Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Lənkəranski - atasının qatilini məhkəmədə güllələyən avtoritetin portreti
11.03.13 18:23

Kriminal aləmin əfsanəvi simalarından biri Rövşən Lənkaranski keşməkeşli ömür yolu  Azərbaycanda oğru dünyasının nə vaxtdan yaranması ilə bağlı birmənalı fikir yoxdur. Amma bu sahə işlədilən sözlərin böyük bir hissəsinin rus mənşəli olması «qanuni oğruların» Rusiyada formalaşdığını düşünməyə əsas verir. Rusiyada kriminal aləmin yaranması birbaşa Stalin dövrüylə əlaqəlidir. Ancaq belə bir versiyada var ki, çar II Nikolayın dövründə də kriminal aləmin seçilmiş şəxsləri olub. Azərbaycanda həmin dövrlər də bu tip insanlar “qoçu” kimi tanınırdılar. Hətta Azərbaycanın məşhur filmlərində də qoçuların əsas söz sahiblərindən olduğu göstərilir. Sonralar isə Stalinin bu amildən siyasi məqsədlərlə yararlanıb. Stalin bu təşkilatın yaranmasına və o illərdə həbsxanalarda bu qanunun öz təsdiqin tapmasına nəinki mane olub, əksinə rəvac verib, ondan sonra “obşak” diliylə mexanizm qurulub. Amma bu gün “Qanuni Oğru” adını almaq elə də sadə məsələ hesab olunmur. Bu adı almış şəxslər kriminal aləmdə son sözün deyənlərdi, yəni onların sözü mübahisə və müzakirə obyekti olmur. Belə şəxslərdən biri də son günlər təkcə Azərbaycanda deyil, keçmiş sovet ölkələrində və Türkiyədə də adı daha çox çəkilən “Qanuni oğru” Rövşən Lənkaranskidir. 

Rövşən atasının qatilini hakimin gözü qabağında güllələyib

Rövşən Rafiq oğlu Canıyev 1975-ci ildə il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan vətəndaşı, orta təhsilli olan Rövşən Canıyev hal-hazırda ailəlidir. İlk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Canıyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Belə ki, 1992-ci ildə R.Canıyevin milis əməkdaşı olan atası cinayətkar qrup üzvləri tərəfindən qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində bir neçə ildən sonra qatillərdən biri həbs edilib. 1996-cı ildə həmin iş üzrə keçirilən məhkəmə iclasında anası ilə birgə Rövşən də iştirak edir. Törətdiyi əməl barədə danışan müttəhim məhkəmə zalında qətlə yetirdiyi şəxsin ailəsini də məhv etməyi özünə söz verdiyini bildirir. Bu zaman Rövşən Canıyev tapançadan 4 atəş açmaqla müttəhimi öldürüb. Bu əməlinə görə Rövşən 2 il müddətinə azadlıqdan məhrum edilir. Səbail rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. Həbsxanadan çıxdıqdan sonra isə həyatını kriminal aləmlə bağlayıb. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon Məhkəməsinin qərarı ilə R.Canıyev cinayət məsuliyyətindən azad edilib. Rövşən Canıyev oğru aləmində "Rövşən Lənkaranski" kimi tanınır. 2002-ci ildə Rövşən Azərbaycanı tərk edir və Rusiya vətəndaşlığını alır. Elə həmin il də onun barəsində Azərbaycanda açılan cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci ildə axtarış elan olunur. Bir ilin içərisində Rövşən Azərbaycanla yanaşı, keçmiş sovet respublikaları və Avropa da böyük nüfuz qazanır. 2003-cü ildə Lotu Mirseymur ona “Qanuni oğru” adını verib. Sank-Peterbruqdakı azərbaycanlı qruplaşmaların lideri olan “Elçin Yevlaxski” ləqəbli Elçin Əliyevin öldürülməsi də onun adı ilə bağlıdır. 2004-cü ildə R.Caniyev bu qətldə şübhəli şəxs qismində saxlanılsa da, tezliklə azad olunur. 2004-cü ildə isə Rövşən Moskvada Kutaiski klanının liderləri ilə birlikdə “Sxotka” zamanı həbs edilib. Amma bu zaman o üzərindəki saxta pasportu təqdim edib və həbs edilməkdən azad olunub. 

