Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Üzr rəzaləti
19.10.09 14:58

Mustafa Kamal Atatürk; “Binlerce çaresiz ve suçsuz ana ve çocukları işkenceyle öldürmüşlerdi. Tarihte benzeri görülmemiş olan bu vahşeti yapan ermenilerdi” Bir az əvvəl Türkiyədə bir qrup tanınmış şəxs 1915-ci il “Erməni məsələsi” ilə bağlı ilin əvvəlindən internetdə imza kampaniyası keçirməyə başladı. Professor Əhmət İnsel, professor Baskın Oran, doktor Cengiz Akta və jurnalist Əli Bayramoğlunun rəhbərliyi ilə internetdə həyata keçirilən imza kampaniyası -  “Üzr istəyirəm” adlanırdı. Kampaniyanın mətnində “1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldığı Böyük Fəlakət”in inkar edilməsini “vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz adımdan erməni qardaşlarımın duyğu və acılarını paylaşır, onlardan üzr istəyirəm” fikri vurğulanır. Bu yolla təşkilatçılar il boyunca İnternet vasitəsilə mövqelərinin dəstəklənməsi üçün mümkün qədər dəstək qazanmağı qarşılarına məqsəd qoyublar. Cengiz Aktanın sözlərinə görə, “ermənilərin başına gələnlər Türkiyədə çox az bilinən, unutdurulmuş, təhrif olunmuş hadisədir. Məsələyə heç bir zaman obyektiv tarixi baxımdan yanaşılmamışdır. Buna görə də Türkiyədə insanların çoxu bu gün bütün xoş niyyətilə ermənilərin başına heç bir şey gəlmədiyini zənn edir”.
Əslində prezident Abdulla Gülün Ermənistana səfərindən sonra türk ziyalılarının belə bir təşəbbüsdə bulunmaları heç də gözlənilməz deyildi. Ərazisində ermənilərlə bağlı “Qardaşlıq abidəsi” ucaldanlar bundan sonra onlarla bağlı neçə belə sərsəm ideyalara əl atacaqları və bu ideyaları gerçəkləşdirəcəkləri də qaçılmaz idi.
2005-ci ildə İstanbulda bir iş adamı ilə görüşdüm. Əslən Ermənistandan olan, sonradan İqdıra, oradan da İstanbula gələrək iş-güc sahibi olan bu insanın hələ o zaman söylədikləri tük ürpədici idi. Etika xatirinə mən onların bir çoxunu yazmaq istəmirəm. Amma bəzilərini yazmaq zorundayam.
Məni yola salanda Atatürk Hava Limanında təyyarənin qalxmasına 30-35 dəqiqə vaxtımız var idi. Bu vaxtdan istifadə edib əslən azərbaycanlı olan Türkiyə vətəndaşı ilə maraqlı dialoqumuz alındı. Təbii ki, mən Azərbaycan ictimaiyyətinin fikirini ona, o isə Türkiyədə yaşananları mənə anladırdı. Çox məlumatlı olan bu şəxs nəinki Türkiyədə, hətta dünyada yaşanan ictimai-siyasi proseslərin çox gözəl analizini verirdi. O ürək ağırısı ilə deyirdi: “Bunlar (bəzi türkləri nəzərdə tutur) pula görə hər şeyə gedərlər. Mən bunların içində böyüdüm, təhsil aldım, iş qurdum. Biznes bunlar üçün ən ali məqsəddir. Türkçülük, millətçilik, vətənpərvərlik və daha nə bilim nələr bunların umurunda belə deyil. Ailə, din bunlar üçün hər zaman paradan sonra gəlib… Görərsiniz bunların əli başlarına çatan kimi ermənilərlə problemlərini həll edəcəklər. Sadəcə bir az zamana ehtiyacları var… İnşallah o zamanları da olmaz.”
Amma oldu. Bəli, dostum bu zamanın yetişməsini arzulamasa da, zaman artıq yetişdi. İndi Türkiyədə prezidentindən Baş nazirinədək hamının ermənilərə xüsusi simpatiyası var. Biri Vanda erməni kilsəsini təmir etdirir, digəri Yeravana qədər gedir. Bu hörmətin əhatə dairəsi artıq genişlənməkdə davam edir, hətta “üzür diləmək” səviyyəsinə qədər yüksəlir.
