Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » NARKOTİKA: müharibədən də təhlükəli problem
24.06.13 02:52

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üçün Azərbaycan hökuməti tərəfindən hüquqi baza yaradılıb, milli qanunvericilik aktları və Dövlət Proqramı qəbul edilib.

Sağlam gələcək və gənclik istəyiriksə...

Azərbaycanın bununla bağlı beynəlxalq Konvensiyalara qoşulduğunu diqqətə çatdıran Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov sözügedən sənədlər çərçivəsində bir sıra qurumlar tərəfindən  həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini söyləyib: “Lakin bununla arxayınlaşmaq olmaz. Bu, müharibədən də təhlükəli problemdir və bütün dünyanı bürüyüb”. O, bu problemlə mübarizədə qarşılıqlı əməkdaşlıq, birgə təcrübə mübadiləsinin vacibliyini önə çəkib. 
Azərbaycanda narkotik istifadəçilərinin sayının artdığını xatırladan Ə.Həsənov açıqlayıb ki, istifadəçilərin sayı 2500 nəfər artaraq 26 minə çatıb. Komissiya sədri bildirib ki, bu, yalnız qeydiyyata alınanlardır. Bu sayın çox olduğunu istisna etməyən Ə.Həsənov bu problemlə bağlı birgə mübarizə aparmağın vacibliyini bir daha vurğulayıb:  “Əgər biz Azərbaycana sağlam gələcək və gənclik istəyiriksə, bu istiqamətdə birgə mübarizə aparmalıyıq”. 

Azərbaycan hökumətinin BMT-dən tələbi var

“İşğal edilmiş Azərbaycan ərazilərində narkotik istehsalı ilə bağlı məlumatları hesabatlarına daxil etmələri üçün BMT-nin müvafiq qurumlarına müraciət edilib. Biz, həmçinin BMT-nin müvafiq qurumlarından tələb etmişik ki, narkotiklərin daşınmasında istifadə edilən Əfqanıstan - İran - Dağlıq Qarabağ marşrutunu da öz hesabatlarına daxil etsinlər”. Narkotiklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi istifadə edildiyini diqqətə çatdıran Ə.Həsənov narkotiklərin ölkə ərazisindən 4 marşrut üzrə daşındığını vurğulayıb. Baş nazirin müavini bildirib ki, bu, Əfqanıstan - Pakistan - İran - Azərbaycan, Əfqanıstan - İran - Azərbaycan, Əfqanıstan - Orta Asiya - İran – Azərbaycan və Əfqanıstan - İran - Dağlıq Qarabağ marşrutlarıdır: “BMT-nin hesabatlarında birinci üç marşrut qeyd olunur. Biz məsələ qaldırmışıq ki, dördüncü marşrut da BMT-nin hesabatına daxil edilsin. Lakin onlar bunu hesabata salmayıblar. Ümumiyyətlə, Dağlıq Qarabağda narkotiklərin becərilməsi və həmin ərazidən tranzit kimi istifadə olunmasının BMT hesabatlarına salınmasına cəhd etsək də, buna maraq göstərilmir” deyən komissiya sədri əlavə edib ki, erməni diasporunun bu məsləyə böyük təsiri var. O, həmçinin bildirib ki, BMT-nin Vyana ofisi Dağlıq Qarabağ ərazisində narkotiklərlə bağlı monitorinq keçirmək istəsə də, Ermənistan buna qarşı çıxıb.

Narkotikanın ölkədəki sabitliyə mənfi təsiri ola bilər 

İrandan Azərbaycana daxil olan heroinin tərkibində digər xüsusi yeridilmiş kimyəvi maddələr var. Narkotiklərə qarşı Milli Təbliğat ofisinin rəhbəri Məzahir Əfəndiyev qeyd edib ki, heroinin tərkibində yeridilən xüsusi kimyəvi maddələr bilavasitə insanların psixikasına təsir edir: “Həmin psixoloji qeyri-sabitlik də nəticə etibarilə ölkədəki sabitliyə öz mənfi təsirini göstərir. Xüsusilə də bu problemə dair hazırlıqlı olmalıyıq. Güman edirəm ki, bu istiqamətdə yaxın zamanlarda geniş açıqlamalar olacaq”,-deyən M.Əfəndiyev sözügedən halların son illərdə müşahidə olunduğunu söyləyib. 
Məzahir Əfəndiyev qeyd edib ki, dünya problemin həllinə qarşı müasir metodlar tətbiq etməlidir.

Cinayətdə əvəzedici cəza tətbiq oluna bilər

“Bu gün Azərbaycanda müəyyən mənada narkotik istifadəçilərinə qarşı liberal siyasətin tətbiq olunmasına nail olmalıyıq. Çox təəssüflər olsun ki, əldə olunmuş uğurlarla yanaşı, bu gün narkotiklərə aludə olunan istifadəçilərə qarşı lazımı diqqəti hələ də yarada bilməmişik. Narkotikdən asılı olan insanların hüquqlarının təmin olunması istiqamətində nəticələr əldə edə bilməmişik”. Bu fikirləri Narkotiklərə qarşı Milli Təbliğat ofisinin rəhbəri Məzahir Əfəndiyev söyləyib. 
O, hesab edir ki, məhz bu istiqamətdə həm Dövlət Komissiyası, həm də QHT-lər daha çevik və yeni model hazırlanmasına hazır olmalıdır: “Təəssüf ki, xəstə hesab etdiyimiz narkomanları reabilitasiya, müalicə müəssisələrində deyil, penitensiar, islah müəssisələrində görürük. Hesab edirəm ki, məhz bu yanaşmada da yenilik olmalıdır”,-deyən M.Əfəndiyev acıqlayıb ki, Respublika Baş Prokurorluğu artıq bu məsələni nəzarətə götürüb: “Təkliflər hazırlanıb, yəqin ki, bu günlərdə təkliflər hökumətə təqdim olunacaq. O şəxslər ki, narkotik maddələrdən istifadə edir, həqiqətən də xəstə kimi qeydiyyata götürülüblər, onların törətdiyi cinayətdə artıq əvəzedici cəzanın tətbiq olunması təklif edilir”,-deyən M.Əfəndiyev hesab edir ki, bu  cəzanın müəyyən formaları öyrənilməli və  Azərbaycanda qanunvericilikdə nəzərdə tutulmalıdır. 

Mustafa Oruclu
“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-8040.html