Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Ərkivanda möhtəşəm tədbir
20.12.13 18:27


Masallı rayonunun Ərkivan qəsəbəsində Şah Səfi məscidinin həyətində möhtəşəm Mərasim evinin açılışı olmuşdur.


Noyabr ayının 11-də Masallı rayonunun Ərkivan qəsəbəsində Şah Səfi məscidinin həyətində xeyriyyəçi iş adamı Gülağa Tənhanın şəxsi təşəbbüsü və vəsaiti ilə tikilmiş möhtəşəm Mərasim evinin açılışı olmuşdur. Açılışdan öncə qurbanlar kəsildi və dualar oxundu .Sonra açılış rəmzi olan qırmızı lent kəsildi.
Açılışdan sonra mərasimə yığışan din xadimləri, kənd ziyalıları, müəllimlər, idmançılar və digərləri Gülağa müəllimə öz ürək sözlərini deyib, minnətdarlıq etdilər.
Sözlərinə Quran ayəsi ilə başlayan Hacı Mirkərim bunları qeyd etdi: "Məscid tikmək, onu yenidən qurmaq savab işlərdən biridir və Gülağa müəllim yeni bir xeyriyyəçilik işi ilə, çox böyük savab qazanmış oldu. Gülağa müəllimin digərlərindən fərqləndiyini deyən Hacı onu da əlavə etdi ki, indi Azərbaycanda bu cür xeyriyyə işləri ilə məşğul olan imkanlı şəxslər azdır. Hətta barmaqla sayılacaq qədərdir. Gülağa müəllimin digər xeyriyyəçilik işlərinə də toxunan Hacı, Allahdan Gülağa müəllimə uzun ömür arzu etdi ki, belə xeyriyyə işləri davamlı olsun.
Mərasimdə Hacılardan, Axund Hacı Əlihəsən, Hacı Həmid, Hacı Şadulla, Hacı İsrail və başqaları çıxış edərək, Gülağa müəllimə belə gözəl, hər cür şəraiti olan Mərasim evini tikdirdiyinə, məscidin özünü və həyətini əsaslı şəkildə bərpa etdirdiyinə görə dərin minnətdarlıqlarını bildirdilər... 
Sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazisi, Fətva şöbəsinin müdiri, Hacı Mirəziz Seyidzadə bu möhtəşəm Mərasim Evinin inşasına görə Gülağa Tənhaya bir seyyid ruhani kimi xeyir-dua verdi və təşəkkürünü bildirdi. Həmçinin Seyidzadə Şeyxülislam Allahşükür Paşazadə cənabları adından bu xeyirxah əmələ görə Gülağa müəllimi təbrik etdi. O, şeyxin salamını Ərkivan camaatına və tədbirə yığışan müsəlmanlara çatdırdı. 
Daha sonra bölgə qazisi Hacı Mirqiyas ağa belə gözəl bir mərasim evinin ərsəyə gəlməsinin Ərkivan camaatı üçün böyük bir töhfə olduğunu söylədi. O, Gülağa müəllimi təbrik edərək belə xeyriyyə işlərin davamlı olmasını arzuladı və Allahdan ona cansağlığı dilədi.
Mərasimdə təkcə dindarlar deyil, həmçinin Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi, idmançılar, müəllimlər, rayon ziyalıları, rayon camaatı da iştirak edib.
Bütün çıxışlara qoşulan Ərkivan qəsəbəsinin Bələdiyyə sədri İsrail Tağıyev qəsəbədə gördüyü işlərə, imkanı olmayan şəxslərə etdiyi köməyə görə özünün və qəsəbə camaatının adından Gülağa müəllimə təşəkkür etdi!
Çıxış üçün söz Masallı rayonunun Viləş komandasının məşqçisi Rövşən Süleymanova verildi. Rövşən Süleymanov Gülağa müəllimə idman sahəsinə ayırdığı diqqətə görə minnətdarlıq etdi. Sonra Gülağa müəllimə üstündə Viləş komandasının adı yazılmış köynək komanda adından hədiyyə olundu!
Mərasimdə şəhər 1 saylı orta məktəbinin direktoru, Əməkdar müəllim Mirqabil Hüseynovda çıxış edərək, Gülağa müəllimin digər sahələrlə yanaşı, təhsilə ayırdığı diqqətdən söz açan Mirqabil müəllim rayon təhsil işçiləri adından və rayon ziyalıları adından Gülağa müəllimə öz minnətdarlıqlarını bildirdi.
Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamal Mazanov çıxış etdi. O, Bu günün gözəl günlərdən biri olduğunu qeyd etdi.
Bütün çıxışları dinləyən Gülağa müəllim, sonda üzünü mərasim iştirakçılarına tutaraq qeyd etdi: "Mən çox şadam ki, nəyim varsa öz xalqıma, öz millətimə sərf edirəm. Əlbəttə ki, sizin köməyiniz olsa idi, mən çox işlər görə bilərdim. Mən gələndə görürəm ki, asfaltı bir tərəfdən deşib su çəkiblər, dağıdıblar. Mənim gördüyüm işlərə laqeyd münasibət var. Siz bilmirsiz mən o pulları dünyanın bir neçə ölkəsində nə əzab-əziyyətlə qazanıram. Amma mən o pulların 10%-ni Allah yolunda ayırıram öz xalqım üçün, öz millətim üçün.Və ona görə də mən qazandığımın 10%-dən də çoxunu gətirib sizin üçün xərcləməyə, sizin gələcəyinizin inkişaf etməsinə, xəstələrimizin sağalmasına, uşaqlarımızın təhsil almasına, gənclərimizin idmanla məşğul olmasına həmişə hazıram. Mən 10 il bundan qabaq idman zalını təmir etdirdim, ora döşəklər aldım. Biz təkcə idman məktəbləri yaratmaqla deyil, onların gələcəyini də təmin etməliyik. Biz onlara ingilis dilini də öyrətməliyik ki, xarici oyunlarda öz haqlarını hakimlərdən tələb etməyi bacarsınlar. Ona görə də biz idmanla yanaşı, balalarımızın yüksək səviyyədə təhsil almasına da şərait yaratmalıyıq. Mənim nəyim varsa hamısını xalqım, millətim üçün xərcləməyə hazıram. Ancaq sizdə mənim gördüyüm işləri qiymətləndirməlisiniz, laqeyd yanaşmamalısınız. İlk növbədə biz bu işləri görə bildiyimiz üçün Dövlət Başçısı Cənab Prezident İlham Əliyevə təşəkkür etməliyik ki, o bizim ölkədə əmin-aman şəraitdə yaşamamız üçün hər cür şərait yaradıb. Ona görə də mən Ərkivanlılar adından və öz adımdan Cənab Prezidentimizə təşəkkür edirəm. Və həmçinin Cənab Prezidentin səlahiyyətli nümayəndəsi rayon icra hakimiyyətinin başçısı Rafil müəllimə öz minnətdarlığımı bildirirəm ki, rayon üçün o da bu gün bir çox işlər görüb."
Bütün çıxışlardan sonra mərasim iştirakçıları ehsan süfrəsinə dəvət olunub.
Yeməkdən sonra Gülağa müəllim təvazökarlıq göstərib yerli camaatla söhbət edərək onların problemlərini, ehtiyaclarını dinləyib bəzilərinə maddi cəhətdən kömək də etdi. Kənd sakinlərindən biri oğlunun itgin düşdüyünü qeyd edərək, Kərbala ziyarətinə getmək istədiyini ancaq, maddi cəhətdən imkanı olmadığını bildirdi. Gülağa müəllim Kərbəlaya getmək üçün nə qədər vəsait lazım olduğunu öyrəndikdən sonra, yerindəcə həmin şəxsə 700 AZN məbləğində maddi yardım etdi. Bundan başqa müxtəlif səbəblər üçün Gülağa müəllimdən 1000 AZN istəyənlərə də biganə qalmayaraq o, öz yardım əlini onlara uzatdı. Bir qadın 1000 AZN, 3 seyyid 500 evro, bir çoxları isə 300, 200, 100 AZN məbləğində yardım aldılar. Təxminən 10 000 AZN əlavə pul paylandı.
Mərasimin sonunda Gülağa müəllimin müəllifi olduğu kitab və onun şerlərinə bəstələnmiş mahnılardan ibarət olan DVD disk iştirakçılara paylandı.
Mərasim bitdikdən sonra Gülağa müəllim jurnalistlərin ona ünvanladığı müxtəlif sualları cavablandırdı.

