Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Alim öldü - aləm öldü » Alim öldü, aləm öldü…
07.09.14 01:08

Mayın 12-si səhər saatlarında ölkə onun ölüm xəbərilə sarsıldı. Saat 07.45-də xəbəri alan kimi sosial mediada belə bir status paylaşdım: “Hacı Mirəziz Seyidzadə vəfat etdi”. Bu başlığın seçilməsi təsadüfi deyildi. Nədən ki, onun geniş təqdimata heç zaman ehtiyacı olmayıb. 
Tanınmış ilahiyyatçı alim, ilahiyyat üzrə fəlsəfə doktoru, şair, yazıçı-publisist və daha neçə-neçə titullar... Bütün bunları statusumda yazmağa nə vaxtım, nə də hövsələm var idi. Çünki dəfn mərasiminə çatmaq, dostumu axirət mənzilinə yola salanlar arasında olmalı idim. Yol boyu jurnalist həmkarlarım və bu böyük insanı tanıyanlar mənə zəng vurub xəbərin doğru olub-olmadığını, Hacı Mirəzizin nədən vəfat etdiyini soruşurdular. Elə suallar olurdu ki, ona ətraflı cavab vermək üçün maşını saxlamağa məcbur olurdum.  
Masallı rayonunun Türkoba kəndinə çatıram, hamı ayaqda... Yol qırağında, dükan qabağında, çəpər başında hamı ondan danışırdı. Gün onun günü idi...
Hacı Mirəzizin dəfn mərasiminə Bakıdan və ətraf rayonlardan yüzlərlə adam toplaşmışdı. Tanınmış insanlar, ziyalılar, dostları, tələbələri və qohumları bu erkən ölümü gözləmədiklərini bildirirdilər. Elə dəfn mərasimində onunla bağlı xatirələrini bölüşən insanlar da Hacı Mirəzizin Azərbaycan cəmiyyəti üçün nə qədər lazımlı şəxsiyyət olduğunu vurğulayırdılar.
Mərasimdə ilk çıxış edən Lənkəran şəhərinin axundu Hacı Sədi Hacı Mirəziz Seyidzadənin tələbəsi olduğunu və onun necə bir müəllim olmasını diqqətə çatdırdı: “Siz bilirsiniz ki, Hacı Mirəziz 8-9 il mənim müəllimim olub. Hacı Mirəziz maşınla yol gedə-gedə belə mənə dərs deyərdi. Məclislərdə moizələri ibrətamiz olardı, bir adama söz deyərdisə, onun adını tutmazdı. Həmin məclisdə hərə öz payını götürərdi.  Hacı Mirəzizin ölümü həm də Qafqaz Müsəlmanları  İdarəsi üçün böyük itki oldu. Hacı Mirəziz Şeyx həzrətləri ilə həm də dost, həm də mənəvi qardaş idi. Onlar demək olar ki, dinlə bağlı bütün məsələləri birgə həll edirdilər.”
Bölgənin Qazisi Mir Qiyas Ağa Hacı Mirəziz Seyidzadəni bütün müsəlman aləmində və xüsusən də Azərbaycanda böyük ehtiram sahibi olduğunu söylədi: “Hacı Mirəziz Ağa bizim üçün böyük şəxsiyyət idi. Alimin ölümü, aləmin ölümü deməkdir. Cəmiyyətdə bir nəfər baş bilən dünyasını dəyişirsə, sözsüz ki, həmin cəmiyyətdə boşluq əmələ gəlir. Hacı Mirəziz Ağa Şeyx Qüdrətin, Axund Bəşir kimi şəxsiyyətlərin yadigarı idi. Mirəziz Ağa böyük alim kimi cəmiyyətdə nüfuz sahibi idi. Hacı Mirəzizin ölümü ilə bağlı bütün müsəlman aləminə başsağlığı verirəm. ”
Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev Hacı Mirəzizin ölümünün Azərbaycan xalqı üçün böyük itki hesab etdi: “Bu gün xalqımız gözəl alim, şair, yazıçı Hacı Mirəziz Seyidzadəni itirdi. Vətəni sevmək imandandır, Hacı Mirəziz Vətənini, xalqını sevən imanlı şəxsiyyət idi. Mirəziz Seyidzadə təsis etdiyi “Kəlam” jurnalında dövlətə və prezidentə sadiq vətəndaş olduğunu hər zaman bəyan edirdi. Mirəziz Seyidzadə həm də Şərq aləmində sayılıb-seçilən ruhanilərimizdən biri idi. ”
