Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 42 binada keçirilir.İmtahanların idarə olunması üçün 174 imtahan rəhbəri və 1869 nəzarətçi-müəllim cəlb olunub. İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 123 abituriyent xarici ölkələrin vətəndaşıdır. 97 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1302 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.
Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdür.
Bakı şəhərində 10395, Naxçıvanda 980, Gəncədə 2819, Sumqayıtda 1358, Mingəçevirdə 1042, Şəkidə 1459, Ağcabədidə 751, Göyçayda 1078, Şirvanda 880, Lənkəranda 1447, Qubada isə 843 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Bütün qruplar üzrə ixtisas seçimi avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 18-dən 22-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.