Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » Nazirliyin sözçüsü: “Hətta işdən sonra, axşam saat 10-da da mənə zəng edən jurnalistlər var”
06.02.13 19:55

Jurnalistikaya böyük sevgi ilə gəlmişəm və hər gün də həvəslə işə başlamışam. Bir çox jurnalistlər kimi, mən də işimə məsuliyyətlə yanaşmışam. Fəaliyyət göstərdiyim bütün kütləvi informasiya vasitələrində daim jurnalist etikasını və obyektivliyi qoruyaraq, hər məsələyə jurnalist peşəkarlığı və obyektivliyi ilə yanaşmağa çalışmışam. Fəaliyyət göstərdiyim müddətdə bir çox dövlət qurumundan onların mətbuat xidmətində çalışmaq təklifləri gəlmişdi. Həmişə mətbuatdan dövlət qurumuna getməyə tərəddüd edirdim. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətində çalışmaq təklifi aldığım zaman bu qurumda işləməyə razılıq verdim.
- Jurnalist kimi fəaliyyət göstərərkən müəyyən qədər azadlıqların olur. Amma dövlət qulluqçusu olduğun zaman bəlirlənmiş çərçivənin içərisində fəaliyyət göstərirsən. Azadlıqdan çərçivəyə düşmək çətin olmadı ki sizə?

- Belə yanaşmanı düzgün hesab etmirəm. Bunu heç də “Azadlıqdan çərçivəyə düşmək” kimi ifadə etmək olmaz. İstər jurnalistikada, istərsə də dövlət qulluğunda öz işinlə, sənə həvalə olunmuş vəzifə ilə bağlı məsuliyyət hissi olmalıdır. Sadəcə olaraq, dövlət qulluqçusu çalışdığı qurumun məsuliyyətini, o orqanı təmsil etdiyini bəlkə daha çox hiss edir. Digər tərəfdən, jurnalist kimi fəaliyyət göstərdiyim zaman da öz prinsiplərimi müəyyənləşdirdiyim, məsuliyyət hissinin nə demək olduğunu bildiyim üçün dövlət qulluğunda işə başlarkən ciddi çətinliklərlə üzləşmədim.

- Mətbuat xidmətinə rəhbər gələndən sonra jurnalistlərlə narazılıq yaşamısınızmı?

- Mətbuat xidmətinin rəhbəri də, əməkdaşları da jurnalistlərlə səmimi münasibətlər şəraitində çalışmalıdır. Təbii ki, biz də bu prinsipi rəhbər tutaraq fəaliyyət göstəririk. Mən özüm mətbuatdan gəldiyimə görə maksimum çalışıram ki, KİV nümayəndələri ilə narazılıqlar yaşanmasın. Bəzən jurnalistlər zəng edir, özünü təqdim etmədən, təmsil etdiyi kütləvi informasiya vasitəsinin adını demədən suallar verir və yarım saat, bir saat vaxt qoyur ki, bu suallar cavablandırılsın.Əlbəttə, elə suallar olur ki, onları dərhal və ya qısa vaxt ərzində cavablandırmaq olur. Lakin bəzən sualların araşdırılaraq cavablandırılması üçün 1 saatlıq müddət kifayət etmir, bunu izah etdikdə o zaman bəzi jurnalistlər incik düşürlər. Bütün bunlara baxmayaraq, “Kütləvi informasiya vasitələri haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara uyğun olaraq, biz bütün sualları operativ və ətraflı cavablandırmağa çalışırıq. Eyni zamanda, bir çox hallarda jurnalistlər bizə elə suallar ünvanlayırlar ki, o sualların ümumiyyətlə bizə aidiyyatı olmur.

- Ümumiyyətlə, jurnalistlərlə münasibətləri necə qurmusunuz?

- Jurnalistlərdə və əməkdaşlıq etdiyimiz bütün kütləvi informasiya vasitələrində əlaqə nömrələrimiz, elektron ünvanlarımız, hətta mobil telefon nömrələrimiz var. Hətta, işdən sonra, axşamlar saat 22-23 radələrində jurnalistlərdən zəng edib sorğuya cavab istəyənlər də olub. Tam əminliklə deyə bilərəm ki, elə bir kütləvi informasiya vasitəsinin nümayəndəsi yoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə ünvanladığı sorğu cavabsız qalsın. Hətta Facebook dostlarımızın da böyük əksəriyyəti jurnalistlərdir. Jurnalistlərlə dostluq münasibətlərinin nəticəsidir ki, nahar vaxtı da şöbəyə zənglər gəlir.

