Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Dostlüğmuz əbədidir
02.10.13 23:50


Sülh korpusu-ABŞ hökümətinin qeyri-siyasi, qeyri-dini agentliyidir. 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən Amerika gənclərinin çağırışına cavab olaraq yaradılmlşdır.  Korpusun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə, dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. Sülh korpusu sülh bə dostluq quraraq mədəniyyət mübadilə proqramları ilə ölkələr arasında qarşılıqlı anlaşmanın inkişafına təkan verir.

Sülh korpusu könüllüsü dünyanın bir çox ölkəsində xidmət edir. Bu proqram Azərbaycanda 2003-cü ildən həyata keçirilir. Könüllülər ingilis dilinin tədrisi,gənclərin inkişafı və iqtisadi inkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik edir, Amerika və Azərbaycan xalqları arasında dostluğu daha da möhkəmləndirir, bu xalqların biri-birilərini daha da yaxşı tanımasına xidmət edir. 
Könüllülərin aylıq xərcləri və onların sağlamlığı ilə bağlı xərclər Sülh korpusu tərəfindən ödənilir. Könüllünü qəbul edən təşkilat həmin könüllüyə heç bir maliyyə ayırmır. Onlardan yalnız nəzarət etmək və onun səmərəli işləməsi üçün lazım olan dəstəyi təmin etmək tələb olunur. Azərbaycanda Sülh korpusunun ilk  proqramı ingilis dilinin tədrisi proqramı olmuşdur. Könüllülər 2003-cü ildən başlayaraq Azərbaycanın şəhər,rayon və kəndlərində ingilis dili müəllimləri kimi fəaliyyət göstərirlər,ölkəmizin müxtəlif bölgələrində dövlət və qeyri-dövlət müəssisələrilə birlikdə regionlardakı gənclərə kömək edirlər. Hazırda Sülh korpusunun bir neçə könüllüsü ölkəmizdə çalışır. Onlar Azərbaycanda 27 ay müddətində yerlərdə əhali ilə eyni səviyyədə yaşayır,icmalarla birgə olur, işlədikləri şəhər və kəndlərdə ailələrdə qalırlar. 

