Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » RAMAZAN - Bərabərlik ayı
19.07.13 04:07

Bu ayın günləri, gecələri və saatları qiymətlidir...


Azərbaycanlılar arasında geniş yayılan ümumxalq bayramlarından biri də Orucluq bayramıdır. Orucluq bayramı günü də "mübarək", "möminlərin qəlbinə sevinc gətirən günlərdən" biridir. İslam dininə görə, orucluq müsəlmanların əməl etməsi lazım olan on vacib şərtlərin ikincisidir. Oruculuq hər il riayət edildiyi hicri-qəməri (hicri-ay) təqviminin 9-cu ayı olan ramazanda  29 və ya 30 gün müddətində saxlanılır.
Müsəlman icmasında oruc tutma (əs-saym) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanmışdır. Mənbələrdən məlum olur ki, o vaxta qədər bu ay bütpərəst ərəblərin pəhriz adətləri ilə əlaqədar olmuşdur.  Ərəblər hələ islamiyyətdən xeyli əvvəl yay fəslinin çox isti vaxtında müəyyən tədbirlərlə əlaqədar olaraq təsərrüfat həyatını gündüzlər dayandırır, bütün işlər axşama, hava sərinləşən vaxta keçirilirdi.
Qurani-Kərim Allaha ibadətin bu şəklini inkişaf etdirərək orucu Quranın nazil edilməsi və insanlara çatdırılmasının başlanması ilə əlaqələndirmiş və müsəlmanları oruc tutmağa çağırmışdır.

İslamdan əvvəl... 

İslamdan əvvəl meydana gələn dinlərdə də oruc tutmaq haqqında göstərişlər olmuşdur. Tarixi məlumatlara görə, Həzrət Adəmdən (ə) başlayaraq Allahın rəsullarının (onlara salam olsun!) hər biri, o cümlədən Xatəmül-Ənbiya Mühəmməd (s) də bu barədə insanlara xəbərdarlıq etmişdir.
Orucluğun kökləri uzaq keçmişə bağlıdır. Orucluğun meydana gəlməsinin səbəbləri məxəzlərdə və şəriət qanunlarında geniş izah edilir. Qurani-Kərimə görə, şəriətimizdə oruc tutmaq Allah əmridir. Orucluğun yerinə yetirilib-yetirlməməsini müzakirə etməyin özü əbəsdir. Çünki Allah kəlamı muzakirə olunmaz.
İslama qədər orucluq - yeməkdən imtina etmək və ya yeməyi məhdudlaşdırmaq bir qayda olaraq yay fəslinə -  isti dövrlərdə icra olunurdu. İslam dini bərqərar olduqdan sonra Quranı-Kərimin hökümünə əsasən orucluğun ancaq ramazan ayında keçirilməsi qərarlaşmışdır. Bu da hicri-qəməri təqvimi ilə əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür.  
Xüsusən, vəhy dinləri arasında ən yüksək məqamda duran İslamda orucluq təlimi özünün daha kamil və dolğun əksini tapmış, böyük məna və məzmun kəsb etmişdir. 

İslamda orucluq... 

İslamda orucluq ixtiyari deyil, müntəzəm səciyyə kəsb edir, fərdin və ya icmanın həyatında baş vermiş bu və ya digər gözlənilməz dəyişikliklərlə əlaqələndirilmir. Beləliklə, oruc tutan kəsin özündə mənəvi həyatın ən böyük hadisəsini -Allaha yaxınlıq hissini duymaq, qavramaq bacarığı tərbiyə etməsi orucluqla əlaqədar onun qarşısında duran ən mühüm vəzifədir. Belə bir tərbiyənin aşılanması orucluğun ruhani məzmununda İslam anlamının mahiyyətini təşkil edir. Orucluğun möminlər üçün açdığı mənəvi imkanların genişliyini nəzərə alsaq, ramazanda cənnət qapılarının taybatay açılması, Cəhənnəm qapılarının isə bağlanması barədəki hədisi-şərifin mənası aydın olar.
İslam orucluğa həm də əxlaqi-mənəvi təsisat kimi baxır. Həqiqətən, orucluq əsnasında insana, ola bilsin ki, dünya həyatının ən mühüm əxlaqi dərsi təlqin edilir. Harama aludə olmaqdansa özünü ağır sınaqlara və hər cür çətinliklərə sinə gərməyə hazırlamaq daha yaxşıdır.
“İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar"... Quran oruc tutmağı islamın müsbət meyarı kimi götürmüş, başqa vacib əməllərin yerinə yetirilməsində yol verilmiş xətaların orucluq vasitəsilə bağışlanmasının mümkünlüyünü təsbit etmişdir (əl-Bəqərə, 185-ci ayə). 