Ermənilərə dəstək verən insanların içərisində işsizə, səfilə, fəhləyə rast gəlmək olmur. Onların demək olar ki, hamısı ziyalı təbəqəsinə malik şəxslərdir. Türkiyənin elitar təbəqəsinə məxsus bu şəxslərin bir çoxu mühəndis, həkim, öyrətmək, jurnalist, hətta İstanbul əski bələdiyyə başqanı, tarixçi, siyasətçi və s. sahələrin aparıcı şəxsləridir.
Bir gün İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə müsahibə götürürdüm. Müsahibənin sonunda səfirdən İran-Ermənistan münasibətlərinin niyə bu qədər isti olmasının səbəblərini soruşdum. Hətta əlavə etdim ki, İran da Türkiyə, Pakistan, hətta Səudiyyə Ərəbistanı kimi Ermənistanla əlaqələri kəssə, onlara Dağlıq Qarabağ problemi ilə bağlı təsir göstərsə, müsəlman birliyini qorumağa çalışsa, dünya dağılmaz ki… Sözümü qurtarmamış səfirin qəhqəhəli gülüşünə dayanmalı oldum. Təbii ki, nəyin baş verdiyini anlamırdım. Ə.Süleymani bildirdi ki, İranın Ermənistanla rəsmi xarici-ticarət dövriyyəsi, Türkiyənin Ermənistanla qeyri-rəsmi xarici ticarət dövriyyəsindən üç dəfə azdır. Səfir başqa məsələlərə də toxundu. Açıqladığı faktların yayılmasını istədi. Hətta bildirdi ki, mən bunları deyirəm və arxasında da dururam. Biz cənab səfirin söylədiklərini yazmağa cəsarət etmədik. Səbəbi də çox bəsit. Təbii ki, inanmaq istəmədik…
Amma bu gün baş verənlər nə qədər yanıldığımızı göstərir, Türkiyə vətəndaşının Azərbaycanın probleminə nə qədər biganə qalmasını sübüt edir.
Artıq Türkiyə öz işini görür. Amerika və digər dövlətlərin təsiri ilə Ermənistanla sərhədlərin açılmasına səy göstərir. İlk növbədə ictimaiyyəti bu işə hazırlayır, kampaniya və digər qeyri-rəsmi aksiyalarla… Sonra isə təbii ki, “xalq istəyir, biz nə edə bilərik” deyən erməni kökənlilər barışıq Sazişinə məmnuniyyətlə imza atacaqlar.
Türkiyə prezidenti Abdulla Gül bir qrup Türkiyə ziyalısının qondarma “erməni soyqırımı” ilə bağlı ermənilərdən üzr istənilməsi kampaniyasına və buna qarşı çıxanlara çox bəsid münasibət bildirib. O deyib ki, fikirlərin açıq ifadəsi Türkiyədə mümkündür: “Qruplar və ayrı-ayrı şəxslər bir araya gəlib nə isə müzakirə edə bilərlər”.
Göründüyü kimi Türkiyə prezidenti Abdulla müəllim məsələyə elə münasibət bildirib ki, nə şişi yandırıb, nə də kababı.
Müxalifətdəki Cümhuriyyət Xalq (CHP) və Milliyyətçi Hərəkat (MHP) partiyalarının millət vəkilləri kampaniyaya dəstək verən şəxsləri pisləyən bəyanat qəbul olunmasını təklif ediblər. Gözlənildiyi kimi etnik kürdlərdən ibarət Demokratik toplum Partiyası (DTP) isə bunun əleyhinə çıxıb. Müzakirələr nəticəsində millət vəkillərinin fərdi şəkildə imza toplayaraq üzr kampaniyasını pisləməsinə qərar verilib. Ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Canan Arıtman kampaniyanı təşkil edənləri vətən xaini adlandırıb: “Buna imza atan saxta ziyalılar Türkiyədən üzr istəməlidir”. C.Arıtman prezident Abdulla Gülün kampaniyaya münasibətini də kəskin tənqid edib. O, kampaniyanı təşkil edənlərin A.Gülün Ermənistan səfərindən cəsarətləndiyini söyləyərək, prezidentin anasının erməni olduğuna işarə vurub: “Prezidentin də bu kampaniyanı dəstəklədiyini görürük. Abdulla Gül öz etnik kökəninin deyil, cümhurun, yəni türk millətinin prezidenti olmalıdır. Prezidentin ana tərəfdən etnik kökənini araşdırın, görəcəksiniz”.
Qeyd edək ki, Türkiyədə bəzi dairələr A.Gülün anasının kayserili erməni kökənli ailənin övladı, atasının isə Siirtdən Kayseriyə köç etmiş ərəb olduğunu iddia edir.