- Bir neçə il öncə Respublikada geniş miqyaslı xeyriyyə işləri gördünüz. Amma arada xeyli fasilə oldu. Bu xeyriyyəçilkdən sonra, yenə fasilələr olacaq? Yoxsa daha da davamlı olacaq bu xeyriyyə işləri?

- "Əvvəla bilmirəm bunu kim xeyriyyə işi qəbul edir. Bu mənim vətən, xalq, millət qarşısında bir vətəndaş kimi, bir Azərbaycanlı kimi borcumdur. Mən sadəcə olaraq imkanım daxilində öz vətəndaşlıq, öz Azərbaycanlılıq borcumu öz vətənim qarşısında yerinə yetirirəm. Bundan əlavə, siz bilirsiniz ki, mən Rusiyada yaşayıram. Mən həm dövlət adamıyam, həm də iş adamıyam. Dövlət adamı kimi mənim birinci növbədə öz dövlət vəzifə borcum var və o vəzifə borcumu mən yerinə yetirməliyəm.
Digər tərəfdən isə mənim bir çox xarici dövlətlərdə biznesim var və həmçinin mən biznesimlə qazandığım pulların 10%-ə qədərini vətən, xalq, millət naminə xərcləyirəm və bu siz deyən kimi xeyriyyəçilik işi sayılırsa, olsun xeyriyyəçilik. Amma sadəcə olaraq yenə də deyirəm bu mənim vətən, xalq, millət qarşısında öz vətəndaşlıq borcumdur. Gələcəkdə mən bu işləri maddi cəhətdən imkan daxilində yox, fiziki cəhətdən imkan daxilində çalışacam genişləndirim. Genişləndirmək nə mənada? Misal üçün mən hər dəfə Azərbaycana gələndə birinci sizin kimi ziyalıların, müəllimlərin, müxbirlərin köməyinə ehtiyacım var. Çünki mən gələndə hər tərəfdə olan problemlərin hamısını görmürəm. Mənə yaxınlaşan bax elə indi gördüyünüz kimi xəstələr, imkansızlar maddi cəhətdən zəif olanlardır. Bunlarla biz Azərbaycanı irəli apara bilmərik. Bu fərdi olan yardımlar bizi bu günkü səviyyədən irəli apara bilməyəcək. Biz irəli getmək üçün Azərbaycanda birinci növbədə təhsili inkişaf etdirməliyik. Təhsili inkişaf etdirmək deyəndə, misal üçün mən keçmiş Təhsil Naziri Misir Mərdanovun bir çıxışına qulaq asdım və orda bir çox müdrik sözlər var idi. "Ağıllı olan müəllim, savadlı müəllim gedir özünə ev alır və orda partalar qoyub uşaq hazırlayır". Bax biz belə ağıllı, savadlı müəllimləri irəli çəkməliyik. Mən təkcə bu rayonda deyil, başqa yerlərdə də məktəb tikdirmişəm. Bu məktəbi tikmək hələ o demək deyil ki, burada ağıllı, savadlı şagirdlər yetişəcək. Ağıllı təhsilli şagirdləri yetişdirmək üçün, ağıllı, təhsilli müəllimlər lazımdır. Biz həmin müəllimləri Respublikada üzə çıxartmalı, onlar üçün şərait yaratmalıyıq.
Mən həmişə Dövlət Proqramından 5-10 il öndə gedirəm. Mən 90-cı illərdə Respublikada xeyriyyə işləri ilə məşğul olanda və yaxud mən 2000-ci ildən Respublikada məktəblər, uşaq bağçaları tikəndə Heydər Əliyev Fondu yox idi. 2005-ci ildə çox sağ olsun Cənab Prezidentimiz İlham Əliyev və Mehriban xanım, Heydər Əliyev Fondunu yaratdılar. Mən indi Heydər Əliyev Fndunun tərkib hissəsi kimi onlarla öz işlərimi məsləhətləşib, proqramlaşdırıb həyata keçirirəm. Amma onların proqramında bu işlər yoxdur. Soruşanda deyirlər ki: "Bunlar bizlik deyil". Bu Heydər Əliyev Fondunun proqramında yoxdur, amma, mənim bir Azərbaycanlı kimi ürəyim ağrıyır ki, o tikilən məktəblərdə, normal səviyyədə, yüksək səviyyədə şagirdlər yetişdirilmir. Bax biz bu proqramla məşğul olmalıyıq.
Bayaq Viləş komandası burada idi. Yaxşı idmançılarımız var amma, idmançılar üçün yaxşı şərait yaradılmır. Misal üçün gələcəkdə, bəlkə də Ərkivan kəndində təmənnasız xalqa xidmət edən, əhalinin sağlamlığının qayğısına qalan normal bir poliklinika yaratmağı fikirləşirəm. Həmçinin pulsuz məktəb yaradıb, rayon səviyyəsində istedadlı uşaqları seçib burada təhsil almasına şərait yaratmalıyıq. Mən bilmirəm bu dəqiqə rayonda İngilis, Rus, Alman dili hansı səviyyədə tədris olunur. Amma bu məsələyə də ciddi şəkildə önəm verilməlidir"

