müraciəti Türkiyə səfirliyinə çatdırır. Jurnalistlərin ardınca QHT-lər, qadın təşkilatları, rayon ictimaiyyətləri, zəhmətkeşlər, neftçilər, bu məmləkətdə para üstünə para qazanan xırda türk sahibkarları, Nəsimi, Təzə bazarın arabaçıları və daha kimlər dəstə-dəstə səfirliyə gedərək sanki başsağlığı verirdilər.
Hətta bir qrup telejurnalist mitinq keçirmək üçün Türkiyəyə getməyə cəhd göstərir. Amma nə yazıq ki, qarşı tərəf onları ölkəyə buraxmır. Budur qardaşlığımızın bariz nümunəsi...
Azərbaycanın Milli Məclisi toplanır. Sərhədlərin açılması məsələsi də müzakirə olunur. Tarixçi-deputat Cəmil Həsənli Türkiyəyə qarşı aparılan kampaniyanın xoş olmadığını, türklərin zaman-zaman Azərbaycana kömək etdiklərini dilə gətirir. Deputatının arqumentinə bax, ey yatmış, bədbəxt millət. Oyan, oyan ki, kimləri vəkil seçdiyini o kor gözlərinlə görəsən və sonra utanc hissindən ölümə qədər yatasan...
Allah spiker Oqtay Əsədovun ölənlərini rəhmət eləsin ki... iclasda Çanakkalədə şəhid olan 3 mindən çox azərbaycanlını tarixçi vəkilə xatırladır.
Sonra xanım deputatları içərisi Qarabağdan gətirilən torpaqla dolu gümüş mücrülərlə Ankaraya yola salırıq. Ağqoyunlu Sara Xatun təcrübəsini yada salıb müasir Azərbaycanın qadın diplomatiyasının gücünü yoxlayırıq. Amma bir şey çıxmır, sadəcə Ərdoğan həzrətlərinin “azeri qadın vəkillər yanlış yaptılar” təpkisi ilə üzləşirik. Amma bu tür təpkilərə öyrəncəli olduğumuz üçün ürəyimizə salmırıq.  
Bu şoudan təxminən 10 gün keçir. Yenə gündəmdə spiker Oktay Əsədovdur, amma bu dəfə fərqli ampulada:  “Türkiyə Azərbaycan münasibətlərini qızışdırmaq istəyənlər həm Azərbaycanın, həm də Türkiyənin düşmənidir. Heç kim Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə bilməz. Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir”.
O.Əsədov həmçinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycanlı qadın millət vəkillərini təhqir etməsinə də münasibət bildirib. Spikerin sözlərinə görə, R.T.Ərdoğan heç kimi təhqir etməyib, sadəcə öz fikirlərini bildirib.
Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı ilə bağlı Azərbaycanda yaranmış atmosfer Ankarada da narahatlıq doğurub. Türkiyədə də AKP hökumətindən TÜRKLÜK haqqını tələb edənlər var. AKP hökumətinə Ermənistanın Türkiyəyə qarşı torpaq iddiası və qondarma soyqırım məsələsi də xatırlanır. Amma Tayyib Ərdoğan hökuməti bütün bunlara əhəmiyyət vermir. Sərhədlərin açılıb-açılmayacağı ilə bağlı açıqlamasını isə yalnız Azərbaycan və Türkiyədə narazıların sayının artıq ölkələri əhatə etdiyini görəndən sonra verdi. Ərdoğanı bu açıqlamanı verməyə vadar edən həm də yaxın keçmişdə Türkiyədə keçirilən bələdiyyə seçkilərində partiyasının məğlubiyyətə bərabər qələbə çalması oldu. Artıq Tayyib Ərdoğan da dərk edir ki, növbəti istənilən seçki onun partiyasının məğlubiyyəti ilə başa çatacaq.
Erməniylə yaxınlaşmağa dəyməz...
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması hesabına ABŞ, Avropa və Rusiya Cənubi Qafqazda geosiyasi problemlərini həll etmək istəyirlər. Məsələn, Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl bu vəziyyətdə ölkəsinin uğurunun nədən ibarət olduğunu anlaya bilmədiyini qeyd edib. S.Dəmirəl prezidentliyi dövründə ABŞ-ın bir neçə dəfə Türkiyənin Ermənistanla sərhədlərinin açılması təklifi ilə ona müraciət etdiyini də söyləyib: “Mən də hər dəfə Türkiyənin bundan nə qazancağını soruşurdum. Lakin mənim bu sualıma heç vaxt cavab verə bilmirdilər”.
