Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Müstəzadlar
08.05.14 21:35

Yar yenə güldü üzümə, kölgəsi düşdü gözümə,
Vermədi bir hay sözümə, axır utandırdı məni.
                                  Gör necə yandırdı məni.


Guya sevir yasəməni, hər gülü sərvu səməni,
Bağçanı, bağı, çəməni, gündə dolandırdı məni.
                                    Gör necə yandırdı məni.

İşvəli avazı nə xoş, qəlbimə ecazı nə xoş,
Öldürəcək nazı nə xoş, hər dəfə qandırdı məni.
                                     Gör necə yandırdı məni.

Gah yoluma bitmə dedi, gah da görün itmə, dedi,
Gəlmə dedi, getmə dedi, tutdu yubandırdı məni.
                                       Gör necə yandırdı məni.

Eyş ilə işrətdə idim, hicridən hicrətdə idim,
Xabidə qəflətdə idim, sanki oyandırdı məni.
                                Gör necə yandırdı məni.

İncə xəyaldı neyniyim, endi ucaldı neyniyim,
Canımı aldı neyniyim, candan usandırdı məni.
                                    Gör necə yandırdı məni.

İndi odur şah mənə, eşqidir agah mənə,
Oldu gecə mah mənə, nura boyandırdı məni.
                                 Gör necə yandırdı məni.

Əziz Pünhanı uca tut, eşqini eyliyib sübut,
Söylədi get məni unut, amma dayandırdı məni.
                                    Gör necə yandırdı məni.

* * *  

Eşqdir aləmdə tək məna mənə, 
              Neynəyər dünya mənə.
Zövqü vermiş o güli rəna mənə,
              Neynəyər dünya mənə.  


Nisbətim aləmlərə pərvanədir,
             Bilmirəm pərva nədir.
Çünki ustadım yazıb əla mənə,
               Neynəyər dünya mənə.


Olmuşam cövri bəladə bimisal,
            Qalməyıbdır məndə hal.
Ad veribdir əhlihal rüsva mənə,
              Neynəyər dünya mənə.


Sevmişəm hər nazənini bicəhət,
              Beylə olmuş məsləhət.
Eşq edibdir mütləğa icra mənə,
              Neynəyər dünya mənə.


Hər bəşər mən sevdiyim dilbər deyil,
                      Hər bulaq kövsər deyil.
Saqi sən ver bir meyi-səhba mənə,
                   Neynəyər dünya mənə.


İndi mən aşiqlərin sərdarıyam,
                   Eşqidə pərkarıyam.
Harda olsam eynidir səhra mənə,
                Neynəyər dünya mənə.


Eşqdən hazırdıki, daim dinə,
                 Bu Əziz Pünhan yenə.
Eşqə düşdü yazdı bir misra mənə,
                  Neynəyər dünya mənə.

* * *  

Qitələr 
Cahan bir əjdahadır, hər gələn şəxsi udar bir gün,
Uduzmuşlar fəqət dərk eyləməzlər hardadır məna.
Özü-öz nəfsinə məğlub olanlar bilməz əlbəttə,
Bir insanı içindən hansı yol ilə udar dünya.
Fəna dünya deyil, nəfsi bəşərdir kamə yetdikcə,
Özün məhv eyləyib qanuni dəhri eyləyər icra.

* * *  

Yandırıb eşqimin əmsalı səmada günəşi,
Onu gördükcə nigarım səni yad etmədəyəm.
Yandı hicrində həyatım necə bir şam kimi,
Ey gözüm nuru yetiş ki, əriyib bitmədəyəm.
Söyləyirlər yarını görməsə ölməz aşiq,
Əcəli sən gələcəksən deyə ləngitmədəyəm.

* * *  

Necə gülsün üzüm ey yar, 
Cəfa çoxdur, vəfa yoxdur.
Fənaya uğradım sənsiz,
Bu ifnada səfa yoxdur.
Mənim tək bavəfa varmı?
Sənintək bivəfa yoxdur.
Deyərdim çarə et ey yar,
Bu bir dərddir dəva yoxdur.

* * *  

Guya yolunu bilməyərək kəndə salırsan,
Məlum olur amma ki, gəlirsən Mirəzizçün.
Kefin soruşursan nə qədər işvə satırsan,
Eyham vuraraq amma gülürsən Mirəzizçün.
Bir dəfə görəydin özünü kaşki kənardan.
Gizlətmə, bilir hamı, ölürsən Mirəzizçün. 


Əziz
PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-8173.html