Qafqaz Müsəlmanları  İdarəsi sədrinin müavini Hacı Fuad Nurulla Hacı Mirəziz Seyidzadənin dəyərli şəxsiyyət olduğunu diqqətə çatdırdı: “Bizim bir ruhani kimi yetişməyimizdə Hacı Mirəziz Ağanın böyük rolu olub. Sovet dövründə biz “Quran”ı sinəmizə basıb gizli şəkildə dərs almağa gedəndə Hacı Mirəziz kimi şəxsiyyətlər əlimizdən tutublar, bizə dayaq olublar. Ağa Mirəziz sağlığında imzasını qoyub gedən alimlərdəndir. Bu gün onun yazdığı əsərlər insanların yaddaşında silinməz iz buraxacaq.  Hər bir insan dünyadan köçəndə nəyi var özü ilə aparır. Qurani-Kərimdə buyurulur ki, elə əməllərə sahib olun ki, sabah axirət aləminə gedəndə yığdıqlarınız sizə işıq olsun. Mirəziz Ağa da belə bir insan idi. Mirəziz Seyidzadə  həm də Qafqaz Müsəlmanları İdarəsini dəyərli kadrı idi, onun yeri boş qaldı”.
Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov Hacı Mirəzizin böyük insan olduğunu söylədi: “Ona görə ki, o seyyid - Peyğəmbər övladı idi. Bu gün Hacı Mirəzizi təkcə ailəsi itirməyib. Bəli, ilk növbədə onlar, sonra Türkoba kəndi, daha sonra isə Azərbaycan itirib. Hacı Mirəziz də molla idi, amma onun digərlərindən üstünlüyü ondan ibarət idi ki, o elmlə dini birləşdirmişdi. Hacı Mirəziz özündən sonra böyük bir məktəb, tələblər qoydu getdi. Dünyada bundan böyük xoşbəxtlik yoxdur. Hacı Mirəziz Seyidzadə bizə bu dünyada haqq yolunu öyrədən, İslama məşəl tutan insanlardan biri idi.  Sevinirəm ki, Hacı Mirəzizdən sonra onun yolu davam edəcək. Bu günə kimi Hacı Mirəzizin yolunu necə gözləmişiksə, bundan sonra da onun hörmətini saxlayacağıq. Bu kənddən olanlar fəxrlə Hacı Mirəzizin kəndindən olduqlarını deyə biləcəklər.”
Mərasimdə çıxış edən Hacı Valeh dostu Ağa Mirəzizi fəaliyyəti müddətində danışan, yeriyən əsərlər yaratdığını bildirdi: “Bu hər bir kəsə nəsib olmur. Ağa Mirəzizin yaratdığı əsərlərin bəzilərini insanlar gördü, bəzilərini isə görə bilmədi. Ağa Mirəzizin dünyadan getməsi bizlər üçün qəribə gəlsə də, insanları tarixin dərinliklərinə aparır. Allah rəhmət eləsin!” 
Pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayev Hacı Mirəziz Seyidzadənin öz həyatını əbədiləşdirdiyini söylədi: “Mənim də həyatımda Hacı Mirəzizin böyük rolu olub. Bu gün Hacı Mirəziz bizim aramızda olmasa da onun yaratdığı əsərlər gələcəkdə öyrəniləcək. Təkcə Hacı Mirəzizin İslami dəyərlərlə bağlı yaratdığı əsərlər əbədiyyətə qədər yaşayacaq və İslam dünyası üçün zəngin xəzinə olaraq qiymətləndiriləcək. Hacı Mirəziz Azərbaycanın inkişafında və çiçəklənməsində mühüm rol oynayıb. Hacı Mirəziz cismən bizimlə olmasa da, mənən bizimlədir.”
Hacı Mirəzizin dəfn mərasiminə çata bilməyən dostlarından Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və İran İslam Respublikasının  Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri, Hüccətul-İslam vəl-muslimin Seyid Əli Əkbər Ocaq Nejad mərhumla bağlı xatirələrini bölüşdülər. 
Seyid Əli Əkbər Ocaq Nejad Hacı Mirəzizi belə xarakterizə etdi: “Bu məclis mərhum Hacı Mirəzizin adı ilə bağlıdır. Mən Hacı Mirəzizi uzun müddətdir tanıyırdım. Bu gün bayram axşamıdır, Allah-Təaladan Hacı Mirəzizi İmam Əlinin (ə) bayramına qonaq etməsini arzulayıram. Hədisdə var ki, bir mömini dəfn edirlər və ona qəbirdə deyilən ilk söz bu olur: “Sənin dəfnində iştirak edən insanlar bağışlandı”. İkinci faydası da odu ki, Allah-Təala dəfnə gələn möminlərin atdıqları addıma görə dünyasını dəyişən möminə əcir verir”. 
