Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » 1824 nəfər xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib
23.02.13 00:42

Bu gün Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın (www.xaricdetehsil.edu.gov.az) təqdimat mərasimi keçirilib. Təhsil naziri Misir Mərdanov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla həyata keçirilməkdədir. Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə birgə həyata keçirilən Dövlət Proqramı çərçivəsində indiyə qədər 1824 nəfərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildiyini qeyd edib. Nazir Dövlət Proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu nəzərə çatdırıb.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə yeni qəbul olunanların, təhsil alanların, xaric edilənlərin və məzun olanların məlumatlarının idarəolunması işinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi, seçim, icra və maliyyələşdirilmə prosedurunda çoxtərəfli nəzarət vasitəsilə tam şəffaflığın daha da artırılması məqsədi ilə Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın istifadəyə verildiyini söyləyən təhsil naziri bu sistemin geniş elektron xidmət imkanlarına malik olduğunu vurğulayıb. Misir Mərdanov Məlumat İdarəetmə Sisteminin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən elan edilmiş “İnformasiya-kommunikasiya texnologiyaları ili”ndə fəaliyyətə başlamasının xüsusilə əlamətdar olduğunu bildirib.
Təhsil nazirinin müavini Qulu Novruzov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimat-məruzə ilə çıxış edib. Dövlət Proqramının icrası ilə bağlı görülmüş işləri nəzərə çatdıran təhsil nazirinin müavini 2012-2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ qazananların ölkələr, ixtisaslar və təhsil səviyyələri üzrə statistik göstəricilərini söyləyib.
Məlumat İdarəetmə Sisteminin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2011-ci il 23 may tarixli, 429 saylı fərmanın tələblərinə cavab verdiyini bildirən Q.Novruzov 2011-2012-ci tədris ilindən etibarən xaricdə təhsil üzrə Dövlət Proqramına ərizələrin qəbulunun və digər müvafiq prosedurların elektron şəkildə həyata keçirildiyini söyləyib. Bundan sonra Dövlət Proqramı çərçivəsində xaricə göndərilmiş bütün tələbələr haqqında zəruri məlumatları vahid elektron mənbədən əldə etməyin mümkünlüyünü vurğulayan nazir müavini Məlumat İdarəetmə Sisteminin yaradılmasını bu istiqamətdə atılan mühüm addımlardan biri kimi səciyyələndirib.
Daha sonra Dövlət Proqramına dair yeni veb-saytın (www.xaricdetehsil.edu.gov.az) mövcud imkanlarından söhbət açan nazir müavini saytda informasiyaların sosial şəbəkələr vasitəsilə paylaşılmasının təmin olunması, müvafiq normativ-hüquqi bazanın və təlimat xarakterli zəruri məlumatların yerləşdirilməsi, təqaüdə layiq görülənlərlə daha operativ ünsiyyət yaradılması və digər bu kimi məsələlərin nəzərə alındığını vurğulayıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin müasir tələblər baxımından üstün imkanlara malik olduğunu bildirən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov həyata keçirilən tədbirləri ilk növbədə şəffaflığa xidmət etdiyini vurğulayıblar. Xaricdə təhsil üzrə Dövlət Proqramını ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan gəncliyinə qayğısının təzahürü kimi səciyyələndirən qonaqlar, həmçinin bu proqram çərçivəsində bir sıra prosedurların sadələşdirilməsi məsələlərinə toxunublar.

URL / WWW
http://kelam.az/article/a-7815.html