S.Dəmirəl ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılmasında maraqlı olmasının səbəblərinə də aydınlıq gətirib: “ABŞ Rusiyanın Ermənistan üzərində tək söz sahibi olmasını istəmir. Odur ki, Türkiyə vasitəsilə Ermənistanda möhkəmlənməyə can atır. Bu isə rəsmi Bakının mövqelərinə ciddi zərbə vuracaq. Çünki Ermənistanla ABŞ-ın yaxınlaşması Azərbaycanın xeyrinə deyil. Belə olduqda, münaqişənin həlli uzun illər yubadılacaq ki, bu da Dağlıq Qarabağın itirilməsinə bərabərdir”. S.Dəmirəl hesab edir ki, əgər Ankara Qafqazda həqiqətən də geosiyasi lider olmaq istəyirsə, elə şərtlər irəli sürməli və nüfuzundan elə istifadə etməlidir ki, ilkin mərhələdə işğal olunmuş Dağlıq Qarabağ ətrafı ərazilərin azad edilməsi mümkün olsun: “Türkiyə heç bir qarşılıqsız, torpaqlar işğaldan azad edilmədən Ermənistanla yaxınlaşmadan heç nə qazanmayacaq. Bir problemi həll etmədən digər problemlər yaratmaq nəyə lazımdır? Bu, yalnız ABŞ və Rusiya üçün sərfəlidir. Bundan başqa, Ermənistanın Türkiyənin özünə qarşı da ərazi iddiaları mövcuddur, soyqırımı məsələsində də geri çəkilmir. Biz Ermənistanı tanıdığımız halda, onlar bizim sərhədlərimizi hələ də tanımayıblar. Ağrı dağını özlərinə simvol seçiblər, Türkiyənin 40-dək diplomatını öldürüblər. Sadalanan problemlər həll olunmadan, Türkiyənin Ermənistanla yaxınlaşmasına dəyməz”.
Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə S.Dəmirəl prezident olduğu vaxt bağlayıb.
Bu, qəbul ediləməz... Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal Türkiyə-Ermənistan sərhədlərinin açılması, Türkiyənin Qafqaz siyasəti və Dağlıq Qarabağ münaqişəsi mövzusunda media mənsubları qarşısında geniş açıqlama ilə çıxış edib. D.Baykal Türkiyənin mövcud hökumətinin Qafqaz siyasətini kəskin tənqid edib. D.Baykal Türkiyənin Ermənistanla sərhədləri bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsindən sonra bağladığına diqqət çəkərək bunun uydurma soyqırımla, İrəvanın Türkiyənin mövcud sərhədlərini tanımaması ilə əlaqəsi olmadığını bəyan edib: “Ermənistanla münasibətlərimizin təməl məsələsi Azərbaycan torpaqlarının işğalıdır. Soyqırım iddiaları, ərazi bütövlüyümüzün tanınmaması kimi məsələlər sonradan həll edilə bilər, bunlar Türkiyəni ciddi şəkildə narahat edəcək həyati məsələlər deyil. Vaxtilə Suriya da Hatay bölgəmizə iddia edirdi, sonra nə oldu? Hazırda Suriya ilə münasibətlərimiz kifayət qədər istidir. Türkiyə özünə inamı olan böyük dövlətdir. Ermənistanla bizim aramızda olan problemlər də tədricən həllini tapa bilər, Türkiyənin buna görə narahatlıq keçirməsinə və özünü mütləq hansısa addım atmaq məcburiyyəti qarşısında hiss etməsinə ehtiyac yoxdur. Əsas məsələ Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasıdır”.
D.Baykal ermənilərin təkcə Dağlıq Qarabağı deyil, onun ətrafındakı bölgələri də işğal etdiyini vurğulayaraq həmin 7 rayonun adını bir-bir çəkib: “İşğal nəticəsində 1 milyona yaxın insan yerindən-yurdundan qovulub, azərilərin gözəl sözü ilə desək, qaçqın düşüb”. D.Baykal baş nazir Rəcəb Tayyib Ərdoğanın son günlər Azərbaycan əraziləri azad edilmədən sərhədlərin açılmayacağını söyləməsinin yetərli olmadığını bəyan edib: “Ermənistanla İsveçrədə gizli danışıqlar aparanlar açıqlasınlar görək nəyi müzakirə ediblər. Obama gəldi, bunu açıq şəkildə ifadə etdi, kimsənin də səsi çıxmadı. Hökumətin ayaqüstü yox, ciddi açıqlamalarına ehtiyac var. Baş nazir indi bizə təsəlli verməyə çalışır. Bu, qəbul edilə bilməz”.
