Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şamaxı “Cümə” məscidi: əsrlərin sınağından bu günə...
16.05.13 16:54

Təkcə Azərbaycanın deyil, bütövlüklə Cənubi Qafqazın ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir. Lakin bu məscidin yerində daha qədim məbəd olduğuna əsas verən əlamətlər onun üç mehrablı olması və buna müvafiq olaraq daxili quruluşunun üç hissəyə bölünməsidir. 
Qədim yunan və roma mənbələrində Albaniya, qədim ərəb səlnamələrində isə “Arran” adlandırılan Şimali Azərbaycan VII əsrin ortalarında üç imperiyanın Ərəb xilafəti, Bizans imperiyası və Xəzər xaqanlığının hücumlarına məruz qalırdı və bunun nəticəsində üç imperiyadan asılı vəziyyətdə qalmışdı. Lakin xilafət orduları Azərbaycanı işğal etdikdən sonra Bizans imperiyasının təsiri, ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmış, Xəzər xaqanlığı isə müəyyən müddətdən sonra süquta uğramışdır. Şamaxı Cümə məscidinin inşası da məhz bu dövrə təsadüf edir. Bəzi mənbələrdə göstərildiyinə görə bu məsciddə Xəzər xaqanı İslam dinini qəbul etmişdir. 


Şamaxı Cümə Məscidi dünyanın sonunu xatırladan dəhşətli fəlakətə belə davam gətirdi... 

XVII əsrin əvvəllərində səyyah Övliya Çələbinin apardığı qeydlərə əsaslansaq, Şamaxıda Bizans nümunəsində olan böyük bir məscid mövcud olmuşdur. Məscidin həyətində isə mədrəsə otaqları fəaliyyət göstərirdi. Çələbinin verdiyi təsvirdən az sonra Şamaxı tarixində baş verən ən dəhşətli zəlzələ şəhəri, demək olar ki, yerlə yeksan etmişdi. Bəzi Qərb səyyahlarının məlumatlarına görə, uzaqdan baxanda göz qarşısında torpaqlar aralanır, kəndlər evlər qarışıq yoxa çıxırdı. Lakin Şamaxı Cümə Məscidi dünyanın sonunu xatırladan bu dəhşətli fəlakətə belə davam gətirdi. 1846-cı ildən etibarən Şamaxı Qafqazın ən böyük quberniyalarından sayılırdı. Lakin 1859-cu ildə növbəti zəlzələ şəhəri alt-üst etdi və bununla əlaqədar quberniya mərkəzi Bakıya köçürüldü. Quberniya mərkəzinin köçürülməsinə baxmayaraq, Qafqaz canişininin müraciəti və çar administrasiyasının göstərişi ilə Şamaxı şəhərində tez bir zamanda bərpa işləri həyata keçirildi. Məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova etibar olundu. Möhkəm və dayanıqlı, min illərin fəlakətlərinə sinə gərən Cümə məscidi yenidən öz qapılarını mömin müsəlmanların üzünə açdı. Nəhayət, 1902-ci il. Növbəti zəlzələ insanlarda elə bir vahimə yaratdı ki, onların böyük əksəriyyəti artıq bu yerləri tərk etməyi qərara aldı. Lakin əsrlərə davam gətirmiş, dayandığı məkana bağlı Cümə məscidi yerində qalırdı. Növbəti zəlzələdən sonra, məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verildi. Bərpa əvvəl memar Zivərbəy Əhmədbəyovun, sonra isə polşalı memar-mühəndis Yozef Ploşkonun layihəsi əsasında aparıldı. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri sona qədər tamamlanmadı.

Azğınlaşmış erməni quldurları heç nəyə baxmadan məscid binasını insanlarla bərabər yandırmaqdan çəkinmədilər...