* * *

Masallı şəhər 3 saylı tam orta məktəbin ingilis dili müəlliməsi Könül xanım Orucova məktəbin ən fəal və sevilən pedaqoqlarından biridir.  Onunla telefon əlaqəsi yaratdıq. İşlədiyi məktəbdə Sülh korpusunun könüllüsü Sara Bullok barədə fikirlərini bizimlə bölüşməsini xahiş etdik.  Müraciətimizi məmnuniyyətlə qəbul edən Könül xanım sözügedən mövzu haqqında bizimlə ətraflı söhbət etdi:
- Məktəbimiz 2009-cu ildə artıq dördüncü dəfə idi ki, Sülh korpusu (Peace Corps) ofisinə Sülh korpusu könüllüsü üçün tələbnamə (Request for a Peace Corps Volunteer) göndərirdi.
2010-cu ildə  müraciətimizi qəbul edən Sülh korpusu agentliyi bu ilin sonunda könüllüsünü məktəbimizə göndərəcəyi haqda qərarını məktub vasitəsilə bizə bildirdi. Elə həmin ilin noyabr ayında (21-23) keçirilən "İcmaya inteqrasiya əlaqələndiriciləri konfransı"na dəvət aldım. "Neapol" hotelində keçirilən konfrans həm də tərəfdaşlıq konfransı idi.  
Elə orada mən ilk dəfə Salli Bullokla (əsl adı Saradır. Amerika vətəndaşlarının əksəriyyətində olduğu kimi Salli onun təxəllüsüdür) tanış oldum. Mən Salli ilə tanış olanda o, artıq 3 ay idi ki, Azərbaycana gəlmişdi və Sumqayıt şəhərinin Saray qəsəbəsində bir ailədə yaşayırdı. Onun artıq Azərbaycan haqqında müəyyən qədər məlumatı var idi. 
Sonralar öyrəndim ki, Salli Masallıya gəlməyə tərəddüd edirmiş. Səbəbi ilə maraqlandım. Məlum oldu ki.kimlərsə onda bu bölgə haqqında xoşagəlməz fikirlər yaratmış, maarif, mədəniyyət və sosial baxımdan ən geridə qalmış bir əyalət olduğunu söyləmişlər. Mən ona bunun əsassız olduğunu izah etdim. Bütün azərbaycanlılar kimi masallılıların da qonaqpərvər, yüksək mədəniyyətə, elmi biliklərə malik olduqları və  Masallının da ölkəmizin digər bölgələri kimi sosial, iqtisadi cəhətdən inkişaf edən rayon olduğunu inandırmağa çalışdım.
 Beləliklə, 2010-cu ilin 8 dekabrında Salli Masallıya gəldi. Hamı tərəfindən o, mehribancasına qarşılandı. Qafur Abıyevin evinə yerləşdirildi. Qafur müəllim və onun həyat yoldaşı Asudə xanım ona öz övladları kimi qayğı göstərirdilər. Birgə çalışdığımıza görə Salli vaxtının çox hissəsini uşaqlarımızla maarifləndirici oyunların keçirilməsinə sərf edir və bundan böyük zövq alırdı. 3 aydan sonra ona məktəbimizə və bizim evə yaxın bir binada mənzil kirayələdik. 
O, məktəbimizə gəldiyi gündən şəhsi keyfiyyətlərinə görə müəllimlər və şagirdlər tərəfindən çox sevildi. Məktəbimizin direktoru Fəxrəddin Talıbzadə başda olmaqla demək olar ki, müəllimlərin və şagirdlərin əksəriyyəti onu öz evlərinə dəvət edib, ailələri ilə tanış etdilər. Salli Azərbaycanda 2 il qalmalı idi. O, Masallını və masallılıları sevdiyi üçün burada fəaliyyətini bir qədər də davam etdirmək istədiyini bildirdi. Biz Sülh korpusuna müraciət edərək, onun Azərbaycanda çalışma müddətinin 1 ildə  artırılmasını xahiş etdik. Onlar da xahişimizi qəbul etdilər. Bu 3 il ərzində Salli insanlardan çox isti münasibət, diqqət və qayğı gördü. Biz ona bir ailə üzvü kimi çox yaxın idik. Milli mətbəximizi sevdiyi üçün onun özünə biş-düşü də öyrətmişdik. Azərbaycanımızı sevdiyi üçün ənənələrimizi,ölkəmiz barədə tarixi həqiqətləri, mədəni irsimizi də böyük həvəslə öyrənirdi. 
