Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Forumda “Funksional cəmiyyətlər naminə mədəniyyətlərarası və dinlərarası münasibətlər” müzakirə olundu
08.05.13 19:47

Bakıda keçirilən Cənubi Qafqaz Forumu mayın 8-də ikinci iş gününə “Funksional cəmiyyətlər naminə mədəniyyətlərarası və dinlərarası münasibətlər” və “Şəxsiyyətin plüralizmi” mövzularında paralel sessiyalarla başlayıb. “Funksional cəmiyyətlər naminə mədəniyyətlərarası və dinlərarası münasibətlər” mövzusunda birinci sessiyanın moderatoru - Misirin İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin dinlərarası və mədəniyyətlərarası dialoqun, tolerantlığın əhəmiyyətindən danışmış, bu məsələlərin müzakirəsinə imkan yaratması baxımından Forumun işini yüksək qiymətləndirib.
Litvanın sabiq Prezidenti, Madrid Klubunun üzvü Valdas Adamkus icmalar arasında münasibətlərdə dinin oynadığı roldan danışmış, ölkəsinin bu sahədə təcrübəsini bölüşüb. Müstəqilliyin bərpasından sonra ölkəsində bütün dinlərə sərbəst şəraitin yaradıldığını bildirən sabiq Prezident Litva Konstitusiyasında bunun üçün hüquqi təminatların əksini tapdığını diqqətə çatdırıb.
Dünyəvi bir dövlətin prezidenti olduğunu xatırladan Uruqvayın sabiq dövlət başçısı, Madrid Klubunun üzvü Luis Alberto Lakalle tolerantlıq, sülh və insan hüquqları kimi dəyərlərin insanların irqindən, dinindən, yoxsul və ya zəngin olmasından daha önəmli olduğunu qeyd edib. O, həmin dəyərlərin cəmiyyətdə konsensusun bərqərar olunmasında əhəmiyyətini xüsusi vurğulayaraq bu baxımdan dünyəvi dövlətlərin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Bolqarıstanın sabiq Prezidenti Petra Stoyanov bu mötəbər tədbirin təşkilatçılarına təşəkkür edərək Forumun mühüm məsələlərin müzakirə olunması üçün əlverişli imkanlar yaratdığını bildirib. Sessiyanın mövzusunun günümüzün aktual tələblərini əks etdirən məsələ olduğunu vurğulayan P.Stoyanov müasir cəmiyyətlərin, mədəniyyətlərin, dinlərin bir-biri ilə qarşılıqlı münasibətlər şəraitində yaşamasının vacibliyindən danışıb. Bunun üçün biz bir-birimizi başa düşməyi öyrənməliyik. Çünki yalnız bu halda dinlərarası, mədəniyyətlərarası əməkdaşlığa nail ola bilərik. Sabiq Prezident, həmçinin Bolqarıstanda bütün etnik azlıqların dini etiqad azadlıqlarının təminatı üçün hər cür şəraitin yaradıldığından söhbət açıb.
Müsəlman və xristian dünyasının müxtəlifliyini qeyd edən Latviyanın sabiq Prezidenti, Madrid Klubunun üzvü Valdis Zatlers Azərbaycanda olduğu kimi, ölkəsində də bütün dinlərin nümayəndələrinə bərabər imkanların yaradıldığını diqqətə çatdırıb. Latviyanın pravoslav kilsəsi haqqında qanunu qəbul edən nadir ölkələrdən olduğunu vurğulayan Valdis Zatlers bildirib ki, biz yalnız cəmiyyətin hər bir üzvünün seçim azadlığı əsasında tolerantlığa nail ola bilərik. Biz insanları sövq etməliyik ki, digər dinlər haqqında da öyrənsinlər. Yalnız bu yolla biz müxtəlif dinlərə hörmətlə yanaşmanı təmin edə bilərik.
