Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Vicdan azadlığı üzərində qurulan dini siyasət
11.03.13 18:21

Bu gün dünyanın siyasi mənzərəsində yeri tezliklə doldurulası mümkün olmayan boşluq əmələ gəlib. Dövlətlər və rəhbərlər yeri gəldi-gəlmədi bu boşluğu dini şüarlarla doldurmağa çalışırlar. Hətta bir az da irəli gedərək hərə öz dininin mükəmməlliyindən, insanlara verə biləcəyi firavan gələcəkdən danışır. Amma çox az dövlət var ki, dinlərarası dialoqun inkişafına səy göstərir. Etnik və dini cəhətdən rəngarəng olan Azərbaycanda isə müxtəlif millətlərin nümayəndələri arasında həmişə dostluq münasibətləri, tolerantlıq ənənələri bərqərar olub. Azərbaycan tolerantlığa dövlətçiliyi möhkəmləndirən, xalqın birliyini və sıralarının sarsılmazlığını təmin edən faktor kimi baxıb. 

Heydər Əliyev və dini tolerantlıq

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə vicdan və dini azadlıqlar yaradıldı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşmağa başladı. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada mövcud olan digər dinlərə də qayğı göstərdi. Ümummilli lider Heydər Əliyev deyirdi ki, biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Bu yanaşmadan irəli gələrək 1999-cu ildən etibarən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 16 noyabr - Tolerantlıq Günü kimi qeyd edilməyə başladı.  
Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən də bəyan edilib. Heydər Əliyev Azərbaycanda mövcud olan dini tolerantlığı yerində görmək və nəticə çıxarmaq üçün digər dinlərin ali rəhbərlərini vaxtaşırı ölkəyə dəvət edirdi. Belə ki, Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın sabiq Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə ölkəmizdəki Rus Provoslav kilsəsini müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi – Müqəddəs Məryamın Miladı Baş Kilsəsi də bərpa olundu.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsinə bariz nümunəni Roma Katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 22-24 may 2002-ci il tarixdə Azərbaycana etdiyi tarixi səfərini də göstərmək olar. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Bu gün katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir. Respublikanın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olunub. 18 noyabr 2004-cü il tarixdə Vatikanda keçirilən görüşdə pontifik Azərbaycandakı dini konfessiyalar arasında mövcud olan münasibətləri yüksək qiymətləndirib. 
Moskvanın və Bütün Rusiyanın hazırda fəaliyyətdə olan Patriarxı Kirill Azərbaycanda bütün dinlərin nümayəndələrinə, eləcə də provaslavlara qarşı heç vaxt ayrı-seçkilik edilmədiyini bildirib: “Azərbaycanda pravoslav xristianlar heç vaxt təqib edilməmişdir...” 
Bu günlərdə (2 fevral, 2013) Rus Pravoslav Kilsəsinin Arxiyerey Məclisində çıxış edən Rus Pravoslav Kilsəsinin Patriarxı deyib ki, Azərbaycanda dini icmalar bərabər hüquqlara malikdirlər. Bununla bərabər, ölkənin hüquq sistemi psevdodini ekstremizm təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir.
Gürcüstan Patriarx Katolikosu II İlya da Azərbaycandakı dini tolerantlığın digər ölkələrə nümunə ola biləcəyini söyləyib.  