D.Baykal bildirib ki, Ermənstan işğaldan vaz keçdiyini ortaya qoymalı, bununla bağlı BMT qətnamələrinə uyğun plan hazırlanmalı, ermənilər bu plan daxilində Azərbaycan torpaqlarından çıxmağa başlamalıdır: “Yalnız bundan sonra sərhədləri açmaq olar. Amma hazırda belə bir plan ortada yoxdur, əvəzində sərhədlərin açılması söhbəti gedir. Nəyin əvəzində? Azərbaycandakı narahatlıq haqlıdır”.
Biz güzəştə getmərik...
MHP lideri Dövlət Bağçalının isə məsələyə münasibəti daha konkret olub: “Azərbaycan Dağlıq Qarabağı güzəştə getsə də biz güzəştə getmərik. Dağlıq Qarabağ məsələsində sona qədər Azərbaycanın yanındayıq. Heç kəs o sərhədi Qarabağ məsələsi həll olunmadan aça bilməz. Biz yerinə canlı sərhəd hörərik, ancaq sərhədin açılmasına imkan vermərik”.
Ərdoğanın babasını kim öldürüb?..
Təzyiqlərdən sonra Türkiyənin Baş naziri Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə İrəvan arasında razılıq əldə olunmayana qədər Türkiyə Ermənistanla münasibətlərinin normallaşmasına dair müqavilə imzalamayacağını söyləyib. Çox qəribə görünsə də, cənab Tayyib Ərdoğanın məlum açıqlaması sərhədlərin açılması söz-söhbətindən 3-4 gün sonra verildi. Ona qədər isə tərəddüd edən AKP hökuməti Azərbaycanın narazılıqları ilə qarşılaşmalı oldu. Tayyip Ərdoğan sərhədlərin açılmasına dair Türkiyə ilə Ermənistan arasında baza prinsipləri ilə bağlı danışıqlar aparıla biləcəyinə işarə edib: “Lakin bu, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma əldə olunmayana qədər bizim Ermənistanla hər hansı yekun saziş imzalamağımız mümkün deyil”.
Görəsən, Tayyib Ərdoğanın həqiqətənmi sərhədlərin açılmasına baxışı söylədiyi kimidir? ABŞ-ın Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutu hesab edir ki, Ərdoğan hökuməti Ermənistanla sərhədləri qeyd-şərtsiz açmağa hazır idi. "Ədalət və İnkişaf Partiyası Türkiyə-Ermənistan sərhədlərini qeyd-şərtsiz açmağa hazır idi. Lakin bələdiyyə seçkilərində az səs toplaması, müxalifətin qarşı olması və Azərbaycan hökumətinin sərt mövqeyi bunun qarşısını aldı",-deyə Universitetin tədqiqat direktoru Svante Kornel bildirib. Onun firkincə, Türkiyə-Ermənistan sərhədinin açılması ilə ermənilər "soyqırım" məsələsində güzəşt etməyəcəklər. "Türkiyə-Ermənistan sərhədi açılsa belə, erməni lobbisindəki radikal qruplar bu iddiadan əl çəkməyəcəklər",-deyə o əlavə edib. 
Bu arada Türkiyə tarixçisi Cezmi Yurtsevər Baş nazir Rəcəb Tayyib Ərdoğanın babasının erməni və ruslara qarşı savaşda öldürüldüyünü iddia edib. Osmanlı arxivində araşdırma apardığını bildirən Yurtsevər Ərdoğanı gerçəkləri açıqlamağa dəvət edib: “Bu olayı ən yaxşı baş nazirimiz bilir. Susmaq zamanı deyil. Babanızın hekayətini açıqlamağın zamanıdır”.
Qeyd edək ki, Yurtsevər Osmanlı arxivindəki 50 milyon mənbəni nəzərdən keçirib: “1916-cı ildə erməni və ruslar Trabzon və Rizəni işğal etdilər. Rus əsgərlərinin dislokasiya olunduğu ərazilərdə yerli müqavimət hərəkatları vardı. Baş nazirimiz Ərdoğanın babası Maqatlı Rəcəb o bölgənin sayılan bir ailəsinin mənsubu olaraq bu hərəkata qatıldı. Döyüşlərin birində öldürüldü. Bu gün bu olayın tarixi pərdəarxasını ən yaxşı hörmətli baş nazirimiz bilir. Susmaq zamanı deyil, babasının hekayətini açıqlamağın zamanıdır”.
