Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » Novruz Novruzlu: "Tarx getdikcə durulacaq və Xətainin də haqqı ona veriləcək"
13.11.16 13:52

Şahın nəfəsini, sözünü və sazını səsləndirən, yaşadan, özünəməxsus ağırlığı ilə seçilən Novruz Novruzlunun musiqilərini dinləməyən, sevməyən yoxdur. Gözəl adam və gözəl DOSTdur. Yenicə səfərdən qayıdıb. Savalan qrupunun bədii rəhbəri, Türk dünyasının usta səsi Novruz bəy bizə Şahdan danışır:

 
-Əziz Novruz bəy, siz tez-tez ölkəmizi xaricdə təmsil edirsiniz. İndi də səfərdən qayıtmısınız. Deyə bilərsinizmi, dəvət hardan və kimdən gəlmişdi?

- Səfərimiz çox yüksək səviyyədə keçdi. Bu tədbir üçün bizi Türkiyə Ələvi Federasiyasının sədri Doğan Bərmək bəy dəvət eləmişdi. Bir neçə il bundan əvvəl Bakıda Şah İsmayıl Xətaiyə həsr olunmuş tədbir keçirilirdi. Doğan bəy orda bizi dinləmiş və çox təsirlənmişdi. Elə o vaxt bizimlə söhbətində əgər qismət olsa Türkiyədə də sayılıb seçilən Albayraq qrupu ilə birlikdə konsertimizi təşkil eləmək istədiyini dilinə gətirmişdi, biz də yox deməmişdik. Eləcə də bu ilin may ayında Türkiyədə Sabir Rüstəmxanlının yubileyi keçirildi. Biz orada Sabir bəyin şeirlərindən ibarət 45 dəqiqəlik bir proqram hazırladıq. Çox möhtəşəm bir təqdimat oldu. Doğan bəy o tədbirdə də bizi tək qoymadı. Bu tədbirin üstündən heç bir ay keçmədi ki, onun konsert təklifi reallaşdı. 
Biz bu tədbir üçün iki ay məşq elədik. Yeni musiqilər yazıldı, hər gün ən az yeddi-səkkiz saat işlədik. Bizdə Xətaiyə aid musiqilər çox azdır. Və beləcə İstanbulda Türkan Saylan Mədəniyyət Mərkəzində “Şah İsmayıl Xətai- Sözün Sultanı” adlı konsertimiz baş tutdu. 

- Bildiyimiz kimi, Türkiyədə Şah İsmayıla münasibət birmənalı deyil. Konsertdə bu hiss olunurdumu?

- Ora gələnlər Şah İsmayılı sevənləriydi. Mən sevinirəm ki, Xətai son günlər daha düzgün istiqamətdə araşdırılır. Şah Xətai Türk dünyasının böyük şəxsiyyətlərindəndir. Tarixdə öz yeri, öz çəkisi olan, sözün əsl mənasında bir ŞAHdır o. 
O səhnədə tək deyildik. Bizimlə bərabər Albayraq Musiqi Qrupu da vardı. 

- Musiqiləriniz çoxmu fərqlənirdi?
 
- Musiqi janrında fərqlilik olsa da, ruhən eyni ahəngdəydik. Mən yeri gəlmişkən öz növbəmdə bu gözəl proqram üçün dəyərli musiqiçilərə minnətdarlığımı bildirirəm. İffət Əsgərov məni həm kamanda müşayiət edirdi, həm də musiqilərimizin bütün yükü onun çiynindədir. Bizim bəstələrimiz onun yaradıcılığının məhsuludur. Ritmdə Azərbaycanımızın ən dəyərli musqiçilərindən səmimi, özünə xas ruhu olan Eyvaz Həşimov idi. Sazda və udda isə dəyərli və professional musiqiçi Azad Yusubov ifa edirdi. 

- Niyə məhz “Savalan”?

- Biz 2000-ci ildən bəri fəaliyyət göstəririk. Qrup bizim dini, milli, mənəvi dəyərlərimizə söykənir.  
Qrup indiyə qədər bir çox xarici ölkələrdə Azərbaycanımızı yüksək səviyyədə təbliğ edib. Adını aldığı Savalan dağı o bir yarımız Azərbaycanda uca, saf, bir çox mistik sirrləri özündə yaşadan möhtəşəm, ulu bir dağdır. Biz də bu illər ərzində çalışmışıq bu ululuğu, saflığı, səmimiyyəti qoruyub saxlayaq. Buna hansı səviyyədə nail olmuşuq bunun dəyərini vermək də oxuculara düşər. 
Biz uzun və incə bir yolda yürüyürük gündüz-gecə.
Xətaim der:
Rəhm etməzəm yalana, 
Özün təslim edər, kəndi gələnə,
Ay Alidir, Muhammed bilənə, 
Bax! Nəzər eylə də, 
Həmən arif ol!

- Siz və rəhbərlik elədiyiniz qrup həm də Şaha münasibətinizlə fərqlənirsiniz…

- Biz Xətaini uşaqlıqdan sevərik. O vaxt da Şaha yaraşmayan, ona layiq olmayan böhtanlar atardılar, mənim içim əl verməzdi. Şah Xətai üstündə Allahın nəzəri olan, seçilmiş, dərviş ruhlu bir şəxsiyyət olub. Onun kim olduğu, içinin zənginliyi, mənəviyyatı, sufi təbiəti şeirlərində Günəş kimi aydın görünür. 

Sərsəri girmə meydanə,
Aşiq səndən yol istərlər.
Şahım qurmuş bir yol gedər,
Yol içində yol istərlər…

Bu, sırf Xətainin İÇ dünyasına aiddir.

- Mən əminəm ki, tarx getdikcə durulacaq və Xətainin də haqqı ona veriləcək. Novruz bəy, qarşıda nə kimi yeniliklər və planlar var? 

- Çalışırıq, işləyirik. İnşallah yeni-yeni dəvətlərimiz var, onları dəyərləndirəcəyik. Möhtəşəm bir konsert verməyi düşünürük. Sizə də bizi unutmadığınıza və diqqətinizə görə Savalan qrupu olaraq təşəkkür edirik.  

Nigar ISFƏNDİYAR
URL / WWW
http://kelam.az/article/a-8235.html