Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin Beynəlxalq konfransda çıxış etdi
19.03.13 16:24

Bugünkü konfransın mövzusu bütün dünya xalqları üçün çox vacib olan bir məsələyə - "Terrorizmin qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsi" probleminə həsr olunmuşdur. Biz din xadimləri həmişə hesab etmişik ki, terror – insanlığa və ilahi dəyərlərə qarşı yönəldilmiş ən bağışlanılmaz cinayətdir. Allah nəzərində həqiqət ondan ibarətdir ki, bu savaşın mahiyyəti - yanlış, əməli – faciə, nəticəsi – günahsız qurbanlardır! Necə ki, müqəddəs Kitabımız Qur`ani-Kərimdə buyurulur: " Yer üzündə fitnə-fəsad törətməmiş günahsız bir insanı qətl edən - bütün insanlığı qətl etmiş kimidir. Bir kimsənin həyatını xilas edən, həyat verən - bütün insanlığı xilas etmiş kimidir" ( Maidə,32). Çox təəssüf ki, terrorizm və ekstremizmlə mübarizədə səmavi dinlərin mənəvi-əxlaqi dəyərlərindən yetərincə istifadə olunmur. Bizi narahat edən bu məqamlar haqqında, özəlliklə terrorizmin separatçı mahiyyəti barədə dövlət rəhbərimiz, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları dəfələrlə, o cümlədən bu günkü konfransda da kəskin məntiqi fikirlərini bildirmişdir. Azərbaycan dövləti terrorizmdən böyük əziyyətlər çəkmişdir. Millətçi və separatçı terrorizmin acı qurbanları sırasında erməni ekstremistləri tərəfindən işğal olunmuş 20 faiz ərazimiz, bir milyona yaxın yurdlarından zorla çıxarılmış qaçqınlar ordusu, vəhşicəsinə qətliama məruz qalmış Xocalı şəhəri vardır. Bir sıra ölkələrin Xocalı faciəsini soyqırım kimi tanıması faktına görə mən dindarlarımız adından minnətdarlığımı bildirmək istəyirəm. Lakin təəssüf ki, BMT-nin və İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərar və qətnamələrə baxmayaraq, haqq-ədalət hələ tam şəkildə yerini almamışdır. Azərbaycan tarixən tolerantlığı, başqa dinlərə ehtiramlı münasibəti, məzhəblər arası sabitliyi ilə seçilən bir ölkə kimi tanınır. Bizim çoxmillətli regionda xalqlarımızın dostluğunun möhkəmlənməsində, dinlərarası tolerantlıq münasibətlərinin, mədəniyyətlər arası əlaqələrin inkişafında mərhum Ulu Öndərimiz Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bizdə iqtisadi inkişafla yanaşı, milli-mənəvi dəyərlərin təbliğinə, dini abidələrin bərpasına və ən əsası, etiqad azadlığının təminatına dövlətimizin diqqəti hər zaman yüksəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dini mühitə diqqətinin və sonsuz qayğısının sayəsində, həmçinin Heydər Əliyev Fondunun bulavasitə səyləri ilə Azərbaycanın qədim məscidləri, kilsələri, sinaqoqları təmir və bərpa olunubdur. Dövlətimiz tərəfindən dindarlar və dini mühitün inkişafı üçün yaradılan münbit şəraitin nəticəsidir ki, biz bu gün burada, bu möhtəşəm məclisdə toplaşıb bütün dünyaya mənəvi birliyimizi və fikir həmrəyliyimizi nümayiş etdiririk. Hesab edirəm ki, din-dövlət münasibətləri və tolerantlıq ənənələri sahəsində biz dünyaya nümunə ola bilərik. Möhtərəm kofrans iştirakçıları! İslam sülhə və əməkdaşlığa çağıran bütün əməllərə tərəfdar olan bir dindir. Bu şərəfli vəzifəni icra etdiyinizə və belə bir ali məclisdə sülhsevər niyyətlərinizi dünya ictimaiyyətinə çatdırdığınıza görə sizə təşəkkür edir, konfransın işinə uğurlar arzulayıram. Allah-Təalaya duamız budur ki, Onun rizası yolunda sülhə və əmin-amanlığa, xalqların və millətlərin rifahına doğru addım atan hər bir kəsin üzərindən mərhəmətini və kəramətini əsirgəməsin! Fürsətdən istifadə edərək, xalqımızın qədim Novruz bayramı münasibətilə sizləri təbrik edirəm, bu konfransın mahiyyətinə uyğun gələn sülh, barışıq, bahar rəmzlərinin fəaliyyətinizə uğur gətirməsini diləyirəm. Allah yardımçınız olsun! Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuhu.
URL / WWW
http://kelam.az/article/a-7869.html