- Gülağa müəllim siz həm də istedadlı şair, yazıçılar birliyinin üzvüsünüz. İş adamı olmağınız sizin yaradıcılığınıza mənfi təsir göstərmir?

- "Yaradıcılığımın iş adamı olmağıma heç bir dəxli yoxdur. Sadəcə olaraq mənim şerlərim gözümlə görüb, ürəyimdən keçirtdiyim hadisələrdir. Əgər siz mənim şerlərimə fikir versəniz, onlar uşaqlar evində, qocalar evində yazılır. Misal üçün "Anaları təklənməyə qoymayın", "Qocalar evində bir ana gördüm", "Sədəqə ver" bu şerlər hamısı mənim qocalar evində gördüyüm hadisələrə və yaxud "Ey İlahim, bu körpənin nə günahı?", "Barmaqların hikməti", "Necə yaşayır?", "Çörək həsrəti" və s. bunlar hamısı körpələr evində, dilsiz-ağızsız körpələrə həsr olunmuş şerlərdir. Hətta bu şerlərin içərisində elə bir şer var ki, mən "Ey İlahim, bu körpənin nə günahı?" şerində yazdığım körpə, onu Rasim müəllim (Gülağa Tənhanın köməkçisi) dəqiq bilir. Rasim müəllim o qızın şəklini çəkib. 13 yaşında bir qızcığaz məndən 100 dollar hədiyyə alanda, o bilmirdi nədir bu pul və müəllimədən soruşur bu nədir? Müəllimə əli ilə işarə edir ki, keçmiş pulnan 50 şirvandır. Uşaq sevindiyindən çırpındı və mənə "sposibo" dedi. Hamı ağladı ki, 13 yaşında uşaq o vaxta qədər danışmırdı. Bundan böyük xoşbəxtçilik nə ola bilər? Və bunu mən necə misralara almayım? Bunlar mənim ürək ağrılarımdır, ürək çırpıntılarımdır mən onları sətirlərə köçürürəm. İnanın səmimiyyətimə, bəzən elə olur ki mən o şerləri yazanda gözümdən yaş gəlir." 
- Gülağa müəllim hər dəfə belə açılışlardan sonra, mənə çox maraqlıdır hansı hissləri keçirirsiz?