2006-cı ilin aprelindən Moskvada azərbaycanlıların biznesinə nəzarət edir

Cəmi bir ay sonra R.Canıyev ikinci dəfə həbs olunmaqdan canını qurtarıb. Həmin vaxt “sxotka”da iştirak edib. Bu zaman OMON-çularla kriminal aləmin nümayəndələri arasında atışma olur. Rövşən Canıyev aradan çıxa bilib. Sabirabadlı Hikmət, Lotu Mirseymur, Çingiz Axundov öldürüləndən və Baxış Əliyevlə Vaqif Lənkaranskinin həbsindən sonra Moskvada 2006-cı ilin aprelindən azərbaycanlıların biznesinə nəzarət edir. 2008-ci ilin fevralında Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı o, həbs olunub. Şevçenko rayon Məhkəməsi R.Canıyev haqqında 40 günlük həbs qərarı çıxarsa da, Ukraynada qaçqın status aldığına görə həbsdən azad edilib. Daha sonra məhkəmə R.Canıyevin qaçqın statusunu da ləğv edib. 2009-cu ilin dekabrın 3-də həbs olunan R.Canıyev dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.
2010-cu il martın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməyə cəhddə və qanunsuz olaraq odlu silah gəzdirməkdə ittiham olunan R.Canıyev 2 il 10 ay 19 gün həbs cəzası alıb. İstintaq müddətində həbsdə olduğu və kəsilən cəza müddətinin başa çatdığı nəzərə alınaraq, R.Canıyev məhkəmə zalından azadlığa buraxılıb. Prosesi fərqləndirən cəhət ondan ibarət idi ki, məhkəmə açıq olsa da, prosesə media nümayəndələri buraxılmayıb. Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

“Qətlimi yalnız Rövşən Lənkaranski sifariş edə bilər”

2010-cu ilin sentyabrında əsl adı Aslan Usoyan olan "Ded Xasan"a edilən sui-qəsddən sonra yenidən Rövşən Lənkaranskinin adı hallandırıldı. Həmin hadisədə güllə yarası ilə canını qurtaran Aslan Usoyan sonradan qətlini sifariş edən şəxsin adını da açıqlayıb. "Ded Xasan" əmin olduğunu bildirib ki, onun qətlini yalnız son vaxtlar Rusiya və Moskvada liderə çevrilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkaranski sifariş verə bilər. Həmin vaxt Rusiya mətbuatının yazdığına görə, Rövşən Lənkaranskinin liderlik etdiyi qruplaşma Çerkizov və bir çox meyvə-tərəvəz bazarlarına nəzarət edirdi. Qruplaşmanın lideri Rövşən isə əsas cinayətkar klanların iki başçısı – "Ded Xasan" və Tariel Onianinin maraq sahələrinə daxil olaraq bütün yeni nüfuz dairələrini ələ keçirməyə başlayıb. Vaxtilə "Ded Xasan" azərbaycanlılardan ibarət qruplaşma liderinin kriminal aləmdən çıxarılması əmrini verdikdə isə bir zamanlar Usoyandan incik düşən gürcü “oğrular”ı Cemo və Mamuka Mikeladzenin müxalif qruplaşmaları və bəzi digər “avtoritetlər” Rövşən Lənkaranskinin müdafiəsinə qalxıblar.
Rövşən Lənkaranskinin adı bu il yanvarın 16-da Rusiyada (Kremlin yaxınlığındakı “Karetnıy dvor” restoranının girişində) güllələnərək öldürülən “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın qətli ilə yenidən gündəmə gəldi. Əlbəttə, Lənkaranskinin bu qətldə əlinin olub-olmadığını istintaq dəqiqləşdirə bilər. Amma “Ded Xasan”ın tərəfdarları bu ölüm işi ilə bağlı özlərinin apardıqları təhqiqata yekun vurub və yenidən bu qətldə Rövşənin adı hallandırılıb. Qəbul olunan vahid qərara görə, Rövşən Lənkaranski “Ded Xasan”ın qətlinin günahkarı elan olunub. Bununla əlaqədar Rövşən Canıyevə və onun tərəfdarlarına ölüm hökmü çıxarılıb. Qısa müddət sonra isə Moskvada R.Lənkaranskinin sağ əli Rufo Gəncinski kimi tanınan Rüfət Nəsibov artıq öldürülüb.

