Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İnsanların nümunə göstərdiyi din alimi...
12.05.16 10:17


Bu gün dostum, tanınmış din xadimi, İlahiyyat üzrə fəlsəfə doktoru Qazi Hacı Mirəziz Seyidzadənin ölümündən iki ilə yaxın vaxt keçir. Hər bir insanın yaşadığı ömür ona həm bu dünyasını, həm də axirətini qazandırır. Elə buna görə də insan - adam olmağın çətinliyi barədə tez-tez eşidirik. Bu çətinliyə dözüb ləyaqətli insan kimi şərəfli yol keçənlər yaşının azlığına, çoxluğuna baxmayaraq, çox böyük hörmət sahibi olur. 

Onu müxtəlif titulları ilə tanıyırdılar – alim Mirəziz Seyidzadə, Hacı Mirəziz, Ağa Mirəziz, Qazi Mirəziz, Axund Mirəziz, şair Mirəziz... 

Əlbəttə, həqiqi ruhani olmaq çox çətin bir missiyadır və illərdir bu missiyanı yerinə yetirməyin çətinliyini Hacı Mirəziz çoxlarından yaxşı bilirdi. Bunun bir neçə səbəbi ola bilərdi. Ən əsası və birincisi isə imanın kamilliyi və inamın bütövlüyü... 

Qurani-Kərimdə buyurulur: “Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (“Əl-Bəqərə” surəsi, 177-ci ayə).

Mirəziz Seyidzadə üzdə olan çox azsaylı ruhanilərdən idi. Yerində və zamanında danışığı ilə diqqəti həmişə özünə cəlb edərdi. Təbii ki, bu da onun ətrafı, xüsusən də media mənsubları tərəfindən maraqla qarşılanardı. 
 
Hacı Mirəziz yaddaşlarda daha çox dini söhbətləri, elmi-publisistik məqalələri, ədəbi-bədii düşüncələri, ibrətamiz zarafatları, nümunəvi davranışı, səliqəli geyimi və şux görünüşü ilə yadda qalıb. Ondan sonra hamı onu yuxarıda sadaladığımız müsbət keyfiyyətləri ilə xatırlayır.  

Hacı Mirəziz xeyirxah bir insan kimi, həm də yüksək əxlaqa sahibi idi. Məhz bu səbəbdəndir ki, ölümündən sonra da Hacı Mirəziz insanların istinad etdiyi, nümunə göstərdiyi alim kimi xatırlanır. 

Ağanın dəyər verdiyi ən mühüm məsələ əxlaq idi. 1991-ci ildə yazdığı "İmam Əlinin qısa kəlamları" tərcüməsində olduğu kimi, ölümündən sonra  -  2015-ci ildə işıq üzü görən “Dilsuz duyğular” şeirlər kitabında da əxlaq başlıca meyar kimi götürülmüşdü. 

Ölümündən sonra yazmışdım, yenə də təkrarlayıram. Mirəziz Seyidzadə yaradıcılığı cəmiyyətin ən çətin zamanlarında belə insanlarına imdadına yetişib. Məsələn, 90-cı illərdə əqidə düşkünlüyünün artıq dərəcədə mühitimizi çirkləndirdiyi bir vaxtda Allahtanımanı, "Tovhidi" elmi əsaslarla, Qurani-Kərim prizmasından sadə dildə şərh etməyə ehtiyac duyulurdu. Bu ehtiyacı ödəmək üçün din alimlərimizin sözdən əmələ keçməsi labüd idi. Mirəziz Seyidzadə bu sırada da öndə oldu. O, İslam alimlərinin və eləcə də materialist düşüncə sahiblərinin əsərlərindən istifadə edərək bu mövzuda kitab yazmaq qərarına gəldi. Allahtanımanı Qurani-Kərim baxımından şərh etməyi qarşısına məqsəd qoydu. Beləliklə, uzun illərin bəhrəsi olan "Allahımı belə tanıdım" adlı kitab yazdı. 

Hacı Mirəziz həm də Füzuli aşiqi idi, Seyid Nəsimini, Sərrafı, Sədini daim mütaliə edir, klassiklərin şeir və qəzəllərindən ilham alırdı. Ağanın qəzəllərində Allah-Təaladan tutmuş insana qədər bütün aləm tərənnüm olunurdu. Müxtəlif illərdə yazdığı şeirlərində Vətənə, Anaya məhəbbət ən yüksək poetik dillə nəzmə çəkilirdi. Mirəziz Ağa bununla kifayətlənmirdi, ömrü boyu canla-başla xidmət göstərdiyi İslam dini, onun Peyğəmbəri, imamları mədh edən qəzəllər yazırdı. 

Allah rəhmət eləsin!

Niyaz Niftiyev

URL / WWW
http://kelam.az/article/a-8224.html