Orucu necə tutaq... 

Həmin gün dan yerinin sökülməsindən şər qovuşanadək hər cür yemək, içki, oyun, tamaşa, qadına yaxınlıq, şəhvət doğuran hərəkətlər etmək, ciyərə tüstü almaq, sürmə və müşk çəkmək, tütün iyləmək, rahatlanmaq üçün hamama girmək, öpüşmək və s.-dən imtina edilməlidir. Orucluq müddətində (Ramazan ayında) yemək-içməyə gündə iki dəfə - gün çıxmamış "obaşdanlıq" və şər qarışan vaxt "iftar açma" icazə verilir. Hər bir oruc tutan adam iftarını açmazdan əvvəl namaz qılmalı, (əgər onu süfrədə gözləyən yoxsa) dua oxumalı və yalnız sonra əlini yeməyə uzatmalıdır. Oruc tutmaq bütün  müsəlmanlar üçün vacib sayılmaqla burada istisnalara da yol verilir. Xəstələr, yaşlı adamlar, uşaqlar, səfərə çıxanlar, hamilə və südəmər körpəsi olan qadınlar, taqətsiz qocalar və səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə orucu tutmalıdırlar". (Qurani-Kərim, əl-Bəqərə, 184-cü ayə).
Həzrət Peyğəmbərdən (s) hədis var: "Oruc Cəhənnəm oduna qarşı qalxandır."  Başqa bir hədisdə isə buyurulur: "Behiştdə bir qapı var, rəyyan, o qapıdan ancaq oruc tutanlar daxil olarlar".
Ramazan ayının ilk günündən başlayaraq obaşdana durub, xörək yeyib qurtardıqdan sonra bu cür niyyət edilir: "Ramazan ayının orucunu tuturam, qurbətən iləllah".
Ramazan ayının ilk günündən başlayaraq iftar açdıqda - xörək yeməzdən qabaq aşağıdakı dua deyilir: "Allahummə, ləkə sümtü və əla rizğikə, əftərtu və əleykə təvəkkəltu". Sonra ikinci dua belə deyilir: "Ya vasiəl məğfirəti iğfir li". 
Bundan sonra məsləhət görülür ki, bir qurtum ilıq su ilə iftar edilsin. Yəni şəxs orucunu açsın. Bundan sonra əvvəlcə yumşaq, sonra digər nemətlər yeyilir. Bu zaman həddən çox yemək məsləhət görülmür.
Qeyd edək ki, yuxarıda yazdığımız iftar duası ramazan ayının bütün günlərinə şamildir. 

Peyğəmbərin (s) xütbəsindən... 

Həzrət Mühəmməd (s) şaban ayının axırıncı cüməsində səhabələr üçün xütbə oxuyub orucluğun əhəmiyyətindən söhbət açmışdır: "Ey camaat! Allahın ayı bərəkət, rəhmət və bəxşişləri ilə sizə tərəf gəlir. Bu ay ayların ən yaxşısıdır. Günləri, gecələri və saatları qiymətlidir. Bu, elə bir aydır ki, Allahın qonaqlığına dəvət edilirsiniz və Onun ən istəkli qonaqlarından olacaqsınız. Nəfəsləriniz zikr, yuxunuz ibadət, əməlləriniz məqbul, dualarınız isə müstəcəbdir. Buna görə, xalis niyyət və pak qəlbinizlə Allahdan istəyin ki, oruc tutmaqda, Quran oxumaqda və s. ibadətlərdə sizə gömək olsun. Çünki bu ayda özünü bağışlatmayan ən bədbəxt adamdır. Ac və susuz Qiyamətin çətinliyini xatırlayın, füqəraya və əlsiz-ayaqsıza bəxşiş verin, qocalarınıza hörmət göstərin, uşaqlara rəhm edin, qohumluqda mehriban olun.
Ailələrinizi günahdan saxlayın, gözlərinizi haramı görməkdən, qulaqlarınızı haram söhbətləri eşitməkdən qoruyun, yetimlərə mərhəmət edin, tainki gələcəkdə sizin yetimlərinizə də ehtiram etsinlər..."
Orucluqda çox Quran oxumaq, dualar etmək müstəhəbbdir. Həzrət Peyğəmbər (s) ramazan ayının ehtiramını qeyd edərkən belə buyurmuşdur ki, başqa aylardan fərqli olaraq bu zaman bütün ibadətlər birə min hesablanır. Bu baxımdan valideynlərin qəbirlərini ziyarət etmək, ölənlərin ruhuna ehsan vermək, iftar süfrəsi açmaq böyük savabdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hətta, bir para xurma da versən, ehsandır". 

