Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Haqqa gedişin mübarək, Hacı Mirəziz!
12.05.16 10:41

İnsan olmanın kökündə kamillik yoxdursa o ömür sadəcə var olmaqla mənalanır. Ki, yaradılanın xilqətində yaradılış var, yaratmaq var. Təbii ki, xəlq eləmək Allaha məxsusdur, amma insan olmaq elə kamil olmaq deməkdirsə yaşadığın cəmiyyətə, ətrafındakı insanlara sənin var oluşunun əxz elətdirdiyi şeylər də var.
Bir ucqar kənddə qonşusunun qapısının tez-tez çalındığından şikayətlənən biri onun qapısını kəsdirib gileyini bildirir: ”Yorulmadınmı, hər kəsin dərdini dinləməkdən? 

Müdrikin cavabı onu başını aşağı salmağa məcbur edir: “Mən Allahın xoşbəxt bəndəsiyəm ki, hamıya lazım oluram. Dünyaya gəlmə səbəbimiz bu deyilmi?
Yaradılanı Yaradandan ötrü sevmək deyilmi, bütün məsələ?!” 
Məncə bu missiya din adamlarında özünü daha qabarıq göstərir. Belə ki, ətrafındakı insanlara bir təbəssümü belə sədəqə bilən Həzrət Peyğəmbərimiz (s) özündən sonra o sədəqə payını din adamlarına həvalə edib. Hələ bir də bu adamların xilqətində ədəbiyyat varsa! 
Mətləb üstünə gəlsək söhbətimizin mövzusu ömrü boyunca bu əmanəti başında daşıyan Qazi Hacı Mirəziz Seyidzadədir. Haqqında hər kəsin xoş sözlər dediyi bu mübarək adam kimdir? Gəlin onun ölümündən bir il keçəndən sonra da olsa geriyə qayıdıb Hacının ömür yoluna bir nəzər salaq.
O 1949-cu il fevralın 14-də Azərbaycanın gözəl diyarlarından biri olan Masallı rayonunun Türkoba kəndində dünyaya gəlib. Hacı Mirəzizi şair eləyən, alim eləyən elə onun doğulub boya-başa çatdığı el-obasının gözəl təbiəti olub. 
Hələ orta məktəbdə oxuyanda İslam dininə maraq salan və İslami söhbətləri həvəslə, çox böyük maraqla dinləyən Hacının ömür yolu elə bu istiqamətdə müəyyənləşib.  Xüsusi ilə Şeyx Qüdrət və Molla Bəşirin təşkil etdikləri mərasimlərdə onların söhbətlərini maraqla dinləyib və onlardan bəhrələnib. Bu da onu deməyə əsas verir ki, Hacı Mirəziz ilk dini biliklərini Şeyx Qüdrət və Molla Bəşirdən alıb.
Onu da qeyd eləmək lazımdır ki, Şeyx Qüdrət və Molla Bəşir çox məşhur və həddən ziyadə savadlı din xadimləri idilər. Bu din alimləri haqqında qısa məlumat verməli olsaq Şeyx Qüdrət ali dini təhsilini İranda almışdı. Təkcə dini elmlərin deyil, həm dini, həm də dünyəvi elmlərin əsaslı bilicisi idi. Məhz buna görə də bütün cənub zonasında o bu yüksək keyfiyyətlərinə görə alicənab ziyalı hesab edilirdi.
Şeyx Bəşir Axund isə 1861-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdu. Atası Molla Hüseynəli Bəşiri Ərdəbil şəhərinə göndərir, Bəşir Ərdəbildə Miribrahim Mədrəsəsində, ruhani təhsili alır. Ardınca iki il də Tehran Ruhani Məktəbində təhsilini davam elətdirir.  Bütün bu illər Şeyx Bəşir Axunda ərəb-fars dillərini mükəmməl öyrənməyə də vəsilə olur. Şeyx Bəşir Axund daha sonra öz təhsilini Nəcəfül - Əşrəfdə yerləşən Ali Ruhani məktəbində davam elətdirir.  Nəcəfül - Əşrəfdə tədris olunan 24 fənni dərindən öyrənən Şeyx Bəşir Axund özünün vaxtı ilə dediyinə görə Müctəhidlik dərəcəsinə qədər yüksəlir. O, Nəcəfül-Əşrəfdə ali-ruhani təhsilini başa vurduqdan sonra 1911-ci ildə - 50 yaşında vətəni Ərkivana qayıdır, özü ilə çoxlu elmi və tədris kitabları gətirir.  Şeyx Bəşir Axund vətənə qayıdıb məktəb açır və 200 nəfərdən artıq tələbəyə ruhani təhsil verməyə başlayır. Ki, o tələbələrdən biri də bu gün haqqında söhbət açdığımız görkəmli din xadimi Hacı Mirəziz Seyidzadədir.
Hacı Mirəziz orta məktəbi qurtardıqdan sonra Buxaradakı Mir - Ərəb mədrəsəsinə daxil olur. Bir müddət orada oxuduqdan sonra səhhətində yaranmış problemlə əlaqədar qayıtmalı olur. Lakin  səhhətinin vəziyyəti onu ruhdan düşməyə qoymur  və ruhdan düşmədən fəaliyyətini davam etdirir. 
Azərbaycan Respublikası XX əsrdə özünün ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra elmi, dini və mənəvi dəyərlərin inkişafına xüsusi önəm verilməyə başlayır, Azərbaycan Respublikasında da ali dini məktəblər açılır və Hacı Mirəziz yarımçıq qalmış təhsilini davam etdirməyə imkan tapır. Ali dini təhsilini tamamlayır. Eyni zamanda ali dini məktəblərdən birinə rəhbərlik etməyə başlayan Hacı Mirəziz ölkəmizdə ali dini təhsili olan adamların yetişməsinə də öz töhfəsini verir. 
Hacı Mirəzizin elmi fəaliyyətinə gəlincə isə bunu bir neçə cümlə ilə ifadə eləmək olmaz. Belə ki, Hacı Mirəziz 1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şöbəsini əla qiymətlə başa vurub. 1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib.  2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub.
