Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » İmansızlıq sindromu
25.02.13 23:29

Əkrəm Əylislinin “Daş yuxular” əsəri bütövlükdə dövlətimiz, millətimiz və dinimizin aşağılanması ilə qan yaddaşımız köçdü. Əsərdə tarixi yerlərimizin erməniləşdirilməsi, millətimizin vəhşi kimi təqdim olunması və müxtəlif personajlarla tanınmış ziyalılarımızın təhqir olunması ətrafında son günlər çox danışılıb. Biz isə Əkrəmin müqəddəs dəyərlərimizlə bağlı sərsəm fikirlərinə münasibət bildirmək istərdik. 
Ə.Əylisli öz əsərində Allahı, müqəddəs dinimizi, Qurani-Kərimi və Peyğəmbərimiz Həzrət Muhəmmədi (s) təhqir edərək ona aid olmayan məsələlərə müdaxilə etməklə cəmiyyətin nifrətini qazandı. 
Qurani-Kərimə nəzər salaq. Allah-Təala “Əl-Bəqərə” surəsinin 217-ci ayəsində belə buyurur: “…Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!”
Habelə “Tövbə” surəsinin 84-cü ayəsində buyurulur: “Onlardan (münafiqlərdən) ölən heç bir kəsə, heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.”
Əlbəttə, yuxarıdakı ayədə buyurulan “dünya və axirət heçə gedər” ifadələri (vaxtilə gördüyü yaxşı işləri) bu gün dünyada hörmətli Prezidentimizin vasitəsilə həyata keçirildi, dövlət tərəfindən ona verilən təltif və imtiyazlar ləğv olundu. Allahın verdiyi vədə haqdır. Heç şübhəsiz axirət aləmində Allah-Təala da onun haqqında öz hökmünü verəcəkdir. 
O dini təfriqə yaratmağa cəhd edərək xristianlıqla İslamın bərbad müqayisəsi aparıb. Əsərdə Muhəmməd (s) Peyğəmbərin ünvanına savadsız şəkildə səsləndirilmiş aşağılayıcı fikirlər müsəlmanları hiddətləndirməyə bilməzdi. Orada eyni söhbət iki dəfə təkrar olunub. Bir dəfə Saday Sadıqlının, ikinci dəfə isə doktor Fərzaninin dili ilə. Görün bu adam nə qədər bəsit düşüncəli insandır ki, sünnət anlayışından belə əsla xəbəri yoxdur. 
Əsərdə Saday Sadıqlının dilindən, ümumbəşəri din olan İslamın vacib məsələlərindən "sünnət"ə, müsəlmanlara, İslam Peyğəmbəri Həzrət Muhəmmədə (s), hətta Allah-Təlanın özünə qarşı anormal fikirlər səsləndirilir. Belə ki, Nardaranda keçirilən sünnət toyunu obrazlaşdıran Əkrəm Əylisli belə ziyafətin özünün də bilmədiyi qanunlarından söz açır: “Əgər sənə söz veriblərsə, sən həmin qaydalara uyğun olaraq danışmalısan. Axı sünnət şənliyidirsə, nədən danışmaq olar ki? Gərək bunun nə qədər savab iş olduğunu, gigiyena və sağlamlıq üçün nə qədər vacib olduğunu, deyəsən, müqəddəslərdən və imamlardan danışasan. Peyğəmbərin bu mərasimin nə qədər əhəmiyyətli olması ilə bağlı təlimindən, onun müdrikliyindən... Və qonaqlığın ən qızğın yerində hörmətli qonaq kimi Saday Sadıqlıya söz verilir. Bunda nə isə tapırlar. Başlayır mərasimi lağa qoymağa. Sonra tamam azdı, Allah günahımdan keçsin, Peyğəmbərin özünü lağa qoymağa başladı. Deyib, necə yəni, sizin peyğəmbər Allahdan ağıllıdır? Əgər insanda artıq nə isə olsaydı, məgər Allah kor idi ki, bunu görməsin? Necə ola bilər ki, Allah sifəti, gözləri, burunu, qulağı yaradanda səhv etmədi, hər şeyi qaydasında etdi, lənət şeytana, həmin yerə gəlib çatanda isə məktəbli kimi səhvə yol verdi? Bizim Peyğəmbərə kim əmr etdi ki, Allahın səhvini düzəltsin?..."
Göründüyü kimi, əsərdə dini əqidəmiz və İslamın ən mühüm məsələsi olan sünnət lağ obyektinə çevirilir. 
Ə.Əylisli əgər müsəlman olsaydı bilməliydi ki, İslam dinində uşağın doğuluşunun ilk həftəsində yerinə yetirilməsi tövsiyə edilən bəzi əməllər var. Bunların sırasında ilk yerləri uşağa ad qoymaq, qulağına azan və iqamə oxumaq, adına “əqiqə” qurbanı kəsmək, sünnət etdirmək və sairə əməllər başlıca yer tutur. İslama görə, oğlan uşağını sünnət etdirmək vacibdir. Əgər valideyn və ya uşağın vəsisi bu işi vaxtında etməzsə, uşaq özü həddi-büluğa çatandan sonra bunu etməlidir. Sünnət etməyin möcüzələrinin bir neçə əsrdən sonra kəşf edilməsi İslam dinin elmliyindən xəbər verir. 
Belə ki, əgər bir müsəlman sünnət olunmazsa, o Məkkəyə - Həcc ziyarətinə gedə bilməz. Deməli, sünnət məsələsi Həcc ehramının da birinci şərtidir. Ə.Əylislinin “Allah yaddan çıxartdığı” dediyi bu məsələ heç də təəccüblü deyil. Allah-Təala insanları tam və mükəmməl yaratmışdır. Belə ki, ana bətnində uşaqlar üçün diş çıxarma məsələsini dünyaya gəlişindən sonraya saxlaması və uşaq ana döşündən süd əmib qidalanaraq əta-cana dolmasında da bir hikmət var. Bu da hamının bildiyi aydın məsələdir ki, əgər körpə dişli halda dünyaya gəlsəydi, ananın döşləri hər gün qana bulaşardı.
Habelə, kişilərin üz nahiyyəsində bitən tüklər – bığ, saqqal 14-15 yaşından sonra uzanmağa başlayır. Halbu ki, uşaq dünyaya gələrkən yalnız başında tük olur. Maraqlıdır, niyə üzündə olmur? Deməli, burada da bir hikmət var ki, hələ də biz insanlara – elm aləminə məlum deyil.
Digər bir misal kimi dırnaqlarımızın uzanmasının qarşısının alınması, kişilərdə baş və üz tüklərimizin vaxtaşırı qısaldılması insanların sağlam və təmiz həyat tərzi anlamının bariz nümunəsidir. Deməli, xilqət Allaha-Təalaya məxsus olduğu kimi, həyatda yaşayış qanunları da Allahın nümayəndələrinin göstərişi ilə olmalıdır. Bu da zaman-zaman hər dövrün peyğəmbərlərinin və onlara nazil olmuş səmavi kitabların vasitəsi ilə insanlara çatdırılmalıdır. 
Sünnət məsələsi də Həzrət İbrahim Peyğəmbərin zamanından insanların sağlamlığını qoruyan vacib məsələlərdən biri olmuşdur. Sonralar tibb elmi bunun nə qədər düzgün qərar olduğunu dəfələrlə sübut etmişdir. Məgər Allah-Təala insanlarda kor bağırsaq deyilən çıxıntını insan vücudunda səhvən yaratmışdırmı? Əsla yox. Onun da özünəməxsus funkusiyası var. Lakin əksər hallarda öz funkusiyasını itirən həmin çıxıntı vaxtında əməliyyat olunub götürülməzsə, insanın ölümü ilə nəticələnər. Bir də ki, Əkrəm Əylisliyə kim haqq verib ki, Allahın xilqət məslələrini araşdırsın? 
Mərhum Seyid Əzim demişkən: 
 
