Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Çağdaş dövlətçiliyimizdə azərbaycançılıq
11.03.13 18:22

Azərbaycançılıq ideyasını ilk dəfə rəsmi dövlət ideyası kimi siyasi fəaliyyət səhnəsinə çıxaran Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy topçubaşov və  Nəsib bəy Usubbəyli olmuşlar. Dövrün siyasi həyatında baş verən bu yenilik ictimai fikir xadimləri tərəfindən də dəstəklənmişdir. 
Çağdaş dövrümüzdə Azərbaycançılıq ideologiyası isə XX əsrin 80-90-cı illərində - yəni dövlət müstəqilliyimizin bərpası ərəfəsində formalaşmağa başladı. Bu prosesdə əvvəlcə xalq, bir az sonra  - 1990-cı ilin yanvar ayından isə milli-azadlıq hərakatının xüsusi rolu oldu. Bu illərdə həm qabaqcıl düşüncə sahiblərinin əsərləri, məqalə və çıxışları bütövlükdə milli ruhun inkişafına kokləndi, həm də yüksələn xətlə inkişaf edən xalq hərəkatı bu ideyanı bütöv insanların kütləvi düşüncə tərzinə çevirdi. 

Azərbaycançılıq - 
müstəqil Azərbaycanın əsas ideyası... 

Azərbaycançılığın bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Ana Vətənlə əlaqəsi olan soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvoluna, milli ideologiyasına çevrilməsi və ölkədə rəsmi dövlət quruculuğu təcrübəsində həyata keçirilməsi isə 1993-cü ildən başlanır. Təsadüfi deyil ki, Azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi də elə məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissini formalaşdırmağa nail oldu. Ümummilli lider 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu. 
Ümummilli lider Heydər Əliyevin məhz bu movzuda dünya azərbaycanlıları üçün tanış olan bir fikri var. Bu fikiri həm də azərbaycançılığa bir ideoloji tərif kimi də səciyyələndirmək olar: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. 
Azərbaycançılıq ideyasını Heydər Əliyev həm də ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi dəyərləndirirdi. O qeyd edirdi ki, hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxalifətdə durmaq olmaz.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “XXI əsrdə milli dövlətçilik” (Bakı, 2003) kitabında yazır: “Azərbaycan dövlətinin milli-ideoloji əsasları həm “milli ideya”, həm də “ümummilli ideologiya” kimi qəbul etdiyimiz “Azərbaycançılıqdır”. Xalqımızın tarixi keçmişinin, günümüzün realıqlarını, ümummilli psixoloji yönümlərimizi, mentalitetimizi, adət-ənənələrimizi, sivil beynəlxalq təcrübəni nəzərə alan, Azərbaycanın sintetik, yeniliklərə açıq, konsruktiv rol oynayan ideoloji inkişaf konsepsiyası kimi “Azərbaycançılıq” ideologiyasının yaranması və yayılması müstəqillik illərində Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi olmuşdur”.  
Bildiyimiz kimi, hər bir ideologiyanın əsasında gerçəkliyə real münasibət amili dayanır. Bu münasibət tarixin təcrübəsinə əsaslanmalı, tarixi xarakter daşımalıdır. Onun dəyişməsi tarixin cəmiyyət qarşısında irəli sürdüyü tələblərə müvafiq olmalıdılr.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə məsələyə münasibət bildirərkən deyir: “Azərbaycançılığın təkamülü təkcə nəzəri şəkildə deyil, həm də dövlətçilik xətti üzrə baş verir. O, konseptual bir nəzəriyyə kimi Azərbaycan dövlətçiliyinin mənşəyi, mərhələləri və tipləri vasitəsi ilə təsbit olunur. Azərbaycançılıq azərbaycanşünaslığın, Azərbaycan dövlətçiliyi isə azərbaycançılığın tərkib hissəsidir. Dövlət insan və cəmiyyət arasında münasibətin ifadə formasıdır”. N.Şəmsizadəyə görə, Azərbaycançılıq üç təməl üzərində bərqərar olur: türkçülük, islamçılıq və vətənçilik. Onun sözlərinə əsasən, Azərbaycançılığın şah damarı - Azərbaycan dilidir. 

Azərbaycançılıq -
insanların mənəvi səfərbərliyinin başlıca amilidir...