Sərhədlər açıq olsun...
Nəhayət ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinə rəsmi Yerevan da reaksiya verib. Bu ölkənin prezidenti Serj Sarksiyan ümid edir ki, oktyabrın 7-nə qədər Türkiyə-Ermənistan sərhədləri açılacaq. Bu barədə o, Rusiyanın RTR televiziyasının "Vesti" proqramının Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı sualına cavab verərkən bildirib: "Mən hesab edirəm ki, bu mümkündür. Bilirsiniz, bizi türklərlə tarixi yaddaş ayırır. Dünyada elə bir erməni yoxdur ki, "soyqırımı" faktına şübhə eləsin. Hər kəs bundan əmindir. Amma türklər, türk dövləti bunu inkar edir. Buna baxmayaraq, biz türklərə heç bir qeyd-şərtsiz diplomatik əlaqələri bərpa etmək, yolları açmaq, sonra isə bütün məsələləri müzakirə edəcək dövlətlərarası komissiya yaratmağı təklif etdik. Bilirsiniz, mən prezident Abdulla Gülü Yerevana dəvət etdim və o, mənim dəvətimi qəbul etdi. Hesab edirəm ki, bizim çətin, amma faydalı danışıqlarımız oldu və biz artıq bu danışıqların sonuna çatırıq. Ümid edirəm ki, mən Ermənistan və Türkiyə yığmalarının cavab oyununa baxmağa gedəndə ola bilsin ki, sərhədlər açıq olsun. Səhv eləmirəmsə, cavab görüşü oktyabrın 7-si olacaq".
Sərkisyan Tehranda İrəvanla münasibətlərin normallaşacağı halda Ankaraya qarşı aparılan “soyqırım” siyasətindən imtina etməklə bağlı söz verməyəcəklərini də vurğulayıb. “Bəzən istək və təxminlər ictimai rəyə təklif edilə bilinir. Gerçək isə budur: rəsmi İrəvan heç bir şərt irəli sürülmədən Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Son dönəmədək Türkiyə tərəfi bu məsələdə ciddi addımlarla hazırlıqlı deyildi. Fəqət, indi vəziyyət dəyişən kimidir. Anladığım qədər bu ankı yeni vəziyyətin işığında Ankara mövqeyini dəyişmək üzrədir. Zatən iki qonşu dövlət arasında diplomatik münasibətlərin olmaması qəbul edilə bilinməyəcək bir durumdur”–deyə, Sərkisyan bildirib.
Dağlıq Qarabağ problemi mövzusuna toxunan Ermənistan prezidenti “Dağlıq Qarabağı heç bir zaman Azərbaycana hədiyyə etməyəcəyik. Bu bölgə bir daha rəsmi Bakının idarəçiliyinə keçə bilməz. Bu mövzudakı mövqeyimiz dəyişməzdir”,-deyib.
İş-işdən keçib...
Belə düşünürəm ki, iş-işdən keçib. Biz ancaq Türkiyəyə qonşu dövlət kimi xarici siyasətindəki baxışlarında hörmətlə yanaşmalıyıq. Onsuz da sərhədlər açıq olmasa belə Türkiyə Ermənistan əlaqələri mövcuddur. Bunu bir vaxtlar İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani demişdi. Hətta deyəndə ki, Türkiyənin Ermənistanla qeyri-rəsmi ticarət dövriyyəsi İranın Ermənistanla rəsmi ticarət dövriyyəsindən çoxdur, məni gic bir gülmək tutmuşdu. Sizcə indi vəziyyət necədir?