Salliylə birlikdə məktəbimizdə çox sayda tədbirlər təşkil edib, keçirirdik. Xatırlayıram ki, hələ Sovet İttifaqı dövründə biz İngiltərədəki həmyaşıdlarımızla məktublaşırdıq. Bu ənənəyə yenidən müraciət edərək, mən Sallidən xahiş etdim ki, Kaliforniyadakı orta məktəblərin biri ilə şagirdlərimiz arasında əlaqə yaradaq və bununla da uşaqlarımızın ingilis dilini öyrənmək maraqlarının daha da artmasına nail ola bilək. O, bu təklifi bəyəndi. Kiçik qardaşı Kameronun təhsil aldığı məktəbin şagirdləri ilə Sallinin anası Libbi tərəfindən əlaqə yaradıldı. Yazışmalar, dostluq əlaqələri bu gün də davam etməkdədir.
Məktəbimizdə ingilis dilində bir çox tədbirlər-o cümlədən, İngilis dili gecəsi, Halloween, Təşəkkür günü, məktəbimizdə yay düşərgələri və s. keçirirdik. Sinfimizdə 400 kitabdan ibarət balaca kitabxana yaratmışdıq. Hər bir kitabı oxuyub, onlara  müvafiq testlər tərtib etmişdik. Həftə ərzində çox kitab oxuyan şagirdə hədiyyə və sertifikatlar verirdik. Salli ilə mənim, ingilis dilini tədris edən digər müəllimlərimizin və məktəbimizin rəhbərliyinin birgə fəaliyyəti öz bəhrəsini verdi. 3 ildir ki, bizim məktəbin şagirdləri GLOW - (Girls Lead Our World-Qızlar dünyanı idarə edir) proqramında iştirak edirlər, qalib olan şagirdlər Qəbələdə pulsuz istirahət edib, xarici pedaqoqlar tərəfindən keçirilən maraqlı təlimlərin qalibləri olublar. Elə bu il də bizim 8-ci sinifdə oxuyan dörd şagirdimiz qalib olmuş və Qəbələdə çox gözəl istirahət etmişdirlər. 
Yazı yarışması Azərbaycanda  və dünyanın digər 16 ölkəsində fikrin, təfəkkürün və ingilis dilinin  bilgilərinin inkişafına şərait yaradan, ildə bir dəfə ingilis dilində keçirilən yaradıcı yarışmadır. 2013-cü ilin martında 6-cı sinifdən peşəkar səviyyəyə qədər olan 300-dən çox azərbaycanlı yarışda iştirak etdi. Qalib gələn iştirakçılar doğma ingilis dilində danışanların komitəsi tərəfindən seçildi. Məktəbimizin 8-ci sinif şagirdi Aydan Seyfullayeva da o qaliblərdən biri oldu. Bu şad xəbəri  Salli Aydana çatdıranda, o, çox sevinmişdi. Biz çox istəyirdik ki, Salli də təltifetmə mərasimində iştirak etsin, yalnız əfsuslar olsun ki, o zaman xeyirxah könüllümüz artıq vətəninə dönmüşdür.
İngilis dilində şagirdlər arasında keçirilən yarışmanın (Write On! Competition) təltifetmə mərasimi 2013-cü il avqustun 24-də baş tutdu. Bütün gənc azərbaycanlı inşa yazı iştirakçıları nailiyyətlərini qeyd etmək üçün Bakıya dəvət olunmuşdular. Mərasim Amerika konsulluğu tərəfindən "Kaspian Biznes" mərkəzində keçirilirdi. Qalib olan iştirakçılar sertifikat və onların yazdıqları inşalardan tərtib edilib, nəşr olunmuş kitabla təltif olundular. Bütün qaliblər rəsmən elan edildi. İştirakçilar çay və çərəz süfrəsinə dəvət olundular. Qonaqlar, ailə üzvləri və dostlar bu mərasimə qatılmışdılar.

