Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Yolun üzü xəcalətdən qaralıb…
19.10.09 14:58

Hər gün bu məmləkətdə gördüklərindən təəccüblənə bilmirsən. Bir sözlə Allah-Təalanın İNSAN adlı şah əsərini - məxluqatı itin, küçüyün yerinə qoyan yoxdur. Çox təəssüf ki, bütün bunlara isə bəsdir-bəsdir deyən yoxdur. Hərə özü üçün işindədir…
Hər gün səhər işə gələndə yüzlərlə insanın dayanacaqlarda tir-tir titrədiyini görüb əsəblərini cilovlaya bilmirsən. Bütün dövrlərdə olduğu kimi yenə də paytaxtın nəqliyyat sistemində, xüsusən də yol infrastrukturunda mövcud olan anarxiyanın bir daha şahidi olursan. Bir sözlə insanlar hər gün bir başqa problem yaşayır bu məmləkət də… Bu gün səhər (fevralın 27-si) də Binəqədi qəsəbəsinin dayanacaqları insan selini xatırladırdı. Qəsbənin mərkəzi və ətraf dayanacaqlarında işə-gücə tələsən yüzlərlə qadın-kişi ora-bura vurnuxur, yola çıxmaq üçün sanki aman diləyirdilər. Avtobuslar qeybə çəkilmişdi. Elə bil sanki Ziya Məmmədovun tapşırığı ilə Ramiz Zeynalovun polisləri xırda tutumlu avtobuslara qarşı “səlib yürüşü”nə çıxmışdılar. Lakin ətrafda dayanan Binəqədi yol polisinin əməkdaşları xırda tutumlu avtobuslara qarşı “səlib yürüşü”nün iki gün bundan qabaq başa çatdığını bildirəndən sonra məlum oldu ki, qəsəbənin girişində – Sərdarov zavodunun qarşısı deyilən ərazidə dağılmış yolu düzəldirlər. Həm də səhər-səhər… İnsanların işə, dərsə və nə bilim daha hansı zəruri işlərini görmək üçün getdikləri bir vaxtda…
Vallah adam dəhşətə gəlir. Bütün gecəni, gündüzün ara vaxtlarını qoyub səhər-səhər böyük bir qəsəbəyə giriş-çıxışı bağlayıb asfalt döşəmək yalnız və yalnız başsız başbilənlərin işi ola bilər. Mən inana bilmərəm ki, Ziya Məmmədov həzrətləri bu barədə göstəriş versin. Yəni desin ki, səhər-səhər yolu bağlayıb insanları dayanacaqlarda saatlarla gözlədin. Bu məsələnin bir tərəfi..
Məsələnin digər tərəfinə gəlincə… Dağılmış yolu artıq son bir ayda bəlkə də üç-dördüncü dəfədir düzəldirlər. Necə düzəldirlərsə, bir həftə çəkmir, yenidən dağılır. Və beləliklə maliyyə böhranı zamanı vətəndaş işsiz qalmır. Ziya Məmmədovun yol düzəldənləri üçün əlavə iş yeri meydana çıxır. Təbii ki, işçisinə qarşı bu qədər diqqətli olan yalnız və yalnız Ziya Məmmədov kimi işəgötürən ola bilərdi…
Əlbətdə, Z.Məmmədovun bu diqqəti qəsəbə sakinləri, xüsusən də qəsəbənin ərazisindən keçərək Novxanı, Fatmeyi bağlarındakı milyonlarla dollarlıq villalarına gedən məmur-mütləqlər tərəfindən yüksək qiymətləndiriləcək.
Son söz əvəzi: Vallah Allah-Təala ilk növbədə Novxanıda bağı-villası olan iri çaplı məmurların, xüsusən də nazir və nazir müavinlərinin, sonra isə yola asfalt döşəyən təşkilat rəhbərlərinin ölənlərini rəhmət eləsin. Əgər Novxanıda bağı-villası olan iri çaplı məmurlar olmasaydı o yol Qiyamətə qədər düzəlməzdi. Necə ki, ötən yay mövsümü bağlanandan sonra o yola baxan, bu yolda niyə belə çala-çuxur yaranıb deyən yox idi…
URL / WWW
http://kelam.az/article/a-80.html