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan isə bir qrup Türkiyə ziyalısının internetdə təşkil etdiyi ''ermənilərdən üzr istəyirik'' kampaniyası ilə bağlı prezidenti Abdullah Güldən fərqli münasibət bildirib: ''Hər halda onlar belə bir soyqırım ediblər ki, üzr istəyirlər. Türkiyə Respublikasının belə bir problemi yoxdur. Yəni əgər ortada belə bir hadisə baş veribsə, bu hadisəni törədən üzr istəyə bilər. Amma nə mənim, nə mənim ölkəmin, nə də millətimin belə bir problemi yoxdur".
"Rəssamlar və yazıçılar belə bir kampaniya başladıblar deyə bu kampaniyaya qoşulmaq, bunu qəbul etmək bizim tərəfimizdən mümkün deyil. Şəxsən mən bu kampaniyanı qəbul etmirəm, dəstəkləmirəm və bu kampaniyada yer almaram. Çünki günah işlətməmişəm ki, üzr istəyim. Günah etsəm, üzr istəyərəm. Ortada belə bir şey yoxdur. Bu tarixçilərin müzakirə etdiyi bir mövzudur. Mən bu yazıçı və rəssamları anlamaqda çətinlik çəkirəm. Bunu anlamaq mümkün deyil. Və sadəcə aranı qarışdırmaq, hüzurumuzu pozmaqdan başqa bir işə yaramaz. Bunu xüsusilə vurğulamaq istəyirəm. Hazırda bəzi problemləri həll etməyə yönəlmiş addımlar atılır. Bunlar səhv addımdır, səhv hərəkətdir deyə düşünürəm. Bir cinayət törədilibsə, bu cinayəti törədən çıxar üzr istəyər. Ortada belə bir cinayət olmadığı halda belə bir üzr kampaniyası başlatmağı mən məntiqsiz hesab edirəm".
Bu arada Türkiyədə baş verən belə iyrənc və şərəfsiz kampaniyanın təşkil edilməsi ölkədə ciddi etirazla qarşılandı. Belə ki, 60-a yaxın keçmiş səfir imza kampaniyası ilə bağlı bəyanatla çıxış etdi. Aralarında ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının (CHP) liderləri Onur Öymən və Şükrü Ələkdağın da olduğu tanınmış diplomatlar üzr kampaniyasını yersiz, yanlış, tarixi gerçəklərə və milli mənafelərə zidd addım kimi qiymətləndiriblər: "Bu yanlış və birtərəfli addım tariximizə hörmətsizlik və erməni terror təşkilatlarının Osmanlı İmperiyasının son dövrlərində həyata keçirdikləri kütləvi qətllər nəticəsində həyatını itirən insanlarımıza xəyanətdir.
Doğrudur, 1915-ci ildə müharibə şəraitində həyata keçirilən erməni köçü acı nəticələrə səbəb olub, amma erməni üsyanı və terroru nəticəsində türklərin məruz qaldığı itkilər ermənilərin itkilərindən az deyil. Ermənilərin xarici qüvvələrin təhrikləri ilə 19-cu əsrin ikinci yarısından etibarən, daha sonra Birinci dünya müharibəsi və Qurtuluş savaşının ilk illərində istilaçı düşmən qüvvələrinin tərəfinə keçərək Anadoluda insanlarımıza qarşı vəhşiliklər törətməsi yerli və xarici ölkə arxivlərindəki materiallarda açıq görünür".
Bəyanatda 1973-cü ildə erməni terrorunun yenidən başladığı, onlarla türk diplomatının qətlə yetirildiyi xatırladılır, daha sonra Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı nəticəsində 1 milyona yaxın insanın öz torpaqlarından qovulduğu bildirilir: "Üzr istəmək kampaniyası kimi axmaq bir addımı atanlar əcəba tarix boyunca erməni terroruna qurban gedən və zülmə məruz qalan insanlar üçün də üzr istəməyi düşünürlərmi? Erməni iddialarını haqlı göstərib üzr istəmək təşəbbüsündən əvvəl çox yaxın keçmişdə türk diplomatlarını və onların ailə üzvlərini amansızlıqla qətlə yetirmiş ermənilərin türk millətindən üzr istəməsinə nail olunmalıdır. Bu qatillər hələ də həyatdadır və Ermənistan, eləcə də bir sıra digər dövlətlərin himayəsində olduqları üçün cəzasız qalıblar".