* * *

Masallı şəhər 3 saylı  tam orta məktəbin direktoru Fəxrəddin Talıbzadə:  
- Salli məktəbdə yalnız şagirdlərlə deyil,   ingilis dilini öyrənmək həvəsində olan bütün gənclərlə təmənnasız  məşğul olurdu.  Yay tətili günlərində  məktəbin nəzdində düşərgə yaradaraq, uşaqları bura cəlb edib, onlarla hər gün üç saat  ərzində  əyləncəli proqramlar, müxtəlif idman tədbirləri, disputlar keçirirdi. Hətta başqa məktəblərin şagirdləri və onların  valideynləri  bizdən xahiş edirdilər ki, bu düşərgənin "sakinlərindən" biri olsunlar.  Ümumiyyətlə, Sallinin bizimlə keçirdiyi  günlər  əvəzsiz xatirəyə çevrilmişdir. 
Bir məktəb direktoru kimi, mən Sallinin pedaqoji fəaliyyətindən  çox  razı qaldım.  Xüsusilə onun Kaliforniyanın Sokramento şəhərinin məktəbliləri və müəllimləri ilə  həmyerlilərimiz arasında yaratdığı vizual əlaqələri çox  yüksək dəyərləndirirəm. Bu əlaqə nəinki şagirdlərimizin, eləcə də müəllimlərimizin dünyagörüşünün artmasına, ingilis  dili bilgilərinin  daha da mükəmməlləşməsinə, iş təcrübələrinin  təkmilləşdirilməsinə səbəb oldu.  Təbii ki, bu cür kadrlara bizim hər zaman ehtiyacımız var.  İstərdim ki, gələcəkdə də Salli kimi bir mütəxəssis  bizim məktəbdə çalışsın. 
Eyni zamanda, Sallinin  yüksək mənəvi, əxlaqi dəyərlərə malik olduğunu  xüsusilə vurğulamaq istərdim. O, çox tərbiyəli, namuslu, qeyrətli və gözəl xasiyyətə malik olan bir xanımdır. Həmkarları ilə mehriban münasibət yaradaraq, onların sevincinə, kədərinə şərik olub, keçirilən bütün xeyir-şər məclislərində  daima fəal iştirak edib. 
Bir sözlə, Salli çox sadə, təvazökar və xeyirxah insandır. Belə bir xanımla birgə çalışdığımıza, onun bizə bəxş etdiyi təmənnasız əməyinə görə pedaqoji kollektivimiz, şagirdlərimiz və valideynlərimiz adından Salliyə  dərin minnətdarlığımı bildirir, gələcək həyatında və bu xeyirxah işində ona müvəffəqiyyətlər arzu edirəm.

