Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “Namaz ərəb dilində qılınmalıdır”
19.11.13 17:40

“Media forum” saytının oxucularının suallarını Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Mirəziz Seyidzadə cavablandırır.
Müəllim, Bakı: 2011-ci ildə Qafqaz Müsəlmanları İdarəsi ictimaiyyətə müraciət edərək yas mərasimlərində dəbdəbədən, təmtəraqlı ehsan verilməsindən çəkinməyə çağırmışdı. Heç bir nəticəsi olmadı, yas məclislərində israfçılıq davam edir. Elə Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi “Təzə Pir” məscidində keçirilən hüzr məclislərində də bu üzdəniraq dəbdəbənin şahidi oluruq. Niyə Qafqaz Müsəlmanları İdarəsi bu biabırçılığı durdurmaq üçün bir fətva vermir? Belə bir fətva verilə bilərmi ki, yas məclisində ehsan çay süfrəsi ilə məhdudlaşsın?


Cavab: Qafqaz Müsəlmanları İdarəsi həmişə təkcə yas mərasimi deyil, toylarda da israfçılıq etməkdən çəkindirib. Amma nə edək ki, yas və toy sahibləri çox vaxt öz istəklərini həyata keçirirlər. Bu zaman heç kim onlara qarşı çıxa bilmir. Çox yaxşı olardı ki, dəbdəbəli və təmtəraqlı süfrələr olmasın. Təəssüflər olsun ki, insanlar müqəddəs “Quran”ın hökmlərinə əməl etmədikləri kimi bu hallara da az əməl edirlər.

Hər halda Qafqaz Müsəlmanları İdarəsinin bu məsələlərlə bağlı tövsiyə xarakterli fikirləri iki il əvvəl etdiyi müraciətdə öz əksini tapıb. Bu müraciətin mətni həm saytımızda var, həm də nəzdimizdə olan mərasim zallarının divarlarında məlumatlar yerləşdirilib ki, yas sahibləri örnək götürsünlər. Hər halda ehsan süfrəsinə üzdəniraq ifadəsini işlətmək özü günahdır. Məclis sahibi öz ata-anası üçün layiqli süfrə açırsa, kim onun qabağını kəsə bilər. Hər kəs öz şəninə görə ehsan süfrəsi aça bilər. Bir də ehsan vermək nə vaxtdan günah olub?

Əli Həsənov: Çıxışlarınızdan şəriət məsələlərində bilikli olduğunuz görünür. Sirr deyilsə, hansı mərceyi-təqlidin müqəllidisiniz (hansı dini alimin risaləsinə söykənirsiniz)?

Cavab: Biz söhbətlərimizi ümumi islam rəhbərlərinin fətvaları əsasında qururuq. Lakin müqəllid təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir. Mənim öz seçimimə gəlincə, şəxsi iş olduğundan bu barədə fikirlərimi paylaşmaya bilərəm.

Mətanət: Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsindən başqa fətva verməyə ixtiyarı çatan qurum və ya şəxs varmı?

Cavab: Azərbaycanda QMİ-nin Qazılar Şurası var. Fətvalar da Qazılar Şurasının hökmləri əsasında verilir.

Çingiz, Sumqayıt: Hansı məsələlər var ki, siz onlar barəsində fətva verə bilməzsiniz?

Cavab: Fətvalar şəri məsələlərlə bağlı verilir. Digər məsələlərlə bağlı fətva verilməsi caiz deyil.

Əsgər, Bakı: Mirəziz müəllim, namazı Azərbaycan dilində qılmaq olarmı?
Qadın başıörtülü deyilsə, namazda örtülməsi mütləqdirmi? Mütləqdirsə, nə üçün və bu, harada yazılıb?

Cavab: Namaz və “Quran” Allah tərəfindən necə nazil olubsa, o dildə, yəni ərəb dilində qılınmalıdır, oxunmalıdır. Əks halda batil və qəbuledilməzdir.

Qadın namaz qılarkən bütün bədəni örtülməlidir. Fəqət üzü və əllərinin üstü açıq ola bilər. Bu, şəriət hökmüdür, bütün əməli-risalilərdə izah edilib.

Rahilə, Bakı, Mərdəkan: Tez-tez qəbiristanlıq mollaları arasında mübahisə hallarına rast gəlinir. Təmsil etdiyiniz qurum bu baxımdan hər hansı nəzarət həyata keçirirmi? Ümumiyyətlə, qəbiristanlıqda onların varlığına ehtiyac varmı?

Cavab: Qəbiristanlıqlar Qafqaz Müsəlmanları İdarəsinin sərəncamında deyil. Onlar Bakı Şəhər İcra Hakimiyyətinin və ya müvafiq bələdiyyələrin balansındadır. İdarə onlara nəzarət etmir. Bizim mollalarımıza gəldikdə, onlar attestasiyadan keçib və onlara xüsusi vəsiqələr verilib. Belələri haqqında lazım gəldikdə idarə müvafiq tədbirlər görüb.

Səidə, Bakı: Bəzi yas məclislərində qadın mollaların əlində, qulağında elə bahalı zinət əşyaları görürük ki, özümüzü yas mərasimində deyil, toyda hiss edirik. Bu, mərhumun qohumlarına da, məclisdəkilərə də pis təsir edir. Sizcə, bununla bağlı fətva verilə bilərmi?

Cavab: Əlbəttə, molla kişi və ya qadın olsun, fərq etməz, ilk növbədə insanlar arasına çıxarkən geyiminə diqqət etməlidir. Bərbəzək nümayiş etdirən qadın mollalara gəlincə, belələrini məclisə dəvət etməmək tövsiyə olunur. El qınağı özü böyük bir tərbiyə məktəbidir.

Adil Əliyev: Qafqaz Müsəlmanları İdarəsinin fətvaları nə dərəcədə məcburidir? Elə kateqoriya insanlar varmı ki, idarənin fətvaları onlar üçün məcburidir? Həmin insanlar fətvalara riayət etməsələr onlara hansı cəzalar tətbiq oluna bilər? 

Cavab: Fətva şəriət hökmüdür, hər hansı fərdin istəyi deyil. Ona əməl etmək hər bir müsəlmanın borcudur. İdarəmizin təyin etdiyi din xadimləri üçün bu fətvalara riayət etmək məcburidir. Cəzalar isə Qiyamət günündə tətbiq olunacaq.

Yusif, tələbə: İslam dini içki süfrəsinə yaxın durmağı qadağan edir. Toylarımız da içkisiz ötüşmür. Toya gedirsən, içkiyə yaxın olursan, getmirsən, qohum-əqrəba inciyir. Dinimiz isə qohumluq əlaqələrini kəsməyi də qadağan edir. Bu halda nə edək? Sizdən məsləhət istəyirəm.

Cavab: Spirtli içki süfrəsinə oturmaq islam şəriətində qadağan və haramdır. Bacarsan, oturduğun masada haram içkilər olmasın. Ondan da yaxşısı, belə məclislərdə imkan daxilində iştirak etməməkdir.

"Media forum"
URL / WWW
http://kelam.az/article/a-8127.html