Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ALLAH sözünün etimalogiyası
12.05.16 10:37


Allah – Uca Yaradanın xüsusi adıdır. Bu ad Onun kamal, camal və cəlal sifətlərinin ifadə etdiyi anlamların tamamını əhatə edir. Allahın digər adları isə Allahı təsvir edir. Allah adının heç bir dildə tam qarşılığı yoxdur. 
Ərəbcə ilah, türkcə tanrı, farsca xuda, ingiliscə god, fransızca dieu, almanca gott və s. kəlmələri “Allah” kəlməsi kimi xüsusi ad deyildir. Bunlar ilah, məbud, rəbb kimi isim növləridir. Bu söz yalnız haqq olan məbudu, varlığı zəruri olan yaradıcını ifadə edir. Başqa bir varlığa Allah deyilməz. Yəni Allahın adaşı yoxdur (Məryəm, 19/65).
Allah kəlməsinin mənşəyi haqqında İslam alimləri, ərəb dili mütəxəssisləri və şərqşünaslar müxtəlif fikirlər irəli sürüblər. Belə bir fikir hamı tərəfindən qəbul edilib: söz hər hansı bir kökdən törəməyib, lüğəvi məna kəsb etmir, gerçək məbudun xüsusi adıdır. Yaxud məna kəsb etsə belə, həqiqi məbudun adı olduqdan sonra bu mənanı itirib və s. 
Bununla yanaşı, Allah kəlməsinin müxtəlif köklərdən törədiyini iddia edənlər də var. Məsələn, bu kəlmənin İlah sözündən törədiyini irəli sürənlərə görə, bu söz, əvvəlinə “əl” müəyyənlik artikli əlavə edilərək “əl-ilah” şəklində işlənib, sonra dildə asanlıq yaratmaq məqsədilə sözün həmzəsi atılıb, iki “ləm” hərfi birləşdirilib (idğam, assimilyasiya), əzəmət ifadə edən qalın bir səs verilərək “Allah” şəklində oxunub. İlah sözü isə “qulluq etmək” mənasındakı – يَأْلَهُ أَلَهَ [̕ələhə - yə̕ ləhu] və ya “heyrət içində qalmaq, ürəkdən bağlanıb sığınmaq” mənasındakı ألِهَ- يَأْلَهُ [̕əlihə -yə̕ləhu] və ya – يَوْلَهُ وَلِهَ [valihə-yauləhu] kökündən ismi-məful mənasında bir məsdər olub “tapınılan, ucalığının qarşısında heyrətə düşülən, qəlbən bağlanılıb sığınılan” mənalarını ifadə edir. 
Başqa bir təmayülə görə, Allah kəlməsi Cahiliyyə dövrü ərəblərinin bütlərindən biri olan əl-Lāt (اللات), yaxud arami dilində əlāhā (ألاها) sözlərindən əxz edilib.
Haqq və ya batil məbuda da tanrı, xuda, ilah deyilə bilər. “Allah” adının müxtəlif əsillərdən törədiyi irəli sürülsə də “əl-ilǟh” (ǟ-uzun ə səsini bildirmək üçündür) kəlməsindəki “həmzə” olan “əlif”in düşməsi ilə əldə edildiyi fikri daha üstün tutulur. 
Çox maraqlıdır ki, Uca Yaradanın ismi-əzəmi, yəni ən ulu ismi olan “Allah” ləfzinin hər hərfi Onu ifadə edir. Allah (الله) sözünün “əlif” hərfi atıldıqda “lillǟh” (لله) olur. Yenə o, Uca Yaradanı ifadə edir. “Əlif” və “ləm” hərfini atsaq “ləhu” (له) olur ki, bu da Uca Allahı ifadə edir. “Əlif” və iki “ləm” hərfi birlikdə atıldıqda “hu” (ه) qalır. O da Allahı ifadə edir. “Allahu lǟ ilǟhə illǟ hu (Allah ki, Ondan başqa ilah yoxdur)” (Bəqərə, 2/255). İnsanlar Allahın zatını, həqiqət və mahiyyətini bilə bilməzlər. Onu əlamətləri və əlamətlərin dəlalət etdiyi sifətləri və adları ilə tanımaq mümkündür. Allahın əlamətləri adlarına, adları sifətlərinə, sifətləri isə zatına dəlalət edər. Allahın isim və sifətləri zatı kimi əzəli və əbədidir.

İdris Abbasov
Filologiya elmləri doktoru

URL / WWW
http://kelam.az/article/a-8227.html