Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » QƏZƏL
19.07.13 04:13


Bir yol mənə səndən nola ey gül nəzər olsun.
Köksümdə o nazəndə baxışdan əsər olsun.


Bir dəfə dilinlə məni dindir, soruş əhval,
Hər dəfə nədən, badi-səbadən xəbər olsun.

Pərvanə kimi balu pərim eşqinə yandı,
Pərvanəliyə səndə də nola təpər olsun.

Gündüz-gecə gəl, söyləmişəm ey daş ürəkli,
Arzundu məgər nalə ilə dil qəbər olsun?

Bir dəfə vüsal vədə verib vədi unutdun,
Bu eşqi rəva görmə sözün tək hədər olsun.

Mən təkcə sənə yar demişəm dönmərəm əsla,
Mərdanə o kəsdir ki sözündə kəsər olsun.

Bir dəfə həyat bəxş olur insana, edək cəhd,
Bu sevgi bağında bizə aid bəhər olsun.

Bu şeiri Əziz Pünhana sübh oldu müəssər,
Kaş ömrü onun daima aydın səhər olsun.

* * *   

Bu pərişan ürəyi incidə bilsəydi xəyal.
O gülün eşqinə söz yazmağa olmazdı məcal.

Nə bilirdim nədi hicran, nədi hicran dərdi,
Necə dağlar çəkəcək qəlbimə bilmirdi vüsal.

Inkirə-münkirə qurban, nə soruşduğunu bilir,
Məhşərimdi o zaman ki, yar edə sorğu-sual.

Gah gəzir kölgətək ardımca, gahi pünhan olur,
Gah gəlir məktəbə, gah dərsi atır leyli misal.

Əqlimi bənd eliyib zülfinə boynumda kəmənd,
Sürüyür eşqimi ardımca əcəb ağlu kəmal.

Daha nə yolla deyim ki, sənə gəl, öldüm axı,
Bəs deyil verdin əzab, məndə dəxi qalmadı hal.

Bu Əziz Pünhanın dünyası olardı cənnət,
Qapısın bir dəfə açsaydı gər o huri-cəmal.
URL / WWW
http://kelam.az/article/a-8069.html