Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Duyğular qanadlananda....
20.12.13 20:23

Əsasən deyirlər xəzinə xarabalıqlarda olar. Doğrudur! Amma bəzən xəzinə abad kəndlərdə, abad şəhərlərdə də olur. Onu aşkar etməyi çoxları çəkinir. Nə qədər gizlətsə də bir gün aşkar olur. İnsan ömrü qəribəliklərlə doludur. 
Hərənin bir tale yolu var. Uca Allah hər ocağın öz qismət payını ayırır, ona nur-işıq verir, hərənin işığını ocağının dairəsi qədər verir. Habelə hər kəsə gücü çatdığı qədər yük verir. Sonralar insanlar zaman-zaman daha çox yük götürməyə çalışır. Zəhmət çəkir min növ əzab-əziyyətə qatlaşır. Hər şeyə nail olmaq istəyir. Bütün bunlar yaxşıdır, yaxşı insanlar üçün daha yaxşıdır. Uca Allah Qurani-Kərimdə buyurur: "İnsan çalışmasa-səy etməsə bir şey əldə edə bilməz." Bəli insan çalışmalıdır, öz dünənilə razılaşmamalıdır. Amma bir şey də var ki, nə qədər çalışsa belə ona ayrılan ruzi və qismətdən artıq qazana bilməz. Biz bütün belə misalları həyat məktəbində çox görmüşük. Haqqında söhbət açdığım şəxs məhz belə çalışqan insanlardandır. Bu adam əli iş tutan gündən çalışır. Ali təhsilli mühəndisdir, ailəcanlıdır, işgüzar adamdır. Çalışır ki, ailəsinin ehtiyacını təmin etsin, elinə-obasına, xalqına xidmət etsin. Çalışır ki, həyatda heç kimə möhtac olmasın....
Bütün bunlarla belə həm də həyatda onun öz mövqeyi öz dəsti xətti olmağa çalışır, mənim müsahibim. Heç şübhəsiz həm özünün səyi, həm də Tanrının qisməti onun ocağının közünü də vermiş, işığını da. Belə bir deyim var: Allah hər kəsin qəlbinə görə verər. Hələ İsrafilə daha çox verib. Ona elm, ədəb, mərifət, şərəf, fəzilət və üstəlik şairlik də verib. Qəlbinə ilham verib ki, ictimai həyatda eləyə bilmədiyini sözlə ifadə etsin. Yerdə yeridiyi kimi, söz qanadında da uça bilsin. Bəli, bu taleyin qisməti idi. Həm yeridi, həm də qanadlanıb uça bildi. Poeziya qanadlarında qanadlandı, tələbə İsrafil, mühəndis İsrafil, müdir İsrafil, ata İsrafil, ən nəhayət şair İsrafil. Kim bilir sabah hansı İsrafil....
“Duyğular qanadında” şerlər kitabı İsrafil Hüseynovun oxucularla ilk görüşüdür. Kitabda toplanan şerlərin böyük əksəriyyəti şairin gənclik illərinin məhsuludur. Şerlərin dili rəvan və səlisdir. Misralar olduqca ürəyə yatımlıdır. Hiss olunur ki, söz xatirinə yazmayıb. Nə yazıbsa qəlbindəki duyğuları misralara gətirib, öz düşüncələrini obrazlı şəkildə deməyi ustalıqla bacara bilib. Uzun müddət şairlik iddiasında olmayan İsrafil qardaşım sözün əsl mənasında şairdir. 
Gəlin onun qəlbinin səsini dinləyək:

Köküm bu torpaqdan, özüm bu eldən
Təbim güc alıbdı dəli sellərdən
Yazmasam mən əgər baş verənlərdən
Kövrək duyğularım inciyər məndən....

Doğrudur şair qardaşım, nə etmisənsə hamısı Allahın dəftərində yazılıb, onu görəcəksən. Amma yazmasaydın, özün-özündən inciyəcəkdin. Sən yazmaya bilməzdin. Həyat səni qınayardı, tale səni danlayardı, həmişə narahat olardın, özün də özünü danlayardın...
Deyirlər ki şair öz taleyini, öz qəlbinin duyğularını yaşaya-yaşaya vərəqlərə köçürür. Hələ belə də deyirlər ki, şair öz yazdığı şerlərə oxşayır.
Onun Vətən haqqında yazdığı şer və poemalar Vətən sevgisinin təzahürüdür.
Diqqət edək:

On yeddi ildir ki, dərd içindəyəm,
Yaşadım bu dövrü, deyə bilmərəm.
Danışıq apardıq, sülhə güvəndik,
Mən sülh deyə-deyə ölə bilmərəm... 