Qədr gecələri... 

Ramazan ayı Qədr gecəsiylə şöhrətlidir, ancaq onun məhz gecəyə düşməsi məlum deyildir. Bu da ilahi sirrlərin biridir, çünki müsəlman ayın bütün gecələrini şərafətlə qəbul edir, borcunu və ibadətini qüdrətli Allah qarşısında yerinə yetirməyə çalışır. Qurani-Kərimdə deyilmişdir: "Qədr  gecəsi savabına görə, min aydan daha xeyirlidir" (əl-Qədr, 3-cü ayə).
Orucluğun ikinci yarısının 19, 21, 23-cü günlərinə "əhya gecəsi" və ya sadəcə olaraq "əhya" (ərəbcə dirilmə, yeniləşmə, bərpa etmə mənasını bildirir) deyirlər. Buna görə də "əhya gecələri" xüsusi gün kimi qeyd olunar, dua edib ehsan verər, halva çalıb paylayardılar. 

Orucluq bayramı... 

Ramazan ayı "id-əl-fitr" deyilən orucluq bayramı ilə başa çatır. Şəvval ayının biri ümumi bayram kimi xüsusi bir sevinclə qeyd edilir. Qocaların söhbətindən bəlli olur ki, keçmişdə bayramın qeyd olunmasını yalnız gecə təzə ay gördükdən sonra elan edirmişlər. Təzə ayın göründüyünü, bayramın başlandığını bildirmək üçün atəşfəşanlıq edərmişlər. 
Fitir bayramı ramazan ayının - orucluğun qurtarması münasibətilə təşkil olunan əsas bayramlardan biridir. Buna əl-Fitir və ya Sıyam bayramı da deyirlər. "Sıyam" ərəbcə "oruc tutmaq" sözündəndir. Farsca "ruzə" deyilir. Fitr bayramı orucluq qurtaran günü, təzə ayın-hilalın ilk rübünün nazik (dırnaq) şəkildə görünməsi ərəfəsindən, yəni şəvval ayının girməsi ilə başlayır. Bu zaman ilk növbədə mömin şəxslər, oruc tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, görüşür, öpüşür, "oruc namazın qəbul olunsun",-deyə dua edirlər. Həmin axşam evdə hər kəsin imkanına görə gözəl bayram süfrəsi açılır, ləziz nemətlər, xörəklər süfrəyə düzülür, evin böyüyü, ağbirçəyi, ağsaqqalı fitrə mərasimi keçirir. Bunun üçün evin ağsaqqalı Allah-Təalaya dua edir. O, ailə üzvlərinə cansağlığı,  xoşbəxtlik, əmin- amanlıq, xalqın rifahının yaxşılığa doğru getməsini, axirətdə səadətə yetişməyi arzu edir.
Sonra fitrə vermək mərasimi başlayır. Bu məqsədlə ailə başçısı ailə üzvlərinin (yəni onun evində çörək yeyənin, hətta orduda xidmət edənin, başqa şəhərlərdə oxuyan tələbənin, o gecə evində olan qonağın sayına görə) hər nəfərə bazar qiyməti ilə 3 kq. buğdanın pulunu ayırır. Həmin pulu orada iştirak edən ailə üzvləri bir-birinə ötürürlər. Yaxşı olar ki, bu fitrə həmin gecə füqəraya çatdırılsın. Əgər o axşam mümkün deyilsə, sabahı gün və ya başqa günlərin birində tanınmış ruhanilərin əlilə fəqir-füqəraya çatdırılsın.
Orucluq bayramı günü obaşdan-sübh namazından sonra hamı məscidlərə cəm olur, birlikdə bayram namazı qılınır. Gunortaya qədər bayram namazı qılınıb qurtarırdı. Böyük təntənə ilə şadlıq mərasimləri təşkil edilir, heyvan kəsilir, gündəlik süfrəsindən fərqli dadlı-ləzzətli yeməklər hazırlayırlar. 
Orucluq müddətində, eyni zamanda, ibadət  işlərinin yerinə yetirilməsinə, Qurani-Kərimin oxunmasına, təmizliyə və paklığa riayət edilməsinə xüsusi diqqət yetirilir. İmkansızların yad edilməsi, sədəqə verilməsi və başqa xeyriyyə işlərinin icrası ayrıca əhəmiyyət daşıyır. 

Orucun bərabərlik fəlsəfəsi... 