2004-cü ildə (12 sentyabr) "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib. 2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. 1978-1982-ci illərdə Astara şəhər "Cümə" məscidində, 1984-1988-ci illərdə Masallı şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 
1988-1993-cü illərdə Bakı İslam Universitetinin Baş müəllimi olub.
1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 
2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib. 2011-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri işləyib.
Fəaliyyəti müddətində  “İmam Əlinin qısa kəlamları” (Tərcümə. 30 səh.) Bakı-1991,  “İslami söhbətlər” (Dərslik, 448 səh.) I hissə. Bakı-1996., “Allahımı belə tanıdım” (141 səh.) Bakı – 1998.,  “İslami söhbətlər”. (Dərslik. 524 səh.) II hissə. Bakı – 2002.,  “İslami söhbətlər” (Dərslik. 688 səh. Yeni nəşr). Bakı – 2003.,  “Bulud ağlamasa”. (209 səh.) Bakı – 2006., “Elmin qapısı” (650 səh.) Bakı – 2008, “Divan” (472 səh.) Bakı-2008., “İslami söhbətlər” (Rus dilində, “İslamskie besedı” 502 səh.) Bakı-2009., “Elmin qapısı” (İngilis dilində, “Door of knowledge”, 619 səh.) Bakı-2009.,  “İmam Əlinin (ə) qısa kəlamları”, (Tərcümə və şərhi ilə, 223 səh.) Bakı-2010., “İslam olduğu kimi”, (447 səh.) Bakı-2011.,  “Yaradan axtarışında”, (230 səh.) Bakı-2013. kitabları oxucuların görüşünə gəlib.
1970-ci ildən başlayaraq mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 200-dən artıq elmi-publisistik məqalənin müəllifi olub.
Hacı Mirəziz həm də ictimai fəaliyyəti ilə gündəmdə olub. 1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının üzvü olub. "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. 
2000-ci ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının,  2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbi cameədə "Əziz Pünhan" təxəllüsü ilə çıxış edib.
Qafqaz Müsəlmanları İdarəsi yanında Elmi-Dini və Qazilər Şurasının üzvü olub. 1991, 1993, 1996, 1998, 2004 və 2011-ci illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanında Həcc ziyarətində, İraqda Kərbəla ziyarətində və İranda Məşhəd ziyarətində olub.
İlahiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb”.
Tənqidçi Vaqif Yusifli Hacı Mirəziz bəyin 60 illik yubileyində bu sətirləri qələmə alıb: 
“Bu gün qəzəl janrını yaşadan şairlərdən biri də Hacı Mirəziz Seyidzadədir. Qəzəl yazmaq üçün əruz vəznini bilmək lazımdır. Hacı Mirəziz dini təhsil aldığı üçün bu sahəni gözəl bilir. Qəzəldə söz oynatmaq əsas şərt deyil. Burada forma ilə məzmun sıx birləşməlidir. Hacı Mirəzizin qəzəllərində biz bunları müşahidə edirik. Hacı Mirəziz həm də mötəbər bir din xadimidir. Azərbaycanda dinlə poeziya bir-birindən təcrid edilib. Həqiqətdə isə dinlə poeziya arasında heç bir uçurum yoxdur. Bizim klassiklərimiz öz divanlarını Allahın, Peyğəmbərin, imamların vəsfi ilə başlayıblar.
Böyük şairlərimizdən çoxu seyid olub. Yəni, burda heç bir ayrı-seçkilik yoxdur. Hacı Mirəziz Seyidzadə böyük bir din xadimi olmaqla yanaşı, həm də böyük ürək sahibidir. Hacı Mirəzizin qəzəldən başqa kitabda yer alan digər şeirləri də maraqlıdır. Mən istərdim ki, onun gələcək kitablarında satirik şeirlərin sayı artsın və xırda deyil daha böyük məsələlərə toxunulsun. “Bulud ağlamasa” kitabından sonra Hacı Mirəziz Seyidzadə Divan ədəbiyyatına müraciət edərək öz “Divan”ını ortaya qoydu. Kitabı əvvəldən axıra kimi oxudum. Ümumiyyətlə, Hacının “Divan”ında əruz vəznli şeirlər öz bədii sambalı və siqləti ilə daha çox diqqəti cəlb edir. Hiss olunur ki, M.Seyidzadə klassik poeziyaya təkcə heyranlıq nəzəri ilə baxmır, həm də bir mütəxəssis, bilici kimi yanaşır. Onun qəzəllərində qitələri də, rübailəri də, mürəbbeləri də, müxəmməsləri də, təxmisləri də, bir sözlə klassik üslubda yazdığı bütün şeir nümunələri gözəl və diqqəti çəkəndir. Bir sözlə Hacı Mirəzizin – Əziz Pünhanın həm dini, həm də lirik şeirləri müasir gənjlərimiz üçün qiymətli hədiyyədir. Mən qəlbi eşqlə dolu olan, 60 yaşlı yubilyara ədəbi və ictimai xidmətlərində uğurlar arzulayıram. 70-80-də görüşənədək…”
Şair bu sətirləri yazanda yəqin heç ağlına da gəlməzdi ki, Hacı Mirəziz 2014-cü il may ayının 12-də dünyaya əbədi olaraq gözlərini yumacaq. 