“Şəxsiyyətin plüralizmi” mövzusunda ikinci sessiyanın moderatoru olan ABŞ-ın birinci xanımı Mişel Obamanın şəxsi heyətinin sabiq rəhbəri xanım Suzan Şer cəmiyyətlərimizdə şəxsiyyətin hüquq və azadlıqlarının təminatı istiqamətində hələ də gərgin mübarizənin aparıldığını vurğulayıb. Qeyd olunub ki, internet, iqtisadiyyatın qloballaşması insanların yaxınlaşmasına və daha sıx əməkdaşlığa şərait yaratmaqla yanaşı, müasir dünyamızda bu dəyərlərlə bağlı geniş müzakirələrin aparılmasını təmin edir.
Mavritaniyanın sabiq Prezidenti, Madrid Klubunun üzvü Kassam Utim çıxışında hər bir ölkənin, müxtəlif dinlərə, icmalara mənsub insanların özünəməxsus xüsusiyyətlərinin olduğunu vurğulayaraq bu məsələdə immiqrasiya proseslərinin rolunu xüsusi qeyd edib. Bildirilib ki, bu proseslər cəmiyyətlərin çoxdinli, çoxmədəniyyətli olmasına şərait yaratmışdır.
Cəmiyyətlərin inteqrasiyasında iqtisadiyyatın, xüsusən də ticarətin tarixi rolunu diqqətə çatdıran sabiq Prezident hər bir dövlətin siyasi liderinin doğru qərar qəbul etməklə inteqrasiyanı düzgün istiqamətləndirə bildiklərini vurğulayıb. İqtisadi inkişaf cəmiyyətin paylanmasına kömək edir. Siyasi plüralizmin mövcudluğu müasir cəmiyyətimizdə əhəmiyyətli amillərdən biridir. Bu baxımdan hər bir dövlət üçün seçki sisteminin təkmilləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə hökumətin üzərinə düşən məsuliyyət milli səyləri dəstəkləməkdən ibarətdir.
Bakıda olmaqdan məmnunluğunu vurğulayan Yəmənin sabiq Baş naziri, Madrid Klubunun üzvü Abdulkarim Əl İryani demokratiya olmadan sülhün, sabitliyin təmin edilməsinin, plüralizmin inkişafının mümkünsüzlüyünü bildirib. Müasir sivilizasiyaların qədim ticarətin əsasında formalaşdığını qeyd edən sabiq Baş nazir ölkəsində hökumətin digər dini icmaların nümayəndələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Mərmərə Qrupu Fondunun baş katibi Akkan Suver XXI əsr mədəniyyət və dinlərin əməkdaşlığının, tolerantlığın təmin edilməsi istiqamətində mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun əhəmiyyətindən danışıb. Bildirilib ki, hansı dinə mənsubiyyətinə baxmayaraq hər bir insan ədalətli olmalıdır. Münaqişələrin qarşısını almaq üçün sağlam çərçivənin yaradılmasının və inkişaf etdirilməsinin vacibliyinə toxunan Akkan Suver yalnız bu yolla müasir cəmiyyətdə sülhün və sabitliyin qoruna biləcəyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, əgər biz sülh fəlsəfəsini insanlara aşılamaq istəyiriksə tolerantlığın daha geniş yayılmasına nail olmalıyıq.
İsveçrə Konfederasiyasının sabiq Prezidenti, Madrid Klubunun üzvü Mişelin Kalmi-Rey çıxışında cəmiyyətimizin gündən günə dəyişərək inkişaf etdiyini, İsveçrədə də müxtəlifliyin mövcudluğunu vurğulayıb. O, ölkəsində konstitusiyalı demokratiyanın hökm sürdüyünü, qadın və kişilərin bərabər haqlara məlik olmasının güclü hüquqi baza əsasında tənzimləndiyini diqqətə çatdırıb. İsveçrəyə qonşu ölkələrdən miqrasiya edənlərin sayının artdığını vurğulayan Mişelin Kalmi-Rey müsəlman ölkələrindən gələnlərin sayının xüsusilə çoxaldığını bildirib. Ölkəsində hökumətlə müsəlman və yəhudi komitələri arasında sağlam əməkdaşlıq mühitinin qurulduğunu vurğulayan sabiq Prezident sabit və sağlam cəmiyyət qurulmasının İsveçrənin əsas prioritetlərindən olduğunu qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-7963.html