- İnanın səmimiyyətimə, mən baxıram xalqda olan başqa problemlərə və mən artıq o hisslərlə yaşayıram, ömür qısadır, çox işlər görmək lazımdır. Xalqın, millətin çoxlu problemləri var. Çalışmaq lazımdır ki, o problemləri maksimum həll edə bilək.
Bu günkü açılışda idmançılar danışanda mənim ağlıma bir neçə ideya gəldi. İdmançılar üçün mənim şəxsi məşqçim olmuş rəhmətlik Nadir Ağayevin şərəfinə bir idman məktəbi yaradaq. Çünki mən əvvəl döşəklər aldım, idman zalını təmir etdim, idmançılar üçün şərait yaratdım amma bu gün o azdır. Nadir Ağayev kimi şəxsiyyətin adına Ərkivanda bir klub açıb, orada güləş, şahmat və digər idman növlərinin inkişafı üçün şərait yaratmalıyıq.
Çox vaxt məndən soruşurlar ki, sən daha nəyi xoşlayırsan? Deyirəm ki: "Daşların içərisində ən yaxşı daş almazdır. Çünki qaçaqaç başlayanda dəmiri, alminiumu və yaxud maşını arxanca aparmaq çətindir. Amma almaz elədir ki, onun 15-20 karatını dilinin altına da qoyub aparmaq olar. Bax mən istəyirəm ki, Ərkivanda – Masallı rayonunda bizim incilərimiz, almazlarımız yetişsin. Bəlkə də əhalinin sayına görə Azərbaycanda ən böyük qəsəbə Ərkivandır. Yazıçılarının sayına görə də Ərkivan ən böyük qəsəbədir. Amma mən istəyirəm ki, həm imkanlı insanların, həm istedadlı insanların sayına görə Ərkivan birinci yerdə olsun. Biz bunu təkcə Azərbaycan səviyyəsində deyil, həm də dünya səviyyəsində uğurlu qəsəbələrdən biri kimi görək."

- Belə bir xeyriyyə işləri görəndə sizə çətinlik törədənlər olurmu?