“Rövşən sağ-salamatdır və hazırda Dubaydadır”

Rusiyada yaşayan Rövşən Lənkaranskinin “Ded Xasan”ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə – Dubaya getdiyi deyilir. Amma deyilir, təbii ki, harada olduğu dəqiq məlum deyil. Qeyd edilir ki, azərbaycanlı avtoritet son zamanlar vaxtının çoxunu elə Birləşmiş Ərəb Əmirliklərində keçirir. Amma o da vurğulanır ki, Lənkaranski ərəb ölkəsində uzun müddət gizlənə bilməyib. Məlumata görə, Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən Birləşmiş Ərəb Əmirliklərinə daxil olan məktubda Rövşən Lənkaranskinin kim olduğu haqda ətraflı bilgi verilib. Bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları R.Lənkaranskiyə ən qısa müddətdə bu ölkəni tərk etməyi əmr ediblər. 
Dünən isə R.Lənkaranskinin öldürülməsi ilə bağlı ziddiyyətli məlumatlar yayıldı. Türkiyə mətbuatı da azərbaycanlı “qanuni oğru” Rövşən Lənkaranskinin öldürülməsi barədə yazıb. Bildirilir ki, kürd əsilli mafiya lideri “Ded Xasan”ın sui-qəsd nəticəsində Moskvada öldürülməsindən sonra onun əsas rəqibi Rövşən Canıyev İstanbulda güllələnib. Bu məlumatın isə Rusiya kəşfiyyat xidmətinin Moskvadakı nüfuzlu mafiya liderlərinin telefon danışıqlarını dinləməsi nəticəsində əldə etdiyi bildirilir. Türkiyə mətbuatı rus mafiyasının Aslan Usoyanı öldürdükdən sonra Lənkaranskinin Türkiyədə gizləndiyini aşkara çıxardığını və onun öldürülməsi üçün İstanbula 5-6 nəfərdən ibarət sui-qəsdi icra edəcək qrup göndərdiyini yazır. İstanbulda mühafizəçiləri ilə dolaşsa da Canıyevin fevralın 2-si İstanbul küçələrindən birində güllə yarasından öldürüldüyü deyilir. 
Türkiyə təhlükəsizlik qüvvələri isə İstanbulda baş tutan sui-qəsdlə bağlı heç bir məlumat verməyib. Rusiya təhlükəsizlik qüvvələrinin yaxın günlərdə Türkiyəyə rəsmi müraciət edərək Canıyevin cəsədinin Rusiyaya təhvil verməsini tələb edəcəyi deyilir. Amma dünən millət vəkili Fəzail Ağamalı (Fəzail Ağamalının qardaşı qızı onun həyat yoldaşıdır) mətbuata açıqlamasında qohumu Lənkaranskinin ölümü ilə bağlı yayılan xəbərlərin doğru olmadığını qeyd edib. Qardaşı Namiq Canıyev də vesti.az-a açıqlamasında Rus KİV-lərinin Rövşən Canıyevin öldürülməsi barədə yazdıqlarının həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, Rövşən sağ-salamatdır və hazırda Dubaydadır. 

Ayxan
URL / WWW
http://kelam.az/article/a-7847.html