Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Novruz – Bahar Bayramı
19.03.13 01:26

Novruz - Təzə gün deyilən Novruz bayramı bənzərsiz bayramdır. Novruz bayramı ərəfəsində bizi əhatə edən aləmdə, təbiətdə böyük canlanma, yeniləşmə başlayır. Novruz, adından göründüyü kimi hər şey təzələnir, hər şey yeniləşir. Hər ilin Novruzda bahar fəsli daxil olur. Novruz təzə ilin ilk günüdür. Həmin günü təbiət tarazlaşır, gecə ilə gündüz bərabərləşir. Bütün canlı aləm hərəkətə gəlir. Gözəlliklə sağlamlıq qoşalaşır. Ağaclar tumurcuqlanır, quşlar nəğmə oxuyur, bənövşə kol dibindən boylanaraq başını qaldırır, çiçəklər zoğ verir, torpaqdan könül oxşayan rayihə damağlara yetişir. İnsanın arzuları, sevinci, fərəhi təbiətin gözəllikləri ilə qaynayıb-qarışır.Adəm övladı təbiətlə bəhsə girməyə can atdıqca qayğıları, dərdi-səri də azalır. İnsan bu gözəlliklərdən ruhlanaraq ilhama gəlir,bu zaman onda həyat eşqi, yaşamaq eşqi artır. Yaxşı əməllər, gözəl işlər görməyə çalışır. Novruz bayramının tarixi çox qədimdir. Hələ eramızdan əvvəlki minilliyin sonuna aid olan mixi yazılarda Novruz bayramı haqqında geniş məlumatlar var. Bu bayramın tarixi hələ 12 min il bundan əvvələ gedib çıxır. Aparılan tədqiqatlar təsdiq edir ki, qədim Şumerdə müxtəlif münasibətlər, inam və inanc dünyagörüşləri ilə bağlı çoxlu şənliklər və bayramlar mövcud olub. Alman alimi Evelin Klengel Novruz bayramı "ən böyük və ən vacib yeni il bayramı idi. Bu bayram ölkənin bütün həyatı üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu bayram ancaq insanların bir-biri ilə dostcasına görüşü üçün deyildi. Babillərin rəyincə, bu onların - dövlətin varlığı üçün çox zəruri bayram idi" - deyə bildirir. "Bilqamıs" dastanında da bu qədim adət-ənənələrə hörmət və ehtiramla yanaşılır. Novruz haqqında mövcud olan mənbələrdə bu bayramın hələ zərdüştlikdən xeyli əvvəl qeyd edildiyi göstərilir. Əsasən mart ayının 21 və 22-nə təsadüf edən bu bayram Şərq aləmində daha çox sevilir. Azərbaycanda, Türkiyədə, İranda, Orta Asiyada və bəzi ərəb ölkələrində Novruz bayramı daha geniş və təmtəraqla qeyd olunur. Tarixi mənbələrə görə hələ quldarlıq dövründə bayram yeddi gün davam edir və həmin günlərdə insanlar tam bərabər hüquqa malik olurlar. Qəm-qüssədən, qayğı və ehtiyacdan uzaqlaşır, şən, mehriban, xürrəm yaşayırlar. Bu günlərdə insanlar arasında heç bir fərq olmur: ağa qulu ilə yanaşı gedir, xanım kənizi ilə bir yerdə yatır, bir qabda xörək yeyirlər. Həmin gün insanlar biri-digərinə cəza tətbiq etmir, kimsənin xətrinə belə dəymirlər. Novruz bayramının çərşənbələri haqqında dini kitablarda və folkloramuzda ətraflı məlumatlar var. Çərşənbə xeyirli gündür. Bayramadək son dörd çərşənbənin qeyd edilməsi heç də təsadüfi deyil. Mart adətən ilin boz ayı sayılır. Həm də qışın baharla təhvil-təslim ayı - təzə ilin başlanğıcıdır. Bu ayın dörd müqəddəs çərşənbəsi var: I. Su çərşənbəsi. Su - həyat, aydınlıq, paklıqdır. Sübh tezdən bulaqdan ilkin su gətirmək, axar su üstündən tullanmaq, çərşənbə suyunda yuyunmaq, sağlamlıq, xoşbəxtlik və sevinc rəmzidir. Su çərşənbəsi ilə bağlı bəzi deyimlər bu gün də mövcuddur: -Yuxuda su görmək aydınlıqdır. -Qas qaralanda qaynar