Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Haqq adamı - Poema
01.11.14 17:52

Dünyasını erkən dəyişmiş məşhur ilahiyyatçı alim Hacı Mirəziz Seyidzadənin əziz xatirəsinə


Ömrünü, gününü halal yaşadın,
Fikrində, könlündə Tanrıya iman, 
Dillərdə  hörmətlə çəkilir adın,
Bir qərar tutmuşdu könlündə inam. 

Həssaslıq, kövrəklik qismətin olub, 
Üzü göyə baxıb dolub-boşaldın. 
Bu xalq, bu məmləkətin istəyi olub, 
Sən Haqqa sığındın, eldə ucaldın. 

Səndə Vətən eşqi dərindən idi, 
İmkansız  insana sən bir dirəydin.
Hər söz məqamı yerində idi,
Sən Haqqa arxaydın, Haqqı deyərdin.

Sənin gedişinə ellər ağladı, 
Dil açıb nisgilli dillər ağladı, 
Dağların  başında çənlər ağladı, 
Bu ellər sənindi, bu ocaq sənin. 

Səsinin sədası ellərdə qalıb, 
Xeyirxah əməlin arxivdə durur, 
Səni ana torpaq qoynuna alıb, 
Adın, əməlin tarixdə durur. 

Adın da gözəldir: Hacı Mirəziz, 
Seyidlik, hacılıq iman yerindir.
İşıqlı insanlar olub dövrəniz, 
Tanrı sizi sevib desəm yeridir. 

Hər sözün, hər kəlmən mənalı, dərin, 
Adının işığı dünyaya düşdü. 
Sən ümid yeriydin bizim ellərin, 
Öz doğma kəndində torpağa düşdün. 

İnsanı əməkçün xəlq edib Xalıq,
Kökdən  gələn qida yarpağa çatır, 
Gələn gedəcəkdir, məlum həqiqət,
Torpaqdan yaranan torpaqda yatır. 

Hər yerdə hər zaman yerin görünər, 
Ellərin yadında xoş siman yaşar, 
Mirəziz zirvəsi çənə bürünər, 
Adının qüdrəti sərhədlər aşar.

Adillik, sadəlik oldu xislətin, 
Bir torpaq sevgisi səni yaşadır.
Müdriklik, insanlıq sənin qismətin,
Bu dünya bənzərsiz sənə faydadır. 

Könlünün gözündə nəğmələr dindi, 
Şairlik amalın səni yaşatdı.
Köksün xoş duyğular beşiyi idi, 
Yaxşılar içində ülfət yaratdı. 

El-oba içində hörmət qazandın, 
Bu yurdun dərdi də sənə dərd oldu, 
Bir torpaq eşqiylə alışıb yandın, 
Hər yerdə hər zaman nəcib, mərd oldun. 

Mənalı ötüşüb ömrün, hər anın, 
Sən ki, söz bürcündən bir qala qurdun.
Haqqa, həqiqətə oldu inamın, 
Yurdsevər oğlusan bu ana yurdun!

Dediyin hər kəlmə bir məqsəd oldu,
Kəlam oldu hər bir söhbətin, sözün. 
Könlün duyğuların məskəni oldu, 
Müdrik görkəmdəydi baxışın, gözün. 

Bu dünya malına heç vurulmadın, 
Səsində, sözündə bir qüvvət oldu.
Sənət meydanında geri  qalmadın, 
Yurd-yuva gözündə bir cənnət oldu. 

Doğuldun Türkoba ocağında sən, 
Bu kənddən aləmə səsin yayıldı.
Yaşadın dünyanın qucağında sən,
Hər yerdə alimtək dindin, sayıldın.

Doğulduğun məkanın uçuş limanın, 
Bu yerdən almısan gücü, qüvvəti. 
Xalqına payladın qəlbdə olanı, 
Bu xalqdan almısan eşqi,  qüdrəti. 

Nəciblik, səxavət qanında idi, 
Qəlbin insanlıqla sevgiylə vurdu. 
Ədalət, həqiqət qanında idi, 
Hər kəsə sevgidən bir qala qurdun. 

Sənin bu dünyada öz sözün, yerin, 
Sən harda oldunsa, o dəm seçildin.
Ağıldı yolları saf  könüllərin, 
Həyat kürsüsündə hər vaxt seçildin.

Bir natiq olmağın səni tanıtdı, 
Fikrinə mənadan qiymət biçildi,
Səni dinləyənlər sənə inandı, 
Hər sözün şərbəttək şirin içildi. 

Millət də tanınır övladlarıyla, 
Cənub torpağının gur nuru idin.
Oğullar öyünür təmiz adıyla, 
Bil ki, xalqımızın qürur yeriydin. 

Bir adı qorumaq, yaşatmaq çətin, 
Adamlar içində daş atanlar var. 
Hər vaxt izi qalır yaxşı işlərin,
Mudam insanlığı yaşadanlar var. 

Hər insan planetdi bu yer üzündə,
Hər insan oğlunun yeri görünür. 
Min məna yaşayar insan sözündə,
İnsan təmiz ada, sana bürünür. 

Könlünü vermişdin sözə sənətə, 
Köksünün altında nəğmələr dindi. 
Sən çox bağlı idin saf şeriyyətə,
Təpədən dırnağa ülviyyət idin. 

Gələn gedəcəkdir, məlum həqiqət
Dünyanı duyandan bir iz qalacaq
İnsanı əməllər yaşadar əlbət,
Hər yaxşı insandan xoş söz qalacaq. 

Gəzdin ölkələri, elləri gördün,
Dünya bir meydandır anlayan kəsə.
Duyğu, könlünü ellərə verdin, 
Bir könül toxluğun düşmüşdü səsə. 

İllər ötüb gedər ömürdən, gündən,
Nəsillər bir-birin yola salarmış.
İnsanlıq dərs alar hər gördüyündən, 
Özləri köçsə də qəlbdə qalarlar. 


Ustadtək, alimtək tanındın eldə, 
Müəllim, yazıçı çağrıldı adın. 
Hörmətin, izzətin dolaşdı dildə,
Bu xalqın işinə hər vaxt yaradın. 

Tanrı bir xeyirxah xəlq etdi səni, 
Sözündən mənalar hey boylanardı. 
Dağlara bənzərdi saçının dəni, 
Sən bir pərvanətək oda yanardın.

Boylandın inamla sabaha baxdın, 
Bu millət itirdi sən tək oğlunu.
Parlaq ulduz kimi göylərə qalxdın,
Nə tez seyr elədin məzar yolunu? 

Dəyişdin dünyanı, Haqqa qovuşdun, 
İndi haqq yolunun zirvəsindəsən,
İnsan niyə gəlib,- deyə soruşun, 
Səni sevənlərin ürəyindəsən. 

İslam aləminin dini alimi, 
Qazisi olmusan Hacı Mirəziz. 
Qurani-Kərimdən alıb dərsini, 
Elə səs salmısan Hacı Mirəziz. 

Sevərək Allahı, dini , imanı, 
İslama çağırdın eldə hamını.
Nə tez tərk elədin fani dünyanı, 
Pirsən, övliyasan Hacı Mirəziz. 

Əli Rafiq  
şair- publisist
URL / WWW
http://kelam.az/article/a-8206.html