İsrafil Hüseynov milli-mənəvi köklərə saf əqidəyə bağlı olan bir vətəndaşdır. Onun həyata mütərəqqi baxışı, insanlara qarşı özünəməxsus yanaşma tərzi əksər şerlərində özünü biruzə verir. "Tarixi düz yazın, Tanrı xətrinə!" şerinə nəzər salaq:

Dəqiq tarixi var, baş verənlərin,
Əgər düz yazmasan sən səbəblərin,
Qarışar işləri gənc nəsillərin,
Tarixi düz yazın, Tanrı xətrinə...  

İsrafil üçün Azərbaycanın hər qarış torpağı əzizdir, müqəddəsdir. O, şerlərində bu müqəddəsliyi qorumağı Vətən qeyrətli oğulların ciyinlərində düşən bir yük bir namus, bir qeyrət borcu kimi görür və onu eynilə misraya gətirir. Eyni zamanda o, el-obasını, xalqını sevən bir oğul kimi gəncləri, vətən oğullarını birləşməyə, Vətəni azğın düşmənlərdən qorumağa səsləyir. "Mən döyüşə getməliyəm ay ana!" şeri özü də silaha sarılaraq bir vətənpərvər şair kimi öndə getməklə yanaşı vətən təəssübkeşlərini də səfərbər olmağa çağırır.
Şerin bir bəndinə nəzər salaq:

Sorğu sual vaxtı deyil, gəl tələs!
Kənddə qocalardan qalmayıb heç kəs.
Gəl səndə get, sözlərimə qulaq as,
Mən döyüşə getməliyəm ay ana!

İsrafil Hüseynov bir ziyalı vətəndaş kimi - bir şair kimi Qarabağ dərdini hər zaman şerlərində ön plana çəkir. Toyda, şənliklərdə belə bu kədəri unutmur. "Qədəmlərin mübarək" 2001-ci il şerində hətta Novruz bayramında, tonqal ətrafında belə Qarabağ dərdini xüsusi vurğulayır.

Hər təzə il axşamında sevinir bütün ellər,
Bu bayramın sevincindən vəcdə gəlir ürəklər.
Nəğmə deyir, şadlıq edir, qoca-cavan nəsillər,
Xoş gəlmisən ay təzə il, qədəmlərin mübarək!...

...Verdi sənə qaçqınımla-köçkünümü o ilim,
Tapdalanmış haqqın umur bu zavallı millətim.
Aç dünyanın kor gözünü, qoy çin olsun niyyətim,
Xoş gəlmisən ay təzə il, qədəmlərin mübarək!...

Təbiət gözəlliyinin təsviri İsrafil şerlərinin adaxlısı, təzə gəlinin xınalı əlləri, bəzənib-keçinməsi qədər gözəllik mücəssəməsi kimi oxucunu sevinc okeanına qərq edir. Bir anda eşqin şirin əlçatmaz əngəlliklərindən xəyallara dalırsan, qanad çaldıqca daha yüksəklərə çatmağa can atırsan, sonrada aramla, qanad çalmadan fəzada dövrə vurursan, sonsuzluğa-kəhkəşanlara tərəf yol alıb gedirsən. Bəlkə də bu mənim fantaziyamdır, özümdə şair təbiətli olduğum üçün söz sehrinə düşürəm, amma nə deyirsinizsə deyin, İsrafil şerləri məni vəcdə gətirir. Onun "Viləş su bəndi" şerinə diqqət edək.

O hündür guşəyə meylini saldın,
Xeyir-duanı da dağlardan aldın.
Nə gözəl bir yerdə bənd olub qaldın,
Aydınlıq rəmzi tək, Viləş su bəndi... 

Və ya başqa bir bəndinə nəzər salaq:

...Gecələr ulduzlar əks olur səndə,
Ayın işığında çırağısan bəndə.
Seyrəngah sahilin insan gözündə,
Rəssam əsəridir, Viləş su bəndi...

İsrafil Hüseynovun təbiət vurğunluğu, vurğun olduğu Xəzərdən də yan keçməyib. Saatlarla Xəzərin kənarında qayaların üstündə oturar, onun qıvrılan ağ saçlarını heyranlıqla oxşayar, sanki ləpələrlə pıçıldaşar, söhbət edər, şair İsrafil.

İlhamım sənlə coşur,
Sevincdən aşıb-daşır.
Sakit ləpələrinlə,
Ürək də pıçıldaşır.

Və ya:

Qəm məni haqlayanda,
Üz tutmuşam mən sənə.
Coşub-daşan çağın da,
Rahatlıq verib mənə.

Vətənimin aynası,
Dəryalar sultanısan.
Doğma Azərbaycandan,
Dünyaya nur saçırsan...

