Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Zəmanəmizin RUHANİsi necə olmalıdır?
11.03.14 20:44

Ötən həftənin sonlarında Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfrans keçirildi. Konfransda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış etdi və təxminən Azərbaycan ruhaniləri – din xadimlərini həm dövlət, həm də cəmiyyətin necə görmək istədiyinin konturlarını cızdı: din xadimi təkcə dini bilikləri deyil, dünyəvi elmlərə sahib olmalı, Azərbaycanın tarixini, coğrafiyasını dərindən bilməli, insanları maarifləndirməyi bacarmalıdırlar. Əli Həsənovun fikrincə, Azərbaycanda daha çox bu model inkişaf etdirilməlidir: “İmamların, molla və axundların dini bilik səviyyəsini yüksəltməliyik.  Din xadimlərinin  dünyəvi biliklərini artırmağı düşünürük. Bu istiqamətdə Qafqaz Müsəlmanları  İdarəsi artıq fəaliyyətə başlayıb. Bunun üçün kurslar da açılıb”.
Əlbəttə, dövlət və cəmiyyət haqlıdır. Ruhani dedikdə ilkin olaraq insan nəzərində Allah adamı – əqidə və iman heykəli ucalır. Həmçinin mənsub olduğu dinə – xüsusən də İslam dininə reallıqla, yəni Qurani - Kərim müstəvisində əməl edən şəxsiyyət durur. Ruhani müəyyən mənada zaman və məkan anlayışını nəzərə almaqla yanaşı, dinin qanunlarına yetərincə əməl etməlidir. O, yalnız haqqı-ədaləti sözdə və əməldə tərənnüm edərək şərəfli ömür yaşamalıdır. Qarşısına çıxdığı maneələr, dövrün amansız təqibləri onu yolundan azdırmamalıdır. Ruhani dövrünü və zəmanəsini tanımalı, özünü və dinini təhlükəyə atmamalı, lakin bütün bunlarla bərabər haqq və ədalət prinsiplərini də unutmamalıdır. 
Tədbirdə Azərbaycanın üzdə olan ruhanilərini göz önünə gətirdim və hazırda xəstəliyi səbəbi ilə müalicə olunan və aktiv həyatdan müvəqqəti də olsa uzaqlaşan Hacı Mirəziz Seyidzadədən yazmaq qərarına gəldim. Azərbaycan cəmiyyəti onu daha çox din və ictimai xadimi kimi tanıyır. Hacı Mirəzizin həyatını vərəqləyərkən onun çox çətinliklərlə üzləşdiyini görməmək mümkün deyil. Əsasən də haqsızlıqla barışa bilmədiyindən uzun illər mübarizə aparıb. Haqqı isbat edə bilməyəndə isə razılaşmayaraq müəyyən zamana ehtiyac duyub. 
Onun içindəki mübarizlik əhval-ruhiyyəsi heç vaxt sönməyib, əksinə, əməli nəticəyə çatmaq üçün daha da şölələnib. Elə bunun nəticəsidir ki, hər bir problemin həllində ədalətin bərpasına çalışıb, gec də olsa buna nail olub. Bu, hər şeydən əvvəl Hacı Mirəzizin səbir və qətiyyətinin sayəsində mümkün olub.  
M.Seyidzadə bir ruhani kimi bütün hərəkət və davranışı ilə ətrafa örnək olmaqla nümunə göstərib. Həmişə çalışıb ki, ağsaqqal-ruhani sözü və nüfuzu daim inanc vasitəsi olaraq qorunsun. Bu yolda M.Seyidzadə zaman-zaman təzyiqlərə məruz qalsa da, cəmiyyətin dini maariflənməsində yetərli rol oynayıb. M.Seyidzadə elmdə, poeziyada, həyatda olduğu kimi dini və ictimai fəaliyyətində də hər şeyə əxlaq çərçivəsindən yanaşıb.  
Ötən əsrin 80-ci illərində Astara “Cümə” məscidinin axundu işlədiyi zaman səlahiyyətlərindən istifadə edərək cəhalətə, fanatizmə qarşı çıxıb, adamlara kor-koranə ibadət etməyin mənasızlığını izah edib, onları Allaha əsl bəndə olmağa çağırıb. Bu 12 yaşından Yaradana sığınıb, Onun buyurduqlarına tərəddütsüz əməl edən bir ruhaninin peşə və həm də əqidə borcu idi. 