* * *

Masallı şəhər 3 saylı tam orta məktəbin ingilis dili müəlliməsi Minaxanım Babayeva: 
- Salli Bullokla ilk tanışlığım bizim məktəbə gələn gündən başladı. O, mənim dərsimdə iştirak etmək arzusunu bildirdi, mən də böyük məmnuniyyətlə onu  öz sinfimə apardım. Şagirdlər Sallini  xüsusi maraq və   mehribanlıqla qarşıladılar. Axı o, özü də çox səmimi və xoşxasiyyət bir  insandır. Óşaqlarla asanlıqla  dil tapmağı və onları özünə cəlb etməyi  bacarır. Biz birlikdə dərs planları hazırlayıb, maraqlı məşğələlər keçirərdik. 
Salli həm də çox gözəl rəsmlər çəkirdi. Bu rəsm əsərlərinin bir çoxu indi də şagird və müəllimlərimizin otaqlarının divarlarını  bəzəyir.   
Şagirdlərimiz və onların valideynləri  amerikalı müəllimlərini çox sevir, onun bizi tərk etməsindən məyus olublar.   

* * *

Maraqlı cəhətlərdən biri də könüllülərin Azərbaycan dilinə böyük həvəs göstərmələridir. Onlar tez bir zamanda azərbaycanca danışmağı da öyrənirlər. Elə bugünkü qonağımız Sülh korpusunun könüllüsü Sara Bullok da bizə Azərbaycan dilində müsahibə verir.
- Sara, əvvəla, bilmək istərdik ki, Azərbaycan dilini Sizə kim öyrədib?      
-Özüm öyrənmişəm. Əvvəlcə bu diyara vuruldum,sonra isə onun gözəl dilini öyrəndim.
- Ailəniz Amerikaya haradan köçüb?
-İkinci Yekaterinanın dövründə Almaniyadan Ókraynaya köçmüşlər, daha sonralar isə,1917-ci ildə baş vermiş inqilab zamanı ABŞ-da yerləşmişlər.
- Azərbaycandan öncə Sülhməramlı missiyanızı daha hansı ölkələrdə həyata keçirmişsiniz?
-Qırğızıstana göndərilmişdim. 2010-cu ildə orada inqilab baş verdiyinə görə geri çağırıldım. 2-3 aydan sonra isə Azərbaycana dəvət aldım.
- Siz Azərbaycanın cənub bölgəsində yerləşən Masallıya təyin edilmişsiniz. Orada necə qarşılandınız?
--Masallıda işləməyimə baxmayaraq,düşünürəm ki,təkcə bu rayon üçün deyil,bütün Azərbaycan üçün çalışmışam. Əsas məqsədim azərbaycanlı uşaqların (xüsusilə də qızların) ingilis dilini yaxşı bilmələrinə nail olmaq olub. Ancaq ilk vaxtlar qəlişimiz o qədər də birmənalı qarşılanmadı. İnsanlar bizə tez-tez hansı məqsədlə bu işi gördüyümüz haqda suallarla müraciət edirdilər. Yəni, xaricdən gələn bir əcnəbinin onların uşaqlarına təmənnasız dərs deməsinə təəccüblənirdilər. Lakin çox qısa müddətdən sonra bu problemlər öz müsbət həllini tapdı və masallılıların nə dərəcədə maariflənmək,xarici dilləri (əsasən də məhz ingilis dilini) öyrənmək arzusunda olduqlarının və mənə böyük hörmət və sevgi bəslədiklərinin şahidi oldum.
- Masallıda olan ingilis dili müəllimlərilə münasibətləriniz necə idi?
- ×ox gözəl. Onlar məni səmimi qarşılayıb,məmnuniyyətlə ünsiyyət qururdular. Mən də öz növbəmdə müəyyən tövsiyələrim və fikirlərimlə onlarla bölüşürdüm.
-Rəfiqələriniz deyirlər ki, tez-tez sizin kövrəlməyinizin və ara-sıra göz yaşlarınızın şahidi olublar. Vətəniniz üçün darıxırsınız, yoxsa bunun başqa bir səbəbi var?
- Ümumiyyətlə, mən olduqca kövrək insanam. Baxın,yenə də ağlamaq istəyirəm. Azərbaycandan, onun gözəl guşələrindən biri olan Masallıdan, buranın alışıb-isindiyim qonaqpərvər, mehriban insanlarından ayrıldığım üçün. Azərbaycan çox maraqlı  ənənələrilə seçilən, həm də zəngin mədəni irsə, təbii sərvətlərə malik olan  bir ölkədir. Sizin adət-ənənələrinizi,milli mətbəxinizi (ələlxüsus bu bölgənin ən ləziz yeməklərindən biri olan ləvəngini) çox sevdim. Belə münasibəti, yəni qonaqpərvərliyi dünyanın heç bir yerində hələ görməmişdim. Burada qazandığım dostlarım üçün Vətənimdə çox darıxacağam. Elə bil ürəyimin bir parçası məhz Masallıda qalacaq. Hətta Azərbaycanda işlədiyim illər ərzində Bakıya gəlib, Masallıya qayıdanda belə,özümü evimə dönürəm kimi hiss edirdim. Burada insanlar olduqca səmimidirlər. "Sən bizim balalarımıza ingilis dilini tədris etdiyin üçün sənə borcluyuq", deyirlər. Lakin mən hesab edirəm ki, tam əksinə, onların diqqət və qayğılarına görə mən onlara hər zaman minnətdar və borclu olacağam. Masallılı həmkarlarım,dostlarım,qonşularım məni qəbul etdilər,köməklərini əsirgəmədilər. Bura sanki böyük göldür, mən isə bu gölün bir damlası. Göl məni qəbul edib,öz sularına qarışdırdı. İnanın ki,Azərbaycan dilini hələ səlist bilmədiyim üçün yaşadığım xoş hissləri,emosiyaları sizə tam dolğunluğu ilə çatdıra bilmirəm. Amerikada da yaxın və gözəl münasibətdə olduğum dostlarım var. Ancaq qəribə görünsədə,burada mənim xasiyyətimin fərdi xüsusiyyətlərinə oxşar cəhətli insanlara daha çox rast gəlmişəm.