İsrafil Hüseynov mühəndisdir, özü də  sözün əsl mənasında gözəl mütəxəssisdir. Bunu onun inşa etdiyi hündür mərtəbəli binaları dil açıb söyləyir. Onun üçün fərqi yoxdur, kərpic olsun mişar daşı olsun və ya çay daşı olsun, bütün bunlardan elə bir memarlıq abidəsi yaradar ki, tamaşa etməkdən doymazsan. Bəli, bu onun qəlbən bağlandığı sənətidir, o bundan zövq alır. Amma onun sözlə qəlb evini tikmək, dağılmaqda olan əsl həyat evini bərpa etmək məharəti tam başqa bir məharətdir. Biz bu xisləti incə qəlbli şairdə - İsrafil Hüseynovda açıq-aydın görürük. Onun "Yarımçıq şikəstə" hekayəsindəki bir neçə bənd şeri onun kimliyini ayinə kimi əks etdirir.
Xəstə və kimsəsiz bir qızın ona göndərdiyi şerə diqqət edək:

Əvvəl vurulmuşdum səsinə sənin,
Danışdıq, vuruldum özünə sənin.
Söhbətin dərmandır tənha xəstəyə,
Atamı hiss etdim dilində sənin.

Qəlbimdə bir ümid çırağı yandı,
Gözlərim önündə atam dayandı.
Aləm gözlərimdə nura boyandı
Səsin qulağıma gələndə sənin...

İsrafilin tanımadığı xəstə və kimsəsiz bir qızın mehrini öz davranış əxlaqı ilə düzməsi -  bərpa etməsi hətta o yerə gəlib çatır ki, onun səsini atasının nəvazişli səsinə bənzədərək həyata yenidən qayıdışına səbəb olur. Bu bir daha İsrafilin saf və incə qəlbli bir şair olmasından xəbər verir. Şair onun yaralı qəlbini ovunduraraq yazır:

Şairə xanıma alqış deyirəm,
Şeri, qəzəli məndə sevirəm.
Sənin hisslərinə hörmət edirəm,
Sanıram təmizdir ürəyin sənin...

Və ya :

...Hiss etdim qəlbində bir dünya yatır,
Hansı ki, mənimçün o laləzardır.
Hər kəsin taleyi qisməti vardır,
Məni yaman üzdü taleyin sənin...

Hekayənin sonunu ümid dolu sözləri ilə tənha və xəstə bir kimsəsiz qıza yaşamaq üçün qol-qanad verən şair İsrafil bu yarımçıq şikəstəni belə bitirir:

Özünü sən sayma dar bir qəfəsdə,
Sənin ki, içində sarayın vardır.
Səndəki xəzinə olmaz hər kəsdə,
Onu sənə verən bir yaradandır.
Ümidsiz yaşama ay qız amandır!

İsrafil Hüseynovun poeziyası özünəməxsus bir şəkildə axıcıdır. Î həyatda çəkdiyi ağrı-acıları birbaşa sətirlərə köçürməyi, misralara düzməyi bacarır. Onun "Getdi" rədifli şerinə nəzər salanda sanki həyat tarixçəsini birbaşa oxucuya üzbəüz dayanıb söyləyir, oxucu ilə söhbət edir.

Tale həyatımı bir saat kimi,
Gənclik ömrü qədər az qurdu getdi.
Çox gəzdi arxamca məqsədə yetsin,
Axırda qapımı bərk vurdu getdi...

Və ya:

...Həyatda bağ saldım, ağaclar əkdim, 
Neçə bağçalarda canı əritdim.
Hər bir pöhrəsinə mən həyat verdim,
Vədəsiz xəzandan qırıldı getdi...

Yenə də həmin şerdə:

...Eşqin pillələrin çox qalxdım endim,
Hicran əl çəkmədi, məndə səbir etdim
Haçan vüsal gəldi azca sevindim,
Onda da qapımda göründü getdi... 

Eynilə "Qayıtdım" şerində şair həyat tarixçəsini varaqlayaraq səhifə-səhifə oxucuya çatdırmaq istəyir. Sanki öz oxucularına tövsiyə edərək həyatda səhv etməməyi, çətinliklərə sinə gərməyi  tapşırır. O yazır:

...Eşqin dəryasında qəvvas tək üzdüm,
Hicran üzdü məni, öldün qayıtdım.
Məcnunu səhrada, Fərhadı dağda,
Yusifi zindanda gördüm qayıtdım. 

Bir yar sevdim, kaman əbru-qaşları,
Səpdim qədəminə çox daş-qaşları.
Hər an oxşadığım qara saçları,
Bu dəfə xəyalən hördüm qayıtdım...  

