Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Abdullah Öztopraq: “Pis insan deyiləm”
31.01.14 17:25

AZADİNFORM-un “Uğurun sirri” layihəsinin növbəti qonağı qardaş Şimali Kipr Türk Cümhuriyyətinin ilk dövlət universiteti olan beynəlxalq statuslu Doğu Akdeniz Universitetinin rektoru professor Abdullah Öztopraqdır.

- Hörmətli, Adullah bəy, Sizcə, uğurun rəngi, dadı, qoxusu, səsi, görüntüsü necədir və ona toxunmaq nə zaman mümkündür?

- (Gülümsəyir). Uğur çox önəmli bir mövzudur. Hər kəs uğuru özünə görə tərif edir. Məncə, uğur, həyatda nə etmək istədiyinlə daha çox əlaqəlidir. Həyatda ən önəmli uğur xoşbəxt ola bilməkdir. Burada diqqət edilməsi gərəkən nöqtə, həm özünü, həm də ki çevrəndəkiləri xoşbəxt edib-etməməyini müəyyənləşdirməkdir. 
Düşünürəm ki, uğuru sadəcə hiss etmək olur. O hiss ki, istədiyinizi əldə etdiyiniz zaman xoşbəxt edir sizi. 

- Uğur mayanızda nələr öz əksini tapıb? Ümumiyyətlə, uğurlu biri olmaq üçün daha fərqli nə etmək, nədən başlamaq lazımdır? 

- Gəlin, öncə bundan başlayaq: mən uğurluyammı? Mənə görə rektor olmaq uğurlu olduğun anlamına gəlmir. Bu günə kimi, “Rektor olacağam” deyə bir hədəf də qarşıma qoymadım. Rektor olmamı uğur olaraq da qəbul etmirəm, bu sadəcə mənim vəzifəmdir. Xoşbəxt bir ailə qurmaq və kültürlü uşaqlar yetişdirmək mənim uğurumdur. İşdəki uğur isə müəyyən vəzifələri yerinə yetirməkdən ibarətdir. 
Uğurlu olman üçün insanlarla ünsiyyətin öncə yaxşı olmalıdır. Həmçinin hər hansı bir iş görərkən “artıq dağın təpəsinə yetişdim” düşüncəsindən uzaq olmalı, davamlı səy göstərməlisən.
Uğurlu olmaq istəyənlər unutmamalıdır: çevrə xoşbəxtçiliyini əksik etmədən çalışacaqsansa uğurlu olacaqsan. Əgər hədəfinizə getdiyiniz yolda cəmiyyətə zərər verəcəyiniz nə isə varsa bu heç sizi də xoşbəxt etməz.

- Bəs qarşınıza nə kimi hədəflər qoydunuz və o hədəflərinizə çatdınızmı?

- Bilirsiniz, çox insanlar var ki, müəyyən bir yerə gəlmək istəyir. Misal üçün, siyasətçilər. Onlar istədikləri yerə gəlib çatır, məgər bu uğurmu? 
Uğur sırf nəyisə əldə etmək kimi düşünülməməlidir. Əslində, tam tərsidir. 
Bir sıra insan müəyyən hədəflər çizirlər və o hədəflərə varmaq üçün də həyatlarını xərcləyərlər. Bəs xoşbəxt olurlarmı? Deməli, bu cür hədəflərə yetişmək uğur qazanmaq anlamına gəlmir. 
Hədəfimə gəlincə isə, universitet həyatına atıldığım gündən akademik həyatda uğurlu olmağı hədəfləyirdim. Mühitin tələb etdikləri də insanı bir yerlərə gətirir. 28 ildir universitetdə çalışıram. Öncə yardımçı doçent olaraq işə başlamışam.

- Bəlkə, uğur, hər hansı bir işin öhdəsindən gəlmək və ya ən yaxşısını etmək deməkdir?

- Əgər gördüyünüz  işin sonunda həm özününüzü, həm də ki çevrənizdəkiləri xoşbəxt edə bilmisinizsə elə bu uğurdur. İçində xoşbəxtçilik olmayan bir uğurun heç bir mənası yoxdur. Bəlkə də bir ehtirasın təmini ola bilər, amma nəticədə bu da uğur deyil. Gördüyünüz işi daha yaxşı edərsənizsə daha çox irəliyə gedə bilərsiniz. 

- Gəlin nəzərə alaq ki, rektor olmaq çox insanın xəyalıdır. Bəs, xəyalın gerçək olması üçün nə etmək lazımdır? Ümumiyyətlə, rektorluq çətinmi?