Qələmim göz yaşı içdikcə dönüb qan yazaram,
Qara-ağ taleyimi, gör necə əlvan yazaram.

Ürəyim sakit olunca, vüsalın zövqü ilə,
Hicrə can verməməyə, min dənə fərman yazaram.

Siz gəlin yanıma eşqin əlacın məndə tapın,
Hər kimin şivəsi var, dərdinə dərman yazaram.

Mənə hüsn elmi tanışdır, nə gərək təfsirə,
Bircə göz bəs eləyər hüsnünə dastan yazaram.

Bu sətirlərin müəllifinin, “Əziz Pünhan”ın ölümündən bir ilə yaxın vaxt ötür.  Özündən geriyə beş övladı və ən əsası əməlləri qalan bu gözəl adam haqqında nə dilin nə qələmin ədəbi və həddi çatmaz nə isə yazmağa! 
İrfanın zirvəsinə yüksəlmiş ərdəmli kişilərin Eşqlə girdikləri aləmdə Ölüm qorxusu yoxdur. Ona ərişməyin Halı var. O hal ki, yalnız Ondan və Onadır. 
Yolu Haqq olanın Halı mübarək olar! 
Haqqa gedişin mübarək, Hacı Mirəziz! 

Elvin XƏZƏR
URL / WWW
http://kelam.az/article/a-8228.html