Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident: Dünyada təhlükəli proseslər baş verir
13.11.16 12:57

Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb. Forumun rəsmi açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Mərasimdə çıxış edən prezident qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa hər zaman böyük önəm verir: “V Bakı Beynəlxalq Humanitar Forumunda 80-ə yaxın ölkədən 400 nəfər iştirak edir. Forum beynəlxalq aləmdə böyük hörmət qazanıb. Humanitar əməkdaşlıq ölkələr arasında əlaqələrdə böyük rol oynayır. Azərbaycanda 2 ildən bir Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il əvvəl Bakıda dünya dinlərinin liderlərinin görüşü və digər beynəlxalq tədbirlər keçirilib.
Azərbaycan həm də mötəbər idman yarışlarına sahiblik edir. Bu il Bakıda Formula - 1 və Şahmat Olimpiadası, ötən il isə ilk Avropa Oyunları keçirilib. İlk Avropa Oyunları müsəlman ölkəsi Azərbaycanda baş tutub. Bu, dinlərarası dialoqa töhfə sayıla bilər. Gələn il isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan bu yolla gedir ”.
Prezident İlham Əliyev deyib ki, bu tədbirlər həm Azərbaycana, həm də dünyaya lazımdır: “Azərbaycan çoxdinli, çoxkonfessiyalı ölkədir. Bu gün dünyanın müxtəlif nöqtələrində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlıq bunun qarşısının alınmasında mühüm rol oynaya bilər”.
Dövlət başçısı bildirib ki, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul edib: “Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqə yaradılmasını məqsədəuyğun hesab edirik. Bir neçə il əvvəl Avropa Şurasına üzv ölkələrinin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Buna "Bakı Prosesi" adını verdik. Buna dünyada böyük hörmət və diqqətlə yanaşdılar. Azərbaycan bütün dövrlərdə multikulturalizm, sülh məkanı olub. Bu gün də multikulturalizmə öz töhfəmizi veririk. Azərbaycan dövləti məscidlər, kilsələr, sinaqoqlar tikir. Azərbaycanda bütün dini bayramlar birlikdə qeyd edilir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik”.
Prezident İlham Əliyev deyib ki, multikulturalizm bu gün də Azərbaycanda dövlət siyasətidir: “Bu siyasət ölkə daxilində böyük rəğbət qazanır. Dövlət siyasəti o zaman uğur qazanır ki, cəmiyyət buna dəstək verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Dövlət Bayrağı Meydanı yaxınlığında multikulturalizmə abidə ucaldılıb”.
Dövlət başçısı bildirib ki, bu gün dünyanın bir neçə yerində multikulturalizmlə bağlı bədbin fikirlər səslənir: “Bəziləri multikulturalizmə yol verilməsini düzgün saymır, bəziləri bu ideyanı iflasa uğramış hesab edir. Lakin multikulturalizmin nativi ksenofobiya, irqçilikdir, bunlar isə çox təhlükəli meyllərdir. Tarixdə bu meyllərin güclənməsinin hansı faciələrə yol açdığını görmüşük. Ona görə də dünya multikulturalizmlə bağlı vahid mövqe nümayiş etdirməlidir. Multikulturalizmin dünyada bir neçə məkanı var, onlardan biri də məhz Azərbaycandır”.
Prezident qeyd edib ki, dünyada təhlükəli proseslər baş verir. Bəzi ölkələr tamamilə dağıdılıb, on milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Miqrantların üz tutduğu Avropada onlara qarşı alçaldıcı hərəkətlərə yol verilir: “Avropada seçkilərə nəzər salsaq, görərik ki, radikal qüvvələr daha çox dəstək alır. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli tendensiyadır. Biz sivilizasiyalararası dialoqdan danışır, ancaq sivilizasiyaların toqquşmasının ilk tendensiyalarını görürük”.
Prezident İlham Əliyev islamofobiyanın təhlükəli olduğunu söyləyib: “Bəzi siyasətçilər, media orqanları islamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən islam ölkələridir. Bəzi Avropa ölkələri deyirlər ki, miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu nədir? Avropada faşizm baş qaldırır? Radikal qüvvələrin daha çox dəstək qazanması narahatlıq doğurur. Biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik”.
Dövlət başçısı çıxışında xatırladıb ki, Azərbaycanın tarixi Qarabağ bölgəsi və ətrafdakı 7 rayon işğal edilib. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib: “Xocalıda öldürülənlər arasında xeyli qadın və uşaq olub. Artıq dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyıb. ATƏT işğal olunmuş ərazilərə iki dəfə faktaraşıdırıcı missiya göndərib. Şəhərlərin infrastrukturu, məscidlər dağıdılıb, qəbiristanlıqlar buldozerlərlə məhv edilib. Biz isə Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik”.
Prezident İlham Əliyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması tələb olunur: “Ermənistan buna məhəl qoymur, bu isə böyük ədalətsizlikdir. Qətnamələrin icra mexanizmi yoxdur. Bəzən BMT qətnamələri saatlar, günlər ərzində icra edilir, işğalçı cəzalandırılır. Bizə gələndə, bu qətnamələr 20 ildir, icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası Parlament Assambleyası da belə qərar və qətnamələr qəbul edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi olaraq ayrılmaz tərkib hissəsidir. Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir”.
Onun sözlərinə görə, işğal amilinə baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi güclənir. Ölkəmiz 25 il ərzində böyük inkişaf yolu keçib: “Bir neçə il əvvəl 155 dövlət bizə etimad göstərərək BMT-nin qeyri-daimi üzvü seçmişdi. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib. Məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər verilib. Azərbaycanın böyük valyuta ehtiyatları var, işsizliyin, yoxsulluğun azaldılması üçün ciddi addımlar atılıb. Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həcmindədir. Biz fəxr edirik ki, 25 ildir müstəqil yaşayırıq. Taleyimiz öz əlimizdədir, heç kimdən asılı deyilik. Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq”.
Qeyd edək ki, sentyabrın 30-da Forum çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”; “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrlar hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları”  mövzularında dəyirmi masalar keçiriləcək. 
Bakı Beynəlxalq Humanitar Forumu - bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
2010-cu ildən keçirilən Forumun təşəbbüsçüləri Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın sabiq prezidenti, hazırda bu ölkənin baş naziri olan Dmitri Medvedev olublar.