- Əgər kimsə sırf rektor olmaq üçün bir şey edəcəksə rektor olmaqdan vaz keçsin. Çünkü daha öncəki vəzifələrinizdəki uğur Sizi bu yerə gətirir. 
Rektorluq etmək isə olduqca çətindir. İnsan idarə etmək qədər çətin bir iş yoxdur. Həm də ki, kiçik məmləkətlərdə bu daha çətindir. 

- Akademik həyatdan məmnunmusunuz?

- Dünyaya bir daha gəlsəm akademisyen olaram. Amma rektor olaramı, bax onu bilmirəm. (Gülür).

- Sizcə, uğurlu olmamızı kim müəyyənləşdirir? Ümumiyyətlə uğurun başlanğıcı və sonu varmı?

- Uğurlu olub-olmamanız cəmiyyət tərəfindən ölçülür. Burada əhatəmizdəki insanların da rolu az deyil. Uğur, davamlılıqdır. O tək bir nöqtə olaraq düşünülməməlidir. Elə, “bu gün istədiyimə çatdım və uğurlu oldum” deyə bir düşüncə də olmamalıdır.

- Deyirlər, yanlışlar olmadan doğrular tapılmaz. Uğursuzluq yanlışlardanmı doğar sizcə?

Yanlışlıqlar hər zaman olacaq. Əhəmiyyətli olan, o xətalardan dərs ala bilməkdir. Həm də, sadəcə özünün deyil, başqalarının da etdiyi səhvlərdən dərs almağın lazımdır. 
Sırf yanlış etmək isə sizi hər hansı bir uğura doğru götürməz. 

- Apardığınız mübarizədə uğursuzuqlarla üzləşəndə nə edirsiniz? 

- Öncə nəyi səhv etdiyimi müəyyənləşdirirəm. Həqiqətən də gərəkənin gərəkliliyinə inanıramsa səhvimdən dərs alaraq yeni bir  üsul seçirəm. 

- Hər insanda bir istedadın olduğunu söyləyərlər, bunu necə üzə çıxarmaq olar? 

- Təbii, təhsil, olduğunuz mühit və verilən imkanlarla istedad ortaya çıxır. Amma önünüzə fürsətlərin də çıxması lazımdır. Doğrusu, hər zaman istedadı ortaya çıxaracağımıza inanmıram. Bir çox insanın istedadı ortaya çıxa bilər, amma bır sıra fərdlərin də istedadının ortaya çıxmaması mümkündür. Əgər bir istedadınızın fərqinə gec varırsanızsa heç ondan istifadə də edə bilmərsiniz. Məsələn, düşünün, idmanın hər hansı bir qolunda güclü olduğunuzun fərqinə 30 yaşında varmısınız. Deməli, zaman, məkan, imkanlar istedadın ortaya çıxmasında çox önəmlidir. 

- Bəs Siz nə kimi istedada sahibsiniz? Deyəsən yaxşı mahnı oxuya bilirsiniz?

- (Gülür). Bunu ətrafımdakı insanlardan soruşmanız lazımdır. Amma onu deyim ki, kəsinliklə söylədiyiniz mövzuda istedadlı deyiləm. Ümumiyyətlə, bədii mövzularda istedadım yoxdur. Hər halda riyazi mövzularda istedadım var, çünkü bu mövzularda hər zaman yaxşı olmuşam.   

- Bəzi gənclər bir işə başlayanda “Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar. Yəni, onlar düşündüklərini ya tətbiq etmir, ya da nəticələndirmirlər. Bu problemlə üzləşənlərə nə söyləmək istərdiniz?

- Öncə, edə biləcəyiniz, xoşbəxt ola biləcəyiniz doğru hədəfi seçməli və inadkar olmalısınız. Və özünüzə inanacaqsınız. 

- Qarşısındakına “əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?

- İnsanları kiçiltməmək lazımdır. Hər bir kəsin cəmiyyət içərsində öz yeri vardır. Və onlara lazımınca önəm verilməlidir. Bir sözlə insanlarla münasibət zamanı qarşısınızdakınızı adam yerinə qoymağı unutmamalısınız. Onları ciddiyə almalısınız. Məhz belə olduğu zaman daha çox qazanarsınız. 

- Övladlarınızın uğurlu ola bilməsi üçün nə edirsiz? Daha fərqli davrana bilirsiniz?

- Mənim istədiklərimi edərək uğurlu olmalarını qəbul etmirəm. Onları istiqamətləndirirəm, amma günün sonunda da  öz qərarlarını özlərinin verməsini sağlayıram. 

- Sizcə uğura götürən yolda insanların ən güclü silahı nədir?