- Çətinlik törədənlər çoxdur. İnanın səmimiyyətimə, indi sizə bir misal çəkəcəyəm. Mən 10 il bundan əvvəl mənimlə bir məktəbdə oxuyan sinif yoldaşlarımı yığdım, biri mənə yaxınlaşıb dedi ki: "Mən dülgərəm, amma, mənim işim yoxdur. Mənə bir iş verin". Mən o yoldaşı gətirdim Moskvaya, onun üçün böyük bir pəncərə sexi açdım. Sexdə 150-yə qədər insan çalışırdı. Sinif yoldaşım rus dilində belə danışa bilmirdi, mən ona müəllim tutdum və o rus dilini öyrəndi. Əvvəlcə onu sexdə briqadir, sonra baş mühəndis və ən nəhayət sexin müdiri təyin etdim. Təsəvvür edin ki, bu sex müdiri olan kimi başladı mənim adımdan işçilərin hərəsindən 100 dollar yığmağa. Bu hadisə 5-6 il belə davam edəndən sonra təsadüfən mən dövlət işindən sonra sexə gəldim və gördüm ki, bir fəhlə küncdə dayanıb mənə baxır, nə isə demək istəyir. Bunu çağırdım yanıma ki, gəl görüm nə məsələdir? Deyir ki, mən gedirəm, məni işdən çıxardıblar. Deyin mənim 100 dollarımı versinlər, mənim yol pulum çatmır. Bundan sonra məsələ açıldı ki, sinif yoldaşım mənim ona verdiyim 3000 dollar maaşdan əlavə, işçilərin hərəsindən 100 dollar pul yığır. 
İnanın səmimiyyətimə, mən 100 % əminəm ki bu gün olan hadisələrdən, korrupsiyadan, kriminaldan Cənab Prezidentin xəbəri yoxdur. Sadəcə olaraq onun adından istifadə edirlər. Bir şey olanda deyirlər ki, yuxarıya veririk. Yuxarıya kimə? Əstəğfürullah. Bəlkə, Allaha verirlər?
Baxın, bu binanın mərmərləri gəlib bir aya yaxın gömrükdə dayanıb. Bizdən cərimə ilə bir yerdə 70 000 AZN-ə qədər pul alıblar. Rusiyadan mən onu göndərəndə sənədlərə baxıb xeyriyyə məqsədilə gətirildiyini bilib, Rusiya Gömrük Komitəsindən bir adam 1 qəpik belə olsun almadı. Amma, bizim burda doğma Azərbaycanlılarımız 70 000 (yetmiş min AZN) manat bizdən pul tələb etdilər. Mən Azərbaycana xeyriyyə məqsədilə 2 300 000 (iki milyon üç yüz min) dollar pul gətirmişdim. Hava Limanında o pula görə məndən faiz istədilər. Bax belə hadisələr olur, amma biz indi durub bunlara baş qoşaq, bu adamların səviyyəsinə enək, səs-küy yaradaq, qanun tələb edək, deyəcəklər ki, müxalifətdir, iqtidarın əleyhinə gedir. Biz pulu yığıb yuxarı veririk, bizim işimizə mane olur. Mən nə müxalifətəm, nə də iqtidar. Mən hələ 1996-cı ildə ulu öndər Heydər Əliyevə bildirmişəm ki, mən Azərbaycanda nə kommersiya ilə, nə də siyasətlə məşğul olacağam. Bu günə kimi də, verdiyim sözə əməl edirəm. Nə o tərəfə, nə də bu tərəfə qoşuluram. Sadəcə olaraq Azərbaycan xalqına, Azərbaycan dövlətinə və ulu öndərimiz Heydər Əliyevin ideyalarına xidmət edirəm"

- Gülağa müəllim belə bir mərasim evi tikdirmək fikri sizdə nə vaxtdan yarandı?

"Keçən il mən kəndə gəldim kənd sakinləri məni bura dəvət etdilər, bu binanın yerində təxminən diametri 80 sm olan 10-12 boru var idi və üstü köhnə şiferdən idi. Və məndən xahiş etdilər ki, mən onun divarlarını taxta ilə örtməyə kömək edim. Dedim ki belə bir iş görməyə mənim pulum çatmaz, imkanım yoxdur (gülümsəyir). Kənd ağsaqqallarına dedim ki, siz bu dəmirləri sökün görün kimin imkanı yoxdur, bunlara ehtiyacı var, verin onlara. Mən bunun yerində kəndimizə layiq, özümüzə layiq bir bina tikəcəyəm. Onda bəzi insanlar bəlkə də bir az ehtiyat etdilər, yeganə şəxs, mənim Rus dili müəllimim olmuş Nurəli müəllim dedi ki: "Gülağa mən sənə inanıram. Ürəyin, xətrin necə istəyir bizim üçün bir mərasim evi tikdir". Və bu gördüyünüz mərasim evi mənim ürəyim, xətrim istəyən, kəndimizə layiq bir mərasim evidir."

- Bildiyimiz kimi bu sizin xeyriyyəçi kimi ilk işiniz deyil. Bundan sonra nə kimi xeyriyyə işləri planlaşdırırsınız?

