Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Şeyxülislam Hacı Allahşükür Paşazadə: “Sülh - insan həyatının xilasıdır…”
13.11.16 13:01

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusundakı Dəyirmi masada çıxış edib. Kəlam jurnalı A.Paşazadənin çıxışını təqdim edir:
Hörmətli Beynəlxalq Humanitar Forumunun iştirakçıları və qonaqlar!
Möhtərəm Sədr!
Sizin hamınıza Azərbaycana xoş gəlmisiniz deyir, O Bir Olan Yaradanımızdan hər birinizə xeyir-dualar diləyirəm.
Dünyanın siyasi, iqtisadi və dini zəmində narahat gündəm yaşadığı bir dövrdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramı, qarşılıqlı ehtiram məfkurəsi, hümanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılmışdır. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş din-dövlət münasibətləri hal-hazırda yüksək səviyyədə davam və  inkişaf etdirilir.
Zati-aliləri Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifi, 2016-cı ilin Multikulturalizm ili elan edilməsinin təşəbbüskarıdır.
Uca Rəbbin yaratdığı ən böyük dəyər insan həyatıdır və onun xilası ənənəvi dinlərin təlqin etdiyi humanist mənəvi dəyərlərdən keçir. Ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Qarabağ torpaqlarında dinc əhaliyə qarşı soyqırım siyasəti və davamlı terror aktları törədilmiş, milyondan artıq qaçqın və məcburi köçkün problemi yaranmışdır. Zəbt olunmuş ərazilərimizdə məscid, kilsə, sinaqoq və qəbirstanlıqlarımız məhv edilmişdir. Lakin bununla belə Qarabağ münaqişəsinin həlli ilə baglı məsələdə biz yenə də problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edirik. Çünki sülh – insan həyatının xilası, bəşərin gələcəyi deməkdir!
Təəssüf ki, son zamanlar dünyada baş verən faciəvi hadisələr dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verir. Bu gün DAİŞ adlı şər ordusunun əməlləri, İslama təfriqə salan təkfirçi və digər ifrat cərəyanların təxribatları İslam adından siyasi məqsədlər üçün sui-istifadəyə xidmət edir. Planetimizin müxtəlif guşələrində törədilən silsilə terror aktları bizi ciddi narahat edir. Müsəlmanlar yaşayan ərazilərdə hərb, iğtişaş, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi səngimədiyi bir zamanda, Avropada islamofobiya təzahürləri dərinləşir, məcburi miqrant axınına qarşı anti-humanist, irqçi, aqressiv münasibət, ksenofobiya meylləri kəskinləşir. Biz bu halları sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, radikalizm və ekstremizmə təkan verən amil, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbə, bəşəri fəlakət kimi dəyərləndiririk.
Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə terrorizm, islamofobiya, ekstremizm və radikalizmin önlənməsində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacibdir. Buna müsbət nümunə kimi bu yaxınlarda Rusiya Patriarxı Kiril və Roma Papası Fransiskin tarixi görüşünü misal göstərmək olar. Biz siyasi və dini liderlərin bir çox qlobal və lokal məsələlər, o cümlədən miqrant böhranı, habelə əzəli Azərbaycan torpağı olan Qarabağ ətrafında yaranmış problemin həlli ilə bağlı müsbət tendensiyalara şərait yaradan bu növ görüşlərini önəmli sayırıq. Fürsətdən istifadə edərək, Patriarx Kirillin simasında Rus Pravoslav Kilsəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həlli, habelə münaqişənin dini qarşıdurmaya çevrilməməsi yönündə dəyərli vasitəçilik səylərinə görə minnətdarlığımızı çatdırmaq istərdim.
Biz hesab edirik ki, müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsipləri, humanist dəyərləri ilə yanaşı, Azərbaycanın uğurlu birgəyaşayış modelindən istifadə etmək məqsədə müvafiq olardı. Belə ki, müxtəlif mədəniyyətlərin bir-birindən bəhrələnməsi O Bir Olan Yaradanımızın istəyidir.
Dini lider olaraq, mən Azərbaycanda keçirilən bugünkü nüfuzlu beynəlxalq tədbirə öz xeyir-dualarımı yetirir, təşkilatçılarına minnətdarlığımı bildirir, Humanitar Forumun işinə uğurlar diləyirəm.
Qoy Uca Yaradan bugünkü xoşməramlı tədbirin işinə rəvac versin! AMİN!
URL / WWW
http://kelam.az/article/a-8230.html