Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Gəl ki gəlmək vaxtıdır
07.05.13 03:30

Bu günlərdə şair Hacı Arif Buzovnalının “Seçilmiş əsərləri” adlı yeni kitabı işıq üzü görmüşdür. Kitabda Hacı Arif Buzovnalının əvvəllər nəşr olunan toplularından seçilmiş əsərləri və son illər yazdığı yeni şeirləri yer almışdır. Oxuduqca heyran olduğum bu kitabı hər bir ali zövq sahibinə tövsiyə edirəm. Həmçinin “Kəlam” jurnalının hörmətli oxucuları üçün şairin qələmindən çıxan bir neçə şeiri təqdim edirəm. Hörmətlə, dostu Əziz PÜNHAN.
Dilbərim, gizlin qalan çox sirri bilmək vaxtıdır,
Fani ömrün güzgüsündən cəngi silmək vaxtıdır,
Ağlamaq dövranı keçdi, indi gülmək vaxtıdır,
Gözləməkdən təngə gəldim, gəl ki gəlmək vaxtıdır.

Gəlməyə mən etmirəm məcbur səni, xoşluqla gəl,
Vəslətin şövqündəki ruhani sərxoşluqla gəl,
Könlümə sənsizliyi xatırladan boşluqla gəl,
Gözləməkdən təngə gəldim, gəl ki gəlmək vaxtıdır.

Söylədin, əzm et, özündə tap dözüm, döz, tapmadım,
Çox bəhanən qarşısında lal olub söz tapmadım,
Yollarında öz gözümdən başqa bir göz tapmadım,
Gözləməkdən təngə gəldim, gəl ki gəlmək vaxtıdır.

Güldülər əhvalıma ağlı dayazlar, ağladım,
Boş yerə tənə yeyənlər ağlamazlar? Ağladım!
Könlümü sıxdı bu yoxlar, etirazlar, ağladım,
Gözləməkdən təngə gəldim, gəl ki gəlmək vaxtıdır.

Gah dedin guya həvası pisdi kəndin, gəlmədin,
Gah yolun buz bağladı, gah xəstələndin gəlmədin,
Tez gələrdi başqası olsaydı, səndin gəlmədin,
Gözləməkdən təngə gəldim, gəl ki gəlmək vaxtıdır.

Söyləyim ki xəstəyəm, var ehtiyacım dərmana,
Ya dedim ki gözlərimdə göz yaşım dönmüş qana,
Bu şikayətlər, fəğanlar, əl-əmanlar bir yana,
Gözləməkdən təngə gəldim, gəl ki gəlmək vaxtıdır.

Eşq üşün bir əlverişli yer hanı dünya kimi,
Bir həqiqətdir cahan, baxma ona xülya kimi,
İstəyirsən qəbrə qoysunlar səni Leyla kimi?
Gözləməkdən təngə gəldim, gəl ki gəlmək vaxtıdır.

Arifəm, zülmət çökən qəlbimdə yandır bir işıq,
Gəl rəva görmə gülündən ayrı düşsün sarmaşıq,
Nola ki, ey dilbərim, beş gün deyil ayrılmışıq,
Gözləməkdən təngə gəldim, gəl ki gəlmək vaxtıdır.
URL / WWW
http://kelam.az/article/a-7955.html