- (Düşünür). İnanmaq və əzmli olmaq. 

- Bəs, inanmaq asandır, yoxsa inandırmaq? 

- İkisi də çox fərqlidir. Özünü daha asan inandıra bilərsən, amma inandırmaq isə daha zordur. 

- Uğurun yaşı olur yoxsa başı, nə düşünürsüz?

- Uğurun mərhələsi var. Çünkü uğur insanın hər mərhələsində ola bilər. Ona görə də, nə yaşı var, nə də ki başı.   

- Fərqliliyiniz və fərdliliyiniz haqında nə deyə bilərsiz? 

- Fərqli olmağımız üçün olduğumuz mühitin çox əhəmiyyəti var. Mən də istənilən mühitdə insanlarla yaxşı münasibət qurmağa çalışıram. Onu deyim ki, belə olmaq uğur gətirir.

- Həyatın enini və uzununu ölçdünüzmü heç, yaşamı üzun edən nədir? 

- Gəlin, birinci bu sualı cavablayaq: Yaşam uzunmu? Təbii, bu sualı 70-yaşına gələn bir şəxsdən soruşarsaq deyəcək ki, yox. Amma yaşı az olan birisindən, məsələn uşaqdan soruşsaq deyəcək ki, əlbəttə. Məncə yaşam çox uzun deyil. Amma daha çox uzun yaşamaq istərsək sağlamlığımıza çox diqqət etməliyik. Sadəcə fiziki deyil, ruhi sağlamlıq da çox önəmlidir. Həyatın enini və uzununu ölçməklə bağlı suala gələrsək, doğrusu, oturub bu cür fəlsəfi mövzularda özümü dərin-dərin ölçmərəm. Əlbəttə, insan etdiklərini zamanla dəyərləndirir.  Əslində bacara bilərsinizsə günlük yaşamaqdır ən gözəli. Məncə, ən önəmlisi içində olduğunuz anı yaşaya bilməkdir.
 
- Əgər sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi, siz nəyi dəyişdirərdiz?

- Müharibələrin baş verməsini əngəlləyərdim. İnsanları ən çox mutsuz edən də elə döyüşlərdir. 

- Həyat toplananlar, çıxılanlar, vurulanlar və bölünənlərdən ibarətdir deyirlər, Sizin payınıza ən çox hansı əməl düşüb? 

- Bunların hər biri önəmlidir. Amma ən önəmlisi onları necə adlandıracağındır. Misal üçün həyatınızdan pisliklərin çıxmasını çıxılanlar kimi adlandıra bilərik. Mənə elə gəlir ki, mənim payıma ən çox toplananlar düşüb.  

- Bəs Siz özünüz özünüzə dost ola bilsəydiniz, özünüzə Sizin kimi bir dost istəyərmiydinizmi? 

- Hər halda olardım. Deyəsən, pis insan deyiləm.

- Dəlinin doğru xəbəri nə olar sizcə? Dəliliyin gözəlliyi mümkünmü? 

- Bu gənclikdə qısa bir zamanda ola bilər. 

- Hesab - kitab dəftəriniz var?

- Xeyr, heç bir dəftər tutmuram.
 
- Təbliğ etdiyiniz gercəklər hansılardır, necə düşünürsüz sevginin təbliğata ehtiyacı varmı? 

- Xeyr, çünkü sevgi içinizdədir.

- Bəs sizcə ceyranın gözündə aslan sevimli ola bilirərmi?

- Ola bilər, əgər aslan və ceyranı ad olaraq qəbul edərsək. Könülünə aldanma. Aslanlar da sevimli ola bilər.

- Amma, ceyranın gözündəmi?

- (Gülürük). Ola bilər. Bu onun gözəlliyinə bağlı. Elə insanlarda quzu dərisi içində aslan ola bilir. 

- Yaşamaq və var olmaq arasında fərq nədir?

- Yeyib, içib yatarsanız var olursunuz.  Yaşamaq isə dünyanın bizə verdiyi imkanlardan istifadə edərək yaşamaqdır. 

- Uğurlu olmaq istəyən gənclərimizə başqa nə söyləmək istərdiniz?
 
- Bir az öncə söylədiklərim fikirdəyəm. Yəni yenə deyirəm: seçdiyiniz hədəflər sizi xoşbəxt edəcək hədəflər olmalıdır. Hədəfinizə getdiyiniz yolda əzmli olmanız şərtdir. Həm  özünüzə, həm də ki, qarşınızdakına inanmalısınız. Uğurlu yol davamlılıqdır. 

Cəfər Mənsimi
URL / WWW
http://kelam.az/article/a-8154.html