Azərbaycanın din siyasəti vicdan azadlığı üzərində qurulub

Azərbaycan qanunları mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycanın din sahəsində apardığı siyasət fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. Dövlətin dini siyasəti həmçinin beynəlxalq hüququn prinsipləri və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Hökumətin din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini verməkdədir. 
Dinlərarası münasibətlərdə Azərbaycan dünyanın ən çox inkişaf etmiş ölkələrinə nümunə göstərilir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri sayəsində mümkün olub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Prezident İlham Əliyev müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar Prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür. Orucluq zamanı Bütün Qafqazın Şeyxinin iqamətgahında keçirilən tədbirlərdə iştirakı, Qurban bayramında xalqı təbrik etməsi və s. müxtəlif vaxtlarda məscidlərə gəlməsi ölkə ictimaiyyəti tərəfindən ehtiramla qarşılanır. Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini hər zaman diqqətə çatdıran Prezident İlham Əliyev dünyada sülhün təmin olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu söyləyib: “Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynayıb. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir.”
Təsadüfi deyil ki, bu gün Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr də fəaliyyət göstərir. Müxtəlif dini icmaların fəaliyyəti  azaddır. Azərbaycanda 160 ildir “Bibliya” çap olunur. Azərbaycan Prezidentinin ayırdığı vəsait hesabına “İohan” Kilsəsi bərpa olunub. Müstəqillik illərindən etibarən ölkə ərazisində 12 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. 
Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın yəhudi icmaları “Soxnut”, “Aqudit İsrail” və “Tşuva İsrail” kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıxı əlaqə saxlayırlar. Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir.  
Heydər Əliyev Fondunun “Azərbaycan - tolerantlığın ünvanı” layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Fond Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının və “Roma katakombalarının bərpasında iştirak edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim və  möhkəm kökləri olduğunu vurğulayır: “Xalqımızın ən gözəl xüsusiyyətlərindən biri bütün millətlərə, dinlərə, mədəniyyətlərə böyük hörmətlə yanaşmasıdır. Biz inanırıq ki, yalnız dialoq, dözümlülük vasitəsilə insanları bir araya gətirmək olar”. 
Azərbaycanda “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının təbliği istiqamətində tədbirlər keçirilir. Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə böyük dini icmaların (müsəlman, yəhudi, rus pravoslav, katolik dini icmaları) iştirakı ilə “Azərbaycanda sülh hərəkatının formalaşdırılması: problemlər və perspektivlər” mövzusunda “Dəyirmi masa”lar təşkil olunub. Tədbirdə ölkə ərazisində yaşayan müxtəlif millətlərin hüquq və azadlıqlarının təmin olunması vəziyyəti müzakirə edilib. Ölkəmizdə sülh hərəkatının formalaşdırılması, bu sahədə milli və dini tolerantlığın rolu, sülh hərəkatının geniş alyans formasında fəaliyyəti üzrə müzakirələr aparılıb, Azərbaycanda Milli Sülh hərəkatının bünövrəsi qoyulub. Sevindirici haldır ki, bu günədək Ombudsmana milli və dini məsələlərlə bağlı heç bir şikayət daxil olmayıb.  
Uşaq və gənclərə dini dözümlülüyün aşılanması məqsədilə “Dinlər uşaqlar üçün” beynəlxalq şəbəkəsi ilə, müxtəlif dinlərin, etnik qrupların və milli azlıqların nümayəndələri ilə sıx əlaqələr saxlanılıb, müxtəlif dini konfessiyaların xadimləri ilə görüşlər təşkil olunub.  
Dözümlülük ənənələrinin qorunub saxlanılmasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə mayak rolunu oynayır. Dini icmaların başçıları arasında tam anlaşma və daha sıx əlaqələrin yaranması məqsədilə Komitə rəhbərliyi mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar keçirir. Komitənin yeni istifadəyə verilən rəsmi saytında mövcud məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, alban abidələri və ziyarətgahlar haqqında geniş məlumatlar yerləşdirilib.  
Bu günlərdə Bakıda Dini  Komitə, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun reallaşması da ölkəmizdə mövcud olan tolerantlığın nümunəsidir. Konfransda çıxış edən Dövlət Komitəsinin sədri Elşad İskəndərov bəyan etdi ki, Azərbaycanda  bütün dinlərin azad və sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Onun fikrincə, ölkəmizdə mövcud olan tolerant mühit və dinlərarası münasibətlər imkan verir ki, İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələri də azad şəkildə fəaliyyət göstərə bilsinlər.
 
Qeyri-ənənəvi dini qruplaşmalar tolerantlıq mühitinə zərbə vurur

Bu gün Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür.
Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 576 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 555-i İslam, 21-i isə qeyri-islam (12 xristian, 6 yəhudi, 1 krişna, 2 bəhai) təmayüllüdür. Qeyri-ənənəvi dini qruplaşmalar heç də hər zaman müqəddəs amala xidmət etmir. Bir çox hallarda isə tam əksinə bəzi siyasilərin əlində alətə çevrilirlər. Bütün bunlar isə onu deməyə əsas verir ki, bu tip icmaların geniş fəaliyyəti ilk öncə ölkəmizdəki yuxarıda qeyd etdiyimiz tolerantlıq mühitinə zərbə vurmaqla, cəmiyyəti uçuruma apara bilər. Buna görə də, bu tip icmaların fəaliyyətinin qarşısının alınması vacibdir. Ancaq insanların dini etiqad azadlığı hüququnu da təhdid etmək yolverilməzdir.
Azərbaycanın dünyəvi, hüquqi, dinin dövlətdən ayrı bir ölkə olduğunu nəzərə alsaq, hakimiyyət də radikal dini abı-havanın əleyhinədir. Hakimiyyətin bu siyasəti əslində normal qarşılanmalıdır. Hakimiyyət İslamın elm, müasirlik humanizm dini olduğunu nəzərə alaraq vətəndaşlarının onun əsl mahiyyətinə yiyələnməsinin tərəfdarıdır. Elə məhz bu nöqteyi-nəzərdən dövlət heç bir radikal dini cərəyanın fəaliyyətinə və inkişafına imkan vermir və buna qarşı haqlı mübarizə aparır. 

Niyaz NİFTİYEV
URL / WWW
http://kelam.az/article/a-7845.html