- Xaricdən gələn bir mütəxəssis kimi,Masallıda şagirdlərin, müəllimlərin ingilis dili səviyyələrini necə qiymətləndirərdiniz?
-Orta səviyyədə səciyyələndirərdim. Hesab edirəm ki,dilin yaxşı mənimsənilməsi insanlar arasında mütəmadi ünsiyyət qurmalarından  çox asılıdır. Məsələn, Bakıda əhali arasında çoxları rus dilində yaxşı danışırlar. Əyalətlərdə isə bu göstərici daha aşağı səviyyədədir. Məhz bu məqsədlə Azərbaycanın bölgələrində ingilis dilini öyrətmək və belə əlaqələrin inkişafı üçün sizə kömək etmək istəyirik. Bu baxımdan mən çox rahatam ki, uşaqlara dili mənimsəmək metodikasını öyrədə bildim. Yəni,artıq hər şeyi əzbərləmək o qədər də vacib deyil. ×alışdığım məktəbdə bilikli müəllimlərin sayəsində məhz bizim istifadə etdiyimiz tədris sistemilə təhsil davam edəcək. Hesab edirəm ki,xeyirxahliq hər işin bir qoludur. Bütün sahələrdə insanpərvərlik nümayiş etdirmək olar. ×ünki həyatda insanların harada yaşamasından,hansı millətə,dövlətə mənsub olmasından asılı olmayaraq,biri-birinə qarşı müəyyən borcları var.Əgər mən hər hansısa istedada,bacarığa malikəmsə, o zaman bunu digərlərinə də öyrədib,bölüşməliyəm. İnsanlarin həyatını yaxşı tərəfə dəyişmək arzusu hər birimizdə olsa, görün yaşadığımız dünya necə də gözəl olar! Bu xeyirxah işimi Azərbaycandan gedəndən sonra öz Vətənimdə də mütləq davam etdirəcəyəm. 
-Siz daima xeyirxah işlərlə məşğul olursunuz. Bəs şəxsi karyeranızı qurmaq fikrində heç olmamısınız? Azərbaycandan gedəndən sonra planlarınız nədir?
- Mənim ən böyük arzum rəssam olmaqdır. Lakin bu sahə o qədər də asan deyil. Planlarıma gəldikdə isə, bir müddət Vətənimdə ailəmlə birgə olacağam. 
Azərbaycana gəldiyim ilk vaxtlar mən bir çox çətinliklərlə üzləşmişdim. Məsələn, komunal xərclərin ödənilməsi,ərzaq təminatı və bir çox böyük-kiçik qayğılarım var idi ki, onların həllində kömək edən şəxslərə ehtiyac duyurdum. Təbii ki, mənim də Vətənimə hansısa bir işi icra etmək üçün təşrif buyuranlar var və onlar da mənim yaşadığım çətinliklərlə qarşılaşırlar. Məhz belə işlərdə Amerikaya qələn əcnəbilərə yardım etməyi düşünürəm. Sonra, yəqin ki, yenə də harasa gedəcəyəm.
Lakin bir məqamı qeyd etmək istərdim: harada olduğumdan asılı olmayaraq,mən hər zaman insanlara kömək etməkdən xüsusi zövq alır və rahatlıq tapıram. Bu iş artıq mənim həyat tərzimə çevrilib.
- Sara, buradakı həmkarlarınıza, ingilis dilini tədris etdiyiniz şagirdlərinizə, ünsiyyətdə olduğunuz insanlara arzularınız, ürək sözləriniz nədir?
- Arzu edirəm ki,məqsədlərinə çatmaq üçün inamla addımlamağı bacarsınlar. Həyatlarını istədikləri kimi qura bilsinlər, şən və firavan yaşasınlar! 
Bu sözlərlə Sara bizlə vidalaşıb, həmkarlarıyla hava limanına yollandı. Biz isə hələ xeyli onun insanpərvərliyi,xeyirxahlığı,daxili gözəlliyi barədə düşündük: Yer üzündə belə insanlar nə qədər çox olsalar,həyat bir o qələr də gözəlləşər,insanlar arasında münasibətlər bir o qədər də səmimiləşər.
...O, getdi. Onunla əl verib ayrılarkən, kövrəldiyini gördüm. Üç illik bir zaman kəsiyində həmkar rəfiqələrindən, sevimli şagirdlərindən, qonaqpərvər insanlardan ayrılırdı Sara. O, vətəndaşı olduğu ABŞ-a Azərbaycan boyda Azərbaycana olan bir məhəbbəti aparırdı özüylə. İnsan taleyinin qəribə dönüşləri olur. Bəlkə o, bir də Azərbaycana, özünün dediyi kimi, doğma Masallısına təkrar dönəcək. Budəfəki gəliş həmkarlarının yanına həmkar kimi, rəfiqələrinin yanına rəfiqə kimi, şagirdlərinin yanına müəllimə kimi, kim bilir, bəlkə də bir masallılının gəlini kimi gələcək. Hər necə gəlirsə gəlsin, Sara Azərbaycanı sevdiyi qədər də masallılılar onu sevir, yolunu gözləyirlər.
Xeyirxah işlərində sənə uğurlar arzulayırıq, bizim Sara! Xeyirxah əməllərinə, şəxsi keyfiyyətlərinə və insani dəyərlərinə görə səni sevənlərin biri də artdı. O, mənəm                                                                                 

İRADƏ MƏMMƏDOVA

"Kaspian İzvestiya" Beynəlxalq İnformasiya 
Agentliyinin prezidenti
URL / WWW
http://kelam.az/article/a-8112.html