Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Söz mülkünün Mirəzizi
07.09.14 02:43

Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri, Qazi Hacı Mirəziz Seyidzadənin vəfatı xəbəri onu tanıyanları sarsıtdı. Bir neçə ay öncə iş yoldaşımız, tanınmış ilahiyyatçı alim və gözəl şeirlər müəllifi Hacı Mirəziz Seyidzadənin 65 illik yubileyinə sevinmiş, dəyərli dostumuzun ünvanına xoş sözlər söyləmişdik. Lakin mayın 11-də Hacı Mirəzizin bu dünyadan köçməsini eşidincə kövrəldik. 
Hacı Mirəziz Mirəsgər oğlu Seyidzadə 1949-cu il fevralın 14-də Masallı rayonunun Türkoba kəndində anadan olub. O, Səməd Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 1968-1974-cü illərdə Özbəkistanın Buxara şəhərindəki Mir-Ərəb mədrəsəsində, 1978-1982-ci illərdə isə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda (qiyabi) təhsil alıb.
Mirəziz Seyidzadə 1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdindəki iki illik  xarici dillər kursunun “Ərəb dili” şöbəsini, 1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib.
Hacı Mirəziz 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub və 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “İlahiyyat üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi alıb.
Hacı Mirəziz Seyidzadə 1978-1982-ci illərdə Astara şəhər “Cümə” məscidində, 1984-1988-ci illərdə Masallı şəhər “Cümə” məscidində Axund vəzifəsində çalışıb, 1988-1993-cü illərdə isə Bakı İslam Universitetinin Baş müəllimi olub.
O, 1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2011-ci ildən isə Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri işləyib.
Hacı Mirəziz  gözəl şeirlər və qəzəllər müəllifi kimi də yaxşı tanınırdı. Əziz Pünhan təxəllüsü ilə yazdığı poeziya nümunələri ona geniş oxucu məhəbbəti qazandırmışdı. 10 ildən çox idi ki, “Kəlam” jurnalının Təsisçisi və Baş redaktoru idi.
Mərhum iş yoldaşımız və dostumuzun ailəsinə, həmçinin onu tanıyanlara dərin hüznlə baş sağlığı veririk.
Allah rəhmət eləsin!

Şeyxülislam Allahşükür Paşazadə və idarənin kollektivi

URL / WWW
http://kelam.az/article/a-8192.html