- Biz bu gün ziyalılarla görüşərik, görək onların nə kimi problemləri var? Mən Rayon İcra Hakimiyyətinin Başçısı Rafil müəllim ilə görüşəndə, rayonda uşaq bağçalarının tikilməsinə ehtiyac olduğunu mənə bildirdi. Masallı rayonunda uşaq bağçaları çox bərbad vəziyyətdədir. Mənə çoxlu məktublar gəlir. Hətta bir neçə uşaq bağçasının şəklini göndəriblər ki, uçuq vəziyyətdədir. Ona görə də mən istəyirəm ki, Masallı rayonunda bir uşaq bağçası tikdirim və onun təminatını öz üzərimə götürüm"
Ümumiyyətlə məlumat vermək istərdik ki, son 15 ildə xeyriyyəçi - şair Gülağa Tənha gördüyü xeyriyyə işlərinə 25-30 milyon manatdan çox vəsait ayırıb. Onun əsas istiqaməti təhsilin, səhiyyənin, mədəniyyətin və idmanın inkişafına, kimsəsiz qocalara, valideyn himayəsindən məhrum olmuş uşaqlara və digərlərinə yardım etməkdir.
Gülağa müəllimin yardımı ilə Masallı rayonunun Ərkivan qəsəbəsində "Qoç türbəsi" qəbiristanlığı əsaslı təmir olunub, ətrafına hasar çəkilib, kəndin bir sıra hörmətli adamlarının məzarı üstündə xatirə abidəsi tikilib və Ərkivan qəsəbəsində "Şəhidlər Bulağı" abidə kompleksi yaradılıbdır.
Daha sonra Gülağa Tənha vaxtı ilə, özünün də təhsil aldığı Həsənküçə kənd orta məktəbini təmir edib, məktəbin içməli su problemini həll edib. Yaşlı müəllimləri, əlaçı şagirdləri, kənddəki 13 şəhid və 5 qaçqın ailəsini Gülağa müəllim öz himayəsinə götürüb. Kənddə çox bərbad vəziyyətdə olan idman klubunu təmir edib, Masallı şəhərinin şahmat məktəbini müasir avadanlıqlarla təmin edibdir.
Şərəfə kənd orta məktəbində şahmat klubu yaradıb, məktəbin təmirinə vəsait ayırıb.
Xeyriyyəçi 30 il əvvəlki sinif yoldaşlarını bir yerə yığıb onların görüşlərini təşkil edib, onlara qiymətli hədiyyələr bağışlayıb. Gülağa müəllim sinif yoldaşlarının problemləri ilə yaxından tanış olaraq bəzilərinə dərhal, bəzilərinə isə müəyyən zaman müddətində kömək edibdir.
O, təkcə özünün böyüyüb boya-başa çatdığı Masallı rayonunun Ərkivan qəsəbəsində deyil, həm rayonun digər kəndlərində, həm də rayonun hüdudlarından kənarda, yəni, ümumrespublika və respublikadan kənarda da xeyriyyə işləri ilə yaddaşlarda qalır.
Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü və Gülağa müəllimin maliyyə dəstəyi ilə Masallı rayonunun Təzəkənd kəndində Avropa standartlarına uyğun məktəb tikilib istifadəyə verilibdir.
Şüvəlan qəsəbəsindəki zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün Respublika Xüsusi İnternat məktəbinin binası sökülərək, yerində bütün standartlara cavab verən yeni korpus tiklib,bütün avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.
Xeyriyyəçi Gülağa Qənbərovun yardımı ilə Şamaxı rayonu, 2-ci Cabanı kəndində yeni məktəb binası tikilib, müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib, məktəbin işıq problemini həll etmək üçün yeni transformator qurğusu alınıb, məktəbin ətrafı abadlaşdırılıb, yeni asfalt örtüyü çəkilibdir.