Məscid tamamlanmamış halda belə, öz əzəmətini qoruyub saxlayırdı. 1918-ci ildə silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən Mart qırğınları zamanı Şamaxı əhalisinin xeyli hissəsi məsciddə sığınacaq tapmağa çalışdı. Lakin azğınlaşmış erməni quldurları heç nəyə baxmadan məscid binasını insanlarla bərabər yandırmaqdan çəkinmədilər. Beləliklə, əsrlər boyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi son yüz ildə daha iki dəhşətli zərbəyə davam gətirdi: erməni yağıları tərəfindən törədilən yanğına və Sovet hakimiyyəti illərində sanki xalqa gözdağı verilməsi kimi yararsız və baxımsız hala salınmağına. Görünür bu da tarixin amansız şərtlərindən biridir; xalq öz mənəvi və maddi dəyərlərinə sadiqliyini yalnız belə sınaqlardan çıxmaqla nümayiş etdirə bilər. Cümə məscidi hər dəfə aldığı zərbələrə bərpa olunmaqla cavab verdi. Tarixi və təbii fəlakətlərdən sonra məscidin yenidən dirçəlişi zaman-zaman zərbələr görmüş milli kimliyimizin, bütün Qafqazda milli-mənəvi dəyərlərin mərkəzində durmağımızın dirçəlişi oldu.

1920-ci ildən sonra, Sovet hakimiyyəti dövründə Cümə məscidi toxunulmaz qalsa da, fəaliyyət göstərmir, insanların gözündə nüfuzdan salınırdı. Həmçinin, bu dövrdə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Ancaq Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə yenidən təmir olunmuşdur.

Azərbaycan müstəqillik qazandıqdan sonra Şamaxı əhalisinin mömin bəndələri yenidən axın-axın Cümə məscidinə üz tutmağa başladılar. 

Min illərdən gələn tarixinin yeni nurlu səhifəsi...

Haşiyə: 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılmışdır. Hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən, Şamaxı Cümə məscidində və Gəncə şəhər İmamzadə ziyarətgahında müvafiq işlər davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən 7 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunmuşdur.

Milli-mənəvi dəyərlərimizin hamisinə çevrilmiş Heydər Əliyev Fondu tərəfindən bərpası təşəbbüsü irəli sürülmüş Şamaxı Cümə məscidində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2009-cu ildə imzaladığı müvafiq Sərəncama əsasən genişhəcmli və əsaslı təmir işləri başlamışdır.

Demək olar ki, Azərbaycan tarixinin bu nadir incisinə ikinci həyat verilmişdir. Baş plana əsasən Cümə məscidini üç tərəfdən əhatə edən, tağvari dəhlizlər inşa olunub, yenidən bərpa edilmiş günbəzi və minarələri isə həqiqətən Azərbaycan milli-memarlıq və nəqqaşlıq sənətlərinin şah əsərləri hesab oluna bilər. Məscidin ərazisində ikimərtəbəli inzibati bina, məişət binası, məscidə gedən körpücük yenidən tikilib, konfrans zalları, kitabxana, dəstəmaz yerləri və digər otaqlar insa edilib. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Cümə Məscidində aparılan bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli-memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi tanınan və yüksək ehtiram göstərilən memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə Məscidinin yenidən dirçəlməsinə imkan verir.

İnsanlar yaranışdan işığa doğru gedib, işıq ətrafında birləşib, yaşayıb, yaradıb, gələcəyə yol açıb. Bir gün, bir an dayanmaq zülmətin bərpası deməkdir. Bu gün dayanmadan və sürətlə inkişaf edən ölkəmizin başçısı İlham Əliyev xalqımızın min illərdən gələn tarixinin yeni nurlu səhifəsini açmaq, işıqlı gələcəyi bərpa etmək kimi tarixi missiyanı həyata keçirir. 

Bərpa edilən məscidlərimiz, milli-mənəvi dəyərlərimiz durduqca yurdumuzun işığı saçacaq, xalqımızın çırağı əbədi yanacaqdır. 
URL / WWW
http://kelam.az/article/a-7976.html