Miliyyətçi Hərəkat Partiyasından da başlanılan iyrənc təşəbbüsə etiraz gəlib. Partiyanın lideri Dövlət Bağçalı "SNN Türk"ə müsahibəsində hakim Ədalət və İnkişaf Partiyasını qınayıb: "Tarix yaşanıb, yazılıb və hökmü verilib. Ortada utanmağımız üçün bir günah və üzr istəməyimiz bir əsas yoxdur". D.Bağçalı da diqqəti ermənilərin türk diplomatlarına tarixən həyata keçirdikləri terror aktları və Qarabağda törətdikləri vəhşiliklərə yönəldib. Onun sözlərinə görə, ermənilər Azərbaycan torpaqlarında 16 il bundan öncə misli görüşməmiş qətliam həyata keçiriblər.
Bu arada Türkiyədə “Üzr istəyirəm” adı altında başlayan kampaniyaya qarşı bir qrup şəxs “Üzr gözləyirik” adlı internet kampaniyaya başlayıblar. Onlar ermənilərdən üzr istəyənlərin yaratdığı www.ozurdiliyoruz.com internet saytının tamamilə eynini yaradaraq buraya Xocalı soyqırımını əks etdirən fotolar yerləşdiriblər. www.ozurbekliyorum.com ünvanlı saytda həmçinin erməni terrorçuları tərəfindən öldürülən türk diplomatları, Türkiyə Silahlı Qüvvələrinin erməni terroruna dair arxiv materialları və ermənilərin türk xalqına qarşı törətdiyi soyqırımlarına görə üzr istəmələrini gözləyənlərin siyahısı yerləşdirilib. “Üzr gözləyirik” kampaniyasına artıq minlərlə şəxs qoşulub. Qeyd edək ki, ermənilər özləri də özündənmüştəbeh türklərin üzr kampaniyasının əleyhinə çıxıblar. 
Bu barada Türkiyə mətbuatı rəsmi Ankaranın Ermənistanla intensiv danışıqlar apardığını və bu ölkə ilə sərhədlərini aça biləcəyini ictimaiyyətə açıqlayıb. Bunu Türkiyənin “Hürriyet” qəzeti yazır. Qəzetin yazdığına görə, prezident Abdullah Gülün sentyabrın 6-da İrəvana səfərindən sonra iki ölkə arasında yaxınlaşma prosesi müsbət irəliləyişlərlə davam edir. “İki ölkə arasındakı gizli danışıqlar Avropa ölkələrindən birində davam edir. Həmin danışıqlarda sərhədlərin açılmasının detalları da müzakirə olunur”,-deyə məlumatda bildirilir.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında sərhədin ümumi uzunluğu 325 kilometrdir. Sərhəd xəttində iki keçid məntəqəsi var. Bunlar Əlican quruyolu sərhəd keçid-məntəqəsi və Akyaka dəmir yol keçid məntəqəsidir.
Akyaka dəmir yol keçid məntəqəsi Qars vilayətinin Akyaka qəsəbəsinə bağlıdır. Qarsın 66 kilometr məsafəsində olan bu məntəqədə dəmir yol keçidi ilə yanaşı, Ermənistana birləşdirilən kənd yolu da var.
Bildirilir ki, danışıqlarda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə bağlanmasının düzgün olmadığı məsələsi qoyulur. Belə ki, Ermənistan iki ölkə arasındakı 1920-ci il gömrük və 1921-ci il Qars müqavilələrinin qüvvədə olması məsələsini qaldırır. Lakin Ermənistan bu günədək Türkiyəyə olan ərazi iddialarından rəsmən imtina etmir. Qəzet yazır ki, əgər qarşıdakı aylarda Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün öz tərəfindən konstruktiv addımlar atsa, o zaman sərhədlərin gələn il açılması gündəmə gələ bilər. Lakin bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən çəkilməyi nəzərdə tutan sülh anlaşmasını qəbul etməli və Türkiyəyə qarşı ərazi iddiasının olmadığını rəsmən bəyan etməlidir: “Lakin Moskvanın Ermənistan və Azərbaycana yönələn yeni siyasi yanaşmaları olarsa, o zaman Qərbin dəstəklədiyi bu plan baş tutmaya bilər. Ayrıca olaraq Türkiyədəki azərbaycanlı diplomatların passivliyinə baxmayaraq, türk-erməni yaxınlaşması Bakını bu yaxınlaşmanı poza bilmək üçü Türkiyənin daxili siyasətində hərəkətə keçməyə məcbur edə bilər”.

Niyaz NİFTİYEV
URL / WWW
http://kelam.az/article/a-93.html