suyu torpağa atmazlar. -Od üstə su atmazlar. -Su içən adama toxunmazlar. -İlan da su içən adama toxunmaz. -Pis yuxunu suya danışarlar. II. Od çərşənbəsi Günəş insanlara sevinc gətirdiyi kimi od da sonsuz fərəh, nikbinlik gətirir. Şərq aləmində od, ocaq, atəş müqəddəs sayılır. Od yaşamaq, yaşatmaq rəmzidir. Çox zaman "od haqqı" - deyib and içirlər. Od çərşənbəsi axşamı tonqallar qalanır, üstündən tullanıb deyirlər: Azarım, bezarım, dərdim, sərim tökülsün, odda yansın... Od çərşənbəsi ilə bağlı atalar sözləri: - Ocağın yanar olsun. - Ocağın odlu, süfrən dadlı olsun. - Səni od aparsın. - Oddan pay verməzlər. III. Yel çərşənbəsi. El arasında buna "külək oyadan çərşənbə", "yelli çərşənbə" də deyilir. Həmin dövrdə hava tez-tez dəyişir, eyni gündə külək, yel, gilavar, meh əsir. Su, torpaq, od - bir sözlə, təbiətdə nə varsa, hamısı hərəkətə gəlir. Bütün bunlar yazın gəlişinə işarədir. Bu əsən küləklər barədə bir-birindən maraqlı rəvayətlər, əfsanələr, hədislər də var. Çərdüştilər küləyi müqəddəs hesab etmiş, ona tanrılıq hüququ vermişlər. Avestada "yelin gücü qüdrətli Hörmüzün gücüdür" - deyə bildirilir. Yel çərşənbəsi ilə bağlı xalq deyimləri: - Yel aparan yelinki, yerdə qalan mənimki. - Eldən gələn gülnən gedər. - Yelnən gələn selnən gedər. - Yel olmasa sel də olmaz. - Yelə verdiyin düşmənə qismət olar. - Yel bağlayanı sel acar. IV. Torpaq çərşənbəsi. Buna "suri", "yer" və ya "torpaq" çərşənbəsi də deyirlər. Həmin gün torpaq oyanır. Təbiət gözəlləşir, hər yer yaşıllaşmağa başlayır. Torpaq haqqında minlərlə hikmətlər yaranıb. Təsadüfi deyil ki, yazqabağı insanlar torpağa daha çox meyl edir, ona qayğı ilə yanaşmağa çalışırlar. Çünki insanın ruzisi torpaqdandır, o torpaqdan yaranıb, son məqamda da torpağa qarışır. Torpaq haqqında deyimlər: - Torpağını göz bəbəyi kimi qoru! - Torpağın bərəkətli olsun. - Bu torpaq halal torpaq. Görməsin zaval torpaq. Çərşənbə gəldi çıxdı. Geyin yaşıl, al torpaq! - Torpaqdan pay olmaz - Torpağın qədrini bilməyən ulaya-ulaya qalar. - Torpaqda itki olmaz, - Kötüksüz bitki olmaz... Bu dörd çərşənbənin də əsas mənası insanların dörd ünsürdən yaranmasına işarədir. İnsan orqanizminin əsas tərkibi də su, od, torpaq və havadan ibarətdir. Novruz həm dini, həm də dünyəvi bayramdır. Sovetlər dövründə dini mərasimlərlə yanaşı Novruzu da qadağan etmişdilər. Azərbaycanda Novruz bayramının daha yüksək səviyyədə keçirilməsində Şıxəli Qurbanovun misilsiz rolu var. Elə ona görə də xalqımız Ş.Qurbanovu heç vaxt unutmur və onun əziz xatirəsini daim yad edir. Muhəmməd Peyğəmbərdən (s) soruşurlar: Şəriətlə urfun (adət-ənənə) bağlılığı varmı? Həzrət cavab verir: Əgər xalqın adət-ənənələri şəriətə ziyan vermirsə, o elə şəriətdir. Bu mənada Novruz bir el bayramı kimi hamının ürəyincədir. Təsadüfı deyil ki, İmam Əli (ə) də məhz Novruz günü xəlifəlik taxtan çıxaraq Muhəmməd Peyğəmbərin (s) yolunu davam etdirmiş, İslamın ənənələrini yaşatmış və inkişaf etdirmişdir. Ólu babalarımızın dini etiqadları formalaşmamışdan əvvəl Novruzu bayram edirdilər. Hətta onlar fəza cisimlərini - planetin hərəkətlərini yaxşı öyrənmədikləri bir vaxtda saat və dəqiqələr barədə düzgün məlumatları yox ikən belə ilin təhvilini çox qəribə bir şəraitdə qeyd edirmişlər. Xırda gölməçələr düzəldib ora balıq buraxar, onun ətrafına cəmləşib ilin təhvilini gözləyərmişlər. Onların əqidəsinə görə ilin təhvilini yəni gecə ilə gündüzün bərabərləşməsini balıqlar daha dəqiq duyur və qeyri-adi hərəkətləri ilə suda atılıb düşürlər. Bununla izah edərmişlər ki, köhnə il başa çatdı, təzə il başlandı. Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimlərindəndir. Səməni həm yaşıllığın, həmdə əkinçiliyin rəmzidir. Səməninin varlığı da, həyatvermə mənası da taxıldır. Əkinçilərimiz səməni göyərtməklə növbəti təsərrüfat ilinə bolluq, bərəkət arzulayırlar. Novruz həmçinin sülh, əmin-amanlıq bayramıdır. Novruzda doğulan uşaqlar da gümrah və şən əhval ruhiyyəli olurlar. Bu bayram özü ilə təravət, şuxluq, qürur hissi gətirir. Novruz bayramı mehribanlıq, dostluq, gözəllik bayramıdır. Həmin günü borclu borcunu qaytarmağa, küsülülər barışmağa tələsirlər. Novruzqabağı hamı ev-eşiyini səliqə-səhmana salır, təzə paltar geyinir, köhnə şeyləri evdən çıxarırlar. Bayram axşamı və Novruz günü niyyət etmək, əhd-peyman bağlamaq, ailə üzvlərinin sayı qədər şam yandırmaq elimizin ən ümdə adətlərindəndir. Həmin gün bəd sözlər işlətmək, pis niyyətdə olmaq günah sayılır. Bu günlərdə kimsəni incitmək, kimsənin xətrinə dəymək ən azı sayğısızlıqdır. Novruz insanlara həm də hikmət, xeyirxahlıq, alicənablıq öyrədir. Adamlar evbəev gəzir, bir-birindən hal-əhval tutur,süfrədə oturaraq duz-çörəyi təzələyir, şənlənirlər. Xəstələrə, qocalara, əlillərə baş çəkmək daha böyük savab sayılır. Óşaq və qocalar evinə pay-puş aparmaq gözəl işlərdən hesab olunur. Mərhumların ruhunu şad etmək, ata-ana və yaxınlarının qəbri üstə getmək Allaha xoş gələn əməllərdəndir. Bayram süfrəsində dadlı-ləzzətli xörəklər, şirniyyatlar, meyvələr, boyanmış yumurta və rəmzi məna daşıyan su, güzgü və s. qoyurlar. El içində məclislər qurulur,qocalar hədis söyləyir, çaparlar at çapır, cavanlar qurşaq tutur, gənclərimiz yallı gedirlər. Qız-gəlinlər bayram libasında xonça gəzdirir, ağsaqqalları, ağbirçəkləri sevindirir, xeyir-dualar qazanırlar. Novruzqabağı gücü-qüvvəti ən nəcib, ən faydalı işlərə sərf etmək bəyənilən əməllərdəndir. 70-ci illərdə Bakıda gözəl bir ənənə yaranmışdı. Yazqabağı iməcliklər keçirilirdi. Fabrik-zavodların ətrafı, küçə və həyətlər abadlaşdırlırdı. Bağ və parklarda ağaclar, gül-çiçəklər əkilirdi. Onu da qeyd edim ki, bayram günü təbiət oyandığından həmin gün torpaq narahat edilmir, ona toxunulmur. Bayrama hazırlıq işləri adətən əvvəlcədən, Novruzadək hər gün görülür. Novruzu rəngarəng və maraqlı keçirmək üçün müxtəlif nazirliklər daha çox iş görürlər. Ənənəvi bayram şənliklərinin mütəşəkkil keçirilməsi, tərbiyəvi baxımdan da faydalıdır. Bunlar Novruz bayramı haqqında olan qısa məlumatlardır. Sonda bir daha Novruz bayramınız mübarək! Süfrəniz bollu-bərəkətli olsun! Sizə xoşbəxt həyat arzulayır və deyirəm: Tezliklə Novruz bayramını işğal olunmuş torpaqlarda - Şuşada, Ağdamda, Kəlbəcərdə, Çəngilanda və bütün Azərbaycanda qeyd edək. Azərbaycan torpağı həmişə gülli-çiçəkli, bahar təravətli olsun. Amin!
URL / WWW
http://kelam.az/article/a-7865.html