Seyid Əli Əkbər Ocaq Nejad İslamda ölümün fəlsəfəsindən danışdı, Həzrəti Peyğəmbərdən (s) imamlardan hədislər dedi. Dərbənddə Qumrinin baş daşı üzərində yazılan bir şeri xatırladan Seyid Əli Əkbər Ocaq Nejad bildirdi ki, inşəallah Allah-Təala Hacı Mirəzizi bağışlayar: “Hacı Mirəziz bir ömür İmam Hüseyn, İmam Əli deyib, bacardığı qədər onlardan yazıb, inşəallah yazdıqları ona kömək olar. ”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Hacı Mirəziz Seyidzadə ilə uşaqlıq dostu olduqlarını bildirdi: “Uşaqlıqda molla yanına gedib-gəlirdik. Həyatımızın böyük bir hissəsi bir yerdə keçib. İşlərimin çox olmasına baxmayaraq mən bura gəlməyə bilməzdim. Mirəzizi itirmək mənim üçün həqiqətən də çox çətindir. Fərz edin ki, bir sərkərdə marşalını, generalını itirdi. Sonucu dəfə yanıma gəldi, bizim təkmilləşmə kurslarında mərsiyə ədəbiyyatından dərs deyəcəyini bildirdi. Qeyd etdi ki, bu mövzuda doktorluq işi üzərində çalışır. Hətta özünü yaxşı hiss etdiyi söylədi. Maraqlısı odur ki, mənimlə görüşdən bir neçə saat sonra vəziyyəti pisləşib. Mirəziz özünü gözləmədi, istirahət etmədi, bu da onun səhhətində mənfi təsir göstərdi. Onun rəhbərlik etdiyi şöbə QMİ-nin bütün dini işlərini həyata keçirirdi. Hacı Mirəziz yaxşı işçi, din xadimi olmaqla bərabər, həm də yaxşı insan idi. Şeirlər yazırdı, gözəl yoldaşçılığı var idi. Allah-Təalanın qisməti belə imiş. Mən ilk növbədə özümə başsağlığı verirəm.”
Hacı Mirəzizin dostu, vaxtilə Astara rayonunun birinci katibi işləmiş Çingiz Fərəcov Hacı Mirəziz Seyidzadənin vəfat xəbərindən sarsıldığını bildirdi. Hacı Mirəzizlə Astara məscidində tanış olduqlarını bildirən Ç.Fərəcov birinci katib işlədiyi dövrdə Ağanın ona böyük dayaq olduğunu söylədi: “Hacı Mirəzizin ölümü Azərbaycan dindarlarına, ziyalılarına çox böyük zərbədir. O tamamilə yerində olan adam idi. Biz onu itirməklə çox şey itirdik. Torpaq onu öz övladı kimi qəbul etdi, bu belə də olmalı idi. Hacı Mirəziz təkcə özü getmədi, xalqın  məhəbbətini də özü ilə apardı. Ağa Mirəziz o dünyaya təkcə kəfənlə getməyib, o xalqın sevgisini aparıb, namusla, qeyrətlə yaşamaq anlarını özü ilə aparıb. Hacı Mirəzizin yaxşı işlərini heç vaxt unutmaq olmur. Biz onunla İrana gedəcəkdik, təəssüf ki, buna da zaman olmadı. Hacı Mirəziz Allahın dərgahındadır. Hacı Mirəzizin övladları atalarının nə qədər böyük şəxsiyyət olduğunu anlamalıdırlar. Mən əminəm ki, gələcəkdə Masallı rayonunun küçələrinin birinə Hacı Mirəziz Seyidzadənin adı veriləcək”. 
Masallı rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Hacı Mirəzizin təkcə din xadimi deyil, elm adamı olduğunu bildirdi: “Bizim respublikada dindarlar çoxdur. Amma Mirəziz fərqli idi, onun yazdığı kitablar, təsisçisi olduğu “Kəlam” jurnalı buna bariz nümunədir. Masallı rayon rəhbərliyi özünün “Çağırış” qəzetində Hacı Mirəziz haqqında yazdıqları nekroloqda onun böyük xidmətlərini göstərmişlər. Hacı Mirəzizin xidmətlərini saymaqla qurtarmaq olmaz. Hacı Mirəziz kəndimiz, rayonumuz və respublikamız üçün dəyərli və lazımlı şəxsiyyət idi. Hacı Mirəzizi elə bir şəxsiyyət idi ki, onun bilmədiyi sahə yox idi. Mirəziz Seyidzadə  gənclik illərində  öz istedadına görə həm dövlətin. Həm də müəyyən adamların diqqətini özünə cəlb edə bilmişdi. Əlbəttə, bundan sonra uzun illər keçəcək, amma Hacı Mirəziz yaddan çıxmayacaq. O elə bir şəxsiyyət idi ki, bütün insanların qəlbində özünə yer tapmışdır. Mirəzizin övladları ona görə çox xoşbəxtdirlər ki, onların  məhz Hacı Mirəziz kimi ataları olub. ”
Masallı rayon ziyalısı Şirvan Əbilov Hacı Mirəzizin gözəl ədəbiyyatçı, din xadimi olduğunu söylədi: “Hacı Mirəzizin şirin söhbətləri hamının qəlbində yer tapıb. Hacı Mirəziz Vətənə, dövlətçiliyə bağlı ziyalı olub. Onun təsis etdiyi “Kəlam” jurnalında respublikamızın böyük alimləri çıxış edirdilər. Düşünürəm ki, “Kəlam” jurnalı bundan sonra da öz fəaliyyətini davam etdirəcək. Bu da Hacı Mirəzizin ruhuna bir töhfə olacaq. Allah rəhmət eləsin!” 