Bu gün qarşımızda duran vəzifələr və gələcək fəaliyyətimiz baxımından Azərbaycançılıq ideologiyasının çağırış və şüar deyil, hərtərəfli dərin elmi-nəzəri məfkurə olmasını hər kəs dərk etməlidir. Azərbaycançılığın əsas qayəsini müstəqillik, dövlətçilik, millilik, dünyəvilik, ədalət, demokratiya, mili tərəqqi və s. kimi anlayışlar təşkil edir. Azərbaycançılıq xalqımızın çətinliklə əldə etdiyi, ölkəmizdə yaşayan bütün millətlərin və etnik qrupların qarşılıqlı ünsiyyət və münasibətini, ümumi taleyini əks etdirən əvəzsiz tarixi sərvətdir. 
Professor Azad Nəbiyev azərbaycançılığın milli dövlətçiliyimizin aparıcı istiqamətinə çevrilməsi, bütün cəmiyyət üzvlərini tam əhatə etməsi, mənəvi birlik və həmrəylik rəmzinə çevrilməsi kimi məsələləri müstəqil dövlətçiliklə bağlayır və əsaslandırır.  
Azərbaycançılıq ideyasının praktiki mənası dövlətçiliyimizin, dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, mütərəqqi adət-ənənələrimizin, qorunub saxlanılmasını, əbədi yaşamasını özünün vətəndaş borcu hesab edən insanların yetişdirilməsidir. Elə insanların tərbiyə edilməlidir ki, o insanlar sadaladığımız dəyərlərlə fəxr etsin, onların yaşadılmasına çalışsın.  
Millət vəkili Zahid Oruc bizimlə söhbətində bildirdi ki, azərbaycançılıq ideologiyası son on ildə dövlətin rəsmi xəttində özünü daha qabarıq göstərməkdədir: "Bu proses daha artıq mənəvi mühiti, müəyyən mənada təhsili, dövlət idarəetmə sistemlərini əhatə etməkdədir”.
Akademik Ramiz Mehdiyev professor Səlahəddin Xəlilovun “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” kitabına yazdığı ön sözdə bu ideyanı daha da genişləndirərək azərbaycançılığın mövcudluğunun iki mühüm şərtini və çərçivəsini göstərir. R.Mehdiyev etiraf edir ki, bu ideologiyanın ayrı-ayrı elementləri ailələrdə, müxtəlif insan və toplumların mənəvi aləmində yaşaya bilir. 

Azərbaycançılııq -
etnik müxtəliflikdə ortaq dəyər kimi...

Ümummilli lider Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsinə çevrildi. 
Azərbaycanın və azərbaycançılığın əzəməti bu müqəddəs diyarı öz Vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də azərbaycançılıığın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bizimlə söhbətində bildirdi ki, azərbaycançılıq ideyası etnik-milli və bəşəri müstəviləri əhatə etmək baxımndan yekcinsliyin təsdiqi deyil, müxətlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. 
Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. 
Yalnız torpağımızda yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvalamaqla kifayətlənməyib, coğrafi sərhədə və məkanların ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz “Azərbaycançılıq ideologiyasıdır”. Azərbaycançılıq həm də cəmiyyətimizin sosial-mədəni və siyasi nizamlanmasını, insanların mənəvi səfərbərliyi və vəhdətinin başlıca amilidir.
Azərbaycançılığın məfkurəvi dəyəri bundadır ki, onun ətrafında ölkəmizdə yaşayan bütün xalqlar, milli etnik qrup və azlıqlar birləşir - “azərbaycanlı” adlanır.

Azərbaycançılıq 
qlobal çağırışlara cavab verirmi?..

Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük əhəmiyyət daşıyır. Bu nöqteyi-nəzərdən azərbaycançılıq ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının ideya əsasını təşkil edir. Belə olan təqdirdə Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. 
Tarix elmlər doktoru, professor Əli Həsənov “Heydər Əliyev və milli dövlətçilik təlimi - azərbaycançılıq” məqləsində yazır: “Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf tendensiyalarını nəzərə alırdı. Əlbəttə, qloballaşan dünyada ölkələrin milli sədlərini, milli-mənəvi dəyərlərini, vətəndaşların milli maraqlarını qorumaq o qədər də asan olmur. Transmilli şirkətlər və onların arxasında duran fövqəldövlətlər ölkələrin milli inkişafı, milli maraqları, milli-mənəvi dəyərlərin qorunması və s. proseslərini çox qısqanclıqla qarşılayırlar. Heydər Əliyev bütün bu reallığı nəzərə alaraq, bir tərəfdən azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər fonunda formalaşdırır, digər tərəfdən dövlət quruculuğu proseslərində xarici təsirləri milli ideologiya süzgəcindən keçirirdi”.
Azərbaycançılıq ideyalarının yayılması və bütün dünyada yaşayan azərbaycanlıların birləşdirici bir amalına çevrilməsi yolunda Heydər Əliyevin təşəbbüsü ilə 9-10 noyabr 2001-ci il tarixdə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının birinci qurultayı və sonrakı illərdə bu toplantıların davamlılığının xüsusi rolu olmuşdur. 
Məsələyə münasibət bildirən filologiya elmləri namizədi Sona Vəliyeva  qeyd edir ki, bütün bu işlər dünyada yaşayan azərbaycanlıların milli şüuru, milli özünüdərkin gücləmnəsinə, onların Azərbaycan dilinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə, dovlətçiliyinə münasibətinin daha da doğmalaşmasına öz müsbət təsirini gostərmişdir.  
Beləliklə, azərbaycançılıq ideologiyası dünən ümummilli lider Heydər Əliyev kimi müdrik bir siyasi liderin, bu gün isə Prezident İlham Əliyevin şəxsində özünün qüdrətli qarantını tapıb.     
                                                                           
Bayram NİFTƏLİYEV
URL / WWW
http://kelam.az/article/a-7846.html