Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Məktəblərdə davamiyyət niyə zəifdir?
03.06.13 01:32

Hər kəsə aydındır ki, təhsil, elm və savad olmadan insan iş həyatında istədiyi mövqeyə sahib ola bilməz. Buna görə də hər bir valideyn övladının gələcəyini parlaq  görmək üçün onun təhsilinə xüsusi qayğı və diqqət ilə yanaşmalıdır. Azyaşlı olarkən uşaqların dərslərini tədris etməsinə bir müddət valideyinləri kömək edir. Oxumağa başlayandan sonra isə, uşaq oxumaq məsuliyyətini dərk edərək özü təhsilinə diqqət yetirir, amma bununla iş bitmir. Uşaq böyüdükcə onun maraq dairələri də genişlənir və uşağın bütün bu iş və əyləncələrinə nə vaxtı, nədə ki gücü çatır. Budaki özünü onun təhsilində də büruzə verir. Bəzən soyuq uşaq-valideyn münasibətləri, hazırlıq, yaşayış tərzi, mentalitet və din məsələləri də uşaqların təhsilində böyük rol oynayır.

Son zamanlar şagirdləri məktəbdən və təhsildən uzaqlaşdıran səbəblərdən biri “bunker müəllimləri” və “repititor” hazırlıqlarıdır.  Beləki, ali məktəblərə hazırlaşan şagirdlərin bir hissəsi məktəb dərslərinin əvəzinə əlavə hazırlıqlara gedir. Düzdür, əlavə hazırlığların köməyini inkar etmək olmaz, lakin bunun nəticəsi həmişə ürəkaçan olmur. Məktəb direktorlarının müəyyən məbləğ qarşılığı ilə şagirdin dərsə laqeyd yanaşmasına razılıq verməsi onun məktəb dərslərinə vaxt ayırmamasına və məktəbə ancaq dostlarını görməsi üçün getdiyi bir məkan kimi yanaşmasına səbəb olur. Oxuyan, çalışan şagird üçün ali məktəbə qəbul olmaq çətin olmur, bəs 11 il ərzində heç kitab üzü açmayan şagirdin 8 əsas fənn əvəzinə 5 fənn üzrə hər şeyi cəmi 2 il ərzində öyrənə bilməsi nə qədər mümkündür? Tez-tez bəzi valideynlərin ümüdləri ilə birgə pullarının da itirməsinə şahidi oluruq.
Bəzən məktəblərdə “şagird” siyahısında elələri olur ki, özləri artıq bir neçə ildir valideynləri ilə birgə başqa ölkədə yaşayırlar. Bunu peşə məktəblərinə və texnikumlara da aid etmək olar. Özləri burada yaşamasalar da, adları siyahıda gedir. Çox zaman bu həm valideynləri, həm də rəhbərliyi qane edir. Beləki, xarici ölkədə yaşayıb işləyən valideyn öz vəsaiti ilə “lazımi insanlarla” “ortaq məxrəc”ə gəlib övladı üçün attestat və diplom ala biləcəyinə əmindir. “Artıq” dərs saatlarına görə isə dövlət büdcəsindən pul ayrılır və ayrı-ayrı şəxslərin “halal qisməti” olur. Beləcə nəyinki dövlət büdcəsinə, eləcə də təhsilə, peşələrə və incəsənətə ziyan dəyir.
Məktəbə davamiyyətin zəif olma səbəbləri sırasında mentalitet və dinlə bağlı problemləri qeyd etməmək düzgün olmaz. Beləliklə, Bakının bir çox rayon və kəndlərində, əsasən, qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərdə “yerli mentalitet” formalaşıb. Bu “mentalitetə” əsasən, qız övladlarının təhsili deyil, onların ən uzağı 9 il təhsil alıb sonra ərə getmələri daha önəmlidir. Təhsilini davam etdirmək istəmələrinə baxmayaraq valideyinlərinin onları evdə qalmağa məcbur etməsi barədə gözlərində yaşla danışanlar da az deyil. 9 illik məcburi təhsil haqqında qanun qəbul olunandan sonra bu hallar bir az azaldı, 3-7 illik formal təhsil 9 il ilə əvəz olundu. Hicabla bağlı problemlər də çıxdı. Bəziləri təhsilə görə hicabdan imtina etsə də, hicaba görə təhsildən imtina edib, tam təhsili atanlar da oldu. Ailədə olan fikirlər əsasən qızların təhsildən uzaqlaşmasına səbəb olur, amma bu hallar oğlanlara da aiddir. Peşə və idmanla məşğul olmaq üçün təhsili atan oğlanlar kimi sadəcə oxumaq istəməyib boşuna internet klublarda vaxt keçirmək istəyənlər də vardır. 
Qeyd etmək lazımdır ki, məhz belə övladlar valideyin nəzarətindən bir az da uzaqlaşıb siqaret və narkotika çəkmək kimi pis vərdişlərə sahib olurlar.
Belə bir fikir var, bir oğlan təhsil alanda cəmiyyət tək bir savadlı insan, amma bir qız təhsil alanda – bir savadlı ailə qazanmış olur. Bütün bu problemlərin yaranmaması üçün isti uşaq - valideyn münasibətləri qurulmalıdır, hörmət və istəkdən başqa nəzarət və anlayış olmalıdır. Pis valideyn, pis övlad, pis insan yoxdur, yalnız pis münasibət, qayğı, tərbiyə və həyat tərzi vardır.

Ravid Zaidov

“İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi

Bu məqalə QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə şərşivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-8010.html