M.Seyidzadə İslam dinin eyni zamanda bitkinliyinin insanlar tərəfindən daha tez qavranılması üçün çalışıb və təbliğat aparıb. Xəfiyyəçi mollalar xüsusi göstərişlə hər addımını izləyir, kölgəsini belə qılınclayırdılar. Dövrün “qlavlit”li mətbuatında isə M.Seyidzadə haqqında felyetonlar yazdırır, sanki onun varlığını özlərinə ən böyük təhlükə hesab edirdilər. 
Hacı Mirəzizin çəkdiyi əzab-əziyyətləri, apardığı mücadiləni uzun müddət Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin Baş inspektoru, sonra isə sədr müavini vəzifəsini icra edən Mustafa İbrahimov da təsdiq edir. Yadımdadır, bir dəfə M.İbrahimovla Azərbaycan dindarları, onların davranışları, cəmiyyətdə özlərini aparma qaydaları haqqında insanda o qədər də xoş təəssürat yaratmayan söhbətimiz oldu. M.İbrahimov deyirdi ki, saf dini fəaliyyətlə məşğul olan hər bir kəsə qarşı obyektiv yanaşması olub: “Onların bir çoxu dünyasını dəyişib. Bu məsələ ilə əlaqədar sağ qalanlardan maraqlana bilərsiniz. Onların öndə gedəni Hacı Mirəziz idi. Onun özünə qarşı olan təzyiqlər zamanı imkanım daxilində mümkün qədər müdafiə etmişəm. İstər dünən, istərsə də bu gün biliyinə, danışığına, qabiliyyətinə, dünya görüşünə və ümumi durumuna görə mötəbər bir məclisə çıxarmaq üçün Hacı Mirəziz ən real namizəddir. Xüsusən də təqiblərə məruz qaldığı cavan vaxtlarında o geyiminə çox yaxşı fikir verirdi. Bu adam həm də yaxşı təcvidlə Quran oxuyur və bəlağətli danışıq keyfiyyətinə malikdir. Qısası, Sovet dövründə dini yaxşı bilən iki-üç adam var idisə, onlardan da biri Hacı Mirəziz idi. Son zamanlar isə mən Hacı Mirəzizdə daha dolğun keyfiyyətlər müşahidə edirəm.”   
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev isə M.Seyidzadə haqqında hələ 1966-cı ilin baharından yüksək fikirdə olduğunu xatırlayır: “Astarada dostumla məscidə getmişdik. Bizi gülərüz, sifətindən nur yağan bir gənc qarşıladı. Tanış olduq. Məscidin axundudur – dedilər. Qulaqlarıma inanmadım. Ömrümdə birinci dəfə idi ki, belə gənc axund görürdüm. Söhbət etdik. Elminə, biliyinə, dünyagörüşünə heyran oldum. Mat qalmışdım. Həyatımda ilk dəfə idi ki, mövhumatdan, xurafatdan, cəhalətdən kənar din xadimi ilə rastlaşırdım…”
Əlbəttə, dünya yaxşılıqlardan xali deyil. Bütün canlılar yaxşılıqlardan bəhrələnməyə can atır. Bəhrələndikcə də gözəlləşir. Bu gözəllik ona həyatı və yaşamağı sevdirir, onu ülvi hislərlə əhatə edərək daha da kamilləşdirir. Gözəlliklər daim həyatın axarını nizamlayaraq pislikləri pərdələyir. İnsan mənəviyyatını ruhən və cismən qidalandıran, onu hər şeydən zövq almağa şövq edən bu gözəlliklər şəxsiyyətin formalaşmasında müstəsna rol oynayır. Allah - Təala Qurani-Kərimdə daha gözəl buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq…”
Mən, 65 ildir iman, səbir, möhkəm iradə ilə yaşayan, bütün çətinliklərə ləyaqətlə sinə gərən, Allah-Təalanın bəxş etdiklərinə sədaqətlə sahib çıxan, onu hər pislikdən qoruyan Qazi Hacı Mirəziz Seyidzadəyə uzun və şərəfli ömür arzulayıram. Yastığı yüngül olsun Hacı!
 
Niyaz NİFTİYEV
URL / WWW
http://kelam.az/article/a-8162.html