Oruc tutmağın bir fəlsəfəsi də ictimaiyyət arasında bərabərçilikdir. Orucluq zamanı varlı da, yoxsul da müsavi - yəni bərabər olur. İmkanlı adamlar ac qalanların halını başa düşür, onlara kömək etməyi özlərinə borc bilirlər.
Ramazan ayında oruc tutmaq insanı cismən və ruhən sağlamlaşdırır, saflaşdırır.  
Əxlaqi-tərbiyəvi baxımdan orucluq dövründə tələb olunan qaydaların gözlənilməsi  insanı şər işlərdən, xoşagəlməz hərəkətlərdən çəkindirir, onu xeyirxah əməllərə, yaxşılığa sövq edir, insanlarda ümumi bir işə səfərbər etmək vərdişi yaradır. Xalq arasında ramazan ayı təmizlik, mehribanlıq, halallıq, səmimiyyət, istiqanlılıq ayı kimi məşhurdur. 
Ramazan ayının başlanması günü bir çox övladlar öz ata-anası, qohum-əqrabasının ruhunu şad etmək məqsədilə onların ruhuna Quran oxuyar və ya oxutdurar, Quranın tapşırılmasını əksərən orucluğun əhya günlərində (ramazan ayının 19, 21, 23-də) təşkil edirlər. 

Orucluq həm 
də sağlamlıqdır... 

Orucluq ilə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Orucluq bir tərəfdən mədə və həzmedici üzvlərin dincəlməsinə səbəb olaraq zəifləməkdən qoruyub yeni qüvvə verir, digər tərəfdən bədəni təhlükəyə salan yağları və zəhərli maddələri əridib azaldır. Orucluq insana xəstəliklərin səbəbləri ilə mübarizə aparmaqda istənilən nəticəni əldə etməyə imkan verir.
Oruc tutan şəxs oruc tutmaqla özünü müalicə edir. Bu barədə Peyğəmbər (s) gözəl hədis buyurmuşdur: "Oruc tutun, tainki sağlam olasınız". Başqa bir hədisdə isə deyilir: "Mədə dərdlərlə dolu olan bir evdir, oruc tutmaq isə ən yaxşı dərmandır". 
Qədim və müasir tibb elmi ac qalmanı müalicənin ən yaxşı vasitələrindən biri hesab edir. Müasir həkimlər xəstəlik törədən əsas amilləri müxtəlif yeməklərin bolluğu ilə əlaqələndirirlər. Belə  ki, izafi maddələr orqanizmdə həll olmayıb, bədənin müxtəlif nöqtələrində piy qatına çevrilərək köklük və qanda əlavə şəkər əmələ gətirir. Bu da müxtəlif xəstəlikiklərin əmələ gəlməsi ilə nəticələnir.
İl ərzində insanın həzm mexanizmi həmişə məşğuldur. İldə bir ay oruc tutmaq bu mürrəkkəb mexanizmə istirahət verir, onu yeniləşdirir. 
Oruc tutanın orqanizmində karbohidratların, proteinlərin, yağların oksidləşməsi (yanması) sürətlənir. Sübut olunmuşdur ki, orqanizimdə əmələ gələn zəhərli maddələri zərərsizləşdirən qaraciyər və maddələr mübadiləsi prosesində lazımsız maddələri süzüb orqanizmdən çıxaran böyrəklər orucluq ayında az işlədikləri üçün bir qədər istirahət edir. Bu səbəbdən də sonra həmin üzvlərin fəaliyyəti yaxşılaşır. Hazırda bir çox ölkələrdə həkimlər bəzi xəstəlikləri aclıqla (ciddi pəhrizlə) müalicə edirlər. Oruc tutanlarda gündüzlər qanın həcmi bir qədər azaldığından yüksəliş-qan təzyiqi də nisbətən azalır, ürək və əsəb sistemi sakitləşir.
Dünyada tanınmış həkim Pol Breyqin yazdığı "Aclığın möcüzələri" kitabı diqqəti daha çox cəlb edir: "...Aclıq insanlara ən qədim zamanlardan tanışdır. Bu ibtidai insanlara yeganə müalicə üsulu idi. Yüzilliklər ərzində insan xəstələndikdə, yaxud yaralandıqda ac qalırdı, çünki məhz qeyri-şüuri instinktiv olaraq belə etmək lazım olduğunu hiss edirdi. İndinin özündə də insan xəstələndikdə əksərən yeməkdən imtina edir. Deməli, bu qeyri-şüuri, instinktiv müalicə üsulu insanlara Allah-Təala tərəfindən nazil olan vəhylərdən biridir".
Bir daha oruc tutan bacı-qardaşlarımızı təbrik edir, onlara Allah-Təaladan can sağlığı, uzun ömür müvəffəqiyyətlər arzu edirəm.
URL / WWW
http://kelam.az/article/a-8067.html