Etməsin söylə qalayçı üləma qeybətini
Başını salsın aşağı bulasın öz…
İşləsin zövq ilə başmaqçı da öz sənətini
Neçə dövlətli var, Allah alacaq dövlətini
Çün hürər sahibinə it kimi nəccar bu gün
 
Ə.Əylisli də başını aşağı salıb əvvəlki kimi kağızları qaralasaydı daha yaxşı olmazdımı? Habelə onun müsəlmanların qibləsi – Məkkə ilə nə işi var idi? Əgər o Eçmiədzini belə çox istəyirdisə, ailəsinə vəsiyyət edib “mən öləndən sonra qibləyə yox, o tərəfə dəfn edin” deməsi kifayət idi. Görünür, Ə.Əylislinin dinimizə qarşı qərəzli münasibəti onun zatında varmış ki, ömrünün ahıl çağlarında özünü biruzə verdi. Belə bir deyim var: “Qazanda nə varsa, çömçəyə də o gələr.” 
Başqa bir yerdə Ə.Əylisli ümumən müsəlmanlara qarşı fikir səsləndirir: “Həkim, şəhərin müsəlman əhalisinin ermənilərə qarşı qəddarlığından heyrətə düşmüşdü”…
Ə.Əylislinin müsəlmanları qəddar kimi təqdim etməsi absurd olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərimizə böyük xəyanətdir. Halbuki, müsəlmanın tərifini Həzrət Peyğəmbərimizdən (s) soruşanda – müsəlman kimdir deyiləndə O Həzrət buyurmuşdur: ”Müsəlman o adama deyirlər ki, müsəlmanlar onun əlindən və dilindən salamat olsunlar.” İkinci bir hədisdə isə “Müsəlman o adama deyərlər ki, insanlar onun əlindən və dilindən salamat olsunlar”, – deyə buyurmuşdur. 
Baxın, İslam Peyğəmbəri (s) hətta məişətimizdə olan heyvanlara belə əziyyət verməməyi müsəlmanlara tövsiyyə etmişdir. Belə olan halda necə ola bilər ki, Ə.Əylisli müsəlmanları qəddar adlandırsın. 
Digər tərəfdən Qarabağ savaşında ermənilərin qız-gəlinlərimizin başına gətirdiyi oyunlar, Xocalı soyqırımı və digər yaşadıqlarımız hadisələrin fonunda düşmənlərimizin deyil, özümüzün məhz özümüz vasitəsilə qəddar adlandırılması satqınlıqdan, milli xəyanətdən başqa bir şey deyil. 
 
Qazi Hacı Mirəziz Seyidzadə
URL / WWW
http://kelam.az/article/a-7816.html