Şair şerin məqtə bəndində özünün hamıdan - bütün aşiqlərdən güclü və mərd olduğunu bununla da aşiqlərin sonda məhrum yox, qalib ayrılmağını göstərərək yazır:

...Çox aşiqlər dağa, səhraya qaçdı,
Fərhad dağı, Məcnun səhra dolaşdı.
Hərə bir tərəfdə qeyb oldu, batdı,
Mənsə o dəryadan nərdim, qayıtdım.

İsrafil Hüseynov ailəcanlı bir şairdir. Onun şerlərində valideynə məhəbbət, ailəyə qayğı, dostlarına canfədalıq etməsi açıq aşkar özünü göstərir. Atasına yazdığı "Qismətin belə imiş, Tanrı yar olsun, ey ata!" mətləli qəzəli dediklərimizin bariz nümunəsidir. 
Bir neçə beytə nəzər salaq:

Qismətin beylə imiş, Tanrı yar olsun, ey ata!
Cənnəti-Məva sənə xoşgüvar olsun, ey ata!... 

...Ən çətin anında da itirmədin imanını, 
Çün "Ələst"dən əmr imiş, imandar olsun, ey ata!..

Hörmətinlə bir daha saldın İsini müşkülə,
El üçün biz neyləyək, əslikar olsun, ey ata! 
 
İsrafil qeyd etdiyim kimi ata-anasını həddindən artıq çox istəyən, bəlkə də səhv etməsəm Allah-Təala buyuran dərəcədə sevən övladlardandır. Onun anası Kərbəlayi Zərxanım xanıma həsr etdiyi "Varmı səndən əziz dünyada, ana?" şeri ana sevgisinin həqiqi və əsil məhəbbətin təzahürüdür. Şair bu şerilə gənc nəslə sanki dərs verərək valideynə ehtiram etməyi - Allah-Təalanın əmrinə itaət etməyi tapşırır.
O yazır:

Doqquz ay bəslədin bizi qanınla,
Gətirdin dünyaya arzularınla.
Əsdin üstümüzdə sən öz canınla,
Bizi yaşatmaqçün həyatda ana!
Varmı səndən əziz dünyada ana?!...

Və ya:

...Dözdün əzablara övlad yolunda,
Uşaq tək ağladın biz ağlayanda.
Dilsiz körpə ikən biz zarıyanda,
Loğman da olmusan o anda ana!
Varmı səndən əziz dünyada ana?!...

Yuxarıda qeyd etdiyim kimi İsrafil ailəcanlı sağlam düşüncəli bir atadır. Onun nəvəsinə həsr etdiyi "Nəvəm" şeiri o qədər şirin və dolğun yazılıb ki, heç bir şərhə ehtiyac duymursan. Şeri oxuduqca Baba olmağı arzulayır özünü o məqamda hiss edirsən.
Diqqət edək:

Bir saflıq yayılıb körpə gözünə,
Doğmalıq səpilib bəyaz üzünə,
Dönüb mızıltılar şirin sözünə,
Dad verir şerimə, sözümə nəvəm.
Yamanca bənzəyir özümə nəvəm...

Və ya: 

O gün ki, doğuldun, gəldin cahana,
Oğlum ata oldu, gəlinim ana,
İsrafil yayılsın səsin hər yana,
Eşidim iz salıb izimə nəvəm.
Yamanca bənzəyir özümə nəvəm...

İsrafil Hüseynov filosof memardır desəm yanılmaram. Onun şair olması təsadüfi deyil. O sözün əsl mənasında duyğular qanadlı aləmlər seyrəngahında düşünən bir filosof şairdir. Onun yazdığı "İsrafil surilə bitən dünyadır" şeri əgər təhlil və ya şərh edilsə necə iri həcmli əsərə çevrilər...

Diqqət edin:

...Faniliyi bəllidir hər insana,
Atılırıq yenə onun qoynuna,
Salır bizi öz qaydasız oynuna,
Fəndə salan, fəndi pünhan dünyadır...

Yenə orada:

...İsgəndərə qalmayıbdır bu dünya,
Biz kimik ki, bizdən canı almaya?
Heç bilinmir haradan axır haraya.
Öz sirrini o gizlədən dünyadır.

Bu dünyadan qərinələr ötübdür,
Kimsə deməz əvvəlini görübdür.
Bu tarlada nə bitibsə solubdur.
Dəyirmantək can üyüdən dünyadır...

Bəli, İsrafil Hüseynov şerinin fəlsəfi tərəfi mənim düşüncələrimi yordu, sanki deməyə sözüm, mülahizələrim tükəndi, qalanını sizin öhdənizə buraxıram əziz şer sevərlər. İnşallah "Duyğular qanadında" kitabını oxuyarsınız, sizdə öz sözünüzü deyərsiniz. Vəssalam.

Hacı Mirəziz SEYİDZADƏ
(Əziz PÜNHAN)
URL / WWW
http://kelam.az/article/a-8136.html