“Qarşılıqlı dialoq və etimad çox vacibdir” 

V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində BMT baş katibi Pan Gi Munun tədbir iştirakçılarına müraciəti oxunub.
Azərbaycan prezidenti İlham Əliyevin Forumun işində birbaşa iştirakını yüksək qiymətləndirən baş katib müraciətində dünyada qaçqın problemini xüsusi qeyd edərək bildirib ki, aparılan müzakirələr davamlı inkişafa böyük töhfə verməlidir.
“Biz davamlı inkişafa, fövqəladə hallara böyük diqqət yetirməliyik. Dünyada 130 milyon insanın humanitar dəstəyə ehtiyac var. Biz müsbət dəyişikliklər naminə birgə çalışa bilərik”, - deyə müraciətdə qeyd olunur.
Forumun rəsmi açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin də Forum iştirakçılarına müraciəti oxunub. Rusiya prezidenti müraciətində bildirib ki, qısa vaxtda Forum böyük nüfuz qazanıb. Qeyd olunub ki, Azərbaycan növbəti dəfə Forum iştirakçılarını qəbul edir: “İnanıram ki, dünyada qarşılıqlı anlaşmanın genişlənməsi sahəsində müzakirələr faydalı olacaq. Foruma böyük uğurlar arzulayıram”. 
V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri isə söyləyib ki, ədalət, sülh, bərabərlik ideyalarını yayan insanlar üçün bu, mühüm tədbirdir. O deyib ki, dünyada artan mənfi tendensiyaların qarşısının alınması beynəlxalq ictimaiyyətdən daha sıx əməkdaşlıq tələb edir: “Bütün bunlar mənəvi məsuliyyəti öz üzərimizə götürməyi zərurətə çevirir. Bu gün dünya beynəlxalq tarazlığı sıradan çıxaracaq təhlükələrə meyllidir. Sülh və təhlükəsizliyə təhdidlərə gəlincə, qloballaşma baxımından ciddi işlər görülməlidir. Dağlıq Qarabağ və digər münaqişələr olan yerdə BMT daha çox iş görməlidir. BMT Təhlükəsizlik Şurasında olan böyük dövlətlər lazımi addımlar atmalıdır. Beynəlxalq hüquqa əsaslanan yeni dünya düzəni qurulmalıdır. Buna görə böyük dövlətlər təcili qərarlar qəbul etməlidirlər. Əks təqdirdə, dünya cəngəlliyə çevrilər, hüquqa hörmət qalmaz”.
Mərasimində çıxış edən UNESCO baş direktorunun müavini Qetaçyu Enqida deyib ki, 2030-cu ilədək davamlı inkişaf gündəliyi yetərli sayıla bilməz. O qeyd edib ki, UNESCO-nun silahlı münaqişələr zamanı mədəniyyətin qorunması strategiyası məqsədəuyğundur: “Bununla bağlı strategiyamızda bildirilib ki mədəniyyətin qorunması sülh yaratma proseslərinə daxil edilməlidir. Dini, mədəni, sosial dözümsüzlüyə qarşı çıxaraq bu məqsədə nail olmağa çalışırıq. Qaçqın və məcburi köçkünlərin davamlı inkişafa təhdid yox, dəstək kimi qəbul olunmasına çalışırıq. Bu, Mədəniyyətlərarası Forumun ruhuna uyğundur. Bu gələn il keçiriləcək Mədəniyyətlərarası Forum üçün geniş imkanlar açacaq”.
Q.Enqida deyib ki, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlıq vacibdir: “Bu, sülh naminə uzunmüddətli proqramın həyata keçirilməsinə, insan hüquqlarının qorunmasına dəstəyi artırır. Davamlı inkişafsız sülh, sülhsüz davamlı inkişaf yoxdur”.
Bakı Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edən Bolqarıstanın vitse-prezidenti Marqarita Popova deyib qeyd edib ki, biz bir çox xalqların əziyyət çəkdiyi dünyada yaşayırıq. O bildirib ki, bu gün mənəvi aspektlər çox vacibdir: “Qarşılıqlı dialoq, etimad çox vacibdir. Bu yolla riyakarlıq olmayan dünyaya nail ola bilərik. İnsan kapitalına önəm verməliyik. Zorakılıq halları insan resursuna təsir edən amildir. Sıravi insanın sevinci və kədəri bizdən yan keçməməlidir. Bu məsələlərdə media mühüm rol oynayır. Azərbaycanın bütün humanitar təşəbbüslərini dəstəkləyirik”. 

URL / WWW
http://kelam.az/article/a-8229.html