Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Narkomaniya bəlası
27.05.13 02:01


Narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdir. Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. 

Tarixə ekskurs...

Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, tiryəkli preparatlar orta əsrlərdə təbabətdə geniş yayılmış, tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazma və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunub. 
Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi müasir dövrümüzdə də aktualdır və eyni zamanda, insan orqanizminə, səhhətə, sağlamlığa, mənəviyyata ən sağalmaz zərbələr vuran, ən çirkin, ən ikrahedici vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu kimi qədim zamanlarda da ən xoşagəlməz vərdiş kimi qəbul edilmişdir. 
Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehlakçılarının acınacaqlı vəziyyətinin şahidi olduqda, bunu yanlış olaraq həmin xalqın ənənələri ilə bağlamış, hətta Hindistanı gəzən bir alim tiryəkdən fiziki asılılığı belə şərh etmişdir: “Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir”. 
Fransada ziyalıların dəbdə olduğu “Həşişçilər məclisi”nin üzvü, məşur şair Şarl Bodler (1821-1867) “Süni cənnət” əsərində özünün mübtəla olduğu “ağ sərxoşluq” mərhələsini şəxsi təcrübəsinə əsaslanaraq belə təsvir etmişdir: “Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərəbərlik işarəsi qoymaq olar, ya yox. Lakin mən təsdiq edirəm ki, onların biri sakitcə tovlayan (həşiş), digəri isə əndazə bilməyən iblisdir.” 
Narkotik aslılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. İyirminci yüz illiyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqlarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etməsi üçün bir vasitəyə çevrilmişdir. 

Narkocinayət gizli şəraitdə baş verir

Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin Azərbaycanda vəziyyəti və narkotik vəsitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş bu qəbildən olan cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən savayı, təqribi hesablamalara əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunmalı, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilməlidir. 
Yuxarıda deyilənləri Amerika Birləşmiş Ştatlarının timsalında bariz şəkildə görmək olar. İqtisadi cəhətdən son dərəcə inkişaf etmiş bu dövlətdə qeyri-qanuni dövriyyədə olan narkotik vasitələrin nəzarət edilən faizi narkomanların ilk növbədə düzgün qeydiyyatına əsaslanaraq hesablanır və həmin nəticələrə uyğun olaraq müxtəlif xarakterli tədbirlər işlənib hazırlanır. 

Antinarkomaniya 
ümumdövlət vəzifəsidir...

Son illər respublikamızda da narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı xeyli artırmışlar. Ümummilli lider Heydər Əliyev Narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər kefiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 
Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” AR Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. 
Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. 

Narkomanlıq sərhəd tanımır... 

Bəli, narkomanlıq eynən narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir. 
Təəssüf hissi ilə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib və ən acınacaqlısı budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Əlbəttdə, bir sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də dəhşətli şəkil almayıb. Bununla, bəlkə də, razılaşmaq olardı. Lakin yaddan çıxartmamalıyıq ki, narkomanlıq yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Narkotiklərlə bağlı cinayətlərin latentliyi, bu növ hüquq pozmalarının rəsmi qeydiyyatdan kənarda qalma faizi olduqca yüksəkdir. Deməli, fəlakət qapının astanasındadır və bu barədə ciddi düşünməyin, həyəcan təbili döyməyin vaxtı çatmışdır. 
Etiraf edək ki, SSRİ dövründə yaşadığımız 70 il ərzində biz narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışmış və nəticə etibarı ilə, asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin qol-qanad açmasına öz laqeyidliyimizlə şərait yaratmış, antinarkotik təbliğat və maariflənməyə isə məhəl də qoymamışıq. Narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən qapalı saxlanılıb. 
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminin üzərindən də pərdələr götürüldü və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxdı. Bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanıldı. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldı.

Mustafa Oruclu
“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-7993.html