Hazırda Ermənistanla Türkiyə arasındakı mal dövriyyəsinin həcmi 150 milyon dollar təşkil edir. Bu barədə açıqlamanı isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Ermənistanda keçirilən 37-ci iclasında qurumun Erməni-Türk İşgüzar Şurasının həmsədri Kahan Soyak verib: “Ermənistan Türkiyədən hər şey pulla alır və əgər sərhəd açılsa idxal etmə həcmi daha da artar. Türkiyə Yerevanda nəhəng supermarket açmağı planlaşdırıb və hazırda böyük mehmanxana biznesi ilə bağlı layihə mövcuddur. Türk iş adamları ermənilərlə birgə müəssisələrin yaradılması ilə maraqlanıblar. İki ölkənin bir-birini anlamaq üçün böyük potensialı var və hər iki tərəf böyük olmayan siyasi addımlar atmalıdır”. Göründüyü kimi, K.Soyak türkləri şirnikləndirməkdə davam edir. Onun fikirincə, Ermənistan tranzit ölkəyə çevrilər və türk mallarını Rusiyaya ixrac etməklə əlavə  məbləğ əldə edə bilər. Çox maraqlıdır, K.Soyak bilmir ki, Türkiyənin Rusiya ilə birbaşa əlaqəsi var, rəsmi Ankaraya Rusiyaya Qafqazlardan çıxış lazımdırsa Azərbaycanla Gürcüstan zatən var. 
İndi ermənilər özlərini tülkülüyə vurublar. Guya azərbaycanlılar qədər onlar da (Ermənistan əhalisi və bu ölkənin diaspor təşkilatları) Türkiyə ilə sərhədlərin açılması və əlaqələrin normallaşmasına qarşı çıxırlar. Ararat Strateji Mərkəz tərəfindən Ermənistan vətəndaşları və diaspor təşkilatları arasında keçirilən sorğuda iştirak edənlərin 61 faizi Ermənistan rəhbərliyinin Türkiyə ilə yaxınlaşma siyasətini dəstəkləmədiyini ortaya qoyub. Hətta sorğu iştirakçıları iki ölkə arasındakı əlaqələrə qarşı olduqlarını ifadə ediblər. Respondentlərin 20 faizi istəyir ki, Ermənistan Türkiyə ilə əlaqələri ancaq milli mənfəətlərə zərər vermədən normallaşdırsın.
Bəzi Azərbaycan ziyalıları və beynəlxalq təşkilatlar da Türkiyə Ermənistan sərhədlərinin açılmasının tərəfdarıdır. Məsələn, Beynəlxalq Böhran Qrupunun Azərbaycan üzrə nümayəndəsi Təbib Hüseynov deyir: “Mühit dəyişib. Hazırda sərhədlərin açıq olması daha məqbul görünür. Çünki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutmasa, Türkiyə bunun qarşılığında əldə ediləcək rıçaqlardan istifadə edə bilər. Sərhədlərdə tranzit və viza rüsumların artırılması ehtimalını nəzərdə tuturam. Bu variant əslində daha sivil, dünya tərəfindən daha başa düşülən və eyni zamanda Türkiyə və Azərbaycan maraqlarına daha uyğun variantdır”.
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi elçisi Piter Sebnemi də Hüseynov Təbibdən heç də fərqli düşünmür: “Türkiyəylə Ermənistan ötən ildən münasibətlərin yaxşılaşdırılmasıyla bağlı danışıqlara başlayıblar. Belə bir addım regionda vəziyyyətin yaxşılaşması və Türkiyənin Avropa Birliyinə qoşulmasına kömək edə bilər”. Bəli, bu da sənə Avropa Birliyinə daxil olmaq üçün əlavə şans. Hadi bakalım, koş sınıra... “Türkiyə tərəfdə 4 saylı sərhəd daşından başlayıb 148 saylı daşda bitən Türkiyə-Ermənistan sərhədinin ümumi uzunluğu 325 kilometrdir. Türkiyə-Ermənistan sərhədində hazırda qapalı olan iki sərhəd qapısı var: “Əlican Avtomobil yolu sərhəd qapısı“ və “Akyaka Dəmiryolu sərhəd qapısı”.
“Əlican Avtomobil yolu sərhəd qapısı“ əvvəllər Qars şəhərinin bir vilayəti olan İqdırın Əlican kəndindədir. “Akyaka Dəmiryolu sərhəd qapısı” isə Qarsın Akyaka vilayətində yerləşir.” “Sərhəd qapıları açılacağı təqdirdə Ermənistanın nəqliyyat xərcləri 30-50% azalacağı, ixracatın ikiqat artacağı, Ümumi Daxili Məhsulun isə 35% artacağı proqnozlaşdırılır. Embarqo Ermənistan iqtisadiyyatına ildə 570-720 milyon dollar ziyan vurur.
Dünya Bankı rəsmilərinin açıqlamasına görə isə sərhəd qapılarının açılacağı təqdirdə Ermənistana ümumilikdə 320,3-395,8 milyon dollar fayda verəcək.”
Elvin N XƏZƏR
URL / WWW
http://kelam.az/article/a-94.html