Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qafqaz Müsəlmanları İdarəsi məhərrəm ayı ilə əlaqədar Fətva verdi
30.10.13 16:57

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası məhərrəm ayının başlaması ilə əlaqədar Fətva verib. Fətvada deyilir:   “Möhtərəm mömin qardaş və bacılarımız! Hicri-qəməri təqvimi ilə 1434-cü il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni 1435-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-cü il noyabr ayının 5-nə təsadüf edir. Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. 
Bu ay Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadagan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura - Məhərrəm ayının 10-cu günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetişdiyi gün kimi daxil olmuşdur. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığında Vətən sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olma hikməti vardır. İmam Hüseyn əleyhissəlamın dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Aşura günü 2013-cü il noyabr ayının 14-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik.
Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Din xadimlərimizin moizələrində tarixi həqiqətlər öz əksini tapmalıdır. Xütbələrdə Qafqaz Müsəlmanları İdarəsinin məscidlərə payladığı «Axund və imamlar üçün xütbə nümunələri»ndə olan tövsiyələrdən istifadə olunması yaxşı olar. Təziyələrdə habelə Vətənimizin bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. İmam Hüseyn, Kərbəla şəhidlərinin əzadarlığı işığında Qarabağ şəhidlərinin yad olunması xüsusi önəm kəsb edir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər.
Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsi kimi örnək olmalıdır. Belə ki, Qurani-Kərimdə buyurulduğu kimi, hər kəs bir insanın xilasına səbəb olarsa, sanki bütün insanları dirildir. Bu baxımdan, ehtiyacı olan xəstəni həyata qaytarmaq ən böyük savabdır. Bu əməlin həyata keçirilməsi, özlüyündə, Kərbəla şəhidlərinin məramına uyğun olub, onların ruhlarını şad edər, inşallah.
Ümidvarıq ki, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı humanist ənənəni davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini daha dərindən dərk etməyə nail olacaqlar. Bu hikmətin işığında ölkəmizin gün-gündən bölgədə və dünya miqyasında artan qüdrətindən, xalqımızın dini etiqad azadlığına, milli-mənəvi, dini dəyərlərinə ehtiram, qayğı və himayə nümayiş etdirən dövlət rəhbərinin səylərindən qürur duyaraq, Vətən təəssübünü daha dərindən anlamağa, milli və dövləti mənafelərimizi qorumaqda daha artıq əzm göstərməyə qadir olarıq, inşallah”.
URL / WWW
http://kelam.az/article/a-8122.html