- Bəs sizdən küsən, inciyən jurnalistlər olur?

- Hələ ki, belə bir xoşagəlməz problemlə üzləşməmişəm. Bundan sonra da üzləşməyəcəyimə ümid edirəm. Jurnalistlərdə bizi başa düşməlidirlər. Hamı mobil telefon nömrəsinə zəng edib qısa zamanda suallarına cavab verməyimizi istəyir. Halbuki,  informasiya əldə etmək üçün digər nativ üsullar da var. Ümumiyyətlə, sorğu göndərən kütləvi informasiya vasitələri çox azdır.

- Gün ərzində nə qədər jurnalist sizə informasiya əldə etmək üçün zəng edir?

- Dəqiq rəqəm demək çətindir, gündəmə əsasən dəyişir. Təkcə onu deyə bilərəm ki, telefonlarım demək olar ki, susmur. Həmçinin şöbənin əməkdaşları da bu işlə aktiv məşğuldurlar.

- Hansısa jurnalist və ya mətbu orqan barədə demisiniz ki, “bezmişəm artıq, bəsdirin, insana gün ərzində nə qədər zəng etmək olar?”..

- Yox, əsla. Belə cavab mənim xarakterimə uyğun deyil. Mətbuat xidmətinin borcu jurnalistlərin suallarını cavablandırmaq, onları əldə olunmasına məhdudiyyət qoyulmayan ictimai əhəmiyyətli məlumatla təmin etməkdir. Biz də vəzifə borcumuzu yerinə yetirməli olduğumuzu çox yaxşı bilirik.

- Çox vaxt jurnalistlər mətbuat xidmətlərinin fəaliyyətindən narazılıq edirlər, yəni onlardan vaxtlı-vaxtında informasiya ala bilmədiklərini qeyd edirlər. Və ya mətbuat xidmətinin rəhbərlərindən fərqli olaraq, əməkdaşların onların suallarını cavablandırarkən jurnalistlərlə kobud davrandıqlarını və informasiyaları çox çətinliklə verdiklərini deyirlər. Buna sizin fikriniz necədir?

- Hər kəsin işinə yanaşması fərqli və fərdidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə mətbuatdan gəldiyim üçün hər zaman özümü KİV tərəfdə hiss edirəm və jurnalistlərin suallarına hörmətlə və səbrlə yanaşıram. Şöbədə çalışanlar da mədəni, səmimi və öz işlərinə məsuliyyətlə çalışan insanlardır.

- Belə hallar da olur ki, məsələn, jurnalist hər hansı informasiya ilə bağlı sual hazırlayır, mətbuat xidmətinə verir, bu, onun fərdi fəaliyyətinin nəticəsində verilən suallardır. Mətbuat xidməti isə ona deyir ki, 1-2 saat gözlə. Nəticədə 1-2 saatdan sonra informasiya press-reliz formasında hazırlanıb bütün mətbu orqanlara göndərilir. Buna Sizin fikriniz necədir? Bu, düzgün addımdırmı?

- Bu cür hallarla mən özüm mətbuatda fəaliyyət göstərdiyim zaman çox rastlaşmışam. Lakin həmişə buna etiraz etdiyim üçün belə davranışa yol verməməyə çalışıram.

- Necə düşünürsünüz, tanınmış jurnalist olmaq çətindir, yoxsa mətbuat xidmətinin rəhbəri?

- Təmsil etdiyin qurumun mətbuat xidmətinin rəhbəri olmaq daha məsuliyyətlidir.

- Hansı mətbuat orqanının, mətbuat xidmətinin rəhbərləri ilə dostluq əlaqələriniz var?

- Peşə etikası çərçivəsində fəaliyyət göstərən bütün mətbuat orqanları ilə dostluq əlaqələri qurmağa və bu dostluğu qorumağa çalışırıq. Həmçinin, ayrı-ayrı qurumların mətbuat xidməti rəhbərləri ilə də həmkar münasibətlərindəyik.

Aytən Əliyeva
URL / WWW
http://kelam.az/article/a-7787.html