Seyidzadə Mirəziz Mirəsgər oğlu. 

1949-cu il fevral ayının 14-də Masallı rayonu Türkoba kəndində anadan olub. 

Təhsili:

1958-1968-ci illərdə Səməd Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 
1968-1974-cü illərdə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb. 
1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda təhsil (qiyabi) alıb. 
1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şöbəsini əla qiymətlə başa vurub. 
1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib. 
2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub. 

Elmi dərəcəsi və elmi adları: 

2004-cü ildə (12 sentyabr) "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib. 
2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. 

Əmək fəaliyyəti: 

1978-1982-ci illərdə Astara şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 
1984-1988-ci illərdə Masallı şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 
1988-1993-cü illərdə Bakı İslam Universitetinin Baş müəllimi olub. 
1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 
2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib. 
2011-ci ildən ölümünə qədər (11.05.2014) Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri olub.  


Kitabları: 

1. "İmam Əlinin qısa kəlamları" (Tərcümə. 30 səh.) Bakı-1991. 
2. "İslami söhbətlər" (Dərslik, 448 səh.) I hissə. Bakı-1996. 
3. "Allahımı belə tanıdım" (141 səh.) Bakı - 1998. 
4. "İslami söhbətlər". (Dərslik. 524 səh.) II hissə. Bakı - 2002. 
5. "İslami söhbətlər" (Dərslik. 688 səh. Yeni nəşr). Bakı - 2003. 
6. "Bulud ağlamasa". (209 səh.) Bakı - 2006 
7. "Elmin qapısı" (650 səh.) Bakı - 2008 
8. "Divan" (472 səh.) Bakı-2008. 
9. “İslami söhbətlər” (Rus dilində, “İslamskie besedı” 502 səh.) Bakı-2009 
10. “Elmin qapısı” (İngilis dilində, “Door of knowledge”, 619 səh.) Bakı-2009 
11. “İmam Əlinin (ə) qısa kəlamları”, (Tərcümə və şərhi ilə, 223 səh.) Bakı-2010 
12. “İslam olduğu kimi”, (447 səh.) Bakı-2011 
13. “Yaradan axtarışında”, (230 səh.) Bakı-2013 

Məqalələri: 

1970-ci ildən başlayaraq mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 200-dən artıq elmi-publisistik məqalənin müəllifi olub.  

İctimai fəaliyyəti: 

1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının üzvüdür. "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. 
2000-ci ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüdür. 
2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbi cameədə “Əziz Pünhan” təxəllüsü ilə çıxış edir. 
Qafqaz Müsəlmanları İdarəsi yanında Elmi-Dini və Qazilər Şurasının üzvüdür. 
1991, 1993, 1996, 1998, 2004 və 2011-ci illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanında Həcc ziyarətində, İraqda Kərbəla ziyarətində və İranda Məşhəd ziyarətində olub. 

Ailə vəziyyəti: 

Ailəlidir, beş övladı var.
URL / WWW
http://kelam.az/article/a-8183.html