Həmçinin xeyriyyəçi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Televiziya Tədris Mərkəzinin yenidən qurulması və tədris otaqlarının əsaslı təmirinə yardım göstərib.
Sonra xeyriyyəçi Moskva şəhərində xüsusiləşmiş Azərbaycan məktəbinin yenidən qurulması üçün xüsusi köməklik göstəribdir.
Gülağa müəllim valideyn himayəsindən məhrum olmuş uşaqları, müharibə veteranlarını və digərlərini də unutmayıb.
Bakı şəhərinin Əhmədli qəsəbəsinin 3 saylı uşaq evi Gülağa müəllim tərəfindən himayəyə götürülüb. Valideyn himayəsindən məhrum olan 130 uşaq üçün 2002-ci ildən bu günə kimi hər il Novruz bayramı ərəfəsində, bayram süfrəsi açılır.
Bilgəh qəsəbəsindəki Müharibə və Əmək pansionatında su və işıq problemləri həll edilib. Gülağa müəllim tərəfindən bu insanlara xüsusi şəkildə qayğı göstərilir.
Xeyriyyəçi səhiyyə sahəsində də bir sıra işlər görür.
Onun şəxsi vəsaiti hesabına saysız-hesabsız insanlar müalicə olunaraq sağlamlıqlarını bərpa ediblər. 
O, 5 saylı Respublika Klinik Xəstəxanasının yanıq şöbəsində bir neçə nəfərin müalicəsini öz üzərinə götürüb və onların tam sağalmasını nəzarət altında saxlayır.
Xeyriyyəçinin maliyyə dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin poliklinikası da təmir olunub.
Gülağa müəllim ədəbiyyat və incəsənət sahəsində də bir çox xeyriyyə işləri görüb.
Azərbaycan Yazıçılar Birliyinin və Şamaxı rayon İcra Hakimiyyətinin müraciəti ilə görkəmli satira ustamız Mirzə Ələkbər Sabirin məqbərəsini inşa etdiribdir.
Mədəniyyət və incəsənətin inkişafına xüsusi diqqət yetirən xeyriyyəçi, Nizami adına Ədəbiyyat İnstitutun tarixindən bəhs edən ensiklopedik dərginin, görkəmli yazıçımız Əlibala Hacızadənin "Əsərlərini"nin oncildlik kitabının, Bəxtiyar Vahabzadənin külliyatının, "Akademik Bəkir Nəbiyev-75" adlı soraq kitabının, "Fikrət Qoca-70 il" kitabının çapını maliyyələşdirib. Xalqın artıq sevimlisinə çevrilən xeyriyyəçi şair Gülağa Tənha ədəbiyyat və incəsənət sahəsində gördüyü xeyriyyə işlərinə görə Azərbaycan Yazıçılar Birliyinin "Ədəbi irsin qorunub saxlanılmasında əvəz edilməz fəaliyyətinə görə" yüksək mükafatına layiq görülüb.
Xeyriyyəçi, korifey sənətkarımız Şəfiqə xanım Axundovanın həyat və yaradıcılığından bəhs edən "Nəğmədir Həyat" adlı kitabını çap etdirib, bəstəkarın yubileyini keçirib. Eyni zamanda bu böyük sənətkarı vaxtaşırı olaraq ziyarət edib ona maddi və mənəvi dəstək olub.
Və ən nəhayət məqalənin əvvəlində haqqında danışdığımız, Masallı rayonunun Ərkivan qəsəbəsində Gülağa müəllim tərəfindən inşa edilmiş möhtəşəm Mərasim Evi, onun gördüyü böyük xeyriyyə işlərindən biridir. Belə bir mərasim evinin inşa edilməsi qəsəbə əhalisinin həddindən artıq sevincinə səbəb olub. Gülağa müəllim bu işi ilə bir daha sübut etdi ki, özü vətənindən kənarda yaşasa da, qəlbi daima vətən üçün, xalq üçün döyünür. Bütün bunlara görə Allah ona yar olsun! 

AzPRESS

